Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-119/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh əmlakına dəyən zərərin əvəzi olaraq 4590 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması. İddia tələbinin dəlilləri Azərbaycan Respublikası DİN BDYP İdarəsinin verdiyi BB121951 №-li,xx.xx.2020ci il tarixli texniki pasporta əsasən, **********4427 №li mühərrik,W1K2130801A885942 №li kuza **-KR-*** dövlət nömrə nişanlı Mercedes Benz E200 markalı avtomaşın ona məxsusdur. xx.xx.2023-cü ildə təxminən saat 21:30 radələrində Naxçıvani küçəsi ilə yaşıl işıqda hərəkət edib C.Cabbarlı küçəsinin kəsişməsinə saatda 20 km sürətlə daxil olarkən sağdan C.Cabbarlı küçəsi ilə qırmızı işıqda saatda 70 km sürətlə hərəkət edən Cavabdeh etibarnamə ilə idarə etdiyi Hyundai markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yuxarıda qeyd olunan avtomaşını idarə edərkən onunla yol-nəqliyyat hadisəsi baş vermişdir. Göstərilən yol-nəqliyyat hadisəsi Hyundai İX35 markalı **-RZ-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. İnzibatə xəta protokolunun nöməsi İXP5371697-dir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhəri DYPİ Polis kapitanı X7 tərəfindən xx.xx.2023-cü ildə TP ******* saylı qərarı ilə müəyyən edilmişdir. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair №İTP5692913, ”20”aprel 2023-cü il tarixli qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına ümumilikdə 9880 manat dəyərində ziyan dəymişdir. Bu ziyanın əsas hissəsini iki sağ qapı, iki təhlükəsizlik yastığı, maşının raması, poduşkası, stoykası, krilosu və ziyan nəticəsində zədələnmiş elektron sistemi daxildir. Deluxe Pro servisinin tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması) uyğun olaraq onun avtomaşınının təmir işləri 9590 manata başa gəlib. Hyundai İX35 markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına bu şəkildə zərər vurulmuşdur: Avtomaşında təmir işlərinin aparılmasının dəyəri 9590 manat təşkil edir. Dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Öz maşını təzə maşın idi. Avtomaşınına dəymiş zərərin məbləği 10 min manatı keçib. Təmir etdirən zaman avtomaşının bəzi ehtiyat hissələri Deluxe Proda olmadığına görə başqa yerdən almışdır. Avtomaşınının qapılarını Bakıda tapa bilmədiyinə görü Dubaydan gətizdirmişdir. Etdiyi ödənişin çeki də var. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiyməti nəzərə alınmaqla hesablanıldıqda 8920 manat olaraq müəyyən edilmişdir. Ona rəsmi servis tərəfindən verilən nəlumata əsasən sadəcə dəyişilən iki qapının yenisi Mercedes Azərbaycanda satış qiyməti 7000 manatdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsini o, törətmişdir. O, qardaşı və bacısı ilə birlikdə iddiaçı ilə danışıb razılaşmaq istəmiş, sığortanın ödədiyi 5000 manatdan əlavə 1000 (bir min) ABŞ dolları pul təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. İş materialları TP seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Deluxe Pro”nun “avtomobilin təmiri üçün təəb olunan xərclərin siyahısı”ndan görünür ki, Mercedes Benz E200 markalı **-KR-*** dövlət nömrə nişanlı avtomaşının təmirinə ümumilikdə 9590 manat məbləğində zərər dəymişdir. ƏN-İ seriyalı 934942 saylı etibarnamədən görünür ki, X1 İX-35 minik markalı **-RZ- *** dövlət nömrə nişanlı avtomobili "BREND RENT’ Məhdud Məsuliyyətli Cəmiyyətinə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətlərini xx.xx.2023-cü ilədək vermişdir. "BREND RENT’ Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsi üçün yol vərəqəsindən görünür ki, Cavabdeh Hyundai İX35 markalı **-RZ-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.1017-ci ildən xx.xx.2027-ci il tarixədək Azərbaycan Respublikası daxilində idarə etməsi üçün yol vərəqəsi verilmişdir. Həmin yol vərəqəsi xx.xx.2023-cü il Azərbaycan Respublikası daxilində etibarlıdır. F.Ş. X2 xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Mercedes markalı **-KR-*** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 8920.00 manat məbləğində zərər dəymişdir. 08867/2023 saylı xx.xx.2023-cü il tarixli ödəniş aktından görünür ki, Cavabdeh Hyundai İX35 markalı **-RZ-*** dövlət nömrə nişanlı avtomobili ilə İddiaçı idarə etdiyi Mercedes Benz E200 markalı **-KR-*** dövlət nömrə nişanlı avtomaşına 5000 manat məbləğində ziyan ödənilmişdir. Məhkəmə-əmtəə ekspertizasının 9/7527 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6740,0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3490,0 manat; təmir- bərpa işlərinin qiyməti - 3250,0 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6338,0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3088,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 3250,0 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Mercedes Benz E200 markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8920,0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -- 6800,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 2120,0 manat; Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq.edilməklə 8136,0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 6016,0 manat; Təmir- bərpa işlərinin qiyməti – 2120,0 manat. Məhkəmə-əmtəə ekspertizasının 9/328 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən avtomobil alqı-satqı məntəqələrində, internet saytlarında mövcüd olan qiymətlərə və elecə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, əlavə ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 2020-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 88000,00 manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsində və təmirinin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aklarına əsasən təmirə məruz qalmış 2020-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətinə təxminən 7-8% fərq olması istisna edilmir. 9/7527 saylı ekspert rəyində “dəyişilməli hissələr" bölümündə “sağ tərəf qapı”nın qiyməti 1600 manat qeyd edilmişdir. Qeyd edilən qiymət boyasız ehtiyat hissəsi üzrə nəzərdə tutulmuşdur. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü ildə Cavabdeh etibarnamə ilə idarə etdiyi Hyundai İX35 markalı markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərkən İddiaçı mülkiyyətində olan və idarə etdiyi **-KR-*** dövlət nömrə nişanlı, Mercedes Benz E200 markalı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanın (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) törədilməsində təqsirli bilinmişdir. İddiaçı, hazırda mülkiyyətində olan **-KR-*** dövlət nömrə nişanlı, Mercedes Benz E200 markalı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehdən 4590 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini istəyir. Cavabdeh isə bildirir ki, iddiaçı ilə danışıb razılaşmaq istəmiş, sığorta şirkətinin ödədiyi 5000 manatdan əlavə 1000 (bir min) ABŞ dolları pul təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus əmlaka Cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Bununla da, Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulması halı-delikt baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyində “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən dəymiş zərərin ümumi məbləği 6740 (dəyişilməli hissələrin dəyəri 3490 manat, təmir-bərpa işlərinin dəyəri 3250 manat) manat, fiziki şəxs X9 oğlu tərəfindən tərtib edilmiş qüsur aktına əsasən isə 8920 manat (dəyişilməli hissələrin dəyəri 6800 manat, təmir-bərpa işlərinin dəyəri 2120 manat) müəyyən edilmişdir. Məhkəmə həmçinin mötəbər sübut növü olan ekspert rəyinə əsasən müəyyən edir ki, 2020-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 88000,00 manatdır. Məhkəmə həmin rəyə əsasən həmçinin onu da müəyyən edir ki, avtoservis müəssisələrinin səviyyəsində və təmirinin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aklarına əsasən təmirə məruz qalmış 2020-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətinə təxminən 7-8% fərq olması istisna edilmir. Bu isə o deməkdir ki, cavabdehin törətdiyi yol-qəza hadisəsi nəticəsində iddiaçının avtomobili əmtəə dəyərini 6600 manat itirmişdir. Ekspert rəyində avtomobilin 3 il istismarda olması nəzərə alınaraq dəyişilməli olan hissələrin dəyərinin azaldılması yanaşmasına gəldikdə məhkəmə bunu doğru hesab etmir. Belə ki, məlumdur ki, adı çəkilən müəssisələrdə ehtiyat hissələrinin dəyəri, iddiaçının özünün haqlı vurğuladığı kimi, rəsmi distribyutorun təklif etdiyi orijinal ehtiyat hissələrinə münasibətdə onsuz da qat-qat aşağıdır. Məhkəmə hesab edir ki, iddiaçının 2020-ci il buraxılışlı avtomobil üçün ehtiyat hissələrinin güvəndiyi rəsmi distribyutordan əldə edilməsini istəməsi ağlabatandır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından biri də ondan ibarətdir ki, baş vermiş hadisəyə görə sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində ödəniş edilmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilsə də, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərərin ortalama məbləğinin 7830 manat ((6740+8920):2) olması, cavabdehin törətdiyi yol-qəza hadisəsi nəticəsində iddiaçının avtomobilinin əmtəə dəyərini 6600 manat itirməsini nəzərə alınaraq, iddiaçı cavabdehdən 4590 (dörd min beş yüz doxsan) manat məbləğində pul vəsaiti (avtomobilin təcrid edilən yararlı hissələri cavabdehə aid edilməklə) tələb etməkdə haqlıdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 4590 (dörd min beş yüz doxsan) manat məbləğində pul vəsaiti (avtomobilin təcrid edilən yararlı hissələri cavabdehə aid edilməklə) tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 4590 manat məbləğində pul vəsaiti (avtomobilin təcrid edilən yararlı hissələri cavabdehə aid edilməklə) tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova