Məhkəmə qərarları › İş №2(010)-1638/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1638/2021

27.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1638/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi ilə, İddiaçılar X2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı “evin naturada bölünməsi yaxud açıq hərracdan satılaraq satış pulunun bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı “evin naturada bölünməsi yaxud açıq hərracdan satılaraq satış pulunun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən paylı mülkiyyət hüququ ilə onlara və cavabdehə məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, ümumi sahəsi 219.80 m2 olan fərdi yaşayış evinin naturada bölünməsi; naturada bölünmə mümkün olmadıqda Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılaraq, əldə edilmiş gəlirin iddiaçılar və cavabdehlər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki: “Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, ümumi sahəsi 219.80 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçılar X3 (1/14 hissə), İddiaçı3 (1/14 hissə), İddiaçı1 (1/14 hissə), İddiaçı4 (1/14 hissə) və Cavabdeh (10/14 hissə) məxsusdur. Fərdi yaşayış evi mərhum atamız X5 miras qalmışdır. Mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Cavabdeh bizim həmin mənzildə yaşamağımıza maneələr törədir. Buna görə də biz cavabdehlə paylı mülkiyyətimizdə olan yaşayış sahəsini sataraq özümüzə yaşayış evi almaq istəyirik. Həmin paylı mülkiyyət naturada ayrılmadığı üçün fərdi yaşayış evinin satılması mümkün deyil. Hal-hazırda həmin fərdi yaşayış evinin naturada bölünməsi, bölünə bilmədiyi halda daşınmaz əmlakın açıq hərracdan satılmasına və daşınmaz əmlakın hərracda satışından əldə edilmiş pulun tərəflər arasında bərabər bölünməsinə nail olmaq istəyirik”. Məhkəmənin əvvəlki iclasında İddiaçı4 iddianı müdafiə edərək bildirmişdir ki, evin paylı mülkiyyətçiləri olmalarına baxmayaraq, cavabdeh onları evə daxil olmağa qoymur. Halbuki, ev böyükdür və təxminən 240 m2 sahəsi var. Onlara düşən sahənin ölçüsü isə təxminən 65 m2-ə yaxındır. Bu sahəni ayrıca giriş-çıxış qoyub ayırmaq, yəni evi naturada bölmək mümkündür. Cavabdeh tərəfindən onların payları qarşılığında heç bir kompensasiya təklif edilməmişdir. Ümumiyyətlə, cavabdeh onlarla heç bir ünsiyyət qurmur, onların evə daxil olmasına belə icazə vermir. Bu səbəbdən hesab edir ki, evin naturada bölünməsi mümkün olmadığı halda ev hərracdan satılmalı və satışdan əldə edilən pulun iddiaçılar arasında bərabər bölünməsi təmin edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında digər iddiaçılar da İddiaçı4 ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 10/14 hissədə Cavabdeh, 1/14 hissədə İddiaçı3, 1/14 hissədə X1, 1/14 hissədə İddiaçı1 və 1/14 hissədə İddiaçı4 mülkiyyət hüququ vardır. "xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 30 iyun 2021-ci il tarixə olan bazar dəyəri 85000 manat, likvid dəyəri 68000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, ekspert vəsatəti təmin edilmədiyinə görə (tərəflər məhkəməyə gəlmədiyinə görə) ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə materialların təqdim edilməsi barədə vəsatət təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.80 m2 olan fərdi yaşayış evi tərəflərin ümumi paylı mülkiyyətindədir. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi üzərində 10/14 hissədə Cavabdeh, 1/14 hissədə İddiaçı3, 1/14 hissədə X1, 1/14 hissədə İddiaçı1 və 1/14 hissədə İddiaçı4 mülkiyyət hüququ vardır. Həmin evdə hazırda Cavabdeh yaşayır. Paylı mülkiyyətin mülkiyyətçiləri olan iş üzrə tərəflər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətçilərdən İddiaçı3, X4, İddiaçı1 və İddiaçı4 digər paylı mülkiyyətçi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz paylarının naturada ayrılmasını, bu mümkün olmadıqda fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun onlar arasında bərabər bölünməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi mübahisə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi və ondan payın ayrılması ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk növbədə, mübahisəyə tətbiq edilən qanunvericilik normaları nəzərdən keçirilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç birnövünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakırazılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki: Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. ...Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. ...Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Payın ayrılmasının bu iki formada həyata keçirilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması həyata keçirilir. Hazırkı işdən görünür ki, ilk növbədə, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Lakin ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Bu imtina onunla əsaslandırılmışdır ki, tərəflər ekspertizanın keçirilməsində iştirak etməmişdir. Daha sonra məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin naturada bölünməsi məsələsinin mümkünlüyü ilə bağlı yenidən ekspertiza təyin edilmiş, lakin yenə də tədqiqat obyektinə baxışın mümkün olmaması əsası ilə ekspert rəyinin verilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi ilə bağlı ekspert vəsatəti daxil olduqdan dərhal sonra məhkəmə tərəfindən baxışın keçirilməsi ilə bağlı tərəflərə məlumat verilmişdir. Lakin tərəflər, xüsusən də paylı mülkiyyətdə olan fərdi yaşayış evində faktiki olaraq yaşayan cavabdeh ekspertizanın həyata keçirilməsinə imkan verməmişdir. Üstəlik, bu hal iki dəfə təkrarlanmışdır. Belə olan halda məhkəmə mübahisəli evin naturada bölünməsinin mümkün olmaması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən iddiaçıların paylarının naturada ayrılmasının mümkün olmadığını müəyyən etdikdən sonra məhkəmə payların ayrılmasının ikinci formasının - pul kompensasiyasının ödənilməsi – hazırkı mübahisəyə tətbiqinin də mümkün olmadığını hesab edir. Belə ki, hazırkı iş üzrə Cavabdeh nəinki iddiaçılara paylarına mütənasib pul kompensasiyası təklif etmiş, ümumiyyətlə, mübahisəyə məhkəmədə baxılmasının heç bir mərhələsində iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, iddiaçılara paylarına mütənasib kompensasiya təklifi ilə bağlı hər hansı müraciəti məhkəməyə daxil olmamışdır. Bu səbəbdən məhkəmə iddiaçıların paylı mülkiyyətçiləri olduqları fərdi yaşayış evində olan paylarının pul kompensasiyası yolu ilə ödənilməsini mümkün hesab etmir. Belə olan halda, yəni iddiaçıların paylarının ayrılmasının nə naturada, nə də pul kompensasiyası verilməsi yolu ilə təmin edilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan fərdi yaşayış evinin hərracdan satılmasından başqa yol qalmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar bu əmlakın hərracdan satılmasını və satış pulunun bölünməsini tələb etməkdə haqlı olmuşdur. Bu hissədə məhkəmə onu da qeyd edir ki, iddia tələbində evin açıq hərracdan satışından əldə edilmiş gəlirin tərəflər arasında bərabər bölünməsi tələb edilsə də məhkəmə iclasında izahat verən iddiaçıların izahatlarından da məlum olmuşdur ki, onlar “bərabər bölünmə” dedikdə iddiaçılar arasında bərabər bölünməni nəzərdə tutmuşdur. Belə ki, onların fərdi yaşayış evi üzərindəki payları hər birinə 1/14 hissə olmaqla bərabərdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, fərdi yaşayış evinin açıq hərracan satılmasından əldə edilən satış pulunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq, ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi təmin edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin açıq hərracdan satılması Cavabdeh əmlak üzərində olan paylı mülkiyyət hüququnu pozmur. Belə ki, cavabdeh qətnamənin icrası mərhələsində hərrac keçirilən zaman evin satış qiymətinin iddiaçıların əmlak üzərindəki paylarına mütənasib hissəsini onlara ödəməklə evi tam mülkiyyətinə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, iddiaçı X1 1/14, İddiaçı3 1/14, İddiaçı1 1/14, İddiaçı4 1/14 və Cavabdeh 10/14 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılmalı, evin satışından əldə edilən pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməli. Son olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmək üçün İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 1/14, İddiaçı3 1/14, İddiaçı1 1/14, İddiaçı4 1/14 və Cavabdeh 10/14 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılsın və evin satışından əldə edilən pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünsün. İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar