Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1339/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia Tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-ə dair payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbin dəlilləri.
2. O - İddiaçı AR ƏMDX DƏDKR X12 HDQ haqqında DƏDR tərəfindən xx.xx.2022ci il tarixli Qeydiyyat nömrəsi çıxarışa əsasən paylı mülkiyyət olamaqla: ünvan 1 “A” tikilisindən 4 otaq (y/s-49.5 kv.m, k/s-33.2 kv.m); B, C, D tikilisi və torpaq sahəsi ümumi birgə mülkiyyət olmaqla paylı mülkiyyət olmaqla ona (İddiaçı) məxsusdur, ünvan 1 “A” tikilisindən 2 otaq (y/s-25.3 kv.m, k/s-22.4 kv.m) və torpaq sahəsi ümumi birgə mülkiyyət payı isə paylı mülkiyyət olmaqla X4 məxsusdur. Xüsusi olaraq qeyd edir ki, digər payçı olan X5 ilə “payların müəyyən olunması barədə müqavilə” və ünvan 1 dair ‘Bölgü sxemi” belə hazırlamışdır, lakin X5 vəfal etmişdir. Cavabdeh2 vəfatından sonra vərəsələri rəsmi qaydada müraciət edərək miras əmlakı qəbul etməmiş olsa da, faktiki olaraq miras əmlakda yaşayaraq və qeydiyyatda olaraq mirası qəbul etmişdir. Cavabdeh mirasın qəbulu üçün rəsmi qaydada hər hansı addım atmadıqlarına görə o, hər hansı addım ata bilmir. Qeyd edir ki, evin giriş-çıxışı fərqli olsa da, reyestrdə vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Buna görə də qeyd edilən əmlaka həyat yoldaşını qeydiyyata ala bilmir. Halhazırda ona məxsus evi satmaq və ya bağışlamaq istəsə də, X2 vəfatından sonra ailə üzvlərindən heç kəs mirasın qəbul ilə bağlı aidiyyatı quruma müraciət etməmiş və belə olan halda mərhum ilə razılığa gəldiyi üçün məsələ öz müsbət həllini tapa bilmir. ünvan 1 giriş-çıxış qapıları ayrı-ayrıdır. Cavabdehlə aralarında narazılıq olduğundan ona müraciət edə bilmir. O, özünə aid olan payı satmaq və ya digər hüquqi hərəkətləri etmək istəsə də, həmin ünvanda digər payçı və onun ailə üzləri olduğundan onların razılığı olmadan hüquqi hərəkətləri (alqı-satqı, bağışlama və sairə) rəsmiləşdirə bilmir. Buna görə də payların naturada ayrılması üçün müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları.
5. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışından görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 465.80 kv.m olan fərdi yaşayış evinin A tikilisindən 4 otaq ( y/s 49.5 kv.m, k/s 33.2 kv.m) B,C,D tikilisi və torpaq sahəsi ümumi birgə pay əsasında İddiaçı, A tikilisindən 2 otaq (y/s 25.3 kv.m, k/s 22.4 kv.m) və torpaq sahəsi ümumi birgə pay əsasında X4 məxsusdur.
6. İddiaçı ilə X5 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Payların müəyyən edilməsi barədə Müqavilə”dən görünür ki, tərəflər həmin müqaviləyə əsasən ünvan 1 ünvanında ümumi sahəsi 465.80 kv.m olan fərdi yaşayış evi və 0.2211 ha torpaq sahəsinə dair payların müəyyən edilməsi barədə razılığa gəlmişlər və A tikilisindən 4 otaq ( y/s 49.5 kv.m, k/s 33.2 kv.m) B,C,D tikilisi və 0.117375 ha torpaq sahəsi - İddiaçı, A tikilisindən 2 otaq (y/s 25.3 kv.m, k/s 22.4 kv.m) və 0.103725 ha torpaq sahəsi X2 mülkiyyəti müəyyən olunur.
7. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 30 aprel 1985-ci il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir.
8. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1986cı il tarixdə anadan olmuşdur. X1, anası Cavabdeh1dır.
9. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur.
10. Təqdim edilmiş elektron sistemdən çıxarışdan müəyyən edilir ki, X5 xx.xx.2023cü ildə vəfat etmişdir.
11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus olan A tikilisindən 4 otaq ( y/s 49.5 kv.m, k/s 33.2 kv.m) B,C,D literli tikililərin və torpaq sahəsinin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyələrin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi və həyətyanı torpaq sahəsi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır.
İşin faktiki halları.
12. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 465.80 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı ilə X2 paylı mülkiyyətindədir. X14 xx.xx.2023-cü il tarixində vəfat etmişdir, cavabdehlərdən X6 onun həyat yoldaşı, Cavabdeh2 və Cavabdeh3 isə onun övladları olmaqla, birinci dərəcəli vərəsələridirlər. İşin halları ilə, həmçinin o da müəyyən edilir ki, mübahisəli yaşayış sahəsində hazırda Cavabdeh1 və Cavabdeh3 yaşayırlar, digər Cavabdeh2 isə cəzaçəkmə müəssisəsindədir. Hazırki tələbdə iddiaçı ünvan 1-ə dair payların naturada ayrılmasını tələb edir. Cavabdehlər tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
14. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Qərarı. Həmin qərara əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir.
15. AR Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, hazırda iddiaçı yuxarıda qeyd olunan mübahisəli daşınmaz əmlakda olan payların naturada ayrılması barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bunun naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır.
18. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertiza rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus olan A tikilisindən 4 otaq ( y/s 49.5 kv.m, k/s 33.2 kv.m) B,C,D literli tikililərin və torpaq sahəsinin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyələrin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi və həyətyanı torpaq sahəsi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. Göründüyü kimi, qeyd olunan fərdi yaşayış evi üzrə iddiaçıya məxsus payın natura şəklində təcrid edilərək ayrılmasının mümkün olduğu qeyd edilmişdir. Bu baxımdan məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı Rəhı̇ mov Namı̇ q Nazı̇ m oğluna məxsus olan pay - "A" tikilisindən 4 otaq, B, C, D literli tikililər və torpaq sahəsi naturada ayrılmalıdır.
Məhkəmə xərcləri.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı Rəhı̇ mov Namı̇ q Nazı̇ m oğluna məxsus olan pay - "A" tikilisindən 4 otaq, B, C, D literli tikililər və torpaq sahəsi naturada ayrılmalı, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı Rəhı̇ mov Namı̇ q Nazı̇ m oğluna məxsus olan pay - "A" tikilisindən 4 otaq, B, C, D literli tikililər və torpaq sahəsi naturada ayrılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.