Məhkəmə qərarları › İş №2(010)-1556/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1556/2024

24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1556/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçı-cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit və ipoteka öhdəliyinə xilam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 may 2018-ci il tarixli 3M-441 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı tərəfindən 2 ay müddətinə (xx.xx.2018-ci il tarixədək) 20.000 ABŞ dolları məbləğində borca pul verilmişdir.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 may 2018-ci il tarixli 3M-442 saylı ipoteka müqaviləsinə əsasən verilmiş pul vəsaitinin əvəzində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 37 ünvanında yerləşən 22 saylı mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 Cavabdeh adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 2 ay (xx.xx.2018-ci il tarixədək) müddətinədək müəyyən edilmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-346/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və s.” tələbinə dair mülki üzrə iddia tələbi təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3121/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 346/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3121/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh müqavilə üzrə 28020 manat ödəniş etdiyi və İddiaçı 5980 manat məbləğində borcu qaldığı müəyyən olunur.

8. xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı müvafiq olaraq 10.000 ABŞ dolları, 20 ABŞ dolları və 3530 ABŞ dolları olmaqla, ümumilikdə 13.550 ABŞ dolları məbləğində pul ödənilmişdir.

9. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli təklif məktubundan müəyyən olunur ki, Cavabdeh İddiaçı borcunu ödədiyi üçün 19 may 2018-ci il tarixli 3M-441 saylı kredit müqaviləsinə və 19 may 2018-ci il tarixli 3M-442 saylı ipoteka müqaviləsinə xitam verilməsinə razılıq verilməsini xahiş etmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğuna və qanunla müəyyən edilmiş iddia müddətini ötürməsinə görə rədd edilməsinə, iş üzrə tərəfindən irəli sürülmüş “kredit və ipoteka öhdəliyinə xitam verilməsi”nə dair qarşılıqlı iddiasının təmin edilərək müvafiq kredit müqaviləsinə, ipoteka öhdəliyinə xitam verilməsinə və həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşin faktiki halları

11. İddiaçı ilə Cavabdeh arasında 19 may 2018-ci il tarixli 3M-441 saylı kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə kredit verilməsi, borcun təminatı olaraq, mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

12. İddiaçı Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 20.000 (iyirmi min) dollar əsas borc, 5 000 (beş min) ABŞ dolları faiz borcu, eləcə də cavabdeh tərəfindən ona qarşı əsassız məhkəmə iddiaları irəli süründüyündən maddi və mənəvi ziyan kimi 5 000 (beş min manat), habelə dövlət rüsumu olaraq ödənilən 192 (bir yüz doxsan iki) manat pulun cavabdehdən geri alınması, pul ödənilmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri 50 Saylı Dövlət Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı 1 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələr üzrə öhdəliklərə xitam verilməsi və ləğv edilməsi, mənzilin ipoteka ilə yüklü olunmasından azad edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin bütünlükdə təmin edilməsi, cavabdeh İddiaçı ilə aralarında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-441 saylı kredit müqaviləsinə, xx.xx.2018-ci il tarixli, 3M-442 saylı ipoteka müqaviləsinə və həmin müqavilələr üzrə öhdəliklərə xitam verilməsi və ləğv edilməsinə, mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzilin girovdan azad edilməsinə (ipoteka ilə yüklü olunmasından azad edilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1556/2024 nömrəli iş üzrə qəbul etdiyi 08 fevral 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.

Tərəflərin izahatları

15. Cavabdeh-iddiaçı Cavabdeh elektron kabinet vasitəsi ilə ərizə göndərərək xx.xx.2024-cü il saat 10:00 tarixinə təyin edilmiş "məhkəmə baxış iclası"nda işyirakı Xaçmaz Rayon Məhkəməsinin icraatında olan iş № 2(067)-1626/2024 saylı iş üzrə təyin edilmiş "məhkəmə hazırlıq iclası"nda iştirakı ilə əlaqədar olaraq qeyri-mümkündür, bu səbəbdən hazırki iş üzrə təyin edilmiş "məhkəmə baxış iclası"nın qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 50 Saylı Dövlət Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı 1 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.

16. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, onunla cavabdeh arasında qarşılıqlı razılaşma olub və 2018-ci il tarixdə o, cavabdehə 20.000 ABŞ dolları məbləğində pul vermiş, cavabdeh isə qarşılığında ünvan 3 ünvanda yerləşən mənzilini onun xeyrinə ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsinin şərtinə görə 2 ay müddətinə həmin pulu geri qaytarmalı idi. Bu vaxtdan bir müddət keçdikdən sonra qeyri-rəsmi olaraq da 10.000 dollar pul vermiş və həmin məbləği də ya rəsmiləşdirməklərini, ya da ipoteka müqaviləsinə əlavə etməyi təklif etsə də, cavabdeh əmlakını ipoteka etdiyini, 10000 dolların söhbətini etməyin ayıb olduğunu bildirmişdir. Cavabdeh 20000 dollar borcdan ona rəsmi qaydada 10.000 dollar və 1000 manat, yəni 10.600 dollar pul qaytarıb. Bundan əlavə, qarşı tərəf 2023-cü ilin iyul ayında onun bank hesabına 20 dollar və 3530 dollar pul yerləşdirib. Cavabdeh ona 10000 manat məbləğində pul ödəməyib, bu, ola bilər ki, onun nümayəndəsinin səhvidir, çünki cavabdeh özü də həmin məbləği verdiyini sübut edə bilmir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi.

17. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirmişdir ki, qarşı tərəf ona 6000 manat ödəmədiyini, yalnız 10000 dollar, 600 dollar və 10000 manat ödədiyini, həmin 10000 manatın da qeyri bir borc üzrə olduğunu qeyd etmişdir. Lakin o, 6000 manatdan əlavə olaraq 40-50 manat da ödəniş etmişdir. O, xx.xx.2023-cü il tarixdə 20 dollar və 3530 dollar olmaqla cəmi 3550 dolar ödəniş etmiş və bu barədə qəbzlərini məhkəməyə təqdim etmişdir. Ümumilikdə o, 10000 dollar + 600 dollar + 3550 dollar + 10000 manat ödəniş etmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ilə öz təsdiqini tapmışdır ki, hazırki iddiaçının vəkili və nümayəndəsi orada onun bir dəfə 10000 dollar, bir dəfə 600 dollar və əlavə olaraq 10000 manat ödəniş etdiyini, həmin 10000 manatın bu borca aid olmadığını, əldən ələ verildiyini və həmin məbləğin də qaytarıldığını qeyd edib. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Artıq məhkəmə qərarı ilə 20000 dollar məbləğin 28000 manatının ödənildiyi öz təsdiqini tapmışdır. Həmin 34000 manatdan 6000 manat ödənilməmiş qalmışdır. Məhkəməyədək 28000 manat ödəniş etmiş, məhkəmə iclasından çıxdıqdan sonra onun kart hesabına 3550 dollar ödəniş etmişdir. Bu 3550 dollar məbləğ həmin qalıq 6000 manat üçün edilib. Bank ona kart hesbına yalnız dollar şəklində mədaxil edildiyini bildirdiyi üçün o, 6000 manat yox, 3550 dollar ödəniş etmiş, hətta orada dollarla olduğu üçün əlavə ödəniş də etmişdir. Göründüyü kimi onun artıq borcu yoxdur və buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 294. Girova xitam verilməsi 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə. 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Maddə 307. İpoteka müqaviləsi 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 383. İddia müddəti bitdikdən sonra vəzifənin icrası Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.8. əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Maddə 48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.2. əsas öhdəliyə xitam verildikdə. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

21. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı

Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

24. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir.

25. Belə ki, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

26. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan məlum olur ki, İddiaçı 19 may 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 20.000 ABŞ dolları məbləğində borca pul vermiş və borc müqaviləsinin predmeti pul məbləği olduğu üçün kredit müqaviləsi adlandırılmışdır. Tərəflər arasında qeyd olunan kredit müqaviləsi bağlandıqdan sonra həmin tarixdə kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərin təminatı məqsədilə ipoteka müqaviləsi bağlanılmış və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 37 ünvanında yerləşən 22 saylı mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir.

27. Hazırda Sadıqov X1 Nurlanə Nazim qızından kredit müqaviləsi üzrə ona borclu olduğu əsas borc, faiz borcu, eləcə də maddi və mənəvi ziyan kimi pul, pul ödənilmədiyi təqdirdə isə tutmanın ipoteka predmetinə yönəldilməsini, Cavabdeh isə müqavilələr üzrə öhdəliklərə xitam verilməsi və ləğv edilməsi, mənzilin ipoteka ilə yüklü olunmasından azad edilməsini tələb edir.

28. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə Cavabdeh müqavilə üzrə 28020 manat (10.600x1.7=18.020+10.000=28.020 manat) ödəniş etdiyi və İddiaçı 5980 manat məbləğində borcu qaldığı müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunan həmin fakt İddiaçı hüquqlarını təmsil edən vəkili və nümayəndəsinin 1-ci instansiya məhkəməsində verdiyi izahat ilə də bir daha öz təsdiqini tapmışdır. Odur ki, Cavabdeh müqavilə üzrə 28020 manat ödəniş etdiyi və cəmi 5980 manat məbləğində borcunun qalması faktı preyudisal xarakter daşıyır və mübahisələndirilə və yenidən sübut edilə bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, o, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra 20 ABŞ dolları və 3530 ABŞ dolları olmaqla, ümumilikdə 3.550 ABŞ dolları, yəni 6035 (3550x1.7=6035 manat) məbləğində pul ödəmiş və qalıq qalan 5980 manat borcunu tamamilə bağlamışdır.

29. Göründüyü kimi cavabdeh kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun ödənilməsindən ibarət hərəkəti icra etsə də, iddiaçı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka ilə yüklü edilmiş mənzilin yüklülükdən azad edilməsinə razılıq vermir və formal olaraq mənzilin yüklülüyündən istifadə edərək əlavə olaraq ödənilmiş pulun yenidən alınması tələbi ilə bağlı cavabdehə qarşı iddia tələbi irəli sürməklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh müqavilə üzrə öhdəlik münasibətinin iştirakçısı olaraq həmin müqavilənin şərtlərini tam olaraq yerinə yetirərək doğuracağı hüquqi nəticələri aradan qaldırmasına baxmayaraq mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 İddiaçı xeyrinə ipoteka ilə yüklü qalmaqdadır. Başqa sözlə, İddiaçı həmin əmlak üzərində onun məhdud əşya hüququ olması əsaslarından çıxış edir, bu isə mülki qanunvericiliyin təbiətinə ziddiyət təşkil edir.

30. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmiş mövqeyə əsasən bildirir ki, “ləğvetmə” xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Odur ki, sadəcə olaraq, qarşılıqlı iddia tələbi üzrə müqaviləyə və müqavilə üzrə öhdəliklərə xitam verilməlidir.

31. Məhkəmə cavabdehin ərizəsində qeyd etdiyi digər xüsusata (ilkin iddia tələbinin həm də iddia müddəti ötürüldüyünə görə rədd edilməsi) münasibət bildirərək qeyd edir ki, cavabdeh müqavilə üzrə iddia müddəti bitdiyini iddia etsə də, qalıq borc məbləği də daxil olmaqla, bütün borc məbləğini bağlamış və ödənişlər etmişdir. Odur ki, qanunvericiliyə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Həmçinin, cavabdeh borcunu ödəyərək müqavilə üzrə öhdəliyini icra etdiyi üçün öhdəliklərinə də xitam verilmişdir və bu səbəbdən iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsindən söhbət gedə bilməz.

32. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 37 ünvanında yerləşən 22 saylı mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə xitam verildiyindən İddiaçı xeyrinə yüklü edilmiş həmin mənzil yüklülükdən azad edilməlidir.

33. “İpoteka haqqında” Qanunun tələblərinə əsasən məhkəmə iddiaçıya izah edir ki, ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ilkin iddianın təmin edilməsini aradan qaldırırdığı üçün ilkin iddia və onunla əlaqəli olan digər tələblər də (kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, eləcə də maddi və mənəvi ziyan kimi pul, pul ödənilmədiyi təqdirdə isə tutmanın ipoteka predmetinə yönəldilməsi) rədd edilməlidir.

Məhkəmə xərcləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.

38. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

39. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 may 2018-ci il tarixli 3M-441 saylı kredit müqaviləsinə və həmin müqavilə üzrə öhdəliklərə xitam verilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 may 2018-ci il tarixli 3M-442 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 37 ünvanında yerləşən 22 saylı mənzil ipoteka yüklülüyündən azad edilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 may 2018-ci il tarixli 3M-441 saylı kredit müqaviləsinə və həmin müqavilə üzrə öhdəliklərə xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 may 2018-ci il tarixli 3M-442 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 37 ünvanında yerləşən 22 saylı mənzil ipoteka yüklülüyündən azad edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı Cavabdeh xeyrinə tutulsun. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçınnun özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar