Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1363/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı üçüncü şəxslər X12, X4 və Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “pul, müqavilənin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı üçüncü şəxslər X12 və Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul, müqavilənin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 29500 manat məbləğində pulun alınaraq ona qaytarılması, Cavabdeh2 ilə 3-cü şəxs X12 arasında “Opel Zafira” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bağlanmış alqı-satqı müqailəsinin etibarsız hesab edilməsi, avtomobilin ona qaytarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pulun tutularaq ona ödənilməsi, iddianın verilməsi ilə bağlı ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X5 iş üzrə cavabdeh, X4 isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbinin dəlilləri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Opel Zafira" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur və həmin avtomobili həyat yoldaşına və digər şəxsə idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Cavabdeh2 bildirmişdir ki, avtomobili ona versinlər və o, işlətsin, hər ay 350 manat pul versin. O, cavabdehlə razılığa gələrək özünə məxsus "Opel Zafira" markalı avtomobili Sabirə vermişdir. Cavabdeh1 şifahi olaraq bildirmişdir ki, avtomobili atasının sürməsi üçün versin və nə baş verərsə o, cavabdehlik daşıyacaqdır. Onlar cavabdehə avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilməsi üçün notariat ofisinə getmiş və o, etibarnamənin məzmunu ilə tanış olmadan imza etmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobilin idarə edilməsi ilə bağlı yox, sərəncam verilməsi barədə baş etibarnamə vermişdir. Belə ki, həmin vaxt qızı 2004-cü il təvəllüdlü Məmmədova Sima və Məmmədova Elif xəstə olmuş və o, uşaqları həmin gün, yəni xx.xx.2020-ci il tarixdə xəstəxanaya "Şərq- Qərb" Tibb Mərkəzinə aparmış, bu səbəbdən də həyəcanlı və narahat olmuş, həmçinin dərman preparatlarının alınmasına da vaxt çatdırmalı olmuşdur. Notariat Ofisində xx.xx.2020-ci il tarixdə etibarnamə verilərkən mən bildirmişdir ki, həyat yoldaşına verdiyi etibarnamə formasında etibarnamə verilsin. Lakin baş etibarnamə tərtib etməklə onu aldatmış və o, tələsdiyi üçün və cavabdehə inandığından etibarnamənin məzmunu ilə tanış olmamışdır. Lakin Cavabdeh2 ona məlumat vermədən avtomobili 3-cü şəxs X7 xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında satmışdır. Halbuki aralarındakı razılaşmada avtomobilin satılması barədə heç bir razılaşma olmamışdır. Həmçinin Cavabdeh1 ondan 12.000 manat məbləğində borc pul almış və pulu alması barədə xx.xx.2021-ci il tarixdə iltizam yazaraq imza etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 bildirmişdir ki, ona tikinti materiallarının alınması ilə bağlı 3000 manat borc versin və yaxın müddətdə qaytaracaqdır. O, cavabdehin vədinə inanaraq 3000 manat pul vermişdir. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan yayınmışdır. Ona məxsus "Qazel" markalı avtomobili də həyat yoldaşı Camalov Natiq 8000 manata sataraq pulu Cavabdeh1 vermiş və qaytaracağı barədə vəd versə də pulu qaytarmamışdır. Həmçinin Cavabdeh1 bildirmişdir ki, mal gəlir, ona 6.500 manat pul versinlər ki, o, malı qəbul edib, sataraq 12.000 manatı da qaytarsın. Həyat yoldaşı X15 öz əsgər yoldaşından 6.500 manat məbləğində pul götürmüş və pulu cavabdehə vermiş, lakin cavabdeh verdiyi vədə əməl etməyərək bu məbləği də qaytarmamışdır. Cavabdeh1 ona məxsus ümumilikdə 29.500 manat pul vəsaitini əldə edərək qaytarmamışdır və dəfələrlə pulun qaytarılmasını tələb etsə də, qaytarmaqdan yayınmışdır. Sonda isə ondan qaçıb gizlənməyə başlamış və qaytarmaqdan imtina etmişdir. Qohum olduğundan o, cavabdehə inanaraq pulların verilməsi barədə borc müqaviləsi bağlanmasına ehtiyac duymamışdır. Sonra verdiyi pul məbləğlərini də iş quraraq borcları qaytaracağı ümidi ilə vermişdir. Cavabdehlə telefon danışığı zamanı səs yazısı qeydə alınmışdır. Cavabdehlərin təqsiri üzündən o, çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən mənəvi zərərə də məruz qalmışdır. Aldadıldığı, pul vəsaitindən məhrum edildiyi və uzun müddət məsələnin həllini tapmaması onun şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdehlər tərəfindən ona vurulmuş zərərin məbləğini 1500 manat məbləğində dəyərləndirir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, o, Cavabdeh1 ümumilikdə 29500 manat məbləğində pul vermişdir, lakin cavabdeh həmin borcu qaytarmamışdır. Cəfərov X8 atasıdır və o, Sabirə özünə məxsus avtomobili icarəyə vermişdir. Lakin Sabir həmin avtomobili onun mənafeyi ziddinə satmışdır. Düzdür Cavabdeh2 məhkəməyə təqdim etdiyi qəbzlər üzrə ona 1500 manat bank vasitəsilə, 1834 manat isə poçt vasitəsilə ödənişlər olunmuşdur, lakin həmin ödənişlərin hamısı avtomobilin icarə haqqı ilə bağlı deyil, Sabirin daha əvvəl ondan aldığı borclarla bağlı olmuşdur. Avtomobilin icarəsi üçün təxminən 1000 manat pul ödənmişdir. Həmin dövrlərdə pandemiya olduğundan cavabdeh ona avtomobili istifadə etmədiyini və ona görə də icarə haqqını ödəmədiyini bildirmiş, o da cavabdehə inanmışdır, çünki bir dəfə həyətlərində avtomobilin üstüörtülü vəziyyətdə qaldığını görmüşdür. Avtomobilin cavabdehdə olmadığından yeni xəbər tutmuş, dərhal etibarnamənin ləğvi üçün müraciət etmiş və o zaman avtomobilin satıldığını öyrənmişdir. Ona görə də, iddianın təmin edilməsini, ona məxsus olmuş avtomobillə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. O, həmçinin bildirdi ki, Cavabdeh2 iddiaçının qızının telefon ödənişlərini avtomobilə olan borcunun müqabilində deyil, onun qızının telefonu üçün ayırdığı vəsaiti borc kimi götürüb, telefonun kreditini ödəməyi öhdəsinə götürdüyü üçün ödəmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh2 arasında avtomobillə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilə üzrə ödənişlərini iddiaçıya ödəmişdir. O, avtomobil üçün əvvəlcədən 2000 manat ödəmiş, yerdə qalan 7500 manat məbləğində vəsaiti hissə-hissə ödəmişdir. O, iddiaçıya poçt vasitəsilə 1834 manat, bank hesabı vasitəsilə isə 1500 manat məbləğində ödənişlər etmişdir. Qalıq borc məbləğləri də iddiaçıya ödənilmiş, lakin hazırda onlarda olan rəsmi ödəniş qəbzləri qeyd etdikləri məbləğdədir. Həmçinin avtomobilə olan borcunun əvəzində iddiaçının qızına aldığı telefonun ödənişlərini etmişdir. O qəbzləri də məhkəmə təqdim etmişdir. Bundan sonra cavabdeh tərəfindən avtomobil başqasına satılmışdır. Hesab edir ki, iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassızdır. Belə ki, həm iddiaçı bu hissədə iddia müddətini ötürmüşdür. Həm də, avtomobil iddiaçının notariat qaydasında verdiyi etibarnamə əsasında satılmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, iddiaçıdan 12000 manat məbləğində borc pul almış və həmin borcu ödəmişdir. İddiaçının qeyd etdiyi digər borc məbləğləri onun tərəfindən alınmamışdır və bu səbəbdən iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh X5, X12, X4 və Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - “Elektron notariat” X1 Çıxarışdan görünür ki, “Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 və X7 etibar edilmiş, etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri verilmişdir. - xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı satqı müqaviləsinin surətindən görünür ki, “Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı 5000 manata satılmışdır. - xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı satqı müqaviləsinin surətindən görünür ki, “Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə X3 7500 manata satılmışdır. - xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı satqı müqaviləsinin surətindən görünür ki, “Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 8000 manata satılmışdır. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-ni xx.xx.2022-ci il tarixli, 3PF-1-86/1 saylı məktubundan görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı adına 1834 manat məbləğində pul göndərilmişdir. - Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 iddiaçının əri X11 hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8 dəfəyə olmaqla cəmi, 1500 manat məbləğində pul göndərilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi 3 hissədən ibarətdir və hər bir tələbə ayrı-ayrılıqda qiymət verilməlidir. İddia tələbinin birinci hissəsi Cavabdeh1 qarşı 29500 manat məbləğində pulun tutulması, ikinci hissəsi Cavabdeh2 ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və üçüncü hissəsi isə cavabdehlərdən mənəvi zərərin tutulmasıdır. İlk olaraq məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1 ondan 12000 manat, 3000 manat, 8000 manat və 6500 manat məbləğində olmaqla ayrı-ayrılıqda cəmi 29500 manat məbləğində borc pul almasını bildirir, cavabdeh isə iddiaçıdan yalnız 12000 manat məbləğində borc pul almasını etiraf edir və həmin məbləği iddiaçıya qaytardığını bildirir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublkası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Qeyd edilən maddi hüquq normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 12000 manat məbləğində nağd borc verməsi hər iki tərəfin izahatı və işin halları ilə müəyyən edilir. İddiaçı əlavə olaraq 17500 manat məbləğində borc verdiyini, cavabdeh isə qeyd edilən 12000 manat məbləği iddiaçıya qaytardığını bildirsə də, bu halı məhkəmədə sübut edə bilmirlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinə münasibətdə qismən, yəni 12000 manat pulun Cavabdeh1 tutulması hissəsində təmin edilməli, borc məbləğinin qalan hissəsində iddia tələbi təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsi olan Cavabdeh2 ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, işin araşdırılan halları ilə cavabdehin mübahisələndirdiyi alqı-satqı müqaviləsinin mövcud olmaması aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin iddiaçı tərəfindən Cavabdeh2 istifadəsi və sahibliyinə verilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, avtomobilin alqı-satqısı zamanı onun rəsmi reyestrdə qeydə alınması zəruridir. Hazırda iddiaçı Cavabdeh2 ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh2 ilə X12 arasında belə bir müqavilənin bağlanması iş materialları ilə aşkar edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən avtomobil cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh3 mülkiyyətindədir. Məhkəmə bu fakta da qiymət verərək, qeyd etmək istəyir ki, iddiaçı və Cavabdeh2 arasında olan mübahisədən asılı olmayaraq Cavabdeh3 vicdanlı alıcı olmaması iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublilası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Ona görə də, məhkəmə avtomobilin alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddia tələbinin üçüncü hissəsi olan mənəvi ziyanla bağlı isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Cavabdeh1 iddiaçıdan borc pul alması və bu məbləği uzun müddət qaytarmaması, iddiaçının psixi sarsıntılar keçirməsini sübut edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də əsaslıdır. Lakin məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən onun iddiaçının tələb etdiyi kimi 1500 manat olması ilə razılaşmır və hesab edir ki, tutulmalı olan mənəvi zərərin məbləği 1000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilmədiyindən mənəvi zərərin ondan tutulması hissəsində də iddia tələbi əsassızdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 183 manat məbləğində pul vəsaiti də Cavabdeh1 İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X6 borca görə 12000 manat (on iki min) məbləğində pul, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 183 (bir yüz səksən üç) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1363/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1363/2022
01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver