Məhkəmə qərarları › İş №2(010)-1156/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1156/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1156/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikintiyə sərf olunan vəsaitin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikintiyə sərf olunan vəsaitin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-ci ildə yardımçı təsərrüfat otağının tikintisinə sərf etdiyi 5.000 (beş min) ABŞ dolları (indiki məzənnə ilə) və vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 50 000 (əlli min) AZN təyin edilərək cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1982-ci il 18 sentyabr tarixində Cavabdehlə ailə quraraq rəsmi nikahları qeydə alınmışdır. Nikahdan iki övladları dünyaya gəlmişdir. Uşaqlar hal-hazırda yetkinlik yaşına çatmışlar. Suraxanı RİH-nin 04 dekabr 1998-ci il tarixli, 2127 N-li sərəncamına əsasən yaşadıqları evin, yəni Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllədə yerləşən 1 saylı evin yanında 33m2 ölçüdə yaşayışa yararlı yardımçı təsərrüfat otağını ər-arvad münasibətində olduğu vaxt birgə vəsait hesabına yox şəxsi vəsaiti hesabına tikdirib 2008-ci ilin əvvələrinə qədər istifadə, sahiblik etmişdir. 15.12.2006-cı il tarixdə nikah rəsmi olaraq pozulmuşdur. 2008-ci ilin əvvəlində o, Bakı şəhər Suraxanı rayon məhkəməsinə nikah dövründə əldə olunmuş avtomobil, mənzil və təsərrüfat otağının birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi, ayrılması iddia tələbi ilə cavabdeh keçmiş həyat yoldaşı Cavabdeh qarşı müraciət etmişdir. Hal-hazırki iddia tələbi ilə həmin tikintiyə sərf olunmuş vəsaiti və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia tələbi ilə bağlı müddət ötürüldüyündən onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil hazırki iddia tələbini qəbul etməyərək həmin iddia tələbi ilə bağlı müddət ötürüldüyündən məhkəmədən həmin iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4376/2009, 10.11.2009-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-628/2008, 09.01.2009-cu il tarixli qətnaməsi ilə ilkin iddiaçı Mustafayeva Emma Ələkbər qızının Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi, ondan payın ayrılması və birgə vəsait hesabına tikilmiş qaraj tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh Mustafayeva Emma Ələkbər qızına qarşı iddiası qismən təmin edilərək onun ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzildə ¼ hissədə payı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan qətnaməsi ilə tərəflərin apellyasiya şikayətlərini qismən təmin edərək və Suraxanı Rayon Məhkəməsinin 2(010)-628/2008, 09.01.2009-cu il tarixli qətnaməsini ləğv edərək “VAZ-21074” markalı, **-FC-*** nömrəli avtomobilin üzərində 1/2 hissədə Mustafayeva Emma Ələkbər qızının pay hüququ müəyyən edilmiş, iddiaçı Mustafayeva Emma Ələkbər qızının birgə vəsait hesabına tikilmiş qaraj tələbi qərardadla baxılmamış saxlanılmış, Cavabdeh ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzildə ½ hissədə payı müəyyən edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3080/2011 saylı, 11.10.2011-ci il tarixli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1065/2010 saylı, 07.12.2010-cu il tarixli qətnaməsi ilə Mustafayeva Emma Ələkbər qızının Cavabdeh, X4 və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğvi və yardımçı otaqdan istifadə hüququnun müəyyən edilməsinə dair iddiası təmin edilməmiş, İ.Ə.Şahverdiyevin R.Y.Mutafayevə, E.Ə.Mustafayevaya və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası təmin edilərək, Suraxanı rayon İcra Hakimiyyətinin 2127 saylı, 04 dekabr 1998-ci il tarixli Cavabdeh yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamı etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2011 saylı, 27.04.2011-ci il tarixli qətnaməsi ilə E.Ə.Mustafayevanın şikayəti qismən təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-1065/2010 saylı, 07.12.2010-cu il tarixli qətnaməsi “Suraxanı Rayon İcra Hakimiyyətinin 2127 saylı, 04.12.1998-ci il tarixli Cavabdeh yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamın etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, İlyas Əziz oğlu X2 Mustafayevə, X1 və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, faktiki olaraq qaraj tikilisi gəlirlər hesabına əldə olunmuş əmlak hesab edilmir. Həmin tikili müvafiq icra hakimiyyətinin balansında olan tikili hesab edilir ki, Cavabdeh həmin tikiliyə yalnız sahiblik hüququ həyata keçirmiş və həmin qaraj tikilisinə mülkiyyət hüququ əldə etməmişdir. Mülkiyyət hüququ olmadan həmin qaraj tikilisindən uzunmüdətli istifadə etmə həmin əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyətini yaratmır və ər-arvadın ümumi mülkiyyətini tənzimləyən qaydalar həmin münasibətlərə şamil edilə bilməz. Həmin qətnamədə qeyd edilmişdir ki, Mustafayeva Emma Ələkbər qızına izah edilməlidir ki, birgə nikah dövründə yardımçı təsərrüfat otağının tikintisinə vəsait sərf edilmişsə, sərf etdiyi vəsait barədə tələblə məhkəməyə müraciət edə bilər. AR Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi qənaətinə gələrək, Mustafayeva Emma Ələkbər qızının kassasiya şikayətini təmin etməmiş və 2(103)-1201/2011 saylı, 27.04.2011-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. - AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4258/14, 13.11.2014-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-81/2014 saylı, 06.02.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.06.2014-cü il tarixli, 2(103)-2783/2014 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-81/2014 saylı, 06.02.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İlyas Şahverdiyevə etibarnamənin verilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və ümumiyyətlə etibarnamənin mövcudluğu sübut edilmədiyindən etibarnamənin verilməsi qənaətinə gəlmək mümkün olmamışdır və bu səbəbdən də iddiaçı etibarnamə və onunla bağlı irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyildir. Digər tərəfdən isə etibarnamənin mövcudluğu təsdiq olunmuş olsa belə, bu hal iddiaçıya mübahisəli tikiliyə ər-arvadın birgə mülkiyyəti konteksindən yanaşmaq hüququ vermir. AR Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi qənaətinə gələrək, Mustafayeva Emma Ələkbər qızının kassasiya şikayətini təmin etməmiş və 2(103)-2783/2014 saylı, 10.06.2014-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər əvvəllər rəsmi nikah münasibətlərində olmuşlar, nikahları sonradan pozulmuşdur. Onların arasında ailə münasibətlərindən yaranan mübahisələrlə bağlı bir neçə məhkəmə çəkişmələri olmuşdur. Hazırkı mübahisədə iddiaçı müxtəlif dövlət orqanları tərəfindən verilmiş sənədlərə, Suraxan rayon İcra Hakimiyyətinin 04.12.1998-ci il tarixli sərəncamına və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2011 saylı, 27.04.2011-ci il tarixli qətnaməsinin “iddiaçı birgə nikah dövründə yardımçı təsərrüfat otağının tikintisinə vəsait sərf etmişsə, sərf etdiyi vəsait barədə məhkəməyə müraciət edə bilər” hissəsinə istinad etməklə öz iddia tələbində haqlı olduğunu bildirir. Cavabeh isə elə həmin qətnamədə qeyd edilmiş mövqeyə istinad edərək hazırki iş üzrə iddia tələbi ilə bağlı müddət ötürüldüyündən onun təmin edilməməsini xahiş edir. Məhkəmə iddia müddəti ilə bağlı vəsatətə münasibət bildirməzdən öncə iddia tələbinin əsaslılığı ilə bağlı mövqeyini bildirməyi zəruri hesab edir. İddiaçı tələbində mübahisəli yardımçı otağın tikintisi üçün vəsait sərf etdiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbində əvvəlki məhkəmə baxışlarının predmetləri olmuş hallara istinad etməklə formal mülahizələrə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddia müddətinin ötürülməsinə görə tələbin rədd edilməsi barədə cavabdeh tərəfin vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR Mülki Məcəlləsinin 377.1-ci maddəsinin mahiyyətindən göründüyü kimi, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki iş üzrə isə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2011 saylı, 27.04.2011-ci il tarixli qətnaməsi ilə iddiaçının birgə nikah dövründə yardımçı təsərrüfat otağının tikintisinə vəsait sərf etmişsə, sərf etdiyi vəsait barədə məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə bağlı tələb hüququnun olmasını 2011-ci il tarixindən bilsə (bilməli olsa) də, lakin qanunvericiliklə müəyyən olunmuş 10 illik müddəti ötürməklə 26.01.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələbi irəli sürmək üçün nəzərdə tutulmuş ümumi iddia müddətini də ötürmüşdür. Ona görə də, iddia tələbi bu əsasla da təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Mustafayev Ramı̇ z Yaqub oğluna qarşı tikintiyə sərf edilən vəsaitin, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar