Məhkəmə qərarları › İş №2(010)-122/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-122/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-122/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əməliyyat və müalicə xərcləri ilə əlaqədar maddi zərərə görə 6000 (altı min) manat, əldən çıxmış fayda üçün 10500 (on min beş yüz) manat, mənəvi zərər görə 5000 (beş min min) manat və iddia ərizəsi üçün 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 21531 (iyirmi bir min beş yüz otuz bir) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 10-cu dairə adlanan yerdən Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan “Tofaş” markalı avtomobilin qabaq oturacağına əyləşmişdir. Avtomobil hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq Suraxanı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh yol nəqliyyat hadisəsini törətməsi və ziyan vurması faktı təsdiqini tapmış və o, AR CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Cavabdeh tərəfindən yol hərəkəti haqqında qanunun tələblərinin pozulması ilə müşayət olunan baş vermiş hadisə nəticəsində baş beyin silkələnməsi, sol tərəfli pnevmotoraks ilə müşayət olunan döş qəfəsinin küt travması, mədəaltı vəzin əzilməsi, və petroperitonal hematoma ilə müşayət olunan qarının küt travması, sağ dirsək sümüyünün 1/3-nin qapalı yerdəyişən sınığı, sağ bud sümüyünün orta 1/3-nin açıq yerdəyişən ikili sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər almışdır. Aldığı xəsarətlərlə əlaqədar xəstəxanada əməliyyat olunmağına, habelə müalicələrinə bu vaxta qədər ümumilikdə 6000 manat vəsait xərcləmişdir. Müalicəsi hələ də davam etməkdədir. Xəstəxana məsrəflərində bağlı zərərimin ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh vurduğu zərəri ödəməkdən imtina etmişdir. Hadisə baş verdiyi zaman o “AL MARKET” mağazalar şəbəkəsinə məxsus Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən mağazada müdir vəzifəsində işləyirdi və aylıq 700 manat əmək haqqı alırdı. Lakin aldığı xəsarətər nəticəsində əmək fəaliyyəti ilə məşğul ola bilmir. Hesab edir ki, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsinin baş verdiyi 12 fevral 2020-ci il tarixdən halhazırki dövrə qədər 10500 manat məbləğində vəsait (700 x 15 ay = 10500) əldən çıxmış fayda kimi cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan başqa, qeyd olunan hadisənin səbəbindən mənəvi zərərə də məruz qalmışdır. Belə ki, son 15 ay ərzində aldığı ağır xəsarətlər nəticəsində şikəst olmuşdur. Daim ağrılar, iztirablarla yaşamaq məcburiyyətində qalmışam. Eyni zamanda, əmək fəaliyyəti ilə məşğul olmağım mümkünsüz olub. Bir sözlə şəxsi həyatıməhv olub. Bütün bunların səbəbkarı olan cavabdeh isə ona nəinki maddi köməklik göstərməyib, bir dəfə də olsun vəziyyəti ilə maraqlanmayıb. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 19 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özüdə xəsarət alaraq müalicə olunmuşdur. Bundan əlavə anası tərəfindən iddiaçıya maddi yardım göstərilməsi təklif edilsə də, sonuncunun anası bundan imtina edərək onları qovmuşdur. Cavabdeh növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-32/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq olunmuş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-26/2021 saylı cinayət işinin materialları və həmin iş üzrə qəbul olunmuş 22 noyabr 2021-ci il tarixli hökmü ilə müəyyən olunur ki, 12 fevral 2020-ci il tarixdə Cavabdeh iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində X5 da təqsirli bilinib, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (010)-32/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cinayət işinin materiallarından və qəbul olunmuş hökmdən müəyyən olunur ki, həmin iş üzrə mülki İddiaçı X3 qarşı irəli sürülmüş maddi zərərin tutulması ilə bağlı mülki iddia qismən təmin edilmiş və məhkəmə bu nəticəyə gəlmişdir ki, mülki İddiaçı yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar müalicəsi üçün 2071,11 manatın yarısı – 1035,55 manat məbləğində tutulması barədə qərar qəbul olunmuş, göstərilən cinayət hadisəsinin törədilməsində Suraxanı Rayon Məhəkəmsinin xx.xx.2021ci ilk tarixli 1(010)-32/2021 saylı hökmünə əsasən təqsirli hesab edilmiş Cavabdeh aid edildiyindən zərərin qalan hissəsi (1035,55 manat ) hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki mülki üzrə iddianın əsaslığına dair təqdim etdiyi sübutlatr yuxarıda qeyd olunan cinayət işi üzrə mülki iddiaçı qismində təqdim etdiyi sübutlarla eynilik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 179.3.-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4.-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilməlidir ki, mülki və cinayət prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Eyni ilə iddiaçı tərəfindən hazırda sübut kimi təqdim etdiyi çek və qəbzlər həmin cinayət işi çərçivəsində iddianın əsasını təşkil etmiş, həmin işə baxan məhkəmə isə məhz həmin sübutlara əsaslanaraq İddiaçı iddiasını qismən təmin etmiş və həmin hökm hazırda qüvvədədir. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh maddi zərərlə bağlı 1035,55 manat tutulması hissədə iddia təmin edilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Bununla belə Məhkəmə və əldən çıxmış faydanın olunmuş hesab edildiyindən, vurulmuş maddi zərərin yarı hissəsi, yəni İddiaçı xeyrinə 1.035,55 manat, İntiqam Məmmədovun xeyrinə 780,055 manat təqsirləndirilən və cavabdeh Ramal Nağıyevdən alınmalı, iddia digər hissələrdə baxılmamış saxlanmaqla, zərərçəkmiş şəxslərə mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarına malik olmaları izah olunmalıdır. Bununla belə məhkəmə əldən çıxmış fayda və maddi zərərin əvəzinin ödənilməsi hissələrdə iddia tələblərini əsassız hesab edir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olması və bunun nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmə araşdırması zamanı işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normasına istinadən məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri təqsirli hərəkətləri nəticəsində iddiaçının sarsıntı keçirtməsi və bununla da mənəvi ziyana görə pul tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh X1 tərəfindən törədilən hüquqazidd əməli, bu əməl nəticəsində iddiaçının sağlamlığına vurulmuş zərərlə öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin aradan qaldırılması ilə bağlı hər hansı addım atmamsı iddiaçıda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə, mənəvi zərərə görə tutulmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, zərərçəkən şəxsin qadın olmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 1000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddia tələbi üzrə maddi zərər görə 1035.55 manat, mənəvi zərər görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat olmaqla, cəmi 2066.55 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar