Məhkəmə qərarları › İş №2(010)-1670/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1670/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1670/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları 1.xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarın surətindən görünür ki, İddiaçı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin faktiki halları

2. Tərəflər arasında ailə münaqişəsinin mövcud olması və hazırki mülki mübahisənin həmin münaqişə zəmnində yaranması işin mübahisəsiz halıdır.

İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat pul vəsaiti və 1000 manat mənəvi ziyan məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

4. O, Cavabdeh oğlu Ozal Əliyev barəsində şikayətini geri götürməsi üçün 500 manat məbləğində pul vermişdir (telefon danışıqlarında da qeyd olunmuşdur). Lakin o, öz vədinə əməl etməmişdir. O, cavabdehin onu aldatması ilə əlaqədar olaraq 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Lakin onun əməlində cinayət tərkibi olmadığı müəyyən edilmişdir. Hazırki mülki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

Tərəflərin izahatları

5. Məhkəmə iclasında İddiaçı bildirdi ki, əvvəlcə cavabdehin həyat yoldaşının onun oğlu tərəfindən qətlə yetirildiyini güman etdiyi üçün cavabehə 5 ay müddətində hər ay 100 manat məbləğində pul vermişdir. Lakin daha sonra cavabdehin həyat yoldaşının onun oğlu tərəfindən öldürülmədiyi məlum olmuşdur. Bu səbəbdən də cavabdehə verdiyi 500 manat pul vəsaitinin, eləcə də ona dəymiş mənəvi ziyan məbləğinin verilməsini tələb edir.

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, onun həyat yoldaşı məhz iddiaçının oğlu tərəfindən qətlə yetirilmişdir. İddiaçı özünün qeyd etdiyi 500 mana pul vəsaitini borc kimi yox, maddi yardım kimi ona vermişdir. Eyni zamanda, yoldaşı rəhmətə gedən zaman iddiaçı tərəfindən yas xərclərinin qarşılanması üçün heç bir köməklik göstərilməmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

8. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarı Qeyd olunan qərarda göstərilmişdir ki, ««İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.»

Məhkəmənin mövqeyi

9. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

10. Belə ki, məhkəmə ilk öncə tələb edilən 500 manat pul vəsaitinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində həmin pul vəsaitini borc qismində cavabdehə verdiyini qeyd etsə də, lakin tərəflər arasında hər hansı bir borc münasibətləri müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə iclasında tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, həmin pul vəsaiti cinayət hadisəsi baş verdikdən sonra iddiaçı tərəfindən cavabdehə maddi yardım məqsədilə verilmişdir. Yəni, həmin pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə borc qismində verilməsi işin halları ilə öz təsdiqini tapmır.

11. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki- Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

12. Yuxarıda sadalanan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə sübuta yetirilmədiyindən və yalnız formal mülahizələrə əsaslandığından təmin edilə bilməz.

13. Məhkəmə hesab edir ki, iddia tələbi 1000 manat mənəvi ziyan məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı deyildir.

14. Məhkəmə mənəvi ziyanla bağlı AR Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan qərarını nəzərə alaraq qeyd edir ki, hazırki iddia tələbində iddiaçıya cavabdehdən tərəfindən mənəvi ziyan vurulması halı sübuta yetirilməmiş və iddia tələbi bu hissədə də formal mülahizəyə əsaslanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilə bilməz.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “AR Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə görə, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Hazırki iş üzrə iddiaçı əlil olduğundan dövlət rüsumunun ödənilməsindən azad edilmişdir.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Əlı̇ yeva Aybənı̇ z Hüseyn qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Əlı̇ yeva Aybənı̇ z Hüseyn qızının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bkaı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar