Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1436/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh2) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları AD №259008 nömrəli, 21 may 2018ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı minik maşına dəymiş ziyana görə 21740 manat, mülkiyyətindən olan həmin avtomobildən istifadə etmək imkanından məhrum olduğu üçün əldən çıxmış faydaya görə 3900 manat olmaqla, cəmi 25640 manat məbləğində maliyyə vəsaitinin ona müştərək olaraq ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan, mülkiyyət hüquqları AD №259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı minik maşınını beş il müddətinə Cavabdeh2-yə 08.12.2018-ci il tarixli etibarnamə əsasında vermişdir. Cavabdeh2 24 dekabr 2019-cu il tarixli, 110 nömrəli icarə müqaviləsinə əsasən həmin avtomobili Cavabdeh1 bir gün üçün icarə haqqı 60 manat olmaqla, üç gün müddətinə icarəyə vermişdir. Cavabdeh1 icarəyə götürdüyü həmin nəqliyyat vasitəsini idarə edərkən, 25 dekabr 2019-cu il tarixində saat 15:58-də Bakı-Qazax yolunun 409-cu kilometrində “Kamaz-5511” markalı, ** BV *** dövlət nömrə nişanlı yük maşını ilə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə barəsində Yol Patrul Xidmətinin vəzifəli şəxsi tərəfindən İXP ******* nömrəli, 25.12.2019-cu il tarixli protokol tərtib edilmişdir. Protokolla tanış olmuş Cavabdeh1 inzibati xəta törətdiyini qeyd etməklə həmin protokolu imzalamışdır. Yol nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan avtomobilə ciddi ziyan dəymişdir. Avtomobilə “Auto Azərbaycan” şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və 13 yanvar 2020-ci tarixli qüsur aktı tərtib edilmişdir. Aktla müəyyən edilmişdir ki, avtomobilin ehtiyat hissələrinin alınması və təmir edilməsi üçün cəmi 21740 manat xərc tələb olunur. Cavabdehlərdən həmin xərcin ödənilməsini tələb etdikdə cavabdehlər avtomobili təmir etdirməkdən imtina etmişdirlər. Nəticə etibarilə cavabdehlər qanunla üzərlərinə düşən öhdəlikləri icra etmədiklərindən həmin avtomobili təmir etdirib istismara yararlı vəziyyətə gətirməmişlər. Həmin tarixdən o, avtomobildən istifadə etmədiyi üçün mülkiyyətində olan əmlakdan fayda götürə bilməmişdir. Avtomobilin bir günü 60 manat məbləğində icarəyə verilmiş, nəticədə iddiaçı bu günə qədər 65 gün üçün 65x60=3900 manat həcmində faydadan məhrum olmuşdur. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus, mülkiyyət hüququ AD 259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı minik maşınına dəymiş ziyana görə 21740 manat, həmin avtomobildən istifadə etmək imkanından məhrum olduğu üçün əldən çıxmış faydaya görə 3900 manat olmaqla cəmi 25640 manat məbləğində maliyyə vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, iddiaçıya məxsus, mülkiyyət hüququ AD 259008 nömrəli, 21 may 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış ** MX *** dövlət nömrə nişanlı, Hyundai Elantra markalı minik maşının evakuator vasitəsi ilə daşınması üçün onun tərəfindən ödənilmiş 150 manat məbləğində maliyyə vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçıya müştərək qaydada ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçı hazırda bu ziyanı tələb edir. Verilmiş ekspert rəyindən də görünür ki, avtomobilin böyük hissəsi yararsız vəziyyətdədir. Həmçinin, avtomobil icarəyə verildiyindən əldən çıxmış fayda da tələb edilmişdir. Avtomobilin sığorta olunması və dəymiş zərərin sığortaçı tərəfindən ödənilmiş olması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə razılaşmır. Çünki avtomobil ümumiyyətlə sığorta olunmamışdır. Eyni zamanda, avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş vəsatəti də əsassız hesab edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək bildirmişdir ki, ümumiyyətlə, İddiaçı1 Cavabdeh1 qarşı iddia qaldırması əsassız olmuşdur. Belə ki, iddiaçı avtomobili Cavabdeh2-nin istifadəsinə vermiş, yol nəqliyyat hadisəsi də avtomobil MMC-nin istifadəsində olarkən baş vermişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı1 hazırkı iddianı yalnız Cavabdeh2-yə qarşı qaldırmalı idi. Sonra Cavabdeh2-nin belə bir tələbi olarsa, reqres qaydasında pul tələbi ilə Cavabdeh1 qarşı iddia qaldıra bilərdi. O da nəzərə alınmalıdır ki, tərəflərindən iddiaçıya avtomobilin təmir etdirilməsi, yaxud eyni modelli, buraxılış illi başqa bir avtomobilin alınması təklif edilmiş, lakin iddiaçı bunu qəbul etməmişdir. Lakin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar verilmiş ekspert rəyi ilə cavabdeh razı deyil. Belə ki, ekspert tərəfindən avtomobilə heç bir baxış keçirilmədən, formal şəkildə, qüsur aktı əsasında rəy verilmişdir. Həmçinin, rəydə avtomobilin dəyərinin 18000 manat olduğu qeyd edilmişdir. Halbuki, respublika ərazisində heç bir halda həmin avtomobil bu qiymətə alınıb-satılmır. Belə ki, bu avtomobilin bazar qiyməti heç vaxt 14000 manatdan yuxarı olmamışdır. Beləliklə, rəydə avtomobilin dəyəri kimi göstərilmiş 18000 manat məbləğində pul avtomobilin real satış dəyərindən əhəmiyyətli dərəcədə çoxdur. Bu səbəbdən məhkəməyə vəsatət təqdim edərək, hesab edir ki, avtomobilə baxış keçirilərək avtomobilə dəymiş real zərərin məbləği ekspert rəyi əsasında müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh2-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ƏN-İV №725901 seriyalı etibarnamənin surətindən müəyyən edilir ki, ** MX *** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomaşın 08.12.2018-ci il tarixdə İddiaçı1 tərəfindən Cavabdeh2-yə 5 il müddətinə, yəni 08 dekabr 2023-cü il tarixədək etibar edilmişdir. Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində onun barəsində İX Tağım Yol patrul xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə 25 dekabr 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. AD seriyalı 259008 nömrəli “Nəqliyyat vasitəsinin” qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. 24 dekabr 2019-cu il tarixli, 110 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair icarə müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh2 “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomaşını hər gün üçün 60 manat olmaqla, cəmi 180 manat olmaqla Cavabdeh1 icarəyə vermişdir. İX Tağımın YPX inspektoru, polis baş serjantı R.V.Məmmədov tərəfindən verilmiş 25.12.2019-cu il tarixli, 023534 nömrəli arayışdan görünür ki, Cavabdeh1 25.12.2019-cu il tarixdə, saat 15:58-də Bakı-Qazax yolunun 402-ci km-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin qabaq sol qanad qabağı, sol qapı, arxa sol qapı, qabaq kapot, qabaq bufer, qabaq sol təkər, qabaq şüşə, qabaq sol güzgü zədələnmişdir. “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş “Hyundai Elantra” minik markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünür ki, həmin avtomobilinə dəymiş zərər 21740 manat məbləğindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli, 9/4212 saylı rəyindən görünür ki, tədqiq edilən 2011-ci il buraxılışlı “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 10800 (18000,0 m- 40%) manat müəyyən edilir. Bir ədəd CD-yə yerləşdirilmiş iki videodan görünür ki, əsasən ön hissəsinə zədə dəymiş avtomobilin görüntüsü videoya çəkilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 məxsus “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobil 8 dekabr 2018-ci il tarixdə Cavabdeh2-yə etibarnamə əsasında verilmişdir. Cavabdeh2 və Cavabdeh1 arasında 24.12.2019-cu il tarixdə icarə müqaviləsi bağlanaraq, avtomobil 3 gün müddətinə Cavabdeh1 icarəyə verilmişdir. Cavabdeh1 25.12.2019-cu il tarixdə idarə etdiyi “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 402 km ilə hərəkət edərkən başqa bir avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Bu zərərin məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən 21740 manat məbləğində qiymətləndirilmiş, iş üzrə avtomobilə dəymiş zərərin qiymətləndirilməsi məqsədilə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəydə isə dəymiş zərər 10800 manat məbləğində qiymətləndirilmişdir. Avtomobilin mülkiyyətçisi olan İddiaçı1 avtomobilə dəymiş zərər və əldən çıxmış faydaya görə cəmi 25640 manat məbləğində pulu əvvəlcə hər iki cavabdehdən müştərək qaydada tələb etsə də sonradan iddia tələbini dəqiqləşdirərək, göstərilən pul vəsaitini yalnız Cavabdeh1 tələb etmiş, maşının daşınma xərci və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunu isə hər iki cavabdehdən müştərək qaydada tələb etmişdir. Cavabdeh adından çıxış edən onun nümayəndəsi (vəkili) avtomobilə dəymiş zərərin məbləği ilə razılaşmayaraq, zərərin təkrar qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı işin bir sıra mübahisələndirilməyən halları vardır. Belə ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir və iş materialları ilə də təsdiq edilir ki: “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir. İddiaçı1 08.12.2018-ci il tarixdə bu avtomobili etibarnamə əsasında Cavabdeh2-nin istifadəsinə vermişdir. Cavabdeh2 və Cavabdeh1 arasında 24.12.2019-cu il tarixdə icarə müqaviləsi bağlanılmış, avtomobil 3 günlüyünə (günü 60 manatdan) sonuncuya icarəyə verilmişdir. Avtomobil icarə müqaviləsi əsasında idarəsinə verildikdən bir gün sonra – 25.12.2019-cu il tarixdə Cavabdeh1 avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 idarə etdiyi avtomobillə inzibati xəta törədərək həmin avtomobilə zərər vurmuşdur. Bu baxımdan avtomobilin mülkiyyətçisi olan İddiaçı1 bu zərəri Cavabdeh1 tələb etməkdə haqlı olmuşdur. Lakin tələb edilən zərərin məbləği ilə məhkəmə razılaşmır. Belə ki, iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər kimi 21740 manat məbləğində pul tələb edir. O, avtomobilə tələb etdiyi məbləğdə zərər dəymiş olmasını təsdiq edən sənəd kimi “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən tərtib edilmiş aktı iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə isə həmin aktı avtomobilə dəymiş zərərin məbləğinin qiymətləndirilməsi üçün etibarlı sübut kimi qəbul etmir. İlk növbədə ona görə ki, aktın sonunda imzalanması üçün servis, ehtiyat hissələri və sığorta xanaları və xanalara müvafiq adlar yazılsa da sonda yalnız bir imza çəkilmişdir. Digər tərəfdən, bu aktla avtomobilə dəymiş zərər kimi müəyyən edilmiş 21740 manat məbləğində pul zərər dəymiş avtomobilin bazar qiymətindən əhəmiyyətli dərəcədə yüksəkdir. Belə ki, avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı verilmiş ekspert rəyində avtomobilin bazar qiymətinin 18000 manat olduğu və avtomobilin 60% hissəsinin yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə avtomobilə dəymiş zərərin faizini ağlabatan və inandırıcı hesab edir. Çünki iş materiallarına avtomobilin yol nəqliyyat hadisəsindən sonrakı video görüntüsünün əks olunduğu CD əlavə edilmiş, həmin görüntüdən müəyyən edilmişdir ki, avtomobilin ön hissəsi böyük ölçüdə yararsız vəziyyətdədir. Bununla belə məhkəmə müvafiq ekspert rəyində avtomobilin satış qiyməti kimi müəyyən edilmiş məbləğlə qismən razılaşmır. Belə ki, rəyin tədqiqi hissəsində qeyd edilir ki, ekspert avtomobilin bazar qiymətinin 18000 manat məbləğində olduğunu müəyyən edərkən Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, internet saytı məlumatlarına əsasən yol nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı, 2011-ci il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobilin istismar müddətini nəzərə alaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti əsasında bu məbləği müəyyən etmişdir. Göründüyü kimi, ekspertin müvafiq nəticəyə gəlmək üçün istifadə etdiyi mənbələr istənilən şəxsin istifadəsinə açıq mənbələrdir və bu baxımdan avtomobilin bazar qiymətinin həmin mənbələr əsasında yoxlanılması məhkəmə tərəfindən də həyata keçirilə bilər. Məhkəmə tərəfindən avtomobillərin satışını həyata keçirən internet səhifələrində hazırkı iş üzrə zərər dəymiş avtomobillə eyni göstəricilərə malik avtomobillərin bazar qiymətlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, bu avtomobillərin orta bazar qiyməti 16000 manatdır. Belə olan halda məhkəmə ekspert rəyi ilə qismən – avtomobilin zərər dəymiş hissəsinin faizi ilə (60%) razılaşır, lakin avtomobilin bazar qiymətini rəydə qeyd edildiyi kimi 18000 manat yox, 16000 manat məbləğində qiymətləndirir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Odur ki, məhkəmə 25.12.2019-cu il tarixdə Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus “Hyundai Elantra” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 9600 manat (16000x60/100) məbləğində olduğu nəticəsinə gəlir və hesab edir ki, bu məbləğ Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir. Lakin məhkəmə əldən çıxmış fayda kimi cavabdehdən tələb edilən 3900 manat məbləğində pula münasibdə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı bu hissədə iddiasını belə əsaslandırmışdır ki, bu avtomobilin bir günlük icarəsi 60 manatdır. Bu hesabla o, 65 gün üçün 3900 manat məbləğində əldən çıxmış faydaya görə cavabdehdən pul tələb etmişdi. Məhkəmə iddiaçıya xatırladır ki, bu avtomobili icarəyə verib ondan gəlir edən o yox, digər Cavabdeh2-dir və avtomobilin 60 manat məbləğində günlük icarə haqqı dəyəri də məhz Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsi əsasında müəyyən edilmişdir. Hansı ki, bu müqavilədə hazırkı iş üzrə İddiaçı1 tərəf deyil və bağlanan müqavilənin ona aidiyyəti yoxdur. Belə ki, o, avtomobilin istifadəsi üçün Cavabdeh2-yə 08.12.2018-ci il tarixdə etibarnamə vermişdir. Görünən odur ki, Cavabdeh2 də həmin avtomobili icarəyə verərək gəlir əldə etməklə məşğul olmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi bu gəlirin avtomobilin mülkiyyətçisi olan hazırkı iş üzrə iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iş materiallarında Cavabdeh2-nin həmin avtomobilin icarəsindən aldığı haqqın hansısa hissəsini avtomobilin mülkiyyətçisinə ödədiyini, yaxud avtomobilin mülkiyyətçisi olan iddiaçının bu avtomobildən hər hansı şəkildə gəlir əldə etdiyini təsdiq edən heç bir sənəd yoxdur. Belə olan halda bu gəlir bütövlükdə müqavilə üzrə icarəyə verənə, yəni Cavabdeh2-yə aid edilir. Odur ki, iş üzrə İddiaçı1 bu əsasla əldən çıxmış fayda kimi cavabdehdən pul tələb edə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin mətnindən aydın olur ki, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Hazırkı iş materialları əsasında isə iddiaçının məhrum olduğu hər hansı gəlir müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin avtomobilin evakuatorla daşınması üçün çəkilmiş 150 manat xərcin tələb edilməsi ilə bağlı olan hissəsini də əsassız hesab edir. Belə ki, bu təyinatla iddiaçı tərəfindən hər hansı məbləğdə xərc çəkilmiş olmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, əgər iddiaçı həmin pulu çəkilmiş xərc kimi cavabdehlərdən tələb edirsə, bu xərci həqiqətən çəkdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmək də istənilən halda onun üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sonda məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı üçün 100 manat məbləğində xərc müəyyən edilmiş, bununla bağlı ekspertiza xərclərinə dair bildiriş ekspert rəyinə əlavə edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci bütövlükdə, ödənilmiş dövlət rüsumunun isə yarısı cavabdehdən tutulmalı, ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 9600 (doqquz min altı yüz) manat məbləğində real zərər və 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 9600 (doqquz min altı yüz) manat məbləğində real zərər və 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1436/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1436/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver