Məhkəmə qərarları › İş №2(010)-1137/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1137/2021

28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1137/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2, Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X4, X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma və pulun tutulması tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 xeyrinə 17900 (on yeddi min doqquz yüz) manat, İddiaçı1 xeyrinə 4500 (dörd min beş yüz) manat məbləğində maddi, Cavabdeh İddiaçı2 və İddiaçı1 xeyrinə 10000 (on min) manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcmini artıraraq cavabdehdən İddiaçı2 xeyrinə 17900 manat, İddiaçı1 xeyrinə 5911 manat, 97 qəpik məbləğində maddi, Cavabdeh iddiaçıların xeyrinə 10.000 manat məbləğində mənəvi ziyanın tutulmasını xahiş etmişlər. İlkin iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar bir-biri ilə doğma qardaşdır. Cavabdeh İddiaçı1 keçmiş qayınatasıdır. İddiaçı1 cavabdehin qızı X10 ilə 28.02.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, aralarındakı nikah qarşılıqlı razılığa əsasən 24.10.2020-ci il tarixdə rəsmi şəkildə pozulmuşdur. Birgə nikahda olduqları dövrdə 02.03.2020-ci il tarixdə İddiaçı2 vəsaiti hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 B saylı evin 40 saylı mənzili alınmışdır. Belə ki, 14.01.2020-ci il tarixdə iddiaçıların atası X15 öz mülkiyyətində olan Kürdəmir şəhəri, Koroğlu küçəsi 61 saylı evin 9 saylı mənzilini alğı-satqı müqaviləsinə əsasən 18000 manat məbləğinə satmış, 16.01.2020-ci il tarixdə əldə olunmuş həmin vəsaitdən 17225 manat hissəsi İddiaçı2 adına “xxxx” ASC-də açılmış kart hesabına qoyulmuşdur. 02.03.2020-ci il tarixdə həmin kart hesabından 18000 manat məbləğində pul çıxarılmış və həmin pulun 16500 manat hissəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 B saylı evin 40 saylı mənzilinin ilkin ödənişini mənzilin satıcısı X6 ödəmək üçün “xxxx" ASC-nin Nərimanov filialında kassaya ödənilmişdir. Bunu bankda kassir işləyən şəxs də təsdiq edə bilər. Yerdə qalan 38500 manat məbləğ isə “xxxx” ASC tərəfindən satıcı Ramilə Əhmədovaya ödənilmişdir. Bu fakt 03.03.2020-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndi ilə də təsdiq olunur. Kart hesabından çıxarılan 18000 manat məbləğində pulun 1400 manat hissəsi isə İddiaçı2 tərəfindən Cavabdeh nağd şəkildə verilmişdir. Həmin pul da Cavabdeh tərəfindən mənzilin sığortası (350 manat), həyat sığortası (385 manat), mənzilin qiymətləndirilməsi (200 manat), köçürmə komissiyası (66 manat), kredit komissiyası (38,5 manat), çıxarış və texniki pasportun alınması (80 manat) və s. xərclənmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 B saylı evin 40 saylı mənzilinin Cavabdeh adına alınmasına səbəb onun “xxxx” MMC-də işləyərək yüksək əmək haqqı alması olmuşdur. Lakin bankın əməkdaşları da bilirdi ki, mənzil Cavabdeh adına rəsmiləşdirilsə də, əslində İddiaçı2 pul vəsaiti hesabına alınmışdır. Hətta alğı-satqı və ipoteka müqaviləsi bağlanmamışdan əvvəl iddiaçılar və cavabdeh banka dəvət edilmiş, mənzilin sənədləşməsinin Cavabdeh adına rəsmiləşdirilməsinə baxmayaraq, faktiki olaraq pulunun İddiaçı2 tərəfindən ödənilməsi, bundan sonrakı ödənişlərin digər İddiaçı1 tərəfindən aparılacağı dəqiqləşdirilmiş, bunun səbəbinin sadəcə cavabdehin yüksək əmək haqqı almasının olması müəyyən edilmiş və kredit verilməsinə razılıq verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 B saylı evin 40 saylı mənzili alğı-satqı edildikdən sonra həmin mənzildə İddiaçı1 cavabdehin qızı X10 ilə yaşamağa davam etmişlər. Hazırki dövrə qədər mənzilin banka olan borcunu hər ay İddiaçı1 öz adına olan kartdan ödəmiş və hazırda da ödəməkdədir. Yalnız bir dəfə Əli öz dostunun kartı vasitəsilə ödəniş etmişdir. Mart ayından dekabr ayına kimi İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 B saylı evin 40 saylı mənzilinin ipoteka krediti ödənişinə görə hər ay 500 manat olmaqla, cəmi 4500 manat ödəniş etmişdir. Buna cavabdeh heç zaman etiraz etməmişdir, çünki o, mənzilin faktiki olaraq İddiaçı1 üçün alındığını bilirdi. Yəni, Cavabdeh da həmin mənzilin yüksək əmək haqqı aldığına görə məhz onun adına alındığını bilirdi. Ona görə də iddiaçı Əli ilə onun qızı nikahda olduqları zaman mənzilə dair heç bir iddia irəli sürməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi 24.10.2020-ci il tarixdə İddiaçı1 ilə cavabdehin qızı arasındakı nikah pozulduqdan sonra cavabdeh israrla mübahisəli mənzilin guya ona məxsus olduğunu bildirmiş, ona görə də mənzili tərk etməyi iddiaçıdan tələb etmişdir. Dəfələrlə Cavabdeh mənzilin rəsmi olaraq onun adına alındığını, lakin faktiki olaraq İddiaçı1 məxsus olduğu bildirilsə də heç bir xeyri olmamışdır. Bütün bunların nəticəsində cavabdeh tərəfindən iddiaçılara külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdeh yuxarıda qeyd edilən qanunsuz hərəkətləri ilə iddiaçılara həm maddi, həm də mənəvi zərər vurmuşdur. Çünki iddia ərizəsinə əlavə edilmiş kart hesabından çıxarışlar, üçüncü şəxs “xxxx” ASC-yə ödənilmiş ilkin ödəniş və hər ay ödənilən məbləğlərin iddiaçılar tərəfindən ödənildiyini təsdiq edir. Cavabdeh isə nəinki iddiaçılara vurduğu zərəri ödəmək istəmir, hətta iddiaçılara mənzilin ona məxsus olduğunu, onu satmaq istədiyini və tərk etməli olduqlarını bildirir. Bu da iddiaçılara mənəvi sarsıntı, iztirab verir. Onlar hazırda öz ailələri qarşısında başı aşağıdırlar. Çünki hər gün valideynləri, yaxın qohumları mənzilin cavabdehin adına alınmamalı olmasını bildirərək onları danlayır, bu da onlara pis təsir edir. İddiaçılar onlara dəymiş mənəvi ziyanı 10 (on min) manat məbləğində dəyərləndiririrlər. Ona görə də, Cavabdeh İddiaçı2 xeyrinə 17900 manat, İddiaçı1 xeyrinə 4500 manat məbləğində maddi, Cavabdeh İddiaçı2 və İddiaçı1 xeyrinə 10000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. Eyni zamanda Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 B saylı evin 40 saylı mənzilindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbininin həcmini artıraraq qarşılıqlı iddiasının təmin edilərək ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20B saylıevin 40 saylı mənzilindən cavabdehlərin çıxarılmaları və cavabdehlərin onun mənzilində yaşadıqları 2020-ci ilin aprel ayından hazırkı tarixə kimi, yəni 12 ay müddətində hər ay 300 manat olmaqla ümumilikdə 3600 manat pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həmin mənzili öz qızının ailəsi ilə birlikdə yaşaması üçün almış, mənzilin alınmasına ilkin ödənişlə birlikdə ümumilikdə 16.500 manat qızı ilə birlikdə yaşayan yoldaşı tərəfindən ödəniş olsa da həmin evi onun təşəbüsü ilə öz adına almışdır. Qarşı tərəfin adı çəkilən məbləğdə vəsaiti olsaydı onlar mənzili öz adlarına alaraq sərbəst ödənişləri həyata keçirərdirlər. O, “xxxx” MMC-də işləyərək yüksək əmək haqqı alır və aylıq gəlirinə əsaslanaraq mənzili öz adına ala bilmişdir. Qarşı tərəf onunla qərəzli olaraq qızını boşayıb bədbəxt edəndən sonra əmlakına da göz tikərək ondan maddi nemət əldə etmək istəyir. O, bu günə kimi qızını səbəbsiz və əsassız boşayaraq ata evinə göndərmələrini başa düşəcəklərini gözlədiyi üçün və yenidən ailə həyatlarına davam etmələri üçün əlindən gələn hər şeyi etmiş və qarşı tərəfin də bunu başa düşməsini gözlədiyi üçün onları mənzildən çıxarmaq istəməmişdir. Lakin qarşı tərəf daha da irəli gedərək həddini aşdığına görə, qızı ilə barışmaq niyyətində olmadığını aşkar surətdə biruzə verdiyinə görə o, qarşı tərəfin ona məxsus olan mənzildən çıxarılması qənaətinə gəlmişdir. Qarşı tərəfin dediklərinin heç bir hüquqi əsası yoxdur. İddiaçılar evə ödəniş etsələr də, 2020-ci ilin avqust ayından indiyə kimi 7 aydır ona məxsus evdə öz ailəsi ilə birlikdə heç bir ödəniş etmədən zəbt edərək yaşayır. Heç bir kirayə haqqı ödəmirlər. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək bildirdi ki, Cavabdeh İddiaçı1 keçmiş qayınatasıdır. Hazırda mübahisə olunan mənzildə İddiaçı1 yaşayır, İddiaçı2 yox. Qarşılıqlı iddia ərizəsində 16500 manat məbləğində pulun Əli tərəfindən ödənildiyi qeyd olunsa da həmin pulu Kənan ödəmişdir. Bunu bankdan çəkilən kreditlə də təsdiq etmək olar. 1400 manat pul evin qiymətləndirilməsi, həyat sığortası üçün ödənilmişdir. Cavabdeh bu faktı öz ərizəsində də qismən qəbul edir. Ödənişlər 2 kartla həyata keçirilmiş, kartın birinin müddəti sentyabr ayında bitmişdir. Kirayə haqqı üçün heç bir əsas yoxdur. Çünki həmin mənzili iddiaçılar özünün hesab edir. Kirayə müqaviləsi deyə bir şey də yoxdur. 2020-ci ilin aprel - 2021-ci ilin fevral ayı daxil olmaqla İddiaçı1 4914 manat məbləğində ödəniş etmiş, 2020-ci ilin avqust ayında dostunun kartından ödəmiş və ümumilikdə 5411 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X3 ilkin iddia tələbinə etiraz edərək bildirmişdir ki, 16500 manat məbləğində ilkin ödəniş və 1400 manat məbləğində nağd ödəniş İddiaçı2 tərəfindən ödənilib. Digər 7 aylıq ödənişləri və mənəzi zərər hissədə isə iddianı qəbul etmir. Məhkəmə iclasında üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X11 hər iki iddia tələbi üzrə qətnamə qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş “xxxx” ASC-nin əməkdaşı X12 işdə olan plastik kart əməliyyatları üzrə hesabdan çıxarışla bağlı qeyd etdi ki, ipoteka dövlət ödənişləri olduğu üçün birbaşa hökümət portalına köçürülür, sonra banka qaytarılır. Həmin ödənişlər APUS vasitəsilə ödənildikdə vergi tutulmur. Hesabdan çıxarışda göstərilən məbləğlər – 53.96 manat və 443.72 manat ipoteka müqaviləsi üzrə ödəniş cədvəlində nəzərdə tutulan ödənişlərlə eynidirsə, deməli bunlar ipoteka ödənişləridir və həmin məbləğin 53.96 manat hissəsi sığorta ödənişidir. İpoteka müqavilələri bağlanarkən borclu ilkin sığorta ödənişini 1 illik məbləğdə ödəməlidir. İddiaçı1 tərəfindən 01.04.2020-ci il tarixdə ödənilmiş 500 manat məbləğində pul da çox guman ki, həmin sığorta ödənişidir. Məhkəmə ilkin iddiaçıların nümayəndəsi və vəkilinin, qarşılıqlı iddiaçının, nümayəndəsinin və vəkilinin və üçüncü şəxsin nümayəndəsinin çıxışını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AN-0837733 saylı, 14 yanvar 2020-ci il tarixli Alqı satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X15 özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m, yaşayış sahəsi 48.5 kv.m, yardımçı sahəsi 27.5 kv.m olan 3 otaqlı mənzilini alıcı X7 18000 manata satmışdır. - 03 mart 2020-ci il tarixli, RB/İKNR – 125 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X13 mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzili alıcı-ipoteka qoyan Cavabdeh mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın satış qiyməti 55000 manat olmuşdur, daşınmaz əmlakın dəyərinin 16500 manan məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 38500 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan /borcalan arasında Bakı şəhərində bağlanmış 02 mart 2020-ci il tarixli RB/İKNR-125 nömrəli kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. - “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli RB/İKNR- 125 nömrəli kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 38500 manat məbləğində illik 8 faiz dərəcəsi ilə 130 ay müddətinə ipoteka krediti vermişdir. - iş üzrə üçüncü şəxs “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş plastik kart əməliyyatları üzrə hesabdan çıxarışlardan görünür ki, İddiaçı1 01.04.2020-ci il tarixində Banka 500 manat məbləğində mədaxil etmiş, sonradan 04.04.2020-ci il tarixdən başlamaqla, 2021-ci ilin fevral ayı da daxil olmaqla, hər ayın əvvəli Banka 53.96 manat və 443.72 manat pul mədaxil etmişdir. - 02 mart 2020-ci il tarixli RB/İKNR 125 saylı kredit müqaviləsinə əlavədən görünür ki, həmin müqavilə üzrə aylıq ödəniş məbləği 443.72 manatdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı1 ilə Cavabdeh qızı nikaha daxil olmuşlar və tərəflər arasında bu əsasla qohumluq münasibətləri yaranmışdır. Birgə nikah dövründə Cavabdeh adına ipoteka krediti ilə mənzil alınmış, ilkin ödəmə kimi 16500 manat nağd ödənilmiş, qalan 38500 manatın isə kredit şəklində hissə hissə ödənilməsi razılaşdırılmışdır. Həmin mənzildə İddiaçı1 və onun həyat yoldaşı olan cavabdehin qızı yaşamışlar. Nikah pozulandan sonra cavabdehin qızı mübahisəli mənzili tərk etmişdir. Məhkəmə mübahisəsi qohumluq münasibətlərinin pozulması səbəbi ilə yaranmışdır. İddiaçı tərəfin tələbinin əsaslandırması ondan ibarətdir ki, mənzil cavabdehin adına alınsa da, bu formal hal olmuş, mənzildə İddiaçı1 cavabdehin qızı olan həyat yoldaşı ilə birlikdə yaşaması planlaşdırılmış, mənzilin ilkin dəyəri İddiaçı2 şəxsi vəsaiti hesabına ödənilmiş, sonradan aylıq ipoteka haqları, eləcə də, digər xərclər isə İddiaçı1 özü tərəfindən mütəmadi olaraq ödənilmişdir. Mənzil faktiki olaraq cavabdehin sayılsa da, dəyəri onlar tərəfindən ödənilmişdir. Qarşılıqlı iddianın əsaslandırılması ondan ibarətdir ki, mənzili qarşılıqlı iddiaçı qızı üçün almış, lakin İddiaçı1 onun qızı ilə olan nikahını pozduğuna görə artıq iddiaçıların ona məxsus mənzildə yaşamaq hüquqları da yoxdur. Mənzilin ilkin dəyəri olan 16500 manatın və nağd verilmiş 1400 manatın iddiaçılar tərəfindən verilməsini qəbul edir, lakin iddiaçıların ona məxsus mənzildə qanunsuz yaşadıqlarına görə ona vurulmuş maddi ziyanın ödənilməli olmasını hesab edir. Məhkəmə öncə ilkin iddiaya münasibət bildirərək qeyd edir ki, işin halları və hər iki tərəfin izahatları ilə müəyyən edilir ki, mübahisəli mənzil Cavabdeh adına alınsa da, həmin mənzildə ilkin İddiaçı1 Cavabdeh qızı olan keçmiş həyat yoldaşı ilə birlikdə yaşaması və mənzilin də onlara aid olması planlaşdırılmışdır. Bu faktı mənzilin ilkin dəyəri olan 16500 manat pulun və 1400 manat nağd şəkildə ödənilmiş pulun digər İddiaçı2 tərəfindən ödənilməsi və bunun cavabdeh tərəfindən etiraf edilməsi, həmçinin sonrakı kredit ödənişlərinin isə İddiaçı1 tərəfindən ödənilməsi təsdiq edir. Tərəflərin izahatından müəyyən edilir ki, İddiaçı1 keçmiş həyat yoldaşı ilə mübahisəli mənzil alınandan sonra orada yaşamağa başlamış, 2020-ci ilin avqust ayında isə onun həyat yoldaşı ailə münaqişəsi zəmnində mənzili tərk edib getmiş, sentyabr ayında isə nikah pozulmuşdur. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzil cavabdehə məxsusdur, lakin mənzilə görə ödənişlər iddiaçılar tərəfindən edilmiş, hazırda tərəflər arasında qohumluq münasibətləri pozulduğuna görə ilkin iddiaçılar cavabdehdən mənzilə görə etdikləri ödənişləri tələb edirlər, cavabdeh isə iddiaçıların mənzildən çıxarılmasını və onların mənzildə qaldıqları müddətə görə kirayə haqqının tutulmasını tələb edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə ilkin iddianı qismən əsaslı hesab edir. İlkin iddia tələbi Cavabdeh İddiaçı2 xeyrinə ipoteka müqaviləsi üzrə ilkin ödəniş şəklində ödənilmiş 16500 manat və nağd şəkildə ödənilmiş 1400 manatın tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddianı cavabdeh bu hissələrdə qəbul etdiyinə görə əlavə araşdırılma aparılmasına zərurət yoxdur. İlkin iddia tələbinin Cavabdeh İddiaçı1 xeyrinə 5911 manat, 97 qəpik maddi ziyanın tutulması hissəsini qismən əsaslı hesab edir. Belə ki, iddiaçı tərəf tələbin bu hissəsini onunla əsaslandırır ki, mübahisəli mənzilə görə 2020-ci ilin mart ayından 2021-ci ilin fevral ayına qədər ipoteka ödənişləri etmiş, yalnız bir dəfə, 2020-ci ilin avqust ayında ipoteka ödənişi onun dosdu tərəfindən ödənilmiş, cəmi 4914.29 manat məbləğində pul ödənilmiş, 2020-ci ilin avqust ayı da əlavə edilərsə cəmi 5411,97 manat kredit ödənişi edilmişdir. Mənzilin cavabdehə məxsus olması, ödənişlərin İddiaçı1 tərəfindən edilməsi, ilkin iddiaçıların həmin mənzildə qalmaları üçün hüquqi əsasın olmaması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Tərəflər arasındakı münasibətlər qohumluq əlaqələrinə əsaslanmaqla yaranmış, mübahisə də bu münasibətlərin pozulmasından yaranmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı tərəfindən ödənilmiş kredit məbləği ilə bağlı məhkəmə bildirir ki, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 keçmiş həyat yoldaşı ilə 2020-ci ilin mart ayından mübahisəli mənzildə yaşamağa başlamış, həmin aydan da kredit ödənişləri etmişdir. 2020ci ilin avqust ayında isə cavabdehin qızı mənzili tərk edib getməklə tərəflərin qohumluq münasibətləri sona çatmışdır. Deməli, 2020-ci ilin mart ayından avqust ayına kimi iddiaçının həyat yoldaşı ilə mübahisəli mənzildə yaşamasına cavabdehin buna razılığı və istəyi oluğuna görə qanuni əsas olmuş, mənzillə bağlı ümumi təsərrüfatı iddiaçı aparmış, mənzili öz əmlakı hesab etmiş və bu hal cavabdeh tərəfindən də qəbul edilmişdir. Lakin, 2020-ci ilin avqust ayında münasibətlərin pozulması ilə İddiaçı1 həmin mənzildə yaşamağa qanuni əsası aradan qalxmışdır. Belə ki, ipoteka ödənişləri İddiaçı1 tərəfindən edilsə də, mənzil cavabdehin adına alınmış və faktiki olaraq ona məxsusdur. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, 2021-ci ilin mart-aprel aylarına görə ipoteka ödənişləri edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən İddiaçı1 xeyrinə tutulmalı ipoteka ödənişlərinin məbləği hesablanarkən 2020-ci ilin sentyabr ayından 2021ci ilin fevral ayı da daxil olmaqla olan 6 aylıq müddət hesablanmalıdır. Çünki bu müddətlər ərzində İddiaçı1 tərəfindən cavabdehə məxsus mənzilə görə heç bir əsas olmadan ipoteka ödənişləri edilmişdir. Başqa sözlə, cavabdeh qanuni əsas olmadan mənfəət əldə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı1 xeyrinə 2986,68 manat (53.96+443.72=497.68x6=2986,08) ödənilmiş ipoteka ödənişlərinin əvəzi tutulmalıdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İlkin iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Hazırkı işdə iddiaçıların məruz qaldığı mənəvi ziyanın nədən ibarət olması prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı tələb İddiaçı1 və İddiaçı2 oğlunun Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20 B saylı evin 40 saylı mənzilindən çıxarılmaları hissəsində tam əsaslıdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, tərəflərin qohumluq münasibətləri pozulmuş və İddiaçı2 və İddiaçı1 Cavabdeh məxsus mənzildə qalmalarına heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qarşılıqlı iddia tələbinin cavabdehlərin qarşılıqlı iddiaçıya məxsus mənzildə yaşadıqları 2020-ci ilin aprel ayından hazırkı tarixə kimi, yəni 12 ay müddətində hər ay 300 manat olmaqla, ümumilikdə 3600 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması hissəsini qismən əsaslı sayır. Tələb ona əsaslanır ki, mənzil cavabdehlərin qanunsuz sahibliyində olduğu müddətdə o, mənzildən istifadə edə bilməmişdir. Əgər həmin mənzili hər ay 300 manat olmaqla kirayə versəydi 12 ay müddətinə 3600 manat gəlir əldə edə bilərdi. Məhkəmə bildirir ki, artıq yuxarıda qeyd edildiyi kimi, qohumluq münasibətləri 2020ci ilin avqust ayında pozulmuş, həmin ilin mart ayından avqust ayına kimi tərəflər arasında anlaşma mövcud olmuş, avqust ayından sonra isə İddiaçı1 və İddiaçı2 Cavabdeh məxsus mənzildə yaşamalarına əsas aradan qalxmışdır. Deməli, qarşılıqlı iddiaçının 2020-ci ilin mart-avqust ayları arasında olan müddətə görə cavabdehlərdən ona vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yoxdur. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, əldən çıxmış fayda kimi cavabdeh tərəfdən qarşılıqlı iddiaçının xeyrinə 2020-ci ilin avqust ayından 2021-ci ilin aprel ayınadək hər ay 250 manat olmaqla, cəmi 2250 manat məbləğində kirayə əvəzi tutulmalıdır. Belə ki, mənzil 09 ay cavabdeh İddiaçı1 qanunsuz sahibliyində olmuş, bu dövr 2020-ci ilin avqust ayından (tərəflərin qohumluq münasibətlərinə son verildiyi tarixdən) başlayır və 2021-ci ilin aprel ayında (qarşılıqlı iddiaçının tələbində göstərdiyi tarixə qədər) bitir. Kirayə əvəzi kimi aylıq məbləğin müəyyən edilməsi ilə bağlı məhkəmə bildirir ki, qarşılıqlı iddiaçı tələbinə oxşar mənzillərə görə kirayə haqqlarının əks olunduğu siyahını əlavə etmişdir. Həmin siyahıda mübahisəli mənzilə daha uyğun mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir. Cavabdeh tərəf bu məlumatın həqiqiliyini təkzib edən heç bir sübut təqdim etməyib. Mənzilin qanunsuz sahiblikdə olduğu müddəti (09 ay) mənzilin bir aylıq orta kirayə haqqına (250 manata) vurduqda 2250 manat əmələ gəlir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, əldə çıxmış fayda kimi 2250 manat məbləğdə pul İddiaçı1 tutularaq Cavabdeh verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi formal mülahizələrə əsaslanmışdır və təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı2 xeyrinə ipoteka müqaviləsi üzrə ilkin ödəniş şəklində ödənilmiş 16500 manat və nağd şəkildə ödənilmiş 1400 manat olmaqla, cəmi 17900 (on yeddi min doqquz yüz) manat məbləğində pul tutulsun. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı1 xeyrinə aylıq ipoteka ödənişləri olaraq ödənilmiş 2986,08 (iki min doqquz yüz səksən altı manat səkkiz qəpik) manat məbləğində pul tutulsun. İlkin iddia mənəvi zərərin tutulması hissəsində təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20 B saylı evin 40 saylı mənzilindən çıxarılsınlar. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 2020-ci ilin avqust ayından 2021-ci ilin aprel ayınadək hər ay 250 (iki yüz əlli) manat olmaqla, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində kirayə əvəzi tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar