Məhkəmə qərarları › İş №2(010)-1437/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1437/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1437/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, Rzayeva Aytac Habil qızının katibliyi, X1, İddiaçı, İddiaçının nümayəndəsi X4 Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlaka sahibliyə və istifadəyə törədilən maneələrə son qoyulması və mənəvi zərərə görə pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları.

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev № 1A onun (iddiaçı) qanuni sahibliyindədir, həmin ev qohumu X14 atasına məxsus olmuşdur, qeyd edilən şəxs vəfat etdikdən sonra X23 evdən istifadə və sahibliyi ona vermişdir, belə ki, kommunal xidmətlər üzrə abonent kodlarının onun adına keçirilməsinə razılıq vermiş, o, kommunal xidmətlərin abonent kodlarını öz adına keçirmiş, habelə bələdiyyədə uçota duraraq evə və torpağa görə əmlak vergisi ödəyir. Yəni ev və onun yerləşdiyi torpaq onun qanuni istifadəsində və sahibliyindədir, heç bir dövlət orqanı, bələdiyyə orqanı tərəfindən bu məsələ mübahisələndirilmir. Lakin cavabdeh ona və ailə üzvlərinə (oğluna) ev və torpaqdan istifadə etməyinə hər vəchlə maneə törədir, gah onlar həyətə daxil olanda polisə zəng edərək onları polis orqanlarına əsassız olaraq çağırılmasına cəhd göstərir, bu da vaxt itkisi ilə nəticələnir, gah da həyətə girdikdə zədələnməkləri üçün mismarlı taxtaları yerə düzür, bunun da nəticəsində axşam vaxtı oğlu həyətə daxil olan zaman bir dəfə ayağını zədələmişdir. Cavabdehin törətdiyi maneələr nəticəsində o, qanuni sahibliyində və istifadəsində olan əmlakdan istifadə edə bilmir, odur ki, ona istifadəsində olan əmlakdan istifdə və sahibliyinə cavabdeh tərəfindən törədilən maneəələr aradan qaldırılaraq həmin maneələrin törədilməsi cavabdehə qadağan edilməlidir. Onun qanuni əmlaklarından məhrum olmağı, öz əmlakından istifadə edə bilməməyi nəticəsində o mənəvi zərərə məruz qalmışdır.

İddiaçının tələbi.

2. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 1A-dan onun istifadəsinə maneələr törədilməsi Cavabdeh qadağan edilməsi və bugünə qədər həmin əmlakdan cavabdehin təqsirindən istifadə edə bilmədiyinə görə məruz qaldığı mənəvi zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə 2000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun anasıdır. Sözügedən ev X14 atası X5muşdur. Saidin atası X24 dünyasını dəyişdikdən sonra ev Saidə qalmışdır. Cavabdeh X2rdaşı, Sayidin isə əmisidir. Sayid hal-hazırda Rusiyada yaşayır. Said evi onlara vermiş və evlə bağlı bütün hüquqların həyata keçirilməsini da onlara həvalə etmişdir. Evin rəsmi sənədi – kupçası yoxdur, amma qaz və işığın abonent kodları İddiaçı adına qeydiyyata alınmışdır və evin əmlak vergisini də onlar ödəyir. Cavabdeh onlara o evdə yaşamağa və evə girməyə imkan vermir. Belə ki, onlar evə girmək istəyəndə bir neçə dəfə polisə müraciət edərək onların polisə çağırılmasına cəhd etmişdir. Hal-hazırda həmin evdə qeydiyyatda heç kim yoxdur. Cavabdeh, ümumiyyətlə, o evdə yaşamır. O, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, iddia tələbi ilə razı deyil, belə ki, 1936-cı ildə həmin evin yerləşdiyi torpaq onun atasına verilib. Sözügedən ev əvvəl iki otaqlı olmuş, sonradan bir otaq da tikilmişdir. O və X12rdaşdırlar. Syadanın uşaqları Rusiyada yaşayıblar, hal-hazırda da orada yaşayırlar. Qardaşı Syadanın ayağı xəstə idi, Said və bacısı Syadan xəstə olanda gəlib atalarına baxmayıblar, qulluq etməyiblər. Syadana o özü, qızı və yoldaşı baxmışlar. Syadan dünyasını dəyişdikdən sonra o, Said və bacısına atalarının dünyasını dəyişdiyi haqqında demiş, lakin onlar hətta bu zaman da gəlməmişlər. Syadan dünyasını dəyişdikdən 6-7 ay sonra Said və bacısı gələrək ona evi satacaqlarını, onların həmin evdən çıxmalı olduqlarını demişdir. Evdə o və yoldaşı yaşayır, evin kommunal xərclərini özü ödəyib, sonradan kommunal xidmətlər iddiaçının adına qeydiyyata alındığından işıq, qaz kəsilmişdir, buna görə də, qışda soyuq olduğundan o və yoldaşı orada daimi yaşaya bilmir. O, heç kimə maneçilik törətmir, əksinə iddiaçının nümayəndəsi, yəni oğlu mütəmadi yaşadığı ünvana gələrək, hasardan aşaraq ona hədə-qorxu gəlir, evi satacağı ilə hədələyir. O, göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 cavabdehin göstərdiyi xüsusatları təsdiq edərək, iddianın rədd olunmasını xahiş etdi.

İş materialları.

7. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli fiziki və hüquqi şəxslərin mülkiyyətində aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlınski 1b ünvanında yerləşən tikintinin sahibi X10.

8. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsində yerləşən 1A nömrəli tikintinin sahibi İddiaçıdır.

9. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 279417 nömrəli Enerjitəchizatı müəssisəsi ilə məişət abonent (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən müəyyən olunur ki, İddiaçı Suraxanı rayonu, Şadlınski küçəsi, 1A saylı ev üzrə **********A0004 nörməli abonent kodu ilə qeydə alınmışdır. 10 . İddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AKX-05008xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə görə Məmmədova X9 qəsəbəsi, Şadlınski küçəsi, 1A saylı ev üzrə **********20010 nörməli abonent kodu ilə qeydə alınmışdır.

11. Serebrovski qəsəbəsi X26 İcra Nümayəndəliyi tərəfindən 9 saylı Hüquq Məsləhətxanasına ünvanlanmış xx.xx.1986-cı il tarixli məktubdan müəyyən olunur ki, Serebrovski qəsəbəsi, Padqornaya küçəsi, ev 1A qanunsuz tikilidir. Tikilinin sahibi X11. Ev ibarətdir: 1) qonaq otağı – 15.8 kv.m., 2) 20.7 kv.m., 3) mətbəx, dəhliz. Tikilidə qeydiyyatdadırlar: 1) X24 – 1950-ci il təvəllüdlü özü, 2) X16 – 1955-ci il təvəllüdlü həyat yoldaşı, 3) X18 – 1974-cü il təvəllüdlü oğlu, 4) X19 1976-cı il təvəllüdlü qızı, 5) X20 – 1980-ci il təvəllüdlü oğlu.

12. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti nəzdində Təsərrüfat hesablı Layihə - Smeta Bürosu tərəfindən tərtib olunan layihədən görünür ki, ünvan 2 ünvanında olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi Cavabdeh istifadəsindədir.

13. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 955/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ərizəsi təmin edilmiş, ərizəçi Cavabdeh mərhum X6rdaşı olması faktının müəyyən edilməsi qət edilmişdir.

14. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2172/2021 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinə qarşı “tikintiyə sahiblik faktının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarı. Maddə 3. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Maddə 6. Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır.

20. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır.

21. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

22. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Sadalananlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlməmişdir.

24. Göründüyü kimi, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun mövcud iddia tələbi ilə çıxış etmək hüquqları da olmamışdır.

25. Belə olan halda, iddiaçının həmin evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir.

26. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır.

27. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.

28. Məhkəmə həmçinin iddiaçının mənəvi zərərə görə pulun ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir.

29. Belə ki, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

30. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.

31. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərər görə pulun ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyana görə pulun ödənilməsinə dair hissəsi rədd edilməlidir.

32. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən onun istifadəsinə törədilən maneələrin cavabdehə qadağan edilməsi və həmin əmlakdan cavabdehin təqsirindən istifadə edə bilmədiyinə görə məruz qaldığı mənəvi zərərin əvəzi kimi onun xeyrinə 2000 manat tutulması barədə iddia tələbi təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən onun istifadəsinə törədilən maneələrin Cavabdeh qadağan edilməsi və həmin əmlakdan cavabdehin təqsirindən istifadə edə bilmədiyinə görə məruz qaldığı mənəvi zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə 2000 manat pulun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar