Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-140/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia Tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, ev 12-nin onun payına düşən 4/5 hissəsindən “C” tikilisi hissəsinin naturada ayrılması bəradə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbin dəlilləri.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 027280 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin 4/5 hissəsindən “C” tikilisi o - İddiaçı, 4/5 hissəsindən qalan hissəsi Cavabdeh2, 4/5 hissəsindən “B” tikilisinin 1 otağı Cavabdeh3, 1/5 hissəsi Baba Şahbulat oğlunun adlarına qeydiyyatdan keçmiş və hal-hazırda paylı mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, ev 12-nin onun payına düşən 4/5 hissəsindən “C” tikilisi faktiki olaraq divarla digər paylardan ayrılmış, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Lakin ona məxsus payın naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmədiyinə görə, ona məxsus payın naturada ayrılması barədə sənəd əldə edə və payına düşən hissəyə dair ayrıca çıxarış ala bilmir. Buna görə də müəyyən çətinlikləri yaranır. Evinə dair Qeydiyyat vəsiqəsində bütün payçıların adı qeyd edilir. Həmçinin onun evində digər şəxslərin də qeydiyyatda olduğu görünür. Bu səbəbdən də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, ev 12-nin onun payına düşən hissəsinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, payçılardan Baba Şahbulat oğlu xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Ona məxsus paya uyğun evdə onun oğlu - Cavabdeh1 yaşayır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddiaçıya məxsus payın naturada ayrılmasına etiraz etmir.
5. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə qarşı etirazının olmadığını bildirdi.
İş materialları.
6. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 027280 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsində yerləşən səkkiz otaqlı, ümumi sahəsi 250.7 kv.m, yaşayış sahəsi 149.7 kv.m olan 12 saylı fərdi yaşayış evinin 4/5 hissəsindən “C” tikilisi İddiaçı, 4/5 hissəsindən B tikilisinin 1 otağı Cavabdeh3, 4/5 hissəsindən qalan hissəsi Rəfiqə Əhməd qızının,1/5 hissəsi Baba Şahbulat oğlunun adlarına qeydiyyatdan keçmişdir.
7. AZ-İİ seriyalı, 235581 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Baba Şahbulat oğlu xx.xx.1997-ci il tarixdə “ürək dayanması”ndan vəfat etmişdir.
8. 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin 4/5 hissəsindən “C” tikilisi İddiaçı, 4/5 hissəsindən qalan hissəsi Cavabdeh1, 4/5 hissəsindən qalan hissəsi Cavabdeh2, 4/5 hissəsindən B tikilisinin 1 otağı Cavabdeh3, 1/5 hissəsi Baba Şahbulat oğlunun adlarına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir.
9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1237 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin “C” tikilisinin digər tikililərdən ayrı-ayrılıqda giriş-çıxışı olmaqla təcrid şəkildə yerləşdiyini nəzərə alaraq həmin tikilinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə uyğun olaraq digər tikililərdən ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur.
İşin faktiki halları.
10. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsində yerləşən səkkiz otaqlı, ümumi sahəsi 250.7 kv.m, yaşayış sahəsi 149.7 kv.m olan 12 saylı fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evindən iddiaçıya düşən pay 4/5 hissədən C tikilisi təşkil edir. Hazırkı iddia tələbində iddiaçı ona məxsus payın natura şəklində təcrid edilərək ayrılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya məxsus payın natura şəklində ayrılmasına etırazının olmadığını bildirir. Digər Cavabdeh2 tərəfindən iddia tələbinə dair hər hansı ərizə yaxud etiraz məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
12. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Qərarı. Həmin qərara əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir.
13. AR Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, hazırda iddiaçı yuxarıda qeyd olunan mübahisəli daşınmaz əmlakda olan payının naturada ayrılması barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bunun naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertiza rəyindən müəyyən olunur ki, qeyd olunan mübahisəli mənzil üzrə iddiaçıya məxsus payın natura şəklində təcrid edilərək ayrılmasının mümkün olduğu qeyd edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək ona tənqidi yanaşılması üçün əsas görmür.
Məhkəmə xərcləri.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən, yaşayış sahəsi 149.7 kv.m və ümumi sahəsi 250.7 kv.m olan 12 saylı fərdi yaşayış evindən İddiaçı payına düşən 4/5 hissədən C tikilisi naturada ayrılmalı, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən, yaşayış sahəsi 149.7 kv.m və ümumi sahəsi 250.7 kv.m olan 12 saylı fərdi yaşayış evindən İddiaçı payına düşən 4/5 hissədən C tikilisi naturada ayrılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.