Məhkəmə qərarları › İş №2(010)-173/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-173/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-173/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus avtomaşına dəymiş zərərin - YNH zamanı avtomaşına dəymiş zərərin əvəzi olaraq 88.614,37 AZN məbləğin; avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 299,69 AZN məbləğin, YNH nəticəsində avtomaşının əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzi olaraq 170.000 AZN məbləğin; məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 AZN məbləğin; ümumilikdə 258.944,06 AZN pul məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında verdiyi izahatında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə Bilgəh yolu istiqamətində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin YNH nəticəsində iddiaçıya məxsus həmin avtomaşına zərər dəymişdir. "xxxx" MMM tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qüsur aktından da göründüyü kimi baş vermiş YNH nəticəsində iddiaçıya məxsus avtomaşına dəymiş zərər 88614,37 manat təşkil etmişdir. Avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün avtomaşın texniki baxış, zədələnmənin yoxlanması, əlavə təchizatın yoxlanması, elektron yoxlama presedurundan keçirilmiş və 299,69 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMM iddiaçıya məxsus ROLLS-ROYCE markalı maşının Azərbaycandakı rəsmi distributorudur, məhz bu səbəbdən maşın həmin servis tərəfindən yoxlanışdan keçirilib. Qeyd edilən YNHdən sonra avtomaşın istismar ediləsi vəziyyətdə olmamış, bazar dəyəri 30% aşağı düşmüşdür. Bu məqsədlə, tərəfindən “X3” MMC-nə sorğu olunmuş və rəyə əsasən 2015-ci il buraxılışlı, “Rolls Royce” markalı, “Wraith” modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, Mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti - 493762,00 manat, avtomobilə dəymiş ziyanla əlaqədar təmir-bərpa xərci - 67430,00 manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə iyun 2022-ci il tarixinə olan bazar qiyməti - 395010,00 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə 2022-ci ilin iyun ayına olan bazar qiyməti arasındakı qiymət fərqi - 98752,00 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” KM-nin qərarındakı hüquqi mövqe bundan ibarət olmuşdur ki: “Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.” Göründüyü kimi, Etibarnamənin olması (hətta bunu, “yüksək təhlükəli mənbəyin sahibi” hesab edilmək üçün ilkin şərt kimi qəbul etsək belə) həmin avtomobili idarə edən şəxsi avtomatik olaraq 1108-ci maddədəki zərərin əvəzini ödəməli olan şəxsə aid etmir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Hazırkı işdə cavabdeh sahibkar yüksək təhlükə mənbəyindən gəlir əldə edir və faktiki olaraq ondan yararlanır. (məhz bu səbəbdən də hər hansı dövrə üçün ödəniş edilməyəndə nəqliyyat vasitəsini onu idarə edənin, yəni ikinci cavabdehin əlindən ala bilir) Belə olan halda hər iki şərtə (həm mülkiyyətçi kimi sahiblik edən və maddi marağı olmaqla gəlir götürən şəxs kimi) cavab verən şəxs sahibkardır. Şərh edilənlərdən də göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh1 məsuliyyət daşıdığı akşardır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, digər cavabdehin idarə etdiyi maşının mülkiyyətçisidir. O, həmin maşını alqı-satqı aparılmadan baş etibarnamə vasitəsi ilə Cavabdeh2 idarə etməsinə vermişdir. Onlar arasında alqı-satqı müqaviləsinin bağlanılmamasına əsas səbəb cavabdehin ona 15000 manat məbləğində borcunun qalması olmuşdur. Həmin maşını 2 il müddətinə aylıq ödənişlər etmək ilə digər cavabdehin idarə etməsinə vermişdir. Həmin maşını digər cavabdehin idarə etməsi üçün verdiyindən bu məsələnin onunla bir əlaqəsi olmadığını və iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mülkiyyətçi Cavabdeh1 olsa da maşını idarə edən şəxs digər Cavabdeh2dur. Qeyd olunan qəzada Rüstəmin heç bir məsuliyyəti yoxdur. Rüstəm sadəcə olaraq nəqliyyat vasitəsini Eynullaya satmış, lakin sonuncunun ona borcu qaldığından sadəcə etibarnamə vermişdir. İş materiallarından da göründüyü kimi həmin nəqliyyat vasitəsi 2 ilə yaxındır ki, Eynullanın faktiki sahibliyindədir. Bu səbəbdən cavabdeh qismindən Cavabdeh1 çıxarılmasını və ona münasibətdə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, maşın üçün ekspert çağırmış və müəyyənləşmişdir ki o, iddiaçıya məxsus maşını arxadan vurmayıb. Əgər maşın arxadan vurulsa idi, onun sağlam yeri qalmazdı. Qəza vaxtı özünün idarə etdiyi maşın səkiyə çıxmış və iddiaçıya məxsus maşına toxunmuşdur. Qeyd olunan qəza nəticəsində nəqliyyat vasitəsinə ekspert rəyində qeyd olunan dərəcədə ziyan dəyməsi mümkün deyil. Bu səbəbdən iddia ərizəsində tələb olunan məbləğ ilə razı olmadığını və qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Cargo” yük markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh1 “Ford Cargo” yük markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh2 etibarnamə vermişdir. AR DİN BDYPİ Qİİ-nin komputer uçot bazasına görə Cavabdeh1 “Ford Cargo” yük markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibarnamə vermişdir. Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, saat 13:40-da AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" MMM tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesab-qaimədən görünür ki, dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı 299,69 manat məbləğində xərc çəkilmişdir. "xxxx" MMM tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Qüsur Aktından görünür ki, hadisə nəticəsində “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 88.614,37 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 9/2521 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 67.656,0 manat müəyyən edilir. “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 138 №-li rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, 2015-ci il buraxılışlı, “Rolls Royce” markalı, “Wraith” modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, Mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti - 493762,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində, 2015-ci il buraxılışlı, “Rolls Royce” markalı, “Wraith” modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, Mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilə dəymiş ziyanla əlaqədar təmir-bərpa xərci - 67430,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində, 2015-ci il buraxılışlı, "Rolls Royce” markalı, “Wraith” modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, Mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə iyun 2022-ci il tarixinə olan bazar qiyməti - 395010,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində, 2015-ci il buraxılışlı, “Rolls Royce" markalı, "Wraith" modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, Mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə 2022-ci ilin iyun ayına olan bazar qiyməti arasındakı qiymət fərqi - 98752,00 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 123800 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Vəkil1 hesabına 4856,95 manat sığorta ödənişi köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. Belə ki, proses iştirakçılarının izahatlarından, eləcədə iş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Bilgəh yolu istiqamətində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi 99TJ979 dövlət qeydiyyat nişanlı “FORD CARGO YÜK” markalı avtomaşının iddiaçıya məxsus X4 etibarnamə əsasında idarə etdiyi **-TR-*** dövlət qeydiyyat nişanlı ROLLS-ROYCE WRAİTH markalı avtomaşının və X2 idarə etdiyi **-NM- *** dövlət qeydiyyat nişanlı HUNDAİ SONATA MİNİK markalı avtomaşının iştirak etdiyi yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin YNH nəticəsində iddiaçıya məxsus həmin avtomaşına zərər dəymişdir. Həmin zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya 4856,95 manat manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomaşınına vurulan zərərin aradan qaldırılması ilə bağlı təmir-bərpa xərci hadisə baş verən tarixə 67.656 manat təşkil etmişdir. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı hesab edilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh2 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etmişdir. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi Cavabdeh1 onu etibarnamə əsasında bilavasitə ziyan vuran üçüncü şəxsin, yəni Cavabdeh2 qanuni olaraq istifadəsinə verdiyi üçün, məhkəmə yalnız Cavabdeh2 mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduğu qənaətinə gəlir. Məhkəmə prosesləri zamanı iddiaçı tərəf hər iki cavabdehin məsuliyyət daşıdığını bildirmiş və fikrini onunla əsaslandırmışdır ki, etibarnamənin olması həmin avtomobili idarə edən şəxsi avtomatik olaraq 1108-ci maddədəki zərərin əvəzini ödəməli olan şəxsə aid etmir. Həmçinin, cavabdeh sahibkar kimi yüksək təhlükə mənbəyindən gəlir əldə edir və faktiki olaraq ondan yararlanır. Məhkəmə qeyd olunanlara münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 Cavabdeh2 etibarnamə əsasında verdiyi nəqliyyat vasitəsindən gəlir əldə etməsi və yararlanmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçı tərəf sadəcə olaraq Cavabdeh1 sahibkar kimi qeydiyyatda olması barədə çıxarış təqdim etmişdir ki, həmin çıxarışdan da cavabdehin nəqliyyat vasitəsini gəlir götürmək məqsədilə verməsi öz təsdiqini tapmır. Əksinə Cavabdeh1 məhkəmə iclasında qeyd olunan nəqliyyat vasitəsini digər Cavabdeh2 satdığını, lakin sonuncu borcu tam ödəmədiyindən onun adına rəsmiləşdirmə edilmədiyini bildirmişdir. Həmçinin, Cavabdeh2 da məhkəmə iclasında verdiyi izahatında həmin nəqliyyat vasitəsini Cavabdeh1 aldığını, lakin borcu qaldığı üçün nəqliyyat vasitəsinin onun adına keçirilmədiyini və sadəcə olaraq etibarnamə verildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyana görə məsuliyyəti yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən şəxs Cavabdeh2 daşımalıdır və vurulmuş ziyanın əvəzinin ödənilməsi məhz onun üzərinə qoyulmalıdır. İddiaçı isə vurulmuş ziyanın əvəzinin ödənilməsini hər iki cavabdehin üzərinə qoyulması barədə gətirdiyi dəlilləri üzrə məhkəmə qeyd edir ki, bunun üçün məhkəmə tərəfindən hər hansı qanuni əsaslar müəyyən edilməmişdir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən 88.614,37 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçıya "xxxx" ASC tərəfindən 4856,95 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 67.656 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə Cavabdeh2 iddiaçının xeyrinə 67.656-4856,95=62.799,05 manat tutulmalıdır. İddiaçı, həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzi olaraq 170.000 AZN məbləğ tələb edir. Maşının qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq iddiaçı “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 138 №-li rəyini məhkəməyə təqdim etmiş və rəyə əsasən 2015-ci il buraxılışlı, “Rolls Royce" markalı, "Wraith" modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, Mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə 2022-ci ilin iyun ayına olan bazar qiyməti arasındakı qiymət fərqi - 98752,00 manat müəyyən edilmişdir. Göründüyü kimi maşının qiymətinin aşağı düşməsi ilə bağlı yaranmış fərqin iddiaçı tərəfindən tələb olunması yalnız həmin nəqliyyət vasitəsinin satışının həyata keçirildiyi zaman, yəni real alqı-satqı zamanı mümkün ola bilərdi. İddiaçı tərəfin izahatından və iş materiallarından isə görünür ki, maşın təmir edilib və hal-hazırda onun istifadəsindədir, iddiaçının maşını satmaq kimi bir niyyəti yoxdur və sadəcə olaraq maşını zədələndiyi üçün gələcəkdə satacağı təqdirdə həmin fərqin ödənilməsi üçün qabaqlayıcı tədbir görmək istəmişdir. Məhkəmə avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 299,69 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməli və Cavabdeh2 299,69 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Cavabdeh2 62.799,05 manat məbləğində dəymiş zərər və 299,69 manat avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqı olmaqla, cəmi 63.098,74 manat pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 22 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia Cavabdeh2 münasibətdə qismən təmin olunsun. Cavabdeh2 62.799,05 manat məbləğində dəymiş zərər və 299,69 manat avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqı olmaqla, cəmi 63.098,74 (altmış üç min doxsan səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 (səkkiz) manat məbləğində pul Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 22 (iyirmi iki) manat hissəsi İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar