Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-131/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər X4 və X3 tərəfindən iddiaçıya vurulmuş 38.000 (otuz səkkiz min) manat məbləğində maddi zərərin və 5000 (beş min) manat məbləğində mənəvi zərərin, iddia ərizəsini məhkəməyə verdiyi zaman ödədiyi 219 (iki yüz on doqquz) manat dövlət rüsumunun, cəmi 43219 (qırx üç min iki yüz on doqquz min) manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri ”X13 Minik” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini iddiaçı 2017-ci ildə 40500 (qırx min beş yüz) manat məbləğində pulla satın almışdır. Alınan gündən həmin bu avtomobil xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2017-ci ildə həmin bu avtomobilə iddiaçının adına Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ-dən AD-115323 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobildən iddiaçı ailə maşını kimi və turist xidməti göstərməklə istifadə edirmiş. 2023-cü ilin noyabr ayının sonlarında qızının əməliyyat olunması ilə əlaqədar pula ehtiyacı olduğuna görə belə qərara gəlmişdir ki, həmin bu avtomobilimi satsın. Bundan ötrü avtomobilimin dəyərini müəyyən etmək üçün onu xx.xx.2023-cü il tarixdə "xxxx" MMC- yə aparmış, orada avtomobilini tam və hərtərəfli müayinə edib baxış keçirəndən sonra avtomobilinə 38.000 (otuz səkkiz min) manat məbləğində qiymət qoymuşlar. Bu barədə həmin MMC-dən iddiaçıya “avtomobilin dəyərinin müəyyən edilməsi barədə” hesabat adlanan xx.xx.2023- cü il tarixli,75-1 saylı sənəd də verildi. Həmin sənədi də iddia ərizəsinə əlavə edir. xx.xx.2023-cü il tarixdə o, alıcı tapmışdır. Maşını almaq istəyən şəxs beh olaraq iddiaçıya 3000 (üç min) manat məbləğində beh də verdi. Aralarında olan razılaşmaya əsasən iddiaçı «X13 Minik” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıcıya xx.xx.2023-cü il tarixində təhvil verməli idi. xx.xx.2023-cü il tarixdə səhər saat 10:00 radələrində iddiaçı maşınına əl gəzdirib təmizləmək üçün cavabdeh X2 məxsus, cavabdeh X1 istifadəsində olan Bakı şəhəri Suraxanı rayonu “D” yaşayış sahəsi 17 B ünvanında yerləşən avtoyuma məntəqəsinə gətirmişdir. Həmin bu avtoyuma məntəqəsi çıxarışla Cavabdeh1 xüsusi miilkiyyətindədir. Ancaq Cavabdeh1 onu qeyri-rəsmi, yəni icarə müqaviləsi olmadan qohumu Cavabdeh2 istifadəsinə və idarəçiliyinə verib. Cavabdeh2 də həmin avtoyuma məntəqəsini qeyri-rəsmi işlətməklə əldə etdiyi gəliri Cavabdeh1 ilə öz aralarında bölürlər. Avtoyuma məntəqəsində işləyən və həmin avtoyuma məntəqəsinin işçisi olan və kimyəvi təmizlik işlərinə baxan X7 adlı şəxs olmuşdur. Maşını təmizləmək istədiyini Mirəli Cəfərova bildirmişdir. Təmizlik işlərinə görə Mirəli Cəfərov iddiaçıdan 140 manat məbləğində pul istəmişdir, onunla razılaşmış, 140 manat pul vermişdir. Ancaq Mirəli iddiaçıya heç bir çek və ya qəbz verməmişdir. İddiaçının fikri belə idi ki, avtoyuma məntəqəsində gözləsin və Mirəli Cəfərov maşınını təmizləyib qurtarandan sonra onu götürüb aparsın. X10 bildirdi ki, bu gün işi çoxdur, əlində xeyli işləri var, maşını bu gün təmizləyib verə bilməyəcək. Maşın qalsın, səhər işini qurtaran kimi iddiaçıya zəng edəcək və o gəlib maşınını götürüb aparar. Onun başqa çıxış yolu olmadığına görə Mirəli Cəfərovla razılaşmışdır. Maşınının açarlarını və telefon nömrəsini Mirəli Cəfərova verib oradan çıxmışdır. Maşını isə təmizlik işlərinə görə avtoyuma məntəqəsində qaldı. xx.xx.2023-cü ildə səhər saat təxminən 10 radələrində evdə olarkən Mirəli Cəfərov ona zəng edərək bildirdi ki, gecə saat 03 radələrində avtoyuma məntəqəsində yanğın olub və maşını yanıb. O, bu xəbəri eşidəndən sonra tez oğlu ilə birgə Mirəli Cəfərovun işlədiyi avtoyuma məntəqəsinə gəlmiş, görmüşdür ki, maşını tamam yanıb və istifadəyə tam yararsız hala düşüb. Maşın elə yanıb ki, onu təmir edib istifadəyə yararlı hala salmaq qeyri-mümkündür. Gecələr avtoyuma məntəqəsinə və onun yanında yerləşən (bildiyinə görə Cavabdeh1 məxsus) restorana baxan mühafizəçi olmuşdur. Mühafızəçinin otağı avtoyuma məntəqəsinin içərisində yerləşmişdir. Yanğın olan zaman mühafizəçi FHN-nin əməkdaşlarına zəng edib məlumat vermişdir. Yanğını da FHN-nin DYNX-nin Suraxanı rayonu ərazisində yerləşən 4-cü Ərazi DYNİ-nin əməkdaşları gəlib söndürmüşlər. Oğlu ilə bərabər hadisə yerinə gələndə FHNnin DYNX-nin 4-cü Ərazi DYNİ-nin əməkdaşları hələ də hadisə yerində idilər. Hadisənin necə, hansı səbəbdən baş verməsi ilə maraqlananda həmin idarənin əməkdaşları ona demişdi ki, maşının yandığı yerdən, yəni avtoyuma məntəqəsinin içindən mühafizəçinin otağına, oradan da avtoservisin sahibinə məxsus restorana əlavə xətt gedir. Həmin xətt yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadan, yanğın təhlükəsiliyi qaydalarının ciddi və kobud qanun pozulması ilə çəkilib. Yanğın da sexin daxili hissəsində çəkilmiş elektrik naqillərində yaranmış qəza səbəbindən baş vermişdir. Avtoyuma məntəqəsinin daxilində olan şitin özü də yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması ilə quraşdırılmış və yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən bir şit olmuşdur. Avtoyuma məntəqəsinin işçisi Mİrəli Cəfərov isə ona və oğluna demişdi ki, avtoyuma məntəqəsinin içində olan plastik materialdan tikilmiş mühafizəçinin oturduğu budkanın yan tərəfində kustar üsulla quraşdırılmış şit olub. Şitin özü də yanğın təhlükəsizlik qaydalarına cavab verməyən və yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması ilə quraşdırılmış bir şit olmuşdur. Dəfələrlə o, cavabdehlərə, yəni avtoservisin sahibi Cavabdeh1 və oranı işlədən Cavabdeh2 deyib ki, şiti düzəltmək lazımdır. Qoyulmuş şit yanğın təhlükəsizliyi qaydalarına cavab vermir, bu çox təhlükəlidir. Ancaq avtoyuma məntəqəsinin sahibi olan cavabdeh Mehbarə Soltanova və avtoyuma məntəsini işlədən Cavabdeh2 onun dediklərinə lazımı olan əhəmiyyət verməmiş və avtoyuma məntəqəsində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Nəticədə də mövcud nöqsanlar səbəbindən xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində avtoyuma məntəqəsində yanğın hadisəsi baş vermişdir. Həm FHN-nin DYNX 4-cü Ərazi DYNİ-nin əməkdaşlarının, həm də Mirəli Cəfərovun dediyinə görə yanğın şitdən başlamış, sonra mühafizəçinin otağına (budkasına) keçmiş və daha sonra mühafizəçinin otağının qarşısında saxlanmış iddiaçıya məxsus maşına keçmişdir. Yanğın baş verən zaman avtoyuma məntəqəsinin içərisində 3 (üç) maşın olmuşdur. Digər iki maşın çıxışa yaxın yerdə olublar. İddiaçının maşını onlardan arxada, yəni yanğın mənbəyinə (şitə) yaxın olduğundan tamam yanıb. Digər iki maşını yanğın baş verəndə çölə çıxarmaq mümkün olmuşdur. Ancaq iddiaçının maşınını xilas etmək və çölə çıxarmaq mümkün olmadığından tam yanmışdır. Digər iki maşını xilas etmək və çölə çıxarmaq mümkün olduğundan həmin iki maşına az ziyan dəymişdir. Daha sonra Mirəli Cəfərov ona bildirmişdir ki, oxşar yanğın hadisəsi 6 (altı) il bundan əvvəl də burada baş vermişdir. Hadisədən sonra iddiaçı avtoservisin sahibi Mehbarə Soltanova ilə dəfələrlə görüşmək istəmişdir. Ancaq o, üzə çıxmır, dəymiş zərəri də cavabdehlər ödəmək istəmirlər. Hadisə nəticəsində avtomobil tam yanıb istifadəyə yararsız hala düşdüyündən iddiaçıya 38.000 (otuz səkkiz min) manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş hadisə sırf cavabdehlərin təqsiri üzündən baş vermişdir. İddiaçıya maddi zərərlə bərabər, eyni zamanda ən azından 5000 (beş min) manat məbləğində mənəvi zərər də dəymişdir. Ona görə də ona dəymiş maddi və mənəvi zərərin tam həcmdə ödənilməsini tələb edir. FHNnin DYNX-nin 4-cü Ərazi DYNİ-nin baş vermiş hadisə üzrə tərtib etdiyi xx.xx.2023-cü il tarixli “yanğın haqqında” aktında göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri Suraxanı rayonu “D” yaşayış sahəsi 17 B ünvanında yerləşən, X2 məxsus avtoyuma məntəqəsində yanğın hadisəsi sexin daxili hissəsində çəkilmiş elektrik naqillərində qəzanın yaranmasından yanğın baş vermişdir. Baş vermiş hadisə ilə bağlı toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün FHN-nin DYNX-nin Suraxanı rayonunda yerləşən 4-cü Ərazi DYNİ-dən Azərbaycan Respublikası FHN-nin Əməliyyat- İstintaq İdarəsinə göndəriləndən sonra həmin bu idarənin böyük təhqiqatçısı mayor Nuriyev Rüfət Babaş oğlu tərəfindən araşdırma davam etdirilmişdir. Araşdırma zamanı Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli, 9/2230 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, fotoşəkilləri təqdim edilmiş, yanaraq tamamilə sıradan çıxmış 2011-ci il buraxılışlı, mühərrik həcmi 2143 sm 3,”X13” (vaqon 8+ 1) markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 32000 manat müəyyən olunur. Azərbaycan Respublikası FHN-nin Əməliyyat- İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Nuriyev Rüfət Babaş oğlu tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsinin tərkibinin olmasına baxmayaraq, təhqiqatçı Rüfət Nuriyev tam qanunsuz və əsassız olaraq xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri Suraxanı rayonu “D” yaşayış sahəsi 17 B ünvanında yerləşən, X2 məxsus, X1 istifadəsində olan avtoyuma məntəqəsində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığı qənaətinə gəlmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Eyni zamanda təhqiqatçı Rüfət Nuriyev həmin bu qərarında qeyd etmişdir ki, tərəflər maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərlər. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında göstərdi ki, avtomobilin içərisi çöl hissəsindən daha çox yanmışdır. Verilən rəylərdə yanğın hadisəsinə nəyin səbəb olması müəyyən olunmamışdır. Qərarda təqsirləndirilən şəxs müəyyən olunmayıb. Ona görə də iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. İş materialları xx.xx.2017-ci il tarixli AD №115323 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X14 minik markalı 99MD739 dövlət nömrə nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. 18 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 07 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 17 B ünvanda yerləşən, Cavabdeh1 məxsus, Cavabdeh2 istifadəsində olan avtoyuma məntəqəsində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC –nin İddiaçı məxsus “X14” minik markalı **-MD-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin müəyyən edilməsi barədə hesabatda “X14” minik markalı **-MD-*** dövlət nömrə nişanlı avtomobilin dəyəri 38000 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9854 saylı və 24 aprel 2025-ci il tarixli 3-16-16/2- 10/2305/2025 saylı AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin məktublarından görünür ki, təqdim edilmiş iş materiallarında olan məlumatlardan görünür ki, hazırki iş üzrə ilkin olaraq Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən məhkəmə ekspertizası təyin edilmiş, aparılmış tədqiqat zamanı yanğının mənbəyinin avtoyuma məntəqəsinə girişdən daxil olduqda uzaq sol künc hissədə olduğu, lakin yanğının səbəbinin müəyyən edilməsinin mümkün olmamışdır. Hazırki ekspertizanın aparılması iş üzrə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş, baxış zamanı hadisənin baş verdiyi avtoyuma məntəqəsində təmir- bərpa işlərinin aparıldığı, yanğın qalıqlarının təmizləndiyi, ilkin ekspertiza zamanı yanğının mənbə zonası kimi göstərilmiş hissənin söküldüyü, avtomobilin isə hadisə baş vermiş hissədən çıxarılaraq yerinin dəyişdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən də, hazırki şəraitdə qərardadda qoyulmuş sualların həlli üçün zəruri məlumatların əldə edilməsi mümkün olmamışdır. Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının metodikasına uyğun olaraq hadisə yerinə ekspertin iştirakının əsas məqsədi yanğının ilkin yarandığı yeri (yəni yanğının mənbə zonasını) yerli (lokal) sahəyə gətirməklə, həmin sahədə ekspertizanın əsas məsələsi olan yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsindən ibarətdir. Ona görə də məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixlə Qərarı. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 mülkiyyətində, digər Cavabdeh2 istifadəsində olan avtoyuma məntəqəsində baş vermiş yanğın nəticəsində iddiaçıya “X14” minik markalı **-MD-*** dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşmüşdür. 18 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla 07 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 17 B ünvanda yerləşən, Cavabdeh1 məxsus, Cavabdeh2 istifadəsində olan avtoyuma məntəqəsində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan “X14” minik markalı avtomobilə dəymiş maddi zərərə görə vurulmuş 38.000 manat məbləğində maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin alınaraq iddiaçıya ödənilməsini istəyir. Cavabdehlərdən Cavabdeh1 iddia tələbi ilə razılaşmamışdır. Digər Cavabdeh2 isə məhkəməyə gəlmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 17 B ünvanda yerləşən, Cavabdeh1 məxsus, Cavabdeh2 istifadəsində olan avtoyuma məntəqəsində yanğın hadisəsinin baş verməsi və yanğın baş verən zaman iddiaçıya məxsus “X14” minik markalı avtomobilin yanması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı yanğının mülkiyyətçi Cavabdeh1 və istifadəçi Mütəllim Şirəliyevin təqsirindən baş verməsini iddia edir və ona görə də vurulmuş maddi və mənəvi ziyanı həmin şəxlərdən tələb edir. Cavabdeh1 isə sözügedən yanğının onun təqsiri ucbatından baş vermədiyini və İddiaçı avtomobilin özündə olan nazaslıq səbəbindən baş verə biləcəyi ehtimalını irəli sürərək iddianı qəbul etmir. Məhkəmə bu halı nəzərə alaraq iş üzrə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası təyin etmiş, lakin ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş və əsas olaraq göstərilmişdir ki, hadisənin baş verdiyi avtoyuma məntəqəsində təmir bərpa işləri aparılmış, yanğın qalıqları təmizlənmiş, ilkin ekspertiza zamanı yanğının mənbə zonası kimi göstərilmiş hissə sökülmüş, avtomobil isə hadisə baş vermiş hissədən çıxarılaraq yeri dəyişdirilmişdir. Ona görə də ekspert tərəfindən rəy vermək mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh1 iddia tələbinə qarşı irəli sürdüyü halları sübuta yetirə bilməmişdir və bu da onun avtoyuma məntəqəsində yanğın hadisəsindən sonra təmir işləri aparması, yanğın qalıqlarının təmizlənməsi, ilkin ekspertiza zamanı yanğının mənbə zonası kimi göstərilmiş hissənin sökülməsi, avtomobilin isə hadisə baş vermiş hissədən çıxarılması nəticəsində baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə zərər dəyməsinə səbəb olan yanğın hadisəsinin baş verməsi zamanı Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 17 B ünvanda yerləşən avtoyuma məntəqəsi Cavabdeh1 mülkiyyətində, Cavabdeh2 istifadəsində olduğundan cavabdehlər təqsirlidir, iddiaçının tələbi də buna görə əsaslıdır. Tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə müəyyən edir ki, iddiaçı cavabdehlərdən mülkiyyətində olan “X14” minik markalı avtomobilə dəymiş maddi zərərə görə 38.000 manat məbləğində pul tələb edir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 aprel 2024-cü il tarixli qərarda “X14” minik markalı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada daha az miqdarda, təxminən 32000 manat müəyyən olunmuşdur. Lakin məhkəmə iddiaçının öz maşınını satmaq məqsədilə yanğından əvvəl qiymətləndirilməsinə dair rəydə müəyyən edilmiş qiymətə əsaslanmağı daha ədalətli və ağlabatan hesab edir. Belə ki, həmin rəy avtomobilin yanğından əvvəlki, yəni fiziki qiymətləndirilməsi əsasında verilmiş, lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilən qiymət isə yanğın hadisəsindən sonra, nisbi göstəricilərə əsasən müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən 38.000 manat məbləğ tutulmalıdır. İddia tələbinin 5000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bildirir ki, “X14” minik markalı avtomobil onun ailəsini dolandıracaq gəlir mənbəyi idi, həmin avtomobillə turist daşıma fəaliyyəti göstərərək işləyir, gəlir əldə edirdi. Başqa sözlə avtomobili yanaraq tamamilə məhv olduqdan sonra o, öz gəlir mənbəyini itirmiş hesab olunur. İddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarda həmçinin göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bundan başqa, sözügedən Qərarda vurğulanır ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, hesab edir ki, cavabdehlərin təqsiri ucbatından iddiaçıya məxsus “X14” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yararsız hala düşməsi iddiaçının mənəvi sarsıntı və iztirab çəkməsinə, qazanc mənbəyinin itirilməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının çəkdiyi mənəvi sarsıntıların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə iş materiallarına məcmu halda qiymət verərək və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, mənəvi ziyana görə cavabdehlərdən 1000 (bir min) manat tutulması ağlabatandır və həmin məbləğ iddiaçının mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 38000 (otuz şəkkiz min) manat, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 219 (iki yüz on doqquz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 38000 (otuz şəkkiz min) manat, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumuna görə 219 (iki yüz on doqquz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçının xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova