Məhkəmə qərarları › İş №2(103)-4746/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4746/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4746/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlaka sahibliyə və istifadəyə törədilən maneələrə son qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi- vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlaka sahibliyə və istifadəyə törədilən maneələrə son qoyulması və mənəvi zərərə görə pul tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1437/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X9 Serebrovski qəsəbəsi İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.1986-cı il tarixli arayışdan müəyyən olunur ki, Serebrovski qəsəbəsi, Padqornaya küçəsi, ev 1A qanunsuz tikilidir. Tikilinin sahibi X7. Ev ibarətdir: 1) qonaq otağı – 15.8 kv.m., 2) 20.7 kv.m., 3) mətbəx, dəhliz. Tikilidə qeydiyyatdadırlar: 1) X18 – 1950-ci il təvəllüdlü özü, 2) X10 – 1955-ci il təvəllüdlü həyat yoldaşı, 3) X14 – 1974-cü il təvəllüdlü oğlu, 4) X15 1976-cı il təvəllüdlü qızı, 5) X16 – 1980-ci il təvəllüdlü oğlu.

2. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti nəzdində Təsərrüfat hesablı Layihə - Smeta Bürosu tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib olunmuş layihədən görünür ki, ünvan 1 ünvanında olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi Cavabdeh istifadəsindədir.

3. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli fiziki və hüquqi şəxslərin mülkiyyətində aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlınski 1b ünvanında yerləşən tikintinin sahibi X8.

4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsində yerləşən 1A nömrəli tikintinin sahibi İddiaçıdır.

5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 955/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ərizəsi təmin edilmiş, ərizəçi Cavabdeh mərhum X6rdaşı olması faktının müəyyən edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 1A-dan onun istifadəsinə maneələr törədilməsi Cavabdeh qadağan edilməsi və bu günə qədər həmin əmlakdan cavabdehin təqsirindən istifadə edə bilmədiyinə görə məruz qaldığı mənəvi zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə 2.000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev № 1A onun qanuni sahibliyindədir, həmin ev qohumu X12 atasına məxsus olmuşdur, qeyd edilən şəxs vəfat etdikdən sonra X19 evdən istifadə və sahibliyi ona vermişdir, belə ki, kommunal xidmətlər üzrə abonent kodlarının onun adına keçirilməsinə razılıq vermiş, o, kommunal xidmətlərin abonent kodlarını öz adına keçirmiş, habelə bələdiyyədə uçota duraraq evə və torpağa görə əmlak vergisi ödəyir. Yəni ev və onun yerləşdiyi torpaq onun qanuni istifadəsində və sahibliyindədir, heç bir dövlət orqanı, bələdiyyə orqanı tərəfindən bu məsələ mübahisələndirilmir. Lakin cavabdeh ona və ailə üzvlərinə (oğluna) ev və torpaqdan istifadə etməyinə hər vəchlə maneə törədir, gah onlar həyətə daxil olanda polisə zəng edərək onları polis orqanlarına əsassız olaraq çağırılmasına cəhd göstərir, bu da vaxt itkisi ilə nəticələnir, gah da həyətə girdikdə zədələnməkləri üçün mismarlı taxtaları yerə düzür, bunun da nəticəsində axşam vaxtı oğlu həyətə daxil olan zaman bir dəfə ayağını zədələmişdir. Cavabdehin törətdiyi maneələr nəticəsində o, qanuni sahibliyində və istifadəsində olan əmlakdan istifadə edə bilmir, odur ki, ona istifadəsində olan əmlakdan istifadə və sahibliyinə cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılaraq həmin maneələrin törədilməsi cavabdehə qadağan edilməlidir. Onun qanuni əmlaklarından məhrum olmağı, öz əmlakından istifadə edə bilməməyi nəticəsində o mənəvi zərərə məruz qalmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1437/2023 saylı 30 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlməmişdir. Mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun mövcud iddia tələbi ilə çıxış etmək hüquqları da olmamışdır. Belə olan halda, iddiaçının həmin evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamış, iddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 178.2, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1437/2023 saylı 30 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə iddiaçının hazırki iddia irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması qənaətinə gəlməklə onun konstitusion hüququnu pozmuşdur. Belə ki, hazırki iddianın hüquqi tələbi heç kimin marağına toxunmayan hazırda onun istifadəsində və sahibliyində olan evdən istifadə etməsinə cavabdeh tərəfindən əsassız maneə yaradılmasının qarşısını almaqdan ibarətdir. Hazırda ölkədə yüz minlərlə dövlət qeydiyyatına alınmayan sənədsiz evlər mövcuddur, o zaman məhkəmənin mövqeyindən belə çıxır ki, heç kəs faktiki yaşadığı evlə bağlı hər hansı hərəkəti həyata keçirə bilməz, öz hüquqlarını məhkəmədə müdafiə edə bilməz. Məhkəmənin bu mövqeyi yanlışdır. Belə ki, əgər o, sözügedən evin sənədləşdirilməsi, dövlət qeydiyyatına alınması və yaxud ev üzərində hər hansı hüququn təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş olsaydı, o zaman məhkəmənin hazırki mövqeyini hardasa başa düşmək olardı. Ancaq faktiki olaraq yaşadığı evdən istifadə olunmasına maneə törədən kənar şəxsin müdaxiləsinin qarşısının alınması üçün məhkəməyə müraciət olunarkən müraciət edən şəxsin subyektiv hüququnun olmaması barədə dəlillərlə razılaşmaq olmaz. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, keçmiş Serebrovski qəsəbəsi, Padqornaya küçəsi, ev 1A (indiki ünvan 3 ünvanında yerləşən ev köhnədən tikilidir. Həmin ev X18 və onun ailə üzvlərinin istifadəsində və sahibliyində olmuşdur. X18 vəfat etdikdən sonra həmin yaşayış evində bir müddət heç kim yaşamamışdır. Sonradan həmin evdən uzun müddət istifadə etmiş X1 Said Syadanoviç tərəfindən Bakı şəhəri, Suaraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 1A ünvanına dair onun oğlu (ailə üzvü) Nümayəndə Azad oğlunun adına Rusiya Federasiyası, Mordoviya Respublikası Saransk notariat dairəsinin notariusu tərəfindən təsdiqlənmiş etibarnamə verilmişdir. Bundan sonra iddiaçı və ailə üzvləri həmin ünvanda yaşamaqla evə sahiblik etməyə başlamışlar. Lakin bir müddət sonra cavabdeh onların həmin ünvanda yaşamalarına mane olmuşdur. Mübahisəli evdə onun və oğlunun yaşamasına hər hansı dövlət orqanı tərəfindən etiraz olunmamış və maneçilik yaradılmamışdır. Cavabdeh həmin evi ələ keçirtmək niyyətindədir, bu səbəbdən də hər vasitə ilə onun və oğlunun evdən istifadə etmələrinə maneə yaradır. Göründüyü kimi, o və oğlu Bakı şəhəri, Suaraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 1A ünvanında yerləşən evdən faktiki istifadə etməklə həmin evə dair sahiblik hüquqları (əmlak hüquqları) əldə etmişlər. Məhkəmə tərəfindən onun mübahisəli əmlakla bağlı həmin əmlakın digər şəxslərin qəsdindən qorumaq və əmlakdan öz istədiyi kimi istifadə etmək hüqunun olmasına diqqət yetirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X20 bildirmişdir ki, bu ev rəhmətlik Said Syadanoviçin adına məxsus olub, o da cavabdehin doğma qardaşı olubdur. Said Syadanoviçin üç övladı vardır, onlar Rusiya vətandaşlarıdır. Said Syadanoviçin övladlarının biri tərəfindən ona etibarnamə verilmişdir. Anası da həmin şəxsin qohumu düşür. O, da etibarnaməyə əsasən bütun sənədləri anasının adına keçirmişdir. Daha sonra işlər görmək üçün həyətə gəlmişdir. Həmin vaxt üçün evin sənədləri Rayispolkom tərəfindən verilmiş sənədləri idi. O gündən bu günə qədər başqa sənədlər olmayıbdır. X22 rəhmətə gedəndən sonra Bələdiyyə oranı tanıyıb və Bələdiyyə oğlunun adına sənəd çıxardıb və oğlu torpaq vergisinin ödəyicisi olubdur. O, etibarnaməyə əsasən sənədləri anasının adına keçirmişdir. Oğlunun özü hal-hazırda xaricdədir və gələ bilmir, çünki oğlunun dediyinə görə doğma əmisi onu aldadib, araları yaxşı olmadığından bu işi onlara etibar edibdir. O, bağa gedən zaman cavabdeh maneəçilik yaradır, torpağa daxil ola bilmir, daxil olan kimi də ona problemlər yaradır, barəsində prokurorluğa da şikayət etmişdir. Bununla bağlı iş yerində necə dəfə problemlər yaşamışdır. Konkret olaraq o, bağa daxil ola bilmir, cavabdeh onu oradan qovur, polis çağırır. Cavabdeh oranı təhlükəli bir yer etmişdir. Onlar həmin evdə yaşamaq istəyir, lakin cavabdeh evə qoymur, problemlər yaradır. Onlar həmin evdə yaşamamış, istifadə etməmiş, imkan olmayıbdır. Lakin bütün müqavilələr imzalanmışdır, hesabat cədvəli onların adınadır. Ərazi nümayəndəliyi də bu halı təsdiq edir. Orada yaşayan şəxsin oğlu ona xx.xx.2021-ci il tarixində etibarnamə vermişdir. Etibarnamə Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 1A ilə bağlı verilmişdir. İş materiallarında mövcud olan hesabat arayışında ünvan olaraq 1 B qeyd olunmuşdur, o, texniki səhvdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, 1989cu ildən həmin qanunsuz tikilinin mövcud olmasına dair arayış verilmişdir. Həmin arayışa əsasən Əsədulin Syadanın həmin qanunsuz tikilidə yaşaması müəyyən olunur. Syadan həmin mənzildə 2018-ci ilə qədər yaşamışdır, 2018-ci ildə Syadan rəhmətə getdikdən sonra oğlu Səidin adına keçmiş, artıq 2022-ci ildə isə iddiaçının adına keçmişdir. 2018-ci il tarixində Syadan rəhmətə gedir və həmin tikili oğlunun adına keçir. Onun oğlu arada orada yaşamışdır, qaz, işıq oğlunun adına keçir. Daha sonra isə etibarnamə əsasında iddiaçının adına keçir. Etibarnamə verənin bu barədə səlahiyyəti var idi, etibarnamə verən Syadanın oğlu idi. Torpağın da sənədləri mövcud deyildir. X2 verilir, daha sonra X20 etibarnamə əsasında abonent müqavilələrini iddiaçının adına keçirir. İddiaçı həmin tikilidə yaşaya bilmir, həmin evin qapısı demək olar ki, açıqdır, həyət-baca pis gündədir. İddiaçının həmin evdə yaşamasına dair müxtəlif maneələr törədilir. İddiaçı faktiki olaraq həmin evdən istifadə edə bilərdi, lakin cavabdeh tərəf buna maneə törədir. Qazın, işığın müqavilələri iddiaçının adına olmasına baxmayaraq iddiaçı həmin evdən istifadə edə bilmir. Tikilinin 1936-cı ildə tikilməsini təqsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, həmin evdə yaşayır, evin açarı ondadır. İddiaçı tərəf evin qazını, işığını, qapını sındırmışdır. O, 1986-cı ildən həmin evdə yaşayır, həyətə, bağa baxır, təmizləyir. İddiaçının həmin evdən istifadəyə dair heç bir sənədi yoxdur. Qızı məktəbə gedəndə həmin evdə yaşayırdı, daha sonra onlar qızını çıxardılar. Qızının oraya qeydiyyatı var idi. Səid orada yaşamamışdır. Onlar Rusiyada yaşayırlar.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, evin heç bir sənədi yoxdur, yalnız ev kitabçası vardır. 1986-cı il tarixində onun atası öz uşaqları ilə bir yerdə Rusiyaya köçüb gedirlər və oranın vətəndaşılığını alırlar. 6-7 ay sonra onların atası Syadan qardaşına zəng vuraraq bildirir ki, burada ona baxmırlar. Və qayıdıb bura gəlirlər. Cavabdehin adına Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci il tarixində hesabat arayışı, texniki pasport tərtib olunub. İddiaçı tərəfindən 2022-ci il tarixində həmin sənədlər necə əldə olunub? Bununla bağlı polisə, prokurorluğa şikayət olunub, lakin bu məsələnin onların səlahiyyətinə aid olmadığı bildirilib. Torpağın, evin sənədləri yoxdur. Onun iki uşağı, bir qızı, bir oğlu vardır. Etibarnamə bir nəfər şəxs tərəfindən verilmişdir. Cavabdeh həmin evdə yaşayır, evin açarı onda vardır. İddiaçının qeydiyyatı başqa yerədir. Onlar bələdiyyəni şikayət etmiş, lakin torpağın İcra Hakimiyyətinə məxsus olduğunu bildirdilər. Ev cavabdehin atasının adına olubdur. Cavabdeh həmin evin yaxınlığında yaşayır, həmin evdə yaşamır. O, sadəcə həyətə gəlibgedir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 26.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 28.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 29.163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi iləəldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 30.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 31.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyinqaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

32. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

33. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 34.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

35.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 36.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 37.81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 39.Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 40.Hazırda iddiaçı mübahisəli evin onun tərəfindən alınmasına, həmin evin sahibi olmuş şəxsin övladı X19 tərəfindən evə dair istifadə və sahibliyini ona verməsinə, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin onunla bağlanmasına, habelə bələdiyyədə uçota duraraq evə və torpağa görə əmlak vergisi ödəməsinə istinad edərək bildirir ki, o, mübahisəli evin faktiki və qanuni sahibidir. 41.İşin mübahisələndirilməyən halları isə bundan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir və bu tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi, alqı-satqı, bağışlama və s.) mövcud deyildir. Bu hal həmçinin X9 Serebrovski qəsəbəsi İcraiyyə Komitəsinin tərtib etdiyi xx.xx.1986-cı il tarixli arayışda öz əksini tapmışdır. Belə ki, həmin arayışda qeyd olunur ki, özbaşına tikili olan ev X11 sahibliyindədir. 42.İş materiallarından müəyyən olunur ki, X19 uzun müddət ərzində yaşamadığı özbaşına tikili olan evi Rusiya Federasiyasının notariat orqanları tərəfindən tərtib edilmiş etibarnamə ilə iddiaçının oğlu Nümayəndə Azad oğlunun, sonuncu isə öz növbəsində mübahisəli evi anasının-iddiaçının sərəncamına və idarəsinə vermişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq mübahisəli evə sahiblik etmir. 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həqiqətən də X12 həmin tikilini başqa şəxslərin mülkiyyətinə (istifadəsinə, sahibliyinə və sərəncamına) vermək üzrə səlahiyyətli şəxs olması halı öz təsdiqini tapmayan hallardandır. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli ev dövlət reyestrində mülkiyyət və ya digər əşya hüququ ilə X12 və ya atasınının adına qeydə alındığı, onun bu özbaşına tikiliyə hər hansı aidliyi müəyyən edilmir. Halbuki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırki iş üzrə bu cür halların da mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin qeyd edilən şəxslərin mülkiyyətində olması müəyyən edilmir. 44.Eyni zamanda X12 həmin evdə son illər ərzində yaşaması, yaşayış sahəsinə ehtiyacını məhz bu tikili hesabına ödəməsi, evin əldə olunmasında/tikilməsində özünün iştirak etməsi, mübahisə predmeti olan evə hər hansı bir hüquqa, yəni subyektiv hüquqa malik olması, göstərilənlərə əsasən onun mübahisə predmeti olan evə qanuni gözlənti hüququnun olması hallarının da öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Beləliklə etibarnamə verən X19 özünə məxsus olmayan əmlak barəsində sərəncam verərkən səlahiyyətsiz şəxs olmuş, onun bu əmlakı başqa şəxsə özgəninkiləşdirmək hüququ olmamışdır. 45.Halbuki hər hansı üsul vasitəsilə əmlak üzərindəki hüququ ötürən şəxs, belə davranışı qanuvericiliyə görə labüd olması üçün, müvafiq əşya üzərində mülkiyyət və digər əşya hüququna malik olmalıdır. Bu hal müvafiq normalarla tələb irəli sürülməsi üçün X12 və daha sonra iddiaçının subyektiv hüququna dəlalət edə bilərdi. 46.Qeyd edilməlidir ki, mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı ilə bağlanması, "xxxx" MMC tərəfindən hesabat cədvəlinin onun adına tərtib olunması ona mübahisəli daşınmaz əmlak üzərində hər hansı hüquq qazandırmır. İddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə özgəninkiləşdirənin hüquqmüəyyənedici sənədlərin qaydasında olub-olmamasını yoxlamalı olduğu halda bunu etməmiş, bu da onun işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyəti də özü daşımalıdır. 47.Bundan başqa iddiaçı həmçinin evin və onun yerləşdiyi torpaq sahəsinin istifadəsində və sahibliyində olmasına istinad etmişdir. Belə olan halda iddia tələbinin qanuni əsası kimi həm də sahibliyin müdafiəsinə dair normalar nəzərdən keçirilə bilər. 48.Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sahibliyin mahiyyəti və müdafiəsinə dair mülki hüquq qaydaları ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. 49.Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 50.Beləliklə, məhkəmə tərəfindən iddianın bu norma əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar). Bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır. 51.İş materiallarından göründüyü kimi, hazırki işdə yuxarıda qeyd edilən maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçının ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblənməyə başlaması halı onun öz izahatına əsasən təkzib edilmişdir. İddiaçı tərəf verdiyi izahatda mübahisəli özbaşına tikiliyə cavabdehin qanunsuz hərəkətləri ucbatından sahiblənə bilmədiyinə istinad etsə də, bu hal mövcud vəziyyəti dəyişmir. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayətiüzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. 53.Beləliklə yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçı özbaşına tikili olan mübahisəli fərdi yaşayış evinə münasibətdə edilən qanunsuz hərəkətlərə son qoyulmasını nə cavabdehdən, nə də istənilən digər üçüncü şəxsdən məhkəmə vasitəsilə tələb etmək üzrə subyektiv hüquqa malik deyildir. Belə olan halda cavabdehin həmin ev üzərində hər hansı hüquqa malik olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. 54.Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 55.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1437/2023 saylı 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar