Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1204/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində mülkiyyətində və faktiki istifadəsində olan “Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1200 (bir min iki yüz) manat maddi zərərin və 32 manat ödədiyi dövlət rüsümunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 24.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ilə Bakıxanov küçəsi istiqamətində hərəkət edərkən onunla eyni istiqamətdə hərəkətdə olan X2 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil qanunsuz olaraq yolun ikinci zolağında saxlamış, onun yanından keçərkən arxa sol qapısı açılmış və onun avtomobilinin sağ tərəfinin arxa və ön qanadlarını və hər iki qapısını zədələyərək ona maddi zərər vurmuşdur. Həmin avtomobilin arxa sol qapısını açan sərnişin onun avtomobilini zədələdiyini görsə də, qapını bağlamamışdır. Bundan sonra o, avtomobili saxlayıb, yerə düşərək X2 markalı avtomobilə yaxınlaşmış, həmin avtomobilin sürücüsü sonradan adını öyrəndiyi Cavabdeh1 onunla kobud danışaraq günahın onda olduğunu bildirdi. Bununla əlaqədar olaraq dərhal AR DİN “102” Qaynar Xəttinə zəng vuraraq hadisə barədə məlumat vermışdır. Hadisə yerinə gələn AR DİN BDYPİ-nin YPX-nin əməkdaşları hadisə yerini müayinə edərək hadisənin yol nəqliyyat hadisəsinin sxemini çəkdilər və onları AR DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə dəvət etdilər. Hadisənin törədilməsində təqsirləri olduğu üçün X2 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla idarə edən Cavabdeh1 və həmin avtomobilin arxa sol qapısını açan və hadisənin baş verməsinə səbəb olan sərnişin Cavabdeh2 barəsində X1 protokol tərtib edilmiş və inzibati qərar qəbul edilmişdir. Bundan sonra da ona dəymiş zərərlə bağlı aralarında danışıqlar aparılsa da, heç bir nəticə əldə edilməmişdir. Lakin X2 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası ona (iddiaçıya) dəymiş ziyanın yarısının ödəniləcəyini bildirmişdir. Avtomobilə dəymiş zərər Xalq Sığorta tərəfindən hesablanmış və ona bu barədə PXA 100134 N-li sığorta aktı təqdim edilmişdir. Həmin sığorta aktına əsasən avtomobilə dəymiş zərər 2400 manat hesablanmış və həmin məbləğin yarısı, yəni 1200 manat Xalq Sığorta tərəfindən ona ödənilmişdir. Lakin hər iki cavabdehin təqsiri üzündən avtomobilinə dəymiş maddi zərərin hamısı ona tam ödənilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmədə izahat verərək iddia tələbini qəbul edərək bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, 24.11.2021-ci il tarixdə Zığ qəsəbəsi Modul tipli xəstəxana tərəfdən müştəriləri götürərək Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ilə Bakıxanov küçəsi istiqamətində hərəkət etmiş və müştəriləri düşürtmək üçün yolun qıragında saxlamışdır. Qapını arxada oturan sərnişin Azər açdıqda eyni istiqamətdə hərəkətdə olan “Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısına dəydi və hadisə nəticəsində iddiaçıya məxsus olan avtomobilə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi barədə Yol Polis İdarəsinə və Sığorta Şirkətinə məlumat verilmişdir. Bununla bağlı olaraq onun barəsində və sərnişin barəsində X1 protokol tərtib olunmuş və qərar qəbul edilmişdir. Onun avtomobili kasko sığortalı olduğundan onun avtomoblinə dəymiş zərər qarşılanmış və iddiaçıya məxsus avtomobilə dəymiş zərərin yarısı isə icbari sığorta tərəfindən ödənilmişdir. Hazırda iddia tələbini qəbul edir. Lakin o taksi fəaliyyəti ilə məşğul olduğundan borcu birdəfəyə ödəmək qabiliyyətində deyildir. Bununla bağlı ərizə təqdim edərək məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmədə izahat verərək iddia tələbini qəbul edərək bildirmişdir ki, o, özünü təqsirli hesab edir. Belə ki, o bilmədən avtomobilin qapını açmış və bunun nəticəsində iddiaçının idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. O hazırda tələbədir və həmin məbləği birdəfəyə ödəmək qabiliyyətində deyildir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 24.11.2021-ci il tarixli X1 Protokolun kserosurətindən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş 25.11.2021-ci il tarixli İnzibati Tənbeh vermə Haqqında Qərarın kserosurətindən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, «Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş “Xalq Sığorta” tərəfindən verilmiş sığorta şəhadətnaməsi üzrə ümumi məlumatlardan müəyyən olunur ki, 24.11.2021-ci il tarixində sığortalanmış X2 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olan «Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil iiə toqquşmuş və nəticədə «Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə ümumilikdə 2400 manat məbləğində zərər dəmiş və 1200 manat miqdarında pul vəsaiti İddiaçı hesab nömrəsinə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən müəyyən olunur ki, «Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə 24.11.2021-ci il tarixdə hərəkətdə olarkən onunla eyni istiqamətdə yolun ikinci zolağında dayanmış X2 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısı açılmış və bunun nəticəsində iddiaçının avtomobilinin sağ tərəfinin arxa və ön qanadlarını və hər iki qapısını zədələyərək ona maddi zərər vurulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində hər iki cavabdeh təqsirlidir və belə ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, digər Cavabdeh1 isə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi cavabdehlərin təqsiri üzündən baş verdiyindən və qalan 1200 manat vurulmuş zərərin əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci – 32 (otuz iki) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçıya ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus “Mitsubishi Pajero” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 1200 (bir min iki yüz) manat və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1204/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1204/2022
08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver