Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1497/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan yaşayış sahəsində payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan yaşayış sahəsində payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 8 saylı evdə ona məxsus payın naturada ayrılaraq, onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi 8 saylı ev paylı mülkiyyətdə olan yaşayış evidir. Həmin yaşayış evinin 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi X3 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onların hər birinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövləy qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da verilmişdir. Hal-hazırda İddiaçı ona məxsus payın naturada ayrılaraq, İddiaçı mülkiyyətinə verilməsini istəyir. Lakin digər mülkiyyətçi isə paylı mülkiyyətdə olan həmin yaşayış sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsinə razılıq verməmişlər. Onların arasında razılaşma əldə etmək mümkün olmadığına görə, o öz payının ayrılmasını məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbləri ilə razılaşaraq bildirdi ki, paylı mülkiyyət hüququ ilə ona və iddiaçıya məxsus daşınmaz əmlak üzrə real bölgü aparılmasına etiraz etmir, ekspertiza rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* № çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən ev 8 mülkiyyət hüququ ilə İddiaçı 2/3 hissə və Cavabdeh 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 iyul 2021-ci il tarixli 10/1349 saylı ekpertiza rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən ev 8 fərdi yaşayış evi faktiki vəziyyətdə təcrid şəkildə bölünmüşdür. Faktiki bölgü zamanı iddiaçınını və cavabdehin istifadəsində yardımçı və yaşayış otaqlarının olmasını, tərəflərin istifadələrində olan hissələrə ayrıayrılıqda giriş-çıxış qapılarının olmasını nəzərə alaraq faktiki vəziyyətdə olan bölgünün “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1., 2.2., 2.4, 2.9. bəndlərində göstərilən tələblərə uyğun olduğu müəyyən olunur, lakin faktiki bölgü tərəflərin payına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2 maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərə paylı mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın real şəkildə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1, 2.2., 2.4, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olsa da, iddiaçıya məxsus payın naturada ayrılaraq onun mülkiyyətinə verilməsi barədə iddia tələbinin təmin edilməsi üçün məhkəmə əsaslar müəyyən etmir, çünki bu bölgü tərəflərin payına uyğun deyil, faktiki bölgü qaydasında aparılması mümkün ola bilər. Bu isə digər mülkiyyətçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 8 saylı evdə ona məxsus payın naturada ayrılaraq onun mülkiyyətinə verilməsi barədə tələbi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı və Cavabdeh alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesaba keçirilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1497/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1497/2021
18.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver