Məhkəmə qərarları › İş №2(010)-1595/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1595/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1595/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Əhmədova (Kərimova) Ema Dostumalı qızının Cavabdeh1 və qeyrilərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Əhmədova (Kərimova) Ema Dostumalı qızı Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun vurduğu 2009-cu ildən bu yana ziyanların qiymətləndirilməsi və evin əsassız olaraq girov saxlaması və iki tikilini sökməsi, onun materiallarını oğurlayıb aparması, evi yararsız hala salması, onu əsasssız olaraq 535 manat cərimə etdirməsi, onu bu müddətdə banklara borca salması, onu şəkər xəstəsi etməsi, əzab-əziyyətlə böyütdüyü 12 meyvə ağaclarını qanunsuz kəsməsi üçün vurduğu maddi-mənəvi ziyanları ödəməsində onun 2009-cu ildən bu yana kirayə pulunu vermədiyinə görə qanuna müvafıq qərar çıxarmağı xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, cavabdeh şəxsin məhkəmə iclasına çağrılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. Bundan əlavə Mülki Prosesual Məcəllənin 149.1.-ci tələbinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 9.2.-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3.-cu maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsini məhkəməyə təqdim edərkən məhz MPM-nin tələblərinə əməl etməmiş və iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, hazırkı ərizədən müəyyən edildiyi kimi, iddiaçı məhkəməyə “maddi və mənəvi ziyanın” tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda Əhmədova (Kərimova) Ema Dostumalı qızının məhkəməyə təqdim etdiyi ərizəyə əsasən işə məhkəmədə iddia icraatı qaydasında baxılmasına imkan vermir. Belə ki, o, ümumiyyətlə ərizəsində (giriş hissəsində) özünü iddiaçı, digər şəxsi isə cavabdeh kimi qeyd etsə də, tərəflərin ünvanlarını dəqiq göstərməmiş və buna dair sübutları ərizəyə əlavə etməmiş, beləliklə də ərizəni iddia ərizəsi formasında məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia tələbinə dair ərizə – iddia ərizəsi formasında tərtib edilməlidir və iddia ərizəsinin giriş hissəsində iddia tələbinə aidiyyatı olan tərəflər (iddiaçı, cavabdeh və onların poçt ünvanları) dəqiq göstərilməlidir. Həmçinin iş materiallarından göründüyü kimi dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbini əsaslandırdığı halları, eləcə də iddia tələbinin “xahiş etdim” hissəsini aydın göstərməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Əhmədova (Kərimova) Ema Dostumalı qızının Cavabdeh1 və qeyrilərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı Əhmədova (Kərimova) Ema Dostumalı qızının Cavabdeh1 və qeyrilərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar