Məhkəmə qərarları › İş №2(010)-117/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-117/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-117/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvin zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 5.000 manat məbləğində ona vurulmuş maddi zərərin və cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 3.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsindəki 14 “b” saylı evin 58 saylı mənzilinə binanın 61-ci mənzilindən mütəmadi olaraq su axıdılır. Qeyd olunan 61-ci mənzildə Ağdam rayonundan məskunlaşmış Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Axıdılan su onun mənzilinin tavanını yararsız və qəzalı vəziyyətə salmış, həmçinin binanın saxlayıcı divarlarına zərər yetirmişdir. Dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamışdır. Hazırda axıdılan su nəticəsində mənzilin dəhlizi, qonaq otağı, yataq otağına zərər vurulmuş, mənzilə gələn elektrik xəttlərini nasaz vəziyyətə gətirərək qısa qapanma baş verməsinə səbəb olmuşdur. Bu hallar hamısı iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərlə təsdiq olunur. Əlavə olaraq cavabdehin oğlu mənzilində idmanla məşğul olaraq ağır çəkili idman qantelləri və digər əşyaların mənzilin tavanına çırpılması nəticəsində çılçırağın yerləşdiyi gips bəzək üzüyü parçalanaraq yerə tökülmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzillərinə vurulan zərərlə bağlı yaranan nəmişlik və rütübət, rütübətin üfünətli qoxusu ailə üzvləri, o cümlədən yetkinlik yaşına çatmamış autizm xəstəsi olan uşağın və insult keçirmiş arvadının səhhətinə mənfi təsir göstərir və orqanizmdə göbələk xəstəliyinin yaranması üçün birbaşa səbəbdir. Hər dəfə bu hərəkətlər nəticəsində stress və əsəb gərginliyi keçirir, ailə üzvlərinin əsəbləri tam korlanmışdır. Ərazi sahə müvəkkilinin xəbərdarlıqları da heç bir fayda verməmişdir. İllərdir davam edən bu qanunsuzluq nəticəsində ona mənəvi zərər də vurulduğundan, cavabdeh tərəfindən maddi və mənəvi zərər ödənilməlidir. İddiaçı məhkəmədə iddianı müdafiə etmiş və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğlunun nümayəndəsi qismində izahat verən X4 məhkəmə iclasında iddia tələbi ilə razı olmayaraq göstərdi ki, ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsindəki 14 “b” saylı evin 61-ci mənzilindən iddiaçının həmin binada yerləşən 58 saylı mənzilinə mütəmadi olaraq suyun axıdılması barədə iddiaçının dəlilləri tam əsassızdır. Belə ki, 2007-ci ildə idiaçının mənzilinə cəmi bir dəfə su axıdılmış, bunun səbəbi isə damda quraşdırılmış çənin partlaması olmuşdur. Lakin bundan sonra onun ailəsi tərəfindən təmir işləri aparılmış və suyun axmaması üçün lazımi tədbirlər görülmüşdür. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsi isə ziddiyətlidir. Belə ki, ekspert tərəfindən mərtəbəarası örtük konstruksiyalardan su sızmasının səbəbi kimi boru xəttlərində yaranan qəza, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlar, kanalizasiya borularının çatlaması, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsi, tıxaclanma və ya yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsi göstərilsə də, tədqiqat zamanı bunlardan hər hansı birinin mövcüd olması aşkar edilməmişdir. Buna baxmayaraq ekspertiza əsassız olaraq iddiaçının mənzilinə məhz onların sahibliyində olan mənzildən zərər vurulması qənaətinə gəlmişdir. Beləliklə də o, verilmiş ekspert rəyi ilə razı deyildir və bu əsaslarla iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 63 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 1317 №-li Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilində Cəbrayıldan məcburi köçkün kimi məskunlaşmışdır. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 10/1644 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, 14b saylı evin 61 saylı mənzili yaşayış evinin axırıncı doqquzunu mərtəbəsində yerləşdiyini və iddiaçıya məxsus 58 saylı mənzil yaşayış binasının səkkizinci mərtəbəsində yerləşdiyini nəzərə alaraq, 58 saylı mənzilinə yuxarı mərtəbədəki 61 saylı mənzildən suyun sızması müəyyən olunur və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, 14b saylı evin 58 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərnə uyğun olaraq 2.274 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, 14b saylı evin 61 saylı mənzilindən həmin evdə yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus 58 saylı mənzilə su axması halı baş vermişdir. Bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh X2 məxsus mənzildən İddiaçı mənzilinə su axması nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə də cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və son nəticədə Cavabdeh 2.274 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 İddiaçı 2.274(iki min iki yüz yetmiş dörd) manat məbləğində maddi zərər tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə, göstərilən hesaba keçirilsin: Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar