Məhkəmə qərarları › İş №2(010)-118/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-118/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-118/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra – Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi nəticəsində dəymiş maddi zərər qismində 950 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əmircan qəbiristanlığının qarşısında geriyə hərəkət edib dönmək istəyən zaman iddiaçının yolun kənarında park vəziyyətində duran “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxadan vurmuşdur. Nəticədə iddiaçıya məxsus “Opel Astra” markalı, **-XX-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən aparılmış inzibati araşdırma nəticəsində Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarla Cavabdeh2 50 manat miqdarında cərimə edilmişdir. Cavabdeh2 həmin qərardan şikayət etməmiş, qərar qanuni qüvvəsini almışdır. Bununla da, iddiaçıya dəymiş zərərlə əlaqədar Cavabdeh2 təqsiri sübuta yetirilmişdir. Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 mülki məsuliyyətinin icbari sığortası olmamış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər iddiaçıya ödənilməmişdir. “Opel Astra” markalı, **-XX-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği yüksək olduğundan, iddiaçının həmin avtomobili təmir etdirmək imkanı olmamış, xx.xx.2024-cü il tarixdən avtomobil qəzalı vəziyyətdə qalmışdır. İddiaçı özünə məxsus “Opel Astra” markalı, **-XX-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri müəyyən edərək, təmir etdirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, servis tərəfindən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 950 manat müəyyən edilmişdir. Bununla da, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 “Opel Astra” markalı, **-XX-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə iddiaçıya 950 manat məbləğində maddi zərəri ödəmək öhdəlikləri yaranmışdır. İddiaçı dəymiş zərər məbləğinin ödənilməsi barədə cavabdehlərə müraciət etsə də, cavabdehlər məbləği ödəməkdən boyun qaçırmış, ödəmək üçün cəhd etməmişlər. Hadisədə Cavabdeh2 təqsirli olması və hadisə nəticəsində bilavasitə iddiaçıya maddi zərər dəyməsi barədə kifayət qədər mötəbər sübutlar vardır. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iş üçün əhəmiyyət kəsb edən bütün sübutları məhkəməyə təqdim etmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş ümumi zərər məbləği ilə razıdır və rəyə etiraz etmir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfin baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı qeyd etdikləri düzdür. Lakin, hadisə nəticəsində dəymiş zərərin əvəzi ondan deyil, digər cavabdehdən tutulmalıdır. Cavabdeh1 MMC avtobusları vaxtında sığorta etdirməli və sığorta hadisəsi baş verən zaman dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilməli idi. Həmçinin qeyd edir ki, yol-nəqliyyat hadisəsi müşahidə kameralarının olmadığı bir yerdə baş vermişdir. Belə ki, o, məsuliyyətdən yan keçə də bilərdi, lakin onun vicdanı buna əl verməmişdir. Ekspert rəyi ilə razı deyil, çünki rəydə qeyd olunan məbləğ şişirdilmişdir. Hadisədən sonra o, dəymiş zərərin əvəzini təmənnasız olaraq aradan qaldırmağı təklif etsə də, bu təklif iddiaçı tərəfindən qəbul edilməmişdir. Əmircan qəsəbəsində yerləşən şəxsi qaraj isə servis kimi, həmin qaraj tərəfindən təqdim olunan qüsur aktı isə mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, iddia tələbinin ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Cavabdeh1 MMC tərəfindən verilmiş yol vərəqinin surətindən müəyyən olunur ki, “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında idarə edilməsi üçün Cavabdeh2 sərəncamına verilmişdir. Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində verdiyi xx.xx.2024-ci il tarixli izahatın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 17:05 radələrində Əmircan qəsəbəsi ərazisində yol vərəqəsi ilə idarə etdiyi “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Əmircan qəbiristanlığının qarşısında geriyə hərəkət edib dönmək istəyən zaman yolun kənarında park vəziyyətində olan “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxa hissədən dəyərək maddi ziyan vurmuş, hadisə zamanı xəsarət alan olmamışdır. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh2 xx.xx.2024-cü il, saat 17:05-də, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) və 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 343 nömrəli qiymətləndirmə aktının surətindən müəyyən olunur ki, buraxılış ili 2008-ci il olan, “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 950 manat məbləğində hesablanmışdır. İş materiallarına əlavə edilmiş 05 ədəd fotoşəkillərdən “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxa hissədən zərər dəyməsi görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 9/8594 nömrəli ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktındakı məlumatlarına əsasən 2008-ci il buraxılışlı, “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə, yəni 2024cü ilin aprel ayına olan təmir-bərpa xərci təxminən 900 manat (dəyişilməli hissələrin qiyməti – 465 manat, təmir-bərpa işlərinin qiyməti – 435 manat) müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı ... Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). İş üzrə İddiaçı mülkiyyətində olan “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təqsirli olaraq törətdiyi hüquqa zidd hərəkətləri ilə ziyan vuran şəxs “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən Cavabdeh2 olması işin mübahisəsiz hallarıdır. Belə ki, hadisənin baş verməsində məhz həmin şəxsin təqsirli olması, yəni hüquqa zidd əməlin baş verməsində iradəsində nöqsan olan şəxsin məhz Cavabdeh2 olması hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla müəyyən edilir. Hadisədən sonra izahat verən Cavabdeh2 da xx.xx.2024cü il tarixdə, saat 17:05 radələrində Əmircan qəsəbəsi ərazisində yol vərəqəsi ilə idarə etdiyi “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Əmircan qəbiristanlığının qarşısında geriyə hərəkət edib dönmək istəyən zaman yolun kənarında park vəziyyətində olan “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxa hissədən dəyərək maddi ziyan vurduğunu etiraf etmişdir. Nəticədə Cavabdeh2 barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) və 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbini yalnız həmin nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 deyil, həmçinin sonuncuya həmin nəqliyyat vasitəsini xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında idarə etməsi üçün yol vərəqəsi verən Cavabdeh1 MMC-yə qarşı da irəli sürülmüşdür. İşdə olan sübutlarla müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu digər Cavabdeh1 MMC-yə məxsus olmuş, onu yol vərəqəsi əsasında Cavabdeh2 idarə etmişdir. Dəfələrlə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. İşin faktiki halları, eləcə də iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 digər Cavabdeh1 MMC tərəfindən “Daewoo BS 090” avtobus markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında idarə etmək, əmək funksiyalarını icra etmək üçün yol vərəqəsi verilmişdir. Həmin yol vərəqəsinin qüvvədə olduğu dövr ərzində, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu hal Cavabdeh2 sərnişindaşıma istiqamətində müvafiq nəqliyyat vasitəsini idarə etməkdə olan fəaliyyətinin məhz Cavabdeh1 MMC-nin nəzarəti altında göstərməsini ehtiva edir. Bununla da qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından baş vermiş hadisədə mülki hüquq pozuntusuna görə Cavabdeh1 MMC də mülki hüquqi məsuliyyət daşıyır. Mülki hüquq doktrinasında mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin mülki hüquq məsuliyyətindən əlavə, həmin mülki hüquq pozuntusunun törədilməsinə görə deyil, baş vermiş pozuntunun nəticələrinə görə müəyyən şəxslərin (əmək və ya mülki hüquq müqavilələri əsasında işəgötürən qismində çıxış edən hüquqi və ya fiziki şəxslər) mülki hüquq məsuliyyəti nəzərdə tutulmuş və bu növ məsuliyyət əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işəgötürənin işçinin törətdiyi pozuntulara görə obyektiv, yəni təqsirsiz olaraq cavabdehlik daşıdığı hallara aid edilmişdir. Belə ki, bu halda şəxs (işəgötürən) təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Hazırkı iş üzrə törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində işəgötürən Cavabdeh1 MMC-nin təqsirsiz olaraq məsuliyyət daşıması üçün qanunla nəzərdə tutulmuş zəruri şərtlər (zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması, baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olması) təmin edildiyindən, İddiaçı iddia tələbini hər iki cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 9/8594 nömrəli ekspert rəyi ilə nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlarına əsasən 2008-ci il buraxılışlı, “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə, yəni 2024-cü ilin aprel ayına olan təmir-bərpa xərci təxminən 900 manat (dəyişilməli hissələrin qiyməti – 465 manat, təmir-bərpa işlərinin qiyməti – 435 manat) müəyyən edilmişdir. Odur ki, iddia tələbində qeyd edilən məbləğlə ekspert rəyində qeyd edilən məbləğlər arasında fərqin az olmasını, məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının həmin rəylə razılaşaraq rəyi mübahisələndirməməsini və işin digər hallarını nəzərə alan məhkəmə qeyd edir ki, dəymiş zərər nəticəsində ödənilməli olan məbləğ ekspert rəyinə uyğun 900 manat məbləğində hesablanmaqla ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (900 manat) mütənasib olan 30 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları nəticəsində verilmiş ekspert rəylərinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 900 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli və 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar