Məhkəmə qərarları › İş №2(010)-1668/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1668/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1668/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh1 vəkil və nümayəndələri Vəkil2 və Vəkil3 Ağamməd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2017-ci il tarixli 4572/59225/41042 №-li diplomat fakturasından görünür ki, şassi nömrəsi WDD 222 167 1A3 194 31 olan “MERCEDES BENZ S400” markalı nəqliyyat vasitəsi Toğrul Bağırov tərəfindən Azərbaycana gətirilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X5 idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «MERCEDES BENZ S400» markalı **- GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

3. Məktuba əlavə olunmuş çıxarışından görünür ki, «MERCEDES BENZ S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilmişdir.

4. Məktuba əlavə olunmuş çıxarışından görünür ki, «MERCEDES BENZ S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2031-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilmişdir.

5. Məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı «MERCEDES BENZ S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 25.000 manata Cavabdeh2 satmışdır.

6. Cavabdeh1 vəkil və nümayəndəsləri X1 və Vəkil3 Ağamməd oğlu tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, İddiaçı Cavabdeh1 qarşı iddiası üzrə iddia müddəti tətbiq edilməsi və iddiadan imtina barədə qərar çıxarılması xahiş olunmuşdur.

İşin faktiki halları

7. «MERCEDES BENZ S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınması, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilməsi, həmin nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilməsi, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2031-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

8. İddiaçı Cavabdeh1 qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış İli 2017 -ci il, Mühərrik - Ban №WDD2221671A319431 olan, Tünd albalı Metalik reng i, X4 (d.n.n.) ** GP *** - MERSEDES BENZ S400 MİNİK markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 vəsatət verərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və məhkəmənin qərarı ilə Cavabdeh2 üçüncü şəxs qismindən çıxardılaraq cavabdeh qismində mülki işə cəlb edilmişdir.

Tərəflərin izahatları

10. İddiaçının vəkili və nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Cavabdehlərin vəkil və nümayəndələri mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiklərini bildirdilər. Məhkəmə işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. Əvvəlki məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, buraxılış ili 2017-ci il olan **-GP-*** qeydiyyat nişanlı Mercedes Benz S400 minik markalı avtomobil 2018-ci ildə iddiaçı tərəfindən alınaraq şəhadətnaməyə əsasən mülkiyyətinə keçirilmişdir. İddiaçı həmin avtomobili 2020ci ildə satmaq qərarına gəlmiş və həmin vaxt yaxın tanışı Cavabdeh1 maşını əlverişli qiymətə satacağını bildirmişdir. Bu səbəbdən iddiaçı cavabdehə maşının satılması barədə etibarnamə vermişdir. Lakin həmin vaxtdan sonra müxtəlif bəhanələrlə satmamış, bu məsələ də xeyli uzanmışdır. Daha sonra idiaçı maşını geri qaytarmasını tələb etmiş, lakin cavabdeh maşını geri qaytarmamışdır. Belə olan halda iddiaçının mülkiyyət hüquqları pozulur. Eyni zamanda, maşının satılması barədə tərəflər arasında hər-hansı ödəniş aparılmamışdır. Həm maşın ondadır, həm də pulu qaytarmır. O, məhkəmə proseslərinin getdiyi vaxt Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X5 İdarəsinə mübahisəli nəqliyyat vasitəsinin hüquqi statusu ilə bağlı müraciət etmiş və müəyyən olunmuşdur ki, mübahisəli nəqliyyat vasitəsi 2020-ci ildə Cavabdeh2 mülkiyyətinə keçmişdir.

12. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tamamilə əsassız, qanunsuzdur. Avtomobil cavabdehin rəisi olan mərhum Toğrul Bağırovun adına olub. O, maşını İsveçrənin Cenevrə şəhərindən əldə edib və maşının Gürcüstandan gətirilməsi üçün öz qardaşı oğlu hazırki iddia üzrə iddiaçıya etibarnamə verib. İddiaçı ona hansı məbləğə gətirilmənin mümkün olduğunu bildirdikdə Toğrul Bağırov həmin məbləğdə gətirilməyə ehtiyac olmadığını bildirib və başqa yollarla gətirmək üçün öz işçisi olan hazırki iddia üzrə cavabdehə etibarnamə verib. Maşın bura gətirilib, bugünədək ailənin istifadəsindədir. Maşın hazırda mərhumun həyat yoldaşı Cavabdeh2 istifadəsindədir. Maşının Cenevrədən əldə edilməsi, gətirilməsi barədə sənədlər də var. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 Ağamməd oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır, hüquqi əsasları yoxdur. Bununla bağlı məhkəməyə etiraz ərizəsi təqdim etmiş və əsaslandırmışlar. İsveçrənin Cenevre şəhərində avtomobilə sonradan cavabdeh qismində qoşulan Cavabdeh2 mərhum həyat yoldaşı Toğrul bəy tərəfindən ödəniş edilmişdir. Avtomobil iddiaçının adına ölkəyə gətirilsə də, gətirildiyi gündən 1 gün belə keçmədən Cavabdeh2 işçiləri tərəfindən idarə edilməsi üçün 3 ədəd etibarnamə verilmişdir, həmin etibarnamələri də məhkəməyə təqdim etmişlər. İddiaçı 1 gün belə olsun bu avtomobilə nə istifadə, nə də sahiblik etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən avtomobilin üzərində bağışlanma, satılma və özgəninkiləşdirilmə barədə 1 il müddətlik etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə bitib. Etibarnamə veriləndən sonra növbəti gün Cavabdeh1 avtomobili Cavabdeh2 adına özgəninkiləşdirir. Özgəninkiləşdirilmənin də alqı-satqı ilə aparılmasının əsas səbəbi onlar arasında yaxın qohumluq münasibətinin olmaması, bağışlanmanın həyata keçirilməsinin qeyri-mümkünlüyüdür. Halbuki, etibarnamədə də bağışlanma hüququ verilmişdir. Bu da sual yaradan bir məsələdir. Əgər iddiaçı bu avtomobili satmaq üçün vermiş olsaydı, bağışlanma hüququnu nəzərdə tutmazdı. İddiaçı bilir ki, bu avtomobilin pulu özü tərəfindən ödənilməyib, faktiki sahibi Cavabdeh2dır, ona görə də bağışlanma hüququ ilə etibarnamə 1 il müddətinə verilib. Cavabdeh1 avtomobili bağışlamaq istəyib, ancaq X6 İdarəsindən ona bağışlanmanın mümkün olmadığı, onların yaxın dərəcələri qohum olmadığı bildirilib. Bu səbəbdən notarial qaydada özgəninkiləşdirilməsi həyata keçirilir. Bundan sonra iddiaçı bilir ki, avtomobil Cavabdeh2 verilib, çünki Cavabdeh2 ondan tələb edir və etibarnaməni də əsl mülkiyyətçisinə qaytarmaq üçün verir. İddiaçı bunu bilir və bundan 4 il keçir. Bu məsələyə tapşırıq müqaviləsini tətbiq etsələr, 3 illik müddət keçmiş olur, xx.xx.2021-ci tarixdə etibarnamə müddəti bitir. Etibarnamə müddəti də bitibsə, avtomobili nə sata, nə də idarə edə bilər. İddiaçı da mülkiyyətçidirsə, avtomobilin geri qaytarılmasını tələb etməlidir. O, iddianı belə əsaslandırırsa, deməli, əsassızdır. Onun əsl niyyəti avtomobili alqı-satqı etmək olsaydı, etibarnamə müddəti bitəndən sonra da avtomobilin qaytarılmasını və ya pulunun verilməsini tələb etməli idi. 3 illik iddia müddəti keçdikdən sonra o məhkəməyə verir. Onlar iddiaçıya qarşı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı da bu işlər üzrə uduzduqdan sonra əvvəllər adına olmuş maşından ona pul verilməməsi tələbi ilə məhkəməyə müraciət edib. Hətta onların növbəti gözləntisi ondan ibarətdir ki, iddiaçının onlara qarşı avtomobilin özgəninkiləşdirilməsi və ona pul verilməməsi tələbi olacaq. Əslində iddianın bu formada verilməsi mümkün deyil, çünki avtomobilin mülkiyyətçisi var və əsl sahibinə çatıb. Buna görə iddia müddəti keçib, hüququ əsası olsa belə, əsassız iddiadır. Həmin avtomobil üzərində 4 il, hətta 5 ilə yaxındır ki, mülkiyyət hüququ əldə edilib. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

14. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, pandemiya dövründə qızı xaricdə idi, orada ailə qurdu və yaşamağa başladı. O da həmin vaxt xaricdə idi. Atası ona bağ evi, sahə vermişdi, onlar da həmin sahənin ətrafından daha geniş sahə aldılar, lakin o, burda olmadığı üçün əri sahənin bir hissəsini bağbanın, bir hissəsini bağbanın həyat yoldaşı qulluqçunun, bir hissəni isə öz qardaşı oğlunun adına alıb və gəldikdə həmin əmlakları ona bağışlayacağını bildirib. Həyat yoldaşı burada olmurdu, xaricdə olurdu və bura 4-5 günlük gəlirdi, bu səbəbdən torpaq sahəsinin özəlləşdirilməsi qalmışdı. Əri rahat olması üçün hər dəfə maşın alanda onları kiminsə adına qeydiyyatlı edirdi. Əri 2019-cu ildə vəfat edəndən sonra o şoka düşmüş və maşınları öz adına qeydiyyata keçirmək yadına düşməmişdir. Rüfətin də adında olan maşın onundur, hamı bunu bilir, o, etibarnaməni hər zaman Fuada verirdi, Fuad köməkçisidi, o, olmayanda işlərini Fuad idarə edirdi. Həmin vaxt Fuadın ailəsinin səhhətində problem olduğu üçün Rüfətə etibarnamə vermişlər. Rüfət ona pul borcludur, indi də bir yol axtarıb həmin pulu əvəz edərək çıxartmaq istəyir.

15. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, 2007-ci ildən Bağırovlar ailəsi üçün çalışır. Toğrul bəyin bir neçə maşını var və həmin maşınlardan mübahisə predmeti olan “Mersedes Benz S400” Minik markalı nəqliyyat vasitəsinin gömrük xərclərini də onlar ödəmişlər. Həmin maşın Bağırovlar ailəsinə məxsusdur. Toğrul bəy əziyyətlə pul qazanıb, ancaq bugünədək heç bir qohumuna əlavədən heçnə hədiyyə etməyib. O, 18 il Toğrul bəylə işləmişdir, maşını olduğu halda o, heç kimə ikinci maşın verməz. Sadəcə bir ara Rüfət maşınsız qaldığı üçün Toğrul bəy maşını ona sürməsi üçün vermişdi. Sonradan Toğrul bəyin arvadı Cavabdeh2 ilə Rüfət arasında torpaq məsələsi ilə bağlı iddia tələbi irəli sürülmüş və bundan sonra bu problemlər yaranmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

20. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.

22. Məhkəmə ilkin olaraq iddia müddəti ilə bağlı ərizəyə münasibətdə hesab edir ki, hazırki iş üzrə iddiaçı mülkiyyət hüququna əsaslanaraq nəqliyyat vasitəsinin geri qaytarılmasını tələb edir. Lakin iş materiallarından görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi hazırda Cavabdeh2dır. Bu səbəbdən iddiaçı nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi qüvvədə ola-ola həmin müqavilənin etibarsızlığı tələbi olmadan birbaşa olaraq nəqliyyat vasitəsini geri tələb edə bilməz. Əgər müqavilənin etibarsızlığı tələbi olsaydı, iddiaçı işin hallarından asılı olaraq Mülki Məcəllənin 354.1 və ya 354.2-ci maddələrinə istinad edərək müqavilənin etibarsızlığı nəticəsində verdiklərini geri tələb edə bilərdi. Buna görə də cavabdeh tərəfin qeyd etdiyi 3 illik müddət hazırki tələbə şamil oluna bilməz.

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan «MERCEDES BENZ S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə isə alğı-satqı müqaviləsi əsasında 25.000 manata onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin müddət ərzində İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə kimi və xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsi iddiaçının adından çıxarıldıqdan sonra isə Cavabdeh2 tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2031-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilmişdir.

24. İddiaçı tərəf həmin avtomobili 2018-ci ildə alaraq mülkiyyətinə keçirtdiyini, həmin avtomobili 2020-ci ildə satmaq qərarına gəldiyini və bu məqsədlə yaxın tanışı Cavabdeh1 maşının satılması barədə etibarnamə verdiyini bildirsə də, məhkəmə həmin ifadəni inandırıcı hesab etmir. Belə ki, qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçı nəqliyyat vasitəsinin məhz onun tərəfindən alınmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin izahatı isə təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh1 vəkilləri və nümayəndələri tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 4572/59225/41042 №-li diplomat fakturasından görünür ki, şassi nömrəsi WDD 222 167 1A3 194 31 olan “MERCEDES BENZ S400” markalı nəqliyyat vasitəsi Toğrul Bağırov tərəfindən Azərbaycana gətirilmişdir. Beləliklə, iddiaçı tərəfin izahatını inkar edəcək digər sübutlar olduğu üçün həmin sübutlarla birgə yoxlanıldıqdan və qiymətləndirildikdən sonra iddiaçının izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən mötəbər olmayan sübuta əsasla bilməz. Çünki məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Bir sözlə, iddiaçı tərəf öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Faktı təsdiq edəcək sübutlar olmadığı üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz.

Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia rədd edilməlidir.

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar