Məhkəmə qərarları › İş №2(010)-169/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-169/2025

07.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-169/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi tərəfindən xx.xx.2017-ci il tarixli Qeydiyyat nömrəsi ********** seriya RX ******* çıxarışda qeyd edilən 0.0255 hektar torpaq sahəsi üzrə payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi tərəfindən xx.xx.2017-ci il tarixli Qeydiyyat nömrəsi ********** seriya RX ******* çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 paylı mülkiyyət olmaqla, fərdi yaşayış evi-56.8 kv.m 1/5 hissə payı üzrə İddiaçı, 4/5 hissə payı üzrə Cavabdeh məxsusdur, torpaq sahəsi üzrə -0.0255 hektar 1/5 hissə payı üzrə İddiaçı, 4/5 hissə payı üzrə Cavabdeh məxsusdur. Sözügedən torpaq sahəsi vərəsəlik qaydasında qəbul edildiyindən vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Buna görə də qeyd edilən əmlak üzrə müəyyən hüquqi hərəkətlər edə bilmir, hal-hazırda ona məxsus torpaq sahəsində müəyyən tikinti işləri aparma kimi niyyətini digər payçının razılığı olmadan apara bilmir, buna görə də əmlakın torpaq sahələri üzrə payların naturada ayrılması üçün müraciət etmək məcburiyyətində qalmışdır. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçidən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, ünvan 1 paylı mülkiyyət olmaqla, torpaq sahəsi üzrə -0.0255 hektar 1/5 hissə payı üzrə İddiaçı, 4/5 hissə payı üzrə Cavabdeh məxsusdur. Sözügedən torpaq sahəsi vərəsəlik qaydasında qəbul edilmişdir. Hazırkı cavabdeh isə onun bacısıdır, uzun müddətdir ki, öz mülkiyyətində olan evdə yaşamır. Onun harada yaşaması və qalması barədə onun məlumatı yoxdur. Hal-hazırda ona məxsus olan torpaq sahəsində müəyyən tikinti işləri aparmaq niyyəti vardır və bu səbəbdən torpaq sahəsinin ona məxsus hissəsinin naturada ayrılması zəruridir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0255 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdən İddiaçı adına 1/5 hissədə və xx.xx.2017-ci il tarixdən Cavabdeh adına 4/5 hissədə qeydiyyata alınmışdır.

6. Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3639/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır.

7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6605 saylı rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0255 ha torpaq sahəsindən İddiaçı məxsus 1/5 hissədə olan payının naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.

İşin faktiki halları.

8. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0255 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdən İddiaçı adına 1/5 hissədə və xx.xx.2017-ci il tarixdən Cavabdeh adına 4/5 hissədə qeydiyyata alınmışdır. Hazırda tərəflər arasında olan mübahisə paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0255 ha torpaq sahəsindən İddiaçı məxsus 1/5 hissədə olan payının naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

12. İşin faktiki hallarından göründüyü kimi iddia tələbinin predmetini torpaq sahəsi üzərində payların naturada ayrılması təşkil edir.

13. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi üzrə payların ayrılmasının mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(010)-3639/2024 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0255 ha torpaq sahəsindən İddiaçı məxsus 1/5 hissədə olan payının naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.

14. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0255 ha torpaq sahəsinin paylara uyğun düşən sahə aşağıdakı kimi müəyyən edilir: ümumi sahə üzrə 1/5 hissə -0,0051 ha(0,0255 ha:5), ümumi sahə üzrə 4/5 hissə -0,0204 ha(0,0255 ha:5), Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olmalıdır. Torpaq sahəsinin tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır, yəni bölgü zamanı tərəflərdən hər birinin istifadəsində olan torpaq sahəsinə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır.

15. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin İddiaçı məxsus olan 1/5 hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalıdır.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, iddia ərizəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir.

17. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin İddiaçı məxsus olan 1/5 hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalıdır.

19. İş üzrə ödənilmiş ekspertiza xərci - 50 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin İddiaçı məxsus olan 1/5 hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar