Məhkəmə qərarları › İş №2(010)-1147/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1147/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1147/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4830 manat məbləğində vurulmuş zərərin əvəzi və ödənilmiş 68.30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları X10 məxsus “Mercedes Benz 200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta müqaviləsi ilə "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən 12 ay müddətinə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Qeyd olunan avtomobil sığorta müddəti ərzində, yəni xx.xx.2021-ci il tarixində ”Hyundai Getz” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində “Mercedes Benz 200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh olmuşdur. O, həmin hadisədə təqsirli bilinərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA101334, PXA102081 və PXA100230 nömrəli sığorta aktlarına əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 4830 manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi X12 və X2 hesabına mədaxil edilmişdir. Hazırda həmin sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tələb olunur. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 200D” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2021-ci ilin noyabrın 25-də Cavabdeh idarə etdiyi “Mercedes Benz 20D” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Hövsan-Zığ yolunda X6 idarə etdiyi “Hyundai Getz” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmanın nəticəsində “Hyundai Getz” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini azyaşlı qızı X7 yüngül dərəcəli xəsarətlər almışdır. Suraxanı DYPŞ-nın TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati qərarla müəyyən edilərək təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş 1281 nömrəli ekspert rəyinə əsasən, X3 yüngül dərəcəli xəsarət alması 2021-ci ilin noyabrın 25-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 7864 nömrəli qiymətləndirmə aktına əsasən, hadisə nəticəsində “Hyundai Getz” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobilə 4800 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “Hyundai Getz” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobilə dəyən zərərə görə 4080 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X8 ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində azyaşlı X3 yüngül xəsarətlər almasına görə 375 manat məbləğində sığorta ödənişi X8 ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində azyaşlı X3 yüngül dərəcəli xəsarətlər almasına görə 375 manat məbləğində sığorta ödənişi X4 ödəmişdir. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən ümumilikdə 4830 manat sığorta ödənişi edilmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin iddia tələbinə qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər PXA********** nömrəli, xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsindən müəyyən olunur ki, X10 məxsus, buraxılış ili 1993-cü il olan “Mercedes Benz 200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 manat məbləğində (sağlamlığa vurulan zərərə görə - 1 şəxs üçün 5000 manat, 1 hadisə üçün 50000 manat) icbari qaydada sığortalanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 7864 nömrəli qiymətləndirmə aktından müəyyən olunur ki, “Hyundai Getz” minik markalı, **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (işçilik + ehtiyat hissələri) 4080 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X17 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 1281 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 2009-cu il təvəllüdlü azyaşlı X3 məhkəmə-tibbi müayinəsi, tibbi sənədlər, hadisə haqqında məlumatlar nəzərə alınaraq, ekspertiza qarşısında qoyulan suallara əsasən ekspert azyaşlı S.R.Bayramovanın bədən səthində aşkar edilmiş xəsarətlərin – sağ qaşüstü və sağ yanaq nahiyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşya(lar)ın təsirindən törənməsi, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması nəticəsinə gəlmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu ərazisində “Mercedes Benz 200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) törətmiş və nəticədə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA101334 nömrəli və PXA102081 nömrəli sığorta aktlarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Hövsan Zığ yolunda "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz 200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Getz” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu avtomobildə olan X7 yüngül dərəcəli xəsarət almış (AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspert rəyi iş materiallarına əlavə edilmişdir) və sağlamlığa dəyən zərərə görə ümumilikdə 750 manat məbləğində sığorta ödənişi müvafiq olaraq X12 (350 manat) və X2 (350 manat) hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA100230 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Hövsan Zığ yolunda "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz 200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Getz” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4080 manat müəyyən edilmiş ("xxxx" MMC tərəfindən təqdim edilən akt iş materiallarına əlavə edilmişdir) və 4080 manat məbləğində sığorta ödənişi X6 hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X12 və X4 təqdim edilmiş plastik kartlara PXA101334, PXA102081 və PXA100230 nömrəli sığorta aktlarına əsasən ümumilikdə 4830 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, 05/01-13 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh subroqasiya qaydasında ödənilmiş 4830 manat məbləğində pul vəsaitinin 7 (yeddi) iş günü müddətində "xxxx" ASC-yə ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, Gürcüstan vətəndaşı, xx.xx.1981ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, **********63 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 68.3 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.2. . Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz. Maddə 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyatakeçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Hövsan Zığ yolunda "xxxx" ASC-də mülki məsuliyyəti PXA********** saylı müqavilə ilə icbari sığorta olunmuş X9 mülkiyyətində olan “Mercedes Benz 200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək qəza törətmiş və sürücü X6 idarə etdiyi “Hyundai Getz” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon DYPŞ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 332.1-ci maddəsi ilə TP ******* nömrəli qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Getz” minik markalı, **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan X3 yüngül dərəcəli xəsarət alması faktı iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə sübuta yetirilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən “Hyundai Getz” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, eləcə də həmin avtomobildə olan və yüngül dərəcəli bədən xəsarəti almış X1 vurulmuş zərərin əvəzi olaraq ödəniş tapşırığı əsasında X12 və X4 ümumilikdə 4830 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin təqsiri, yəni onun inzibati xətaya yol verməsi, həmçinin faydalanan şəxslərin zərərvuran şəxs-cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya-iddiaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən və işdə bunun əksini təsdiq edən sübutlar olmadığına görə iddia tələbi təmin edilməlidir. Belə ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin (nəqliyyat vasitəsini ) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilindiyindən, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən zərəkçəkmişə ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçdiyindən 4830 manat məbləğində vurulmuş zərər və 68.30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68.30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 384-6.1, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4830 (dörd min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti və ödənilmiş 68.30 (altmış səkkiz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar