Məhkəmə qərarları › İş №2(010)-124/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-124/2025

12.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-124/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “payların naturada ayrılması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin paylara uyğun olaraq İddiaçı və Cavabdeh arasında paylarının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi 3/5 hissədə pay əsasında onun xüsusi mülkiyyətindədir. Digər 2/5 hissədə pay isə cavabdehin mülkiyyətindədir. Mülkiyyətində olan əmlak üzərində hüquqlarından istifadə zamanı müəyyən çətinliklərlə üzləşmişdir. Belə ki, cavabdehlə arasında yaranmış mübahisələr nəticəsində yaşayış sahəsinə dair sahiblik və sərəncam verə bilmir. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımdan hesab edir ki, payları naturada bölüşdürülməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil beş otaqdan ibarətdir və binanin yeddinci mərtəbəsində yerləşir. Lakin həmin mənzilin giriş qapıları, qaz, su, elektrik enerjisi təchizatı ayrı-ayrı saygaclarla həyata keçilir, buna baxmayaraq hər iki mənzilə bir çıxarış verilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzilin onun atasına məxsus olmuş, sonradan həmin mənzil vərəsəlik qaydasında bölünmüdür. O, 1993-cü ildən həmin mənzildə yaşayır, onun qardaşı isə özünə məxsus olan hissəni hal-hazırda İddiaçı satmışdır. Onun yaşadığı dövrdən həmin mənzilin girişi qapıları və bütün kommunal xidmətlərlə bağlı xərcləri ayrı olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. 5.Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil, xx.xx.2009-cu il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına 3 otaq (y/s-42.0 kv.m) və xx.xx.2016-ci il tarixdən mülkiyyət hüququ üzrə Cavabdeh adına 2 otaq (y/s-25.9 kv.m) mülkiyyət hüquqları üzrə adlarına qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 11, mənzil 13 ünvanında yerləşən mənzil xx.xx.2021-ci tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına (3 otaq y/s-37.41 kv.m) və xx.xx.2016-ci il tarixdən mülkiyyət hüququ üzrə Cavabdeh adına 2 otaq (y/s-30.5 kv.m) mülkiyyət hüquqları üzrə adlarına qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 11, mənzil 13 ünvanında yerləşən mənzilin hüquq subyekti İddiaçıdir.

9. Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır.

10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4626 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 11, 13 nömrəli mənzilin faktiki olaraq mövcüd vəziyyətdə bölünmüş İddiaçı məxsus olan payı 3 otaq (y/s-37.41kv.m) hissədə və Cavabdeh məxsus olan payı 2 otaq (y/s-30.05 kv.m) hissədə paylarının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir.

İşin faktiki halları.

11. ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına 3 otaq (y/s-37.41 kv.m) və xx.xx.2016-ci il tarixdən mülkiyyət hüququ üzrə Cavabdeh adına 2 otaq ( y/s-30.5 kv.m) mülkiyyət hüquqları üzrə adlarına qeydiyyata alınmışdır. Hazırda tərəflər arasında olan mübahisə də paylı mülkiyyətlərində olan mənzilin naturada bölünməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 11, 13 nömrəii mənzilin faktiki olaraq mövcüd vəziyyətdə bölünmüş İddiaçı məxsus olan payı 3 otaq (y/s- 37.41kv.m) hissədə və Cavabdeh məxsus olan payı 2 otaq (y/s-30.05 kv.m) hissədə paylarının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Texniki Ekspertizasının həlli metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından göründüyü kimi iddia tələbinin predmetini mənzil üzərində payların naturada ayrılması təşkil edir.

16. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan mənzildən və onların paylarının ayrılmasının mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/4626 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 11, 13 nömrəli mənzilin faktiki olaraq mövcüd vəziyyətdə bölünmüş İddiaçı məxsus olan payı 3 otaq (y/s-37.41kv.m) hissədə və Cavabdeh məxsus olan payı 2 otaq (y/s-30.05 kv.m) hissədə paylarının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir.

17. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətlərində olan mənzil faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Mənzilin bu cür faktiki bölgüsü ekspert tərəfindən həm tikinti-texniki və inşaat qaydalarına uyğun, həm də tərəflərin bu mənzil üzərindəki paylarına əsasən uyğun hesab edilmişdir.

18. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı məxsus olan payı 3 otaq (y/s-37.41 kv.m) və Cavabdeh adına 2 otaq ( y/s-30.05 kv.m) ibarət hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalı və payların ayrılması mənzilin faktiki olaraq mövcud vəziyyətdə ekspertiza rəyi nəzərə alınmaqla təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, iddia ərizəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir.

20. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 150 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza xərci həm iddiaçıdan, həm də cavabdehdən birgə qaydada tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq (y/s-37.41 kv.m) və Cavabdeh məxsus 2 otaq (y/s-30.05 kv.m) ibarət hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılsın və və payların ayrılması mənzilin faktiki olaraq mövcud vəziyyətdə təcrid olunmuş formada bölündüyü şəkildə həyata keçirilməlidir.

22. İş üzrə ödənilmiş ekspertiza xərci-150 manat iddiaçıdan və cavabdehdən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 3 otaq (y/s-37.41 kv.m) və Cavabdeh məxsus 2 otaq (y/s-30.05 kv.m) ibarət hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılsın və və payların ayrılması mənzilin faktiki olaraq mövcud vəziyyətdə təcrid olunmuş formada bölündüyü şəkildə həyata keçirilsin. Ekspertiza tədqiqatının dəyəri - 150 (yüz əlli) manat İddiaçı və Cavabdeh birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar