Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1583/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********31-10301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə onun adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır və tam pay olaraq iddiaçının mülkiyyətindədir. xx.xx.2025-ci il tarixdə “Asan 4” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində aşağıda adları qeyd olunan şəxslər:1. Cavabdeh1 (xx.xx.1984),2.Cavabdeh2 (02.10.)1988), 3.Cavabdeh3 (xx.xx.2000), 4. Cavabdeh4 (xx.xx.2002) pasport qeydiyyatındadırlar. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 gəlini, Cavabdeh3 və Cavabdeh4 nəvələridir. Cavabdeh2 iddiaçının oğlu Məmmədov Eldənizlə ailəli idi. Hal-hazırda boşanma ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Münasibətləri pozulduğuna görə Cavabdeh2 atasının evində yaşayır. Cavabeh Məmmədova X1 Elmar ilə ailəlidir. Hal-hazırda ailəsi və uşaqları ilə birlikdə Dədə Qorqud qəsəbəsində yerləşən özlərinə məxsus evdə yaşayırlar. Cavabdehlərin belə vəziyyətdə onun xüsusi mülkiyyətində olan evdə qeydiyyatda qalması onu əsəbiləşdirir və səhhətinin tez-tez pisləşməsinə səbəb olur. O, yaşlı və xəstə qadındır. Onların iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçıya əlavə problemlər yaradır. Maddi vəziyyətinə görə cavabdehlərin yerinə kommunal xərcləri ödəməyə imkanı yoxdur. Onların qeydiyyatının formal xarakter daşımasını nəzərə alıb, onların iddiaçıya məxsus evdən istifadə hüquqlarına xitam verilməsi üçün əsaslar vardır. Cavabdehlərin onun mülkiyyətində olan evdə qeydiyyatda qalması bir mülkiyyətçi kimi hüquqlarını pozur. Onların yaşaması üçün özlərinə məxsus yaşayış yerləri vardır. Hesab edir ki, mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatı formal xarakter daşıdığından onların həmin evdən istifadə hüquqlarına xitam verilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 iddiaçının gəlinləri, digər cavabdehlər nəvələridir. Cavabdeh2 yoldaşından boşanma ərəfəsindədir. Cavabdeh1 isə yoldaşı və övladları ilə birgə başqa evdə yaşayırlar. Qeyd edir ki, kompensasiya təklif etmirlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Ondan başqa Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 da həmin ünvanda qeydiyyatdadırlar. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX№1013052 Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 280.4 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsinin ölçüsü 0.09 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla İddiaçı hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla İddiaçı adına xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli 1744 saylı Bakı şəhəri Suraxanı RİHB tərəfindən verilmiş sərəncamdan görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 520 V nömrəli evin arxa hissəsində 900 kvm. torpaq sahəsi ayrılmışdır. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, AZ-T seriyalı, 071520 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Məmmədov Eldəniz ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 26 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 305833 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Məmmədov Elmar ilə X2 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 449 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 941760 nömrəli notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 (atası X3, anası Cavabdeh1) xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-ci il tarixdə 1225 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 941759 nömrəli notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 (atası X3, anası Cavabdeh1) xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-ci il tarixdə 1224 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı.
1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, xx.xx.1998-ci il tarixli 1744 saylı Bakı şəhəri Suraxanı RİHB tərəfindən verilmiş sərəncam ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 520 V nömrəli evin arxa hissəsində 900 kvm. torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən, İddiaçı xx.xx.2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin tam pay olmaqla mülkiyyətçisinə çevrilmişdir. Həmin ünvanda cavabdehlər – Cavabdeh2 (iddiaçının gəlini) Cavabdeh1 (iddiaçının gəlini), Cavabdeh3 (iddiaçının nəvəsi) və Cavabdeh4 (iddiaçının nəvəsi) qeydiyyatdadırlar. Lakin onların hazırda həmin ünvanda yaşayıb yaşamadıqları ilə bağlı dəqiq məlumatlar məhkəməyə təqdim edilməmiş, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdirlər. İddiaçı onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəyə mahiyyəti üzrə baxılaraq istifadə hüququna xitam verilməsi üçün, ilk növbədə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olub olmadığını müəyyənləşdirmək zəruridir. Tələbin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 istifadə hüququna xitam verilməsi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, onunla iddiaçının oğlu (Məmmədov Eldəniz) arasında nikah 2007-ci il tarixdə bağlanmışdır. Belə olan halda, Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına uyğun olaraq, həmin münasibətlərə AR Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, 228.5-ci maddənin tələblərinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Belə ki, mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı – mülkiyyətçinin övladlarının arvadına münasibətdə, yalnız mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilə bilərdi. Lakin, məhkəmə tərəfindən tərəflər - İddiaçı və Cavabdeh1 arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın mövcud olduğu müəyyən edilməmişdir. Həmin razılaşma olmadığından, hesab edilir ki, Cavabdeh1 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 559A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmamışdır. Belə olan halda, yəni istifadə hüququnun olmadığı halda, ona xitam verilməsi işin hallarına uyğun deyildir və iddia tələbi bu hissədə təmin edilə bilməz. Tələbin sözügedən ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh2 istifadə hüququna xitam verilməsi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, onunla iddiaçının oğlu (Məmmədov Elmar) arasında nikah 2017-ci il tarixdə bağlanmışdır. Belə olan halda, Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına uyğun olaraq, istifadə hüququ ilə bağlı məsələlərə AR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Mənzil Məcəlləsin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçinin gəlini aid edilməmişdir. Bundan başqa, həmin maddə və yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, mülkiyyətçinin ailə üzvü hesab edilə bilən “digər qohumlar” siyahısında da mülkiyyətçinin oğlunun arvadı sadalanmamışdır. Bununla da, hesab edilir ki, Cavabdeh2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 559A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmamışdır. Belə olan halda, yəni istifadə hüququn olmadığı halda, ona xitam verilməsi işin hallarına uyğun deyildir və iddia tələbi bu hissədə təmin edilə bilməz. Tələbin sözügedən ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının nəvələri – Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi hissəsində məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh3 – xx.xx.2000-ci; Cavabdeh4 isə xx.xx.2002-ci ildə doğulmuş, yetkinlik yaşlarına Cavabdeh3 – xx.xx.2018-ci; Cavabdeh4 isə xx.xx.2020-ci ildə çatmışlar. Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına və Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 və Cavabdeh4 həmin evə ataları – İddiaçı övladı Məmmədov Elmar tərəfindən köçürülmüşdür. Bununla, məhkəmə hesab edir ki, onların istifadə hüququ məhz həmin vaxtdan yaranmış hesab edilməlidir. Həmçinin, onların yetkinlik yaşına çatdıqdan sonra, başqa yaşayış yerlərinin – dövlət reyestrində adlarına qeydiyyata alınmış hər hansı bir daşınmaz əmlaklarının olmaması məhkəmə tərəfindən müəyyən edildikdən, mübahisəli evdən istifadə etmək ehtiyaclarının olması nəzərə alınmalıdır. Belə olan halda, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsasən, Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdən istifadə etmək ehtiyaclarının olmasına baxmayaraq, mülkiyyətçinin – İddiaçı onların həmin evdən istifadə hüququna xitam verilməsini tələb etdiyi halda, istifadə hüququna yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilərdi. Lakin iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kompensasiya təklif etmədiklərini bildirmişdir. Belə olan halda, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilə bilməz. Bununla, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə də, İddiaçı “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçı “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva