Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-114/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Renault 12” minik markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması ilə əlaqədar vurulmuş zərərə görə 4000 manat məbləğində pulun cavabdehlərdən tutularaq onlara ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. “Renault 12” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. Avtomobil İddiaçı1 istifadəsində olmuşdur. Avtomobil işlək vəziyyətdə olmuşdur. Sadəcə dəmirçi işləri var idi. İddiaçı1 xx.xx.2020-ci il tarixində “Renault 12" minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün dərmirçi axtarışına çıxmış, Elxan Həsənov küçəsinin kəsişməsində olan Neftçilər küçəsində 5 nömrəli qapıya yaxınlaşmış və orada təmir sexi görmüşdür. Sexin qapısında “tel 055 *** ** ** dəmirçi “Yusif’ yazılmışdı və ora zəng etdiyində Yusif adlı şəxs ona gəldiyini bildirmişdir. O, ona maşının alt hissəsinin çürüdüyünü bildirmişdir. Həmin şəxs maşına baxıb, 200 manata razılaşıb gecə ilə maşını aparmağı bildirmiş və avtomobilin təkərləri boş halda "Niva" markalı maşınla dartıb aparmaq istəmişdir. Aparıb yolun ortasında gecə yarısı atıb çıxıb getmişdir. O - Şaiq gecəni səhərə qədər orda oturmuş, sonra maşının təkərlərinə hava vurmuş və bir Qazel markalı avtomobillə “Yusif” özü dartıb sexin qabağına aparmışdır. xx.xx.2021-ci il tarixdə 50 AZN borc edib, “Yusifə” vermişdir və o da 20 günə zəng edəcəyini və gəlib maşını götürməsini bildirmişdir. 20 gün keçməsinə baxmayaraq, ona heç bir zəng gəlməmiş və 25 gün sonra ona zəng etməsinə baxmayaraq telefona cavab verməmişdir. xx.xx.2021-ci il tarixində 5 №-li qapıya getmiş və maşını pis vəziyyətdə görmüşdür. Krılaları sökülmüş halda küçədə qalmışdır. Bundan sonra o, 5 №-li qapını döymüş və Cavabdeh1 qapıya gəlib ona sexin onun olduğunu və “Yusifə” icarəyə verdiyini bildirmişdir. Səyavuşun telefonu ilə Yusifə zəng vurmuş, lakin o, cavab verməmişdir. Daha sonra Səyavuş ona 250 manat versə, maşını özü təmir edəcəyini bildirmiş və əvvəlcədən isə 50 manat pul istəmişdir. Səyavuş ona məxsus bütün avtomobili söküb yararsız hala salmışdır. Belə ki, onu yolda şoferlərdən biri görüb maşının küçənin ortasında sökülmüş halda atıldığını bildirmişdir. Gedib baxanda maşının sökülüb tam yararsız hala salındığını görmüşdür. O, avtomobili cavabdehə təqdim edən zaman onun avtomobilinin 4000 manat məbləğində dəyəri var idi. Lakin həmin avtomobili hal-hazırda yalnız çəki ilə metal qismində satmaq mümkündür.
Tərəflərin izahatları
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhəkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, avtomobilin təmiri ilə bağlı iddiaçı ilə razılaşmış və 20 manat beh almışdır. Özünə aid işi görmüş, lakin qalan işləri görmək mümkün olmamışdır. Sonra Şaiqə avtomobili gəlib aparmasını bildirmişdir. Digər avtomobillərə mane olmasın deyə həmin avtomobili çıxarıb sexin həyətinə qoymuşdur, lakin iddiaçı gəlib avtomobili aparmamışdır.
5. Məhkəmə iclasında İddiaçı1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahata uyğun bildirdi ki, avtomobili təmir üçün verən zaman saz vəziyyətdə olmuş, dinamo, starter, radiator və akkumulyator üzərində olmuşdur. Lakin maşın hazırda tam yararsızdır. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
6. Məhkəmə iclasında İddiaçı2 əvvəlki məhkəmə iclaslarında verdiyi izahata uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
7. AC 961961 nömrəli “X1 Şəhadətnaməsi”nin surətindən görünür ki, “Renault 12” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 mülkiyyətindədir.
8. "xxxx" MMC-nin 18 dekabr 2023-cü il tarixli, 44 nömrəli arayışından görünür ki, İddiaçı2 məxsus olan “Renault 12” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği ehtiyat hissələri 2850 manat və usta haqqı 1400 manat olmaqla cəmi 4250 manat təşkil edir.
9. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli, 9/8482 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Autoservice-Gamishliq” LTD tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 44 nömrəli ziyan aktı məlumatlarına əsasən, 1996-cı il buraxılışlı mühhərik həcmi 1200 m3, “Renault 12 Toros” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əksik ehtiyyat hissələrinin 2021-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2910 manat müəyyən edilir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında (turbo.az) və eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspert təyini haqqında qərardadda qeyd edilən 1996-cı il buraxılışlı, mühhərik həcmi 1200 m3, “Renault 12 Toros” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2021-ci il tarixə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3200 manat müəyyən olunur. İş materiallarında olan məlumatlara əsasən, 1996-cı il buraxılışlı, “Renault 12 Toros” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əksik olan hissələri nəzərə alınmaqla avtomobilin 2021-ci il tarixə olan qalıq dəyəri 290 manat müəyyən edilir.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, iddiaçının qonşusudur. Maşın işlək olmuş və detalları da üzərində olmuşdur. Maşın işə düşürdü, lakin idarə etmək olmurdu.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, Şaiqin qonşusudur. İddiaçılarla maşınla bağlı söhbət edən zaman Şaiq ona maşını dəmirçiyə aparacağını bildirmişdir. Maşının detalları çürük olsa da, üzərində idi.
İşin faktiki halları
12. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə obyektini təşkil edən “Renault 12” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 mülkiyyətindədir və o, avtomobili istifadə edilməsi üçün qardaşı – digər İddiaçı1 etibarnamə ilə vermişdir. İddiaçı1 həmin avtomobilin təmir edilməsi ilə bağlı, Yusif kimi tanıdığı, lakin əslində cavabdeh X3 ilə 200 manata razılaşmış, lakin daha sonra Elvin avtomobili təmir etməmişdir. Bundan sonra, X5 işlədiyi qaraja getmiş və orada digər Cavabdeh1la rastlaşmışdır. Sonuncu qarajın ona məxsus olduğunu, Elvinin isə çıxıb getdiyini bildirmişdir. Aralarındakı söhbət zamanı, hazırkı iş üzrə digər Cavabdeh1 həmin avtomobilin 250 manata təmir etdirə biləcəyini bildirmiş və İddiaçı1 Səyavuşa buna görə beh kimi 20 manat pul vermişdir. Hazırki tələbdə iddiaçı tərəf bildirir ki, avtomobil Elvinə təmir üçün verilən zaman işlək vəziyyətdə olmuş, yalnız avtomobilin akkumplyatoru, radiatoru, generatoru, starteri, şəbəkəsi və ehtiyaat təkəri özündə olmuş, qalan bütün detallar avtomobildə olmuşdur. O, sadəcə, çürümüş lanjeronu düzəltdirmək istəmişdir. Lakin hazırda avtomobil tam yararsız vəziyyətdədir və bu səbəbdən hesab edir ki, həmin avtomobilin dəyəri cavabdehlərdən tutulmalıdır, belə ki, avtomobil cavabdeh tərəfə təqdim edildikdən sonra yararsız hala düşmüşdür. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Eyni zamanda digər Cavabdeh1 da iddia tələbini qəbul etmədiyini bildirmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Abdullayev Şaiq həmin avtomobilin təmiri üçün əvvəlcə Elvinlə razılaşmış, lakin daha sonra razılaşmaları baş tutmadığından o Şaiqə 250 manat verəcəyi təqdirdə avtomobili təmir edəcəyini bildirmiş və buna görə Şaiqdən 20 manat məbləğində beh almışdır. O, özünə aid olan işləri bitirdikdən sonra avtomobili gəlib götürməsini bildirmiş, lakin müəyyən müddət ərzində iddiaçı gəlib avtomobili götürmədiyindən onu çıxarıb sexin həyətinə qoymuşdur. Hesab edir ki, avtomobilin həmin vəziyyətə düşməsi iddiaçının səhlənkarlığı – məlumatı olmasına baxmayaraq avtomobili gəlib götürməməsinə görə baş vermişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin, prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 752. Podrat müqaviləsi Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 62.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 772. Podratçının riski 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
16. Məhkəmə hazırkı mübahisəyə yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələbləri baxımından yanaşaraq, qeyd edir ki, mübahisənin mahiyyətindən aydın olur ki, tərəflər arasında şifahi podrat hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, bu münasibətlər əvvəlcə İddiaçı1lə Cavabdeh2 arasında yaranmışdır. Ş.Atakiyev idarə etdiyi avtomobildə təmir işləri görülməsi üçün avtomobili Cavabdeh2 təhvil vermiş, görüləcək işlərin 200 manat məbləğində olacağı barədə sonuncu ilə razılaşmışdır. Lakin, işin hallarından və tərəflərin izahatlarından görünür ki, Cavabdeh2 razılaşdırılmış işi görməmişdir. Daha sonra isə, İddiaçı1 avtomobilində eyni təmir işlərinin görülməsi barədə Cavabdeh1la (sonuncunun təşəbbüsü əsasında) razılaşmış və Cavabdeh1 Cavabdeh2 görməli olduğu işi 250 manata həyata keçirəcəyini bildirmiş və İddiaçı1 buna görə 20 manat beh almışdır. İşin bu hallarına hüquqi qiymət verərəkən, məhkəmə hesab edir ki, İddiaçı1lə Cavabdeh2 arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə podratçının öhdəliyini Cavabdeh1 yeni şərtlərlə öz üzərinə götürmüş, həmin öhdəlik üzrə behi qəbul etmiş və avtomobili öz qarajında saxlamış, İddiaçı1 də bu şərtlərlə razılaşmış və avtomobilini Cavabdeh1 təhvil vermiş, sonuncunun təklif etdiyi yeni qiyməti qəbul etməklə, həmin qiymət üzrə beh vermişdir.
17. İşin araşdırılması və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, avtomobil təmirə qəbul edilən zaman işlək ehtiyat hissələri üzərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər də qeyd olunan halı təsdiq etməklə bildirmişdirlər ki, avtomobilin ehtiyyat hissələri üzərində olmuşdur, avtomobil işə düşsə də, lakin idarə etmək mümkün olmamışdır. Cavabdeh1 Rəfael oğlu öz izahatında həmin avtomobilin təmiri ilə bağlı öz üzərinə düşən işi yerinə yetirdikdən sonra, ondan asılı olmayan səbəblərə görə işi tamamlaya bilmədiyindən İddiaçı1 avtomobili gəlib götürməsi üçün gözlədiyini, lakin müəyyən müddət keçməsinə baxmayaraq onun avtomobili gəlib götürmədiyi üçün avtomobili çıxarıb sexin həyətinə qoyduğunu bildirmişdir. İşin araşdırılması nəticəsində o da müəyyən edilmişdir ki, avtomobil cavabdeh Səyavuş Atakişiyev tərəfindən küçədə sahibsiz vəziyyətdə buraxıldıqdan sonra həmin vəziyyətə düşmüşdür. Cavabdeh bu xüsusun İddiaçı1 öz avtomobilinə səhlənkar yanaşmaqla gəlib götürməməsinə görə baş verdiyini bildirsə də, lakin məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazı ilə razılaşmır. Belə ki, Cavabdeh1 razılaşdırılmış işi yerinə yetirə bilmədiyi ona məlum olduqda sifarişçini bununla bağlı lazımi qaydada məlumatlandırmalı idi. Cavabdeh1 uzun müddət İddiaçı1 gəlib avtomobilini götürməsini gözləməsi halını məhkəmə onun tərəfindən vicdanlı davranma kimi qəbul etmir. Ona görə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinin də tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh1 müəyyən müddət gözlədikdən sonra sifarişçi gəlmədiyinə görə avtomobili həyətindən çıxarıb yol kənarına qoyması halı nə tərəflər arasında olan sövdələşməyə, nə də ki, bu tip işlərdə formalaşmış işguzar adətlərə uyğun gəlir. Beləliklə, Cavabdeh1 ona müvafiq öhdəliyin icrası ilə əlaqədar təhvil verilmiş avtomobili küçədə sahibsiz vəziyyətdə buraxmış və avtomobilə vurulan ziyan da elə məhz cavabdehin həmin hərəkətinin nəticəsi olaraq baş vermiş və nəticə etibarilə avtomobil tam yararsız hala düşmüşdür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 Rəfael oğluna münasibətdə qismən əsaslıdır.
18. Tələb edilən ziyan məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli, 9/8482 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Autoservice- Gamishliq” LTD tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 44 nömrəli ziyan aktı məlumatlarına əsasən, 1996-cı il buraxılışlı mühhərik həcmi 1200 m3, “Renault 12 Toros” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əksik ehtiyyat hissələrinin 2021-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2910 manat müəyyən edilir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında (turbo.az) və eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspert təyini haqqında qərardadda qeyd edilən 1996-cı il buraxılışlı, mühhərik həcmi 1200 m3, “Renault 12 Toros” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2021-ci il tarixə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3200 manat müəyyən olunur. İş materiallarında olan məlumatlara əsasən, 1996-cı il buraxılışlı, “Renault 12 Toros” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əksik olan hissələri nəzərə alınmaqla avtomobilin 2021-ci il tarixə olan qalıq dəyəri 290 manat müəyyən edilir.
19. Məhkəmə qeyd edir ki, ekspert rəyindən göründüyü kimi, 1996-cı il buraxılışlı, mühhərik həcmi 1200 m3, “Renault 12 Toros” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2021-ci il tarixə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3200 manat müəyyən olunur. İddia tələbində iddiaçılar onlara vurulmuş ziyan məbləğinin 4000 manat olduğunu iddia edirlər. İşin hallarından müəyyən edilir ki, avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu hal ekspert rəyi ilə də təsdiqini tapır. Belə ki, avtomobilin hazırkı dəyəri 290 manat (metalın çəkisinin dəyəri) müəyyən edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, nə qədər ki, avtomobil cavabdehin təqsirli hərəkətləri nəticəsində tam yararsız hala düşüb, həmin avtomobilin yararsız hala düşməsəydi orta bazar qiyməti cavabdehdən tutulmalıdır. Bu baxımdan məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, hazırki halda avtomobilin ekspert rəyində qeyd olunduğu kimi - 2021-ci il tarixə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3200 manat məbləğində pul vəsaiti Cavabdeh1 Rəfael oğlundan tutulararaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. O da nəzərə alınmalıdır ki, 290 manata qiyməytləndirilən avtomobil iddiaçılar tərəfindən geri götürülməmiş və Cavabdeh1 qoyduğu yerdə buraxılmışdır.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 52 manat hissəsi Cavabdeh1 Rəfael oğlundan tutularaq İddiaçı1 xeyrinə ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 Rəfael oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Rəfael oğlundan 3200 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun 52 manat hissəsi Cavabdeh1 Rəfael oğlundan tutularaq İddiaçı1 xeyrinə ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 Rəfael oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Rəfael oğlundan 3200 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumunun 52 manat hissəsi Cavabdeh1 Rəfael oğlundan tutularaq İddiaçı1 xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 Rəfael oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.