Məhkəmə qərarları › İş №2(010)-1570/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1570/2023

30.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1570/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 dekabr 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini ona satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V“ Yaşayış sahəsi, ev 1, mənzil 124 onun tam mülkiyyətindədir. Aralarında bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ona üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi, o isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. O, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tanımır, qeyd edilən mənzili satmaq istəyərkən bəlli olmuşdur ki, həmin şəxslər onun mənzilində qeydiyyatdadır. Onlar həmin mənzildə yaşamırlar, qeydiyyatları da formal xarakter daşıyır. Bu hal da mülkiyyətçi kimi onun bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşaması da ona məlum deyil. ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan da görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatda qalmışlar. Ümumiyyətlə, cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmağı onu narahat edir, onların mənzilində formal qeydiyyatına son vermək üçün o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etsə də, Suraxanı rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixində müraciətinə imtina cavabı vermiş və məhkəməyə müraciət etməli olduğunu izah etmişdir.

İddiaçınını tələbi.

2. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 faktiki yaşayış yeri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 62 saylı MKİS-dən cavabdehlərin həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehlərin həmin mənzildə yaşamamasına dair qeyd yazılmış məhkəmə bildirişləri məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. X1 alıcı İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı ünvan 1-ü alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəllərinə götürmüşdür.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, Y/M “V” massivi, ev 1, 124 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadırlar.

8. Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həllinin mümkün olmadığı və ona aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilmişdir.

9. 62 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, 1 saylı evin 124 nömrəli mənzilində yaşayır, mənzil ona məxsusdur. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yuxarıda göstərilən ünvanda yaşamırlar.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Məhkəmənin sorğusuna cavab məktubundan müəyyən olunur ki, ünvan 4 ünvanında Cavabdeh1 xx.xx.2001-ci il tarixdən hazıradək, Cavabdeh2 xx.xx.1998-ci il tarixdən hazıradək, Cavabdeh3 xx.xx.2003-cü il tarixdən hazıradək, Cavabdeh4 xx.xx.2003-cü il tarixdən hazıradək, Cavabdeh5 xx.xx.1987-ci il tarixdən hazıradək qeydiyyatdadırlar.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

13. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunu.

Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, iş üzrə cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır.

17. Məhkəmədə tədqiq eidlmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Cavabdehlərlə mülkiyyətçi qismində çıxış edən iddiaçı arasında həmin mənzildən cavabdehlərin istifadə hüququnun yaranmasın dair hər hansı notarial müqvailənin bağlanılması və bu hüququn daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçməsi halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan mənzilə dair istifadə hüququ mövcud olmamış, yaranmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi qismində çıxış edən iddiaçının mülkiyyət hüququnun əsasız olaraq pozulmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 1 saylı evin 124 saylı mənzilinə dair istifadə hüquqlarının olmaması müəyyən edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamə cavabdehlərin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 1 saylı evin 124 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 1 saylı evin 124 saylı mənzilinə dair istifadə hüquqlarının olmaması müəyyən edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 1 saylı evin 124 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar