Məhkəmə qərarları › İş №2(010)-1323/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1323/2020

01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1323/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı qanunsuz zəbt olunmuş qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı qanunsuz zəbt olunmuş qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv.m olan (9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi) mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi, ona vurulmuş 6000 manat məbləğində maddi zərər, 2000 manat məbləğində mənəvi zərər, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 8030 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv.m olan mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi, ona vurulmuş 6500 manat məbləğində maddi zərər, 3000 manat məbləğində mənəvi zərər, ekspertiza xidməti üçün tərəfindən ödənilmiş xidmət haqqının əvəzi 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 9680 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,2 kv.m olan mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi, cavabdeh tərəfindən ona vurulmuş xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 5600 manat məbləğində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 1400 manat məbləğində olmaqla, ümumilikdə 7000 manat zərər, 3000 manat mənəvi zərər olmaqla, ümumilikdə 10000 manat məbləğində zərər, ekspertiza xidməti üçün tərəfindən ödənilmiş xidmət haqqının əvəzi 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 10180 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi, AMPY (5235A) tipli A180844461M187428 nömrəli sayğacın mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 V ünvanında yerləşən, ümumi sahəsi 17,2 kvdratmetr olan qeyri-yaşayış sahəsinin elektrik təchizatının bərpası üçün quraşdırılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 V ünvanında yerləşən, ümumi sahəsi 17,2 kvdratmetr olan qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixində keçirilmiş hərracda iştirak edərək hərracın qalibi olmuşdur və bu barədə xx.xx.2017-ci il tarixli 33/04 nömrəli hərrac protokolu imzalanmışdır. Sonradan, qanunvericiliyə uyğun olaraq sözügedən qeyri-yaşayış sahəsini alaraq Çıxarış sənədi əldə etmişdir. Həmin çıxarış sənədinə əsasən sözügedən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdən etibarən ona məxsus olmasına baxmayaraq həmin ilin dekabr ayında qeyri-yaşayış sahəsindən istifadə üçün onun yerləşdiyi yerə getsə də, qapısı kilidli olduğu üçün daxil ola bilməmişdir. Həmin ay Cavabdeh ilə görüşərək müvafiq Çıxarış sənədini ona göstərib həmin obyektin mülkiyyət hüququnun ona məxsus olduğunu və buna görə də, sözügedən obyektin ona təhvil verilməli oldiuğunu bildisə də, cavabdeh qapının kilidinin açarının onda olduğunu etiraf etsə də, obyekti, habelə qapının kilidinin açarını ona verməkdən imtina etmişdir. Ona məxsus olan obyektin təhvil verilməsini cavabdehə dəfələrlə bildirsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh sözügedən mübahisəli qeyri-yaşayış sahəsini xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək olan bütün dövr ərzində qanunsuz olaraq zəbt edərək indiyədək oradan istifadə etməyinə imkan verməmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həmçinin bir çox mənfi psixi təsirlərə məruz qalmış, davamlı mənəvi sarsıntı və iztirab keçirmişdir ki, buna görə də, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək iddiasının tam şəkildə təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsinə etiraz edərək, iddiaçıya heç bir ziyan vurmadığını, iş məhkəmədə olarkən də iddiaçıya əmlakı təhvil verməyə hazır olduğunu, lakin iddiaçının əmlakı təhvil almadığını bildirdi və əmlakı indi də təhvil verməyə hazır olduğunu qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçını və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından müəyyən edilir ki, iddiaçılar X4 və Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən və Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5 “V” ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən və müvafiq olaraq N.Abbasovun və Cavabdeh faktiki sahibliklərində və istifadələrində olan qeyri-yaşayış sahələrinə dair xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(005)-2222/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 11370/2018 nömrəli qətnaməsi ilə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, işdə iştirak etməyə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını bildirən şəxslər – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı X6 və X1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018ci il tarixli qətnamə ləğv edilmiş, iddiaçılar X4 və Cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” birgə verdikləri iddiaları təmin edilməmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə iddiaçılar X4 və Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11370/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* № li Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 17.2 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin kimə məxsus olması ilə bağlı məhkəmə mübahisələri yaranmışdır. Əvvəlki məhkəmə aktları ilə ididaçının mübahisəli əmlaka mülkiyyət hüququ tanınmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabeh əmlakı qanunsuz olaraq özündə saxlayır və qaytarmaqdan imtina edir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, o məhkəmə aktları ilə əmlakın iddiaçıya məxsus olması qət ediləndən sonra əmlakı qaytarmağa hazır olmuşdur, lakin iddiaçı əmlakı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin aidiyyəti üzrə iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin maddi və mənəvi ziyan tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi xx.xx.2017ci il tarixdən etibarən əmlakın cavabdehin qanunsuz sahibliyində olması müddətinə görə ona vurulan maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, işin halları və tərəflərin izahatlarından görünür ki, mübahisəli əmlak qeyd edilən dövrdə, yəni hərracın nəticələri məhkəmədə mübahisələndirilən dövrdə cavabdehdə olsa da, istifadə edilməmiş, hər hansı gəlir əldə edilməmişdir. Bundan başqa, Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarından görünür ki, əmlak İddiaçı tərəfindən əldə edilməmişdən qabaq Cavabdeh qanuni istifadəsində olmuşdur. Həmin qərarda qeyd edilir ki, Həmin Birlik (Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi) ilə iddiaçı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “İstismar yığımı müqaviləsi”nə əsasən, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5 “V” ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi illik 10,50 manat hesablanmaqla istifadəyə verilmişdir. Birlik tərəfindən ƏMDK-nə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktuba əsasən, mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh adına icarə müqaviləsinin bağlanmasına və özəlləşdirilməsinə etirazları yoxdur. Bundan sonra isə, hazırkı mübahisə ilə bağlı məhkəmə iclaslarında cavabdeh iş üzrə hazırlıq iclası mərhələsindən əmlakın iddiaçıya qaytarılmasına etiraz etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin vicdansız davranma faktı müəyyən edilmir. Maddi ziyan tələbi əsaslı olmadığına görə cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin iddiaçı tərəfindən iş üzrə verilmiş ekspertiza rəyinin dəyərinin əvəzinin cavabdehdən tutulmasını əsassız hesab edir. Çünki, tələbin bu hissəsi müstəqil olmayıb, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinin davamı kimi çıxış edir. Tələbin həmin hissəsi təmin edilmədiyinə görə ekspertiza xərcinin tutulması da əsaslı deyildir. İddia tələbinin AMPY (5235A) tipli A180844461M187428 nömrəli sayğacın mülkiyyət hüququ ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 V ünvanında yerləşən, ümumi sahəsi 17,2 kvdratmetr olan qeyri-yaşayış sahəsinin elektrik təchizatının bərpası üçün quraşdırılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı ona məxsus əmlakdan elektrik sayğacı çıxarılıbsa bu tələbini cavabdehə qarşı yox, müvafiq dövlət orqanına qarşı irəli sürə bilər. Çünki, iddiaçının öz izahatından da müəyyən edildiyi kimi, sayğac cavabdeh tərəfindən çıxarılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V ünvanında yerləşən ümumi sahəsi 17,2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin, 15 manatı isə Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar