Məhkəmə qərarları › İş №2(010)-1180/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1180/2020

02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1180/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulan 53000 (əlli üç min) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və mənəvi zərərə görə 30000 (otuz min) manat olmaqla ümumilikdə 83030 (səksən üç min otuz) manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh hüquqlarını müdafiə etdiyi İddiaçı qarşı müxtəlif instansiyalara şikayət edərək 152000 (yüz əlli iki min) manat məbləğində pul tələb etmişdir. Cavabdeh birgə fəaliyyət (ortaq heyvandarlıq təsərrüfatı) üçün verdiyi pul vəsaitlərini İddiaçı vermədiyini, onun kürəkəni Natiq adlı şəxsə verdiyini ifadə etsə də, şikayətə və iddialara baxan hüquq-mühafizə orqanları buna əhəmiyyət verməmişdir. Nəticə etibarilə Cavabdeh iddia etdiyi 152000 azn vəsaiti İddiaçı almaq üçün polisin iştirakı ilə Füzuli rayonuna gəlmiş və 310 baş xırda buynuzlu (yanında balası olan) heyvanları aktlaşdıraraq borcun tamamına qarşılıq alıb götürmüşdür. Cavabdeh iddia etdiyi 152000 manata qarşılıq aldığı bütün heyvanları (310 baş) heç kimin iştirakı olmadan özbaşına aparıb öz qohumuna aid olan Azərtoxum MMC-yə təhvil vermiş və həmin heyvanları ümumilikdə 40000 (qırx min) manata satdığı barədə xx.xx.2015-ci il tarixli saxta arayış gətirib təqdim etmişdir. Bundan başqa, dəfələrlə iddiaçı tərəfindən Azərtoxum MMC-nin verdiyi xx.xx.2015-ci il tarixli arayış mübahisələndirilsə də, 152000 manat pulun cavabdehə ödənilməsini qət edən həmin məhkəmələrdə obyektivliyi şübhə altında olan bu hardan gəldiyi bilinməyən bu arayış (əlavə təqdim olunan elektron çıxarışda Azərtoxum MMC-nin qanuni təmsilçisi X2 olduğu qeyd olunur lakin arayış fərqli şəxs tərəfindən imzalanmışdır) araşdırılmamış, eləcə də buna qiymət verilməmişdir. Halbuki, lazımı sorğular göndərilərək həm arayışın mötəbərliyi, həm də is üzrə 310 baş xırda buynuzlu (yanı balalı) heyvanların dəyəri barədə ekspertiza qurumlarında qiymətləndirmə keçirilsəydi arayışın etibarsızlığı, eləcə də heyvanların dəyərinin ifadə olunan məbləğdən iki qat artıq olduğu müəyyənləşdirilə bilərdi. 310 baş xırda buynuzlu və yanında balası olan heyvanın həmin tarixə satış dəyəri minimum 300-350 azn idi və bu da ümumi hesabla 300 azn, 310 ədəd 93000 (doxsan üç min) manat təşkil edirdi. Lakin cavabdeh həmin heyvanları ümumilikdə 40000 (qırx min) azn qiymətləndirməklə, heyvanlardan hər birini 129 manata (40000 azn 310, 129 azn) satdığını bildirmiş və borc məbləğindən həmin miqdarda azaltdığını ifadə etmişdir. Həmçinin qeyd edir ki, Füzuli rayonunda heyvan satışının təşkil olunduğu ticarət mərkəzi (“Tam ortaqlı Şamil Firması” bazarı) tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəsmi arayışda 2015-2016-cı illərdə 1 baş ana qoyunun bazar qiyməti 300-350 manat olduğu bildirilir. Belə olan halda Cavabdeh iddiaçıya aid olan 310 baş ana qoyunu (yanında balası ilə) 93000 manat əvəzinə 40000 manata qiymətləndirib satmaqla, iddiaçını 53000 (əlli üç min) manat məbləğində zərərə məruz qoymuşdur. Halbuki, həmin dövrdə iddiaçı özünə məxsus olan 310 baş yanı balalı qoyunu özü satmış olsaydı azı 93000 manat vəsait əldə edəcəkdi. Lakin cavabdeh buna imkan verməmiş, həmçinin iddiaçının iştirakı olmadan “qeyri-müəyyən şəraitdə” qoyunları cəmi 40000 azn müqabilində sata bildiyini, daha çox vermədiklərini bildirmişdir. İddiaçıya məxsus heyvanları dəyərindən hardasa 3 qat aşağı qiymətləndirərək özünə borclu saxlayan Cavabdeh hal-hazırda məhkəmə vasitəsilə geri qalan borc məbləğlərini tələb edir. Lakin hesab edir ki, 310 baş xırda buyunuzlu heyvanın 2015-ci il üçün satış qiymətləri öyrənilməli və cavabdehin ona vurduğu zərər hesablanmalıdır. Cavabdeh uzun illər haqsız və qanunsuz əsaslarla iddiaçının məhkəmə və hüquq- mühafizə orqanlarında süründürmüş, iddiaçını dələduzluqla ittiham edib işgüzar nüfuzunu zədələyərək ciddi mənəvi zərər və sarsıntılar keçirməsinə səbəbiyyət vermişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəf ona borclu olduğu 102500 manat ödəniş edib. İddiaçıya məxsus olan 310 baş heyvanın məbləği 40000 manat qiymətləndirilib və iddiaçı özü onun bu qədər qiymətləndirilməsini qəbul edib. Sonradan həmin puldan qalan 49500 manat hissəsi ödənilmədiyindən Cavabdeh Füzuli rayon Məhkəməsində iddia qaldırmış və İddiaçı və onun vəkili həmin məhkəmə proseslərində iştirak etmiş və orada 310 baş qoyunun qiymətləndirilməsini mübahisələndirməmişdir. Füzuli rayon Məhkəməsi tərəfindən İddiaçı 49500 manat pulun tutularaq Cavabdeh verilməsi təmin olunmuşdur. Bundan sonra İddiaçı yenidən iddia tələbi qaldıraraq qoyunların qiymətini mübahisələndirmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmiş və şikayət təmin edilməmişdir. Daha sonra iddiaçı həmin apelyasiya şikayətindən kassasiya şikayəti vermiş və kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Lakin iddiaçı tərəf verdiyi bütün apellyasiya və kassasiya şikayətlərində həmin arayışı mübahisələndirdiyindən eyni predmet, eyni əsas olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin (vəkilini) və cavabdehin nümayəndəsinin (vəkilini) izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Füzuli Rayon Məhkəməsinin 2(064)- 275/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh İddiaçı 49500 manat miqdarında pul alınaraq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Şirvan Apelyasiya Məhkəməsinə şikayət vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2429/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı şikayəti təmin olunmamış, Füzuli Rayon Məhkəməsinin 2(064)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı vəkili Vəkil kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarı ilə şikayəti təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli “Müstəqil Məhkəmə Ekspertizası”-nın rəyindən müəyyən olunur ki, 310 baş xırdabuynuzlu heyvanın (sortuna, cinsinə və diri çəkisinə) görə 2015-ci ildə mövcud olmuş orta bazar qiymətlərinə əsasən ümumi dəyəri nəzəri hesablama yolu ilə 84300,00 manat, hazırkı orta bazar qiymətinə əsasən ümumi dəyəri isə 116780,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar və məhkəmə qətnamələri əsasında müəyyən olunmuşdur ki, tərəflər ferma yaratmaq məqsədilə razılığa gəlmişlər və bununla bağlı olaraq müxtəlif vaxtlarda Cavabdeh İddiaçı ümumilikdə 152000 manat pul vermişdir. Sonradan aralarında yaranmış naraqzılıqlar üzündən borcun bir hissəsi fermada olan qoyunların natura şəklində verilməsi ilə birlikdə cəmisi 102500 manat pul qaytarılmış və nəticədə 49500 manat borcu qalmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh İddiaçı 49500 manat miqdarında pul alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Şirvan Apelyasiya Məhkəməsinə şikayət vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2429/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı şikayəti təmin olunmamış, Füzuli Rayon Məhkəməsinin 2(064)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarı ilə şikayət təmin olunmamışdır. Həmin qətnamələrlə artıq hazırkı mübahisə ilə bağlı fermada olan qoyunlar naturada verilməklə, onun dəyəri hazırkı iddiaçı tərəfindən mübahisələndirilməmiş, dolayı yolla həmin qoyunların dəyəri ilə tərəf razılaşmışdır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli akt məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmiş, həmin akta və digər sübutlara istinad olunaraq qalan məbləğ 49500 manat müəyyən edilməklə pulun tutulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, pul məbləğinin ödənilməsi ilə bağlı olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə təmin oluna bilməz. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir, 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar