Məhkəmə qərarları › İş №2(010)-1783/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1783/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1783/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə, fərdi yaşayış evinin və torpağın naturada bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən Cavabdeh ilə paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin “C” tikilisinə 3 azyaşlı 21.09.2012-ci il təvəllüdlü X2, 03.12.2013-cü il təvəllüdlü X4 və 20.01.2015-ci il təvəllüdlü X3 ilə birlikdə köçürülməsi və Cavabdeh ilə onun ½ hissə olmaqla paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında 0, 09494 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi 250.15 kv.m ibarət olan fərdi yaşayış evinin “C” tikilisinin paylara uyğun olaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 14.10.2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin birgə nikahdan 21.09.2012-ci il təvəllüdlü X2, 03.12.2013-cü il təvəllüdlü X4 və 20.01.2015-ci il təvəllüdlü X3 adlı üç övladı doğulmuşdur. Müəyyən səbəblərə görə tərəflərin nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Hazırkı mübahisəli əmlakı birgə nikah dövründə əldə etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0, 09494 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi 250.15 kv.m ibarət olan fərdi yaşayış evinin “C” tikilisi Cavabdeh ilə iddiaçının 1/2 hissə olmaqla paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyət “C” tikilisi 250.15. kv.m sahəsi olan kürsülü, ikimərtəbəli, tam şəraitli yaşayış sahəsindən ibarətdir. Belə ki, onların nikahı məhkəmə qaydasında pozulduqdan sonra cavabdehin adına olan əmlak birgə nigah dövründə əldə olunduğundan məhkəmə qaydasında paylar müəyyən edilərək Nizami rayon Məhkəməsinin 28.08.2017-ci il tarixdə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “C” tikilisi üzərində İddiaçı payı ½ hissə və Cavabdeh payı ½ hissə müəyyən olunması qət edilmişdir. Cavabdeh nikah pozulduqdan sonra paylı mülkiyyətdə olan evin açarlarını yaxın qohumlarına vermiş, özü isə Rusiyanın Surqut şəhərinə getmiş və hal-hazırda da orada yaşayır. Cavabdeh paylı mülkiyyətdə olan evin bölünməsinə razı olmadığı üçün iddiaçı hazırda üç azyaşlı uşaqla valideynlərinin yanında yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Belə ki, sözügedən ünvanda yerləşən əmlak üzərində mülkiyyət hüquqları bərabərdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilisi üzrə ½ hissəsi Cavabdeh, ½ hissəsi İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarına əlavə edilmiş Asan 5 tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3416/2017 saylı, 28.08.2017-ci il tarixli qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilişi üzərində İddiaçı payı ½ hissə və Cavabdeh payı ½ hissə müəyyən edilməsi qət edilmişdir. Suraxanı rayon məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 10.09.2021-ci il tarixli 10/1395 saylı rəyindən müəyyən olunur ki, bunun üçün, yarımzirzəmidə 1-2 və 1-3 saylı tikililərin arasında qapı boşluğu bağlanmalı, həyətyanı sahəsindən 2 saylı tikiliyə və 2 saylı tikilidən 3 sayiı tikiliyə qapı açılmalıdır. Eyni zamanda yaşayış evinin birinci mərtəbəsində olan pilləkən qəfəsəsinin qarşısında arakəsmə yaradılmalıdır. Belə bölgü zamanı yarımzirzəminin 2 və 3 saylı tikililəri və fərdi yaşayış evinin birinci mərtəbəsi tərəflərdən birinin sərəncamına, yarımzirzəminin 1, 4, 5 və 6 saylı tikililəri, fərdi yaşayış evinin ikinci mərtəbəsi və eləcə də piiləkən qəfəsəsi tərəflərdən digərinin sərəncamına verilə bilər. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilisinin İddiaçı məxsus vı hissədə real olaraq naturada paylardan kənara çıxmaqla bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan ünvanda yerləşən həyətyanı torpaq sahəsinin planlı yerləşməsini, o cümlədən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə (yaşayış evləri ilə), yalnız bir tərəfdən küçə ilə əhatə olunduğunu, yaşayış evinin həyətyanı torpaq sahəsində yerləşmə vəziyyətini, giriş-çıxış qapısını, pəncərə boşluqlarını nəzərə alaraq, həyətyanı torpaq sahəsinin paylara uyğun olaraq (1/2 paya) 2 hissəyə təcrid şəklində bölünməsi Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq mümkün deyildir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 50-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. 52-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 52-ci maddəsinin 2-ci bəndinə əsasən iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. 55-ci maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 83-cü maddəsinə əsasən 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilisi paylı mülkiyyət hüququ üzrə Cavabdeh adına 1/2 hissədə, İddiaçı adına 1/2 hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan ünvan 1 ünvanında 0, 09494 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi 250.15 kv.m ibarət olan fərdi yaşayış evinin “C” tikilisinin paylara uyğun olaraq naturada bölünməsini xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş 10.09.2021-ci il tarixli 10/1395 saylı ekspert rəyi ilə tikilinin naturada paylardan kənara çıxmaqla bölgüsünün texniki cəhətdən mümkün olduğu, torpaq sahəsinin bölünməsinin isə mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 27.01.2020-ci il tarixli 27081 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilisinin İddiaçı məxsus ½ hissədə real olaraq naturada paylardan kənara çıxmaqla bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, ekspert rəyində müəyyən olunduğu kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilisi İddiaçı məxsus ½ hissədə real olaraq naturada paylardan kənara çıxmaqla bölünməli və iddiaçı azyaşlı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Bundan başqa, iddia tələbi qismən təmin edildiyindən aparılmış ekspertiza xərci 50 (əlli) manat pul İddiaçı müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları 21.09.2012-ci il təvəllüdlü X2, 03.12.2013-cü il təvəllüdlü X4 və 20.01.2015-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilisinə köçürülsün. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin C tikilisi ekspertiza rəyində qeyd olunmuş qaydada İddiaçı məxsus ½ hissədə və Cavabdeh məxsus ½ hissədə real olaraq naturada paylardan kənara çıxmaqla bölünsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar