Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1118/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehdən 1743.25 manat və ödənilmiş dövlət rüsumuna görə 37.44 manat pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Kia Sorento” markalı, **-XH- *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MVC-B 00410-24 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 manat azadolma məbləğinə görə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növüüzrə sığortası olmağı səbəbindən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən subroqasiya tələbi ilə bağlı 3256.75 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 1743.25 manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, G-01-M-0392-2024 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 5 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin, bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, yolnəqliyyat hadisəsi baş verən zaman bütün maşınlar hərəkətsiz vəziyyətdə olmuş, başqa bir maşın onun maşınına arxa hissədən toxunmuş və o da bunun nəticəsində qarşıda dayanan maşını arxadan vurmuşdur. Beləcə zəncirvari qəza əmələ gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2012-ci il olan, “Hyundai Sonata” markalı, **- YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X8 Olmayan Kredit Təşkilatı” MMC-nin adına qeydə alınmışdır.
6. xx.xx.2024-cü il tarixli, MVC-B 00410-24 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, sığortalı “X8 Olmayan Kredit Təşkilatı” MMC-yə məxsus “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024 – xx.xx.2027-ci il tarixləri arasında (sığorta müddətində) "xxxx" ASC tərəfindən “avtomobillərin tam sığortası” növü üzrə sığortalanmışdır.
7. xx.xx.2024-cü il tarixli, 01LİZ028624-035 nömrəli etibarnamədən görünür ki, buraxılış ili 2012-ci il olan, “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində idarə etmək etmək hüququ X2 etibar edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində “Kia Sorento” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (araməsafəsi qaydalarının pozulması) törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.
9. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MVC0291/24 nömrəli sığorta aktından görünür ki, sığortalı “X8 Olmayan Kredit Təşkilatı” MMC-yə məxsus “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi MVC-B 00410-24 nömrəli sığorta şəhadətnaməsi üzrə xx.xx.2024 – xx.xx.2027-ci il tarixləri arasında (sığorta müddətində) "xxxx" ASC tərəfindən “avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müvafiq nəqliyyat vasitəsinə 5250 manat məbləğində zərər vurulmuşdur.
10. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 3718/24 nömrəli qiymətləndirmə aktından görünür ki, buraxılış ili 2012-ci il olan “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 5250 manat məbləğində qiymətləndirilmişdir.
11. xx.xx.2024-cü il tarixli, 4320 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “MVC0291 24 SAYLİ AKTA ESASEN SİGORTA ODENİSHİ DQN 77YR051” təyinatı üzrə "xxxx" MMC-nin AZ10RBTA******************** nömrəli bank hesabına 5000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.
12. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən ləğv prosesində olan Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasına baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər məbləği ilə bağlı məlumat verilmiş, həmin məbləğin 7 (yeddi) iş günü müddətində subroqasiya hüququ əsasında "xxxx" ASC-nin bank hesabına köçürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, 85846 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “PDS********** – 04108/2024 – 77YR051 SİG HAD OD” təyinatı üzrə 3256.75 manat məbləğində pul vəsaiti "xxxx" ASCnin AZ91İBAZ******************** nömrəli bank hesabına mədaxil edilmişdir.
14. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında yaranmış pul vəsaitinin məbləği barədə məlumat verilmiş, həmin məbləğin 5 (beş) iş günü ərzində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
15. Sığortalı “X8 Olmayan Kredit Təşkilatı” MMC-yə məxsus “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi MVC-B 00410-24 nömrəli sığorta şəhadətnaməsi üzrə xx.xx.2024 – xx.xx.2027-ci il tarixləri arasında (sığorta müddətində) "xxxx" ASC tərəfindən “avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müvafiq nəqliyyat vasitəsinə 5250 manat məbləğində zərər vurulmuşdur.
16. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində “Kia Sorento” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (araməsafəsi qaydalarının pozulması) törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.
17. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X8 Olmayan Kredit Təşkilatı” MMC-yə məxsus “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 250 manat azad olma məbləği çıxıldıqdan sonra 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmin məbləğin 3256.75 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkəti tərəfindən kompensasiya edilməklə iddiaçının hesabına köçürülmüş, 1743.25 manat qalıq məbləğ təşkil etmişdir.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 2. Sığorta.
2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.
3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Əmlak sığortası üzrə sığorta olunanın dəymiş zərər üçün məsul şəxs barəsində hüquqlarının sığortaçıya keçməsi. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
20. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət. Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi.
21. Qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
22. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kia Sorento” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində inzibati tənbeh tətbiq edilmişdir.
23. Hadisə nəticəsində zərərçəkmiş “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər tərtib edilmiş qüsur aktına əsasən 5250 manat məbləğində qiymətləndirilmişdir. “Hyundai Sonata” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmış olduğundan zərər dəymiş avtomobilin təmiri üçün "xxxx" ASC tərəfindən sığortalı “X8 Olmayan Kredit Təşkilatı” MMC-yə 250 manat azadolma məbləği çıxılaraq 5000 manat məbləğində sığorta ödənişi edilmiş, həmin məbləğin 3256.75 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkəti tərəfindən kompensasiya edilməklə iddiaçının hesabına köçürülmüş, 1743.25 manat qalıq məbləğ təşkil etmişdir.
24. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir ki, məhkəmə bu tələbi tam əsaslı hesab edir.
25. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarından görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
26. İş materiallarından baş vermiş yol nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olması, onun təqsirli hərəkəti nəticəsində başqa avtomobilə ziyan dəymiş olması və bu ziyanın iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1743.25 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
27. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 37.44 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1743.25 manat məbləğində sığorta ödənişi və 37.44 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1743.25 (min yeddi yüz qırx üç manat iyirmi beş qəpik) manat məbləğində sığorta ödənişi və 37.44 (otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.