Məhkəmə qərarları › İş №2(010)-1100/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1100/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1100/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 4520,36 manat pul vəsaitinin və 65,21 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Toyota Prius” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixində idarə edərkən "xxxx" ASC tərəfindən MV-C(Q)0003-24 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9468,10 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Sabunçu Rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqında qərarına əsasən cavabdeh Məmmədov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Sığortası olmadığı səbəbindən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının subroqasiya tələbi ilə bağlı 4947,74 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 4520,36 manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, G-01-M-0390-2024 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 5 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Belə ki, Cavabdeh “Toyota Prius” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9468,10 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Sığortası olmadığı səbəbindən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının subroqasiya tələbi ilə bağlı 4947,74 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 4520,36 manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materialları.

5. xx.xx.2024-cü il tarixli, 2112 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, 9568,10 manat pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" QSC-nin hesabına ödənilmişdir.

6. AA24-002588 saylı İş kartının surətindən müəyyən olunur ki, “Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış ehtiyat hissələri və istifadə edilmiş sərfiyyat materialları üzrə yekun məbləğ 9568,10 manat təşkil edir.

7. MV-C(Q) 00003-24 nömrəli, xx.xx.2024-cü il tarixli Sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, sığortalı "xxxx" MMC-yə məxsus 1№-li qoşmada göstərilən avtomobillər(“Volkswagen Polo” markalı, ** PU *** d.q.n) xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək sığortaçı "xxxx" ASC tərəfindən avtomobillərin tam sığortası növü ilə sığortalanmışdır.

8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığotası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışın surətindən müəyyən olunur ki, Yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə saat 22:10 dəqiqədə Bakıxanov qəsəbəsində baş vermiş, hadisənin növü toqquşmadır.

9. İnzibati Xəta haqqında ******* saylı protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin maddəsində nəzərdə tutulmuş 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

10. İnzibati Tənbeh vermə haqqında TP6295160 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin maddəsində nəzərdə tutulmuş 327.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

11. DİN-in BMPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

12. xx.xx.2024-cü il tarixli, 82270 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, 4947,74 manat pul vəsaiti “X2 Kommer Shırkatı” tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir.

13. MVC0140/24 saylı işə dair sığorta aktının surətindən görünür ki, “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ildən xx.xx.2025ci ilə kimi sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə, 22:10 radəsində Bakı şəhəri, Bakıxanov qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Dəymiş maddi zərərin ümumi məbləği 9568,10 manat, azadolma məbləği 100 manat dəyərində müəyyənləşdirilmişdir və sığorta ödənişi ödənilmişdir.

İşin faktiki halları.

14. "xxxx" ASC tərəfindən “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsi avtomobilin kasko sığortası növündə sığortalanmışdır. Cavabdeh “Toyota Prius” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024cü il tarixində idarə edərkən "xxxx" ASC tərəfindən MV-C(Q)0003-24 nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur.

15. İnzibati Tənbeh vermə haqqında TP6295160 saylı qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin maddəsində nəzərdə tutulmuş 327.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

16. Dəymiş maddi zərərin ümumi məbləği 9568,10 manat təşkil etmiş və azadolma məbləği 100 manat dəyərində müəyyənləşdirilmiş və "xxxx" ASC tərəfindən sığorta ödənişi ödənilmişdir.

17. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmadığı səbəbindən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçı "xxxx" ASC-yə 4947,74 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 4520,36 manat məbləğ isə ödənilməmiş qalmışdır.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 8. İcbari sığorta müqaviləsi 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Maddə 53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, sığortalı və sığorta olunan. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və yol-nəqliyyat vasitəsi baş verən anda avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır.

23. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu qanuni əsasla idarə edən şəxs avtonəqliyyat vasitəsinin sahibi hesab olunur və həmin avtonəqliyyat vasitəsinin sahibləri mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir.

24. Sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən şəxsin mülki məsuliyyəti icbari qaydada sığorta olunmadığından onun tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş və nəticədə avtomobillərin tam sığortası üzrə sığortalanmış digər avtomobilə maddi ziyan vurulmuşdur.

25. Məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC-nin yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 4520,36 manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 65,21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

27. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 65,21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 4520,36 manat və 65,21 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 4520,36 (dörd min beş yüz iyirmi manat, otuz altı qəpik) manat və 65,21 (altmış beş manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar