Məhkəmə qərarları › İş №2(010)-183/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-183/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-183/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 3500 manat məbləğində maddi zərər, 1000 manat məbləğində əldən çıxmış fayda, 3500 manat məbləğində mənəvi zərər olmaqla cəmi 8000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2016-cı ildə tanış olmuşdur. Belə ki, o, Gənclik istiqamətində mərmər daşları almaq istəyən zaman həmin vaxt cavabdehi görmüş və cavabdeh ona bu işləri etməyi bacardığını bildirmişdir. O, cavabdehlə birlikdə gedib mərməri almış və həyətə gələrək baxdıqda, cavabeh həyətdə çox iş olduğunu və buna görə də ona vaxt verilməsini istəmişdir. Cavabdeh işi görəndə o, həyətə 80-100 kisə sement və 2 maşın qum gətirtmişdir. O, işi cavabdehə tapşırdıqdan sonra getmiş və 2-3 gündən bir gələcəyini bildirmişdir. Onun həyətində yerdən istilik döşənmiş, həmçinin bahalı manqal da var idi. O, Əkbərin işləməsi üçün hər bir avadanlığı alıb vermişdir. Daha sonra evə gəldikdə o, manqalın pis vəziyyətdə olduğunu, qapıdakı daşların da məhv olduğunu görmüşdür. O, cavabdehə iradını bildirdikdə, cavabdeh artıq onun nə stədiyini başa düşdüyünü bildirmişdir. Daha sonra gəldikdə isə həyətin pis gündə olduğunu, daşların manqaldan yuxarı qalxdığını görmüşdür. Manqala qapını açılması üçün qoymuşdur, lakin daşlar artıq onun qarşısını kəsirdi. O, həmin an cavabdehin gördüyü işləri sökdürmüşdür. Cavabdehin baldızıoğlu Fətulla da onun yanında fəhlə işləyirdi. Akbar baldızı oğlunun yanında ona çox ziyan vurduğunu bildirərək yenidən işi görməsi üçün imkan verməyini istəmiş və əgər yenidən işi məhv edərsə ona dəymiş 3500 manat məbləğində zərəri ödəyəcəyini bildirmişdir. Bu hadisədən 5-10 gün keçdikdən sonra yenidən işi məhv etdiyini, bu işi görə bilmədiyini bildirmiş, lakin yenidən eyni vədləri vermişdir. Cavabdeh baldızıoğlu ilə birlikdə onun həyətində döşənmiş istilik sistemini, onun üçün çəkilmiş boruların hamısını məhv edərək həyətində 100 kv.metr sahəni dağıtmışdır. Daha sonra o, cavabdehdən işini dayandırmağını və dəymiş zərərini verməyini istəmişdir. Həmin zaman Akbar Gəncədə işi olduğunu və həmin işdən pul alaraq qaytaracağını bildirmişdir. Sonra Akbar və onun işçiləri həyətdəki bütün daşları deşərək qaldırmış, lakin belə olanda istilik sistemi üçün çəkilmiş borular deşilmiş və həyət tamamilə dağılmışdır. Sonradan cavabdeh özü ilə başqa 3 nəfər işçi gətirmiş və onların həyətdəki işləri görəcəyini, özünün isə Gəncədə işi olduğunu və oradan aldığı pul ilə ona dəymiş zərəri qarşılayacağını bildirmişdir. O, cavabdehə inanaraq getməsinə icazə vermiş və onun gətirdiyi işçilər həyətdəki işləri görmüşlər. Daha sonra isə onlarla əlaqə saxlayıb pulunu verməyini istəsə də, o, bugün-sabah pul alacağını bildirərək onu yubatmışdır. Sonradan isə o, cavabdehlə əlaqə saxlayıb pulunu ala bilməmişdir. Bu məsələ ilə bağlı Abşeron rayonu polis bölməsinə şikayət etmiş, polis bölməsindən gələrək onların izahatlarını almışlar. Cavabdeh özü də polis bölməsində ona 3500 manat zərər vurduğunu etiraf etmişdir. Polis bölməsində sahə müvəkkili özü Akbarın dediklərini yazmış, sonra özünə oxumuş və Akbar da qəbul edərək imza çəkmişdir. Məhkəməyə isə müraciət etməməyinə səbəb Akbarın Gəncədə işi olduğunu və dəymiş zərəri ödəyəcəyini deməsi, həm də cavabdehin pulu verəcəyinə inanması və daha sonra isə pandemiya dövrünün başlaması olmuşdur. Həmin ərazi indi əla vəziyyətdədir, Əkbərin özü ilə gətirdiyi ustalar həyəti tam təmir ediblər. Ərazinin hal-hazırda təmirli vəziyyətdə olmasına baxmayaraq o, həmin əraziyə çoxlu xərc çəkmişdir. Ekspert rəyinə münasibətdə isə bildirdi ki, ona dəyən zərər faktiki olaraq 4500 manatdan yuxarıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 06.10.2021 və 05 noyabr 2021-ci il tarixli məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının dedikləri qismən doğrudur, belə ki, o, 2016-cı ildə onun həyətində işləmişdir. Həyətdə mərmər işini gördükdən sonra 150 manat borcu qaldı və iddiaçı metlaqları da vurmağını və sonra hesablaşacaqlarını bildirdi. Təxminən 10-15 gündən sonra onu çağıraraq metlaqları aldığını və gəlib vurmağını istəmişdir. O, həyətə gəlib baxdıqda həyətin istilik sistemi ilə döşəndiyini və “styaşka” vurulduğunu görmüşdür. O, gəlib baxdıqda həyətin yuxarı hissəsi ilə aşağısında 20 sm fərq olduğunu bilmişdir. O, işi görmədən əvvəl iddiaçıya həyətin simmetriyasında fərq olduğu üçün manqalın yuxarı qalxmalı olduğunu bildirmişdir. İddiaçı isə həmin işin görülməsini istəmişdir. O, 3 metr uzunluğunda 4 cərgə metlaq vurmuşdur. Lakin belə olduqda da iş istədiyi kimi alınmırdı. O, iddiaçının dediyini etmək üçün şlanq ilə “urivin” vurmuşdur. O, 2-3 nəfər başqa şəxslərlə gəlmişdi, işi gördükdə işə görə iddiaçı onu təhqir edərək hədələmişdir. Onun yanında da işləyən fəhləsi var idi və o da bunu görmüşdür. O, bu işləri görməyin mümkün olması üçün iddiaçıya istilik sisteminin sökülməli və həyətin aşağısı ilə yuxarısının tarazlaşdırılmalı olduğunu izah etmişdir. O, ümumiyyətlə iddiaçının qeyd etdiyi materialları ona aldırmamış, yalnız işini görəndə 5 kv.metr sahə üçün 4 kisə mata istifadə etmişdir. Onun dediyi kimi nə qum, nə də sement aldırmamışdır. O, həmin 5 kv metr sahə üçün İran metlağından istifadə etmişdir ki, həmin metlağın da biri 6 manatdır. Həmin vaxt onun yanında baldızıoğlu var idi, o, dərhal yoldaşına zəng vuraraq onu çağırmışdır. Yoldaşı bu işlə əlaqəli heç bir məlumatı olmamasına baxmayaraq həyəti görən kimi yuxarı ilə aşağı arasında fərq olduğunu bildirmişdir. Yoldaşı iddiaçıya yerin düz olmadığını, işin buna görə alınmadığını və tələbini həmin sahənin istilik sistemini çəkən ustadan etməli olduğunu bildirmişdir. İddiaçı onun xarici ölkənin vətəndaşı olduğundan və heç kimi olmadığından istifadə edərək onun üstünə düşür, lakin bu işin alınmamasına səbəb istilik sistemini çəkən ustanın düzgün işləməməsidir. İddiaçı bu işi görmədiyi üçün onu hədələyib həyətdə bir otağa salmış və nəsə imzalamığı üçün onu məcbur etmişdir. O, İran vətəndaşı olduğu üçün heçnə oxuyub yaza bilmir, imzaladığı sənədin nə olduğunu soruşduqda isə yalandan razılaşmaq üçün olduğunu bildirmiş və onu hədələmişdir. O isə qorxduğu üçün imzalamış, ancaq nəyi imzaladığını bilməmişdir. İddiaçının qeyd etdiyi manqal isə bahalı deyil, kərpicdən hörülmə manqaldı, heçnə sökülməyib, balaca pəncərə var idi və onu çıxarıb yerə qoymuşdur. O, gördüyü hər bir işi həyətdə kamera altında və iddiaçının öz nəzarəti ilə görmüşdür. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh 2015-ci ildə iddiaçının evində pilləkən yığmış, həmin pilləkən üçün alacağı 350 manat pulun 200 manatını almış, 150 manatı isə qalmışdır. Bir neçə ay keçdikdən sonra 2015-ci ilin dekabrında iddiaçı zəng edərək gəlib qalan pulunu almasını bildirmiş və cavabdeh ora getdikdə həyətindəki işləri də görməsini ona tapşırmış, həmin iş bitdikdən sonra pulu birlikdə verəcəyini bildirmiş və cavabdeh də bunu qəbul etmişdir. Cavabdeh öz fəhləsini götürərək orada işləməyə getmiş və həyətdəki bütün zibilləri təmizləmişdir. Həmin işlər görülən vaxt iddiaçı Razim özü orada olmuş və cavabdeh fəhləsi ilə birlikdə kamera nəzarətində işləmişlər. Bir neçə gün sonra yoldaşı ona zəng edərək təcili gəlməyini bildirmişdir. O, taksi tutaraq Hövsandan Saraya onun yanına getdikdə iddiaçının həyətində 5 kişinin olduğunu, onlardan birinin iddiaçının qardaşı olduğunu və vergidə işlədiyini, digərinin isə müstəntiq olduğunu bildirmişlər və cavabdehə hədə-qorxu gələrək onun telefonunu, maşının açarını əlindən almış, öz vəzifələrindən sui-istifadə etmişlər. Onlar cavabdehi İran vətəndaşı olduğu üçün deportasiya etdirəcəkləri ilə hədələmişlər. Həmin vaxt o, cavabdehin şəxsiyyət vəsiqəsini onlara göstərdikdə onu da əlindən almış və onu təhqir etmişdir. Həmin vaxt onun bacısıoğlu da orada idi. Daha sonra polis ilə birlikdə cavabdehi özləri ilə aparıb qaytardıqdan sonra o, iddiaçıdan fəhlələrin pulunu verməsini istəmiş və iddiaçı da razılaşacaqlarını bildirmişdir. Həmin vaxtdan sonra iddaçı cavabdehi 1 həftə öz həyətində qul kimi işlətmişdir. Polisdə olanda da cavabdehi aparıb bir balaca otaqda nəyəsə imza etdirmişlər. Halbuki, cavabdeh özü oxuma-yazma bilmir, məktəbi 8-ci sinifə qədər oxuyub. Həmdə cavabdeh 50 ilin ustasıdır, bir çox yerlərdə - Prezident Administrasiyasında, Nazirlər Kabinetində işləyib. Cavabdeh gördüyü bütün işləri iddiaçının nəzarəti altında görmüşdür, əgər cavabdehin fəaliyyətində qüsur var idisə, iddiaçı ondan işini dayandırmağını tələb edərək, vurulmuş ziyanın ödənilməsini tələb edə, yaxud da məhkəməyə müraciət edərdi. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən verilən iddia tamamilə absurddur. Belə ki, o, heç bir sənəd-sübut olmadan iddia qaldırıb. Həmin hadisə 2016-cı ildə olub və bu hadisədən sonra o, iddia ilə məhkəməyə müraciət etmiş və mülki iş baxılmamış qalmışdır. Həmin hadisənin üzərindən 5 ildən çox vaxt keçmiş və müxtəlif işlər görülmüşdür. Ekspert rəyindən də görünür ki, Cavabdeh fəaliyyətində heç bir qüsur aşkar olunmamışdır. Düzdür, həmin mübahisə predmeti olan ərazidə çox xərc də ola bilər, lakin Cavabdeh sonra orada dəfələrlə ustalar işləyib və bunun Cavabdeh heç bir aidyyəti yoxdur. Həmçinin, verilmiş iddiada digər sübutlar yoxdur. Cavabdeh isə bir çox dövlət orqanlarında işləyib və onun haqqında heç bir narazılıq olmayıb, burada belə bir hadisənin baş verməsi mümkünsüz haldır. Bundan əlavə, cavabdeh Azərbaycan dilində oxuyub-yaza bilmir və onun adından polisin izahat yazması yolverilməz haldır. İddiaçının izahatına münasibətdə isə bildirirdi ki, onun dedikləri arasında ziddiyyət var. Belə ki, iddiaçı özü cavabdehin oxuyub-yazması olduğunu bildirsə də, polis tərəfindən cavabdehin izahatının yazıldığını və ona oxunulduğunu bildirdi. Bu hal isə onun dediklərinin yalan olduğunu ortaya çıxarır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, Cavabdeh ilə birlikdə İddiaçı həyətində işləmişdir. Belə ki, Azər Ələkbərov adlı şəxs ona zəng edərək İranlının zəng edəcəyini və birlikdə iş görməyini bildirmişdir. Sabahı gün cavabdeh ona zəng edərək, Sarayda yanacaq doldurma məntəqəsinin qarşısında gözlədiyini bildirmişdir. Beləliklə, onlar görüşərək, birlikdə işləyəcəkləri yerə getmişlər. Onlar Razimlə ərazinin 1 kvadratını 11 manata danışdılar. Onlar 2 gün işləmiş, lakin sonra yerə vurulan metlaq və sementin əyri olduğunu görmüşlər. “Styaşka” daha əvvəl verilmişdi, yer əyri olduğu üçün cavabdeh özü də yenidən styaşka verib. Həyətdə manqal da var idi, metlaq gəldikcə manqalın qapısı açılmayacaqdı. Buna görə də vurulan metlağı sökmək qərarına gəlmişlər. Akbar özü perfarator gətirdi və 3 gün onlarla işlədi və vurulan metlağı sökdülər. Lakin söküb qurtardıqdan sonra cavabdeh gəlməmiş və ancaq özləri işləmişlər. Akbar gətirdiyi alətdən istifadə edərkən isti beton üçün istifadə olunan şlanqları deşmişdir. O, özü də şlanqları deşdiyini bildi və sökmək qərarına gəldilər. Onlar sökəndə isti polu sökmədilər və sonra da təzyiqlə su vurduqda şlanqların 2-3 yerdən deşildiyini görmüşlər. Bu zaman İddiaçı ilə həmin metlaqları söküb yenidən təmir etmək qərarına gəlmişlər. Sökülmə olanda məbləği artırdılar. Belə ki, məbləğ artandan sonra 80 kv yerin bir kvadratını 11 manatdan və sökülməyə görə də əlavə 1100 manat aldılar. 14-15 kv metr hissədən sökülən kafeli yenidən işlətdilər, lakin yeni kafel alınmadı. İsti betondan sonra styaşka olmuşdu, cavabdehin onların yanında styaşkanı vurduğunu görməmişdir. Söküləndən sonra hər şeyi qaydasına salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Cavabdeh ilə birlikdə iddiaçının evində işləmişdir. Təxminən 4 il əvvəl orada fəhlə işləmiş və yerə kafelmetlaq vurmuşdur. O, köməkçi kimi işləyirdi və tərəflər arasındakı heç bir danışıqda iştirak etməmişdir. Onların işlədiyi yer düzgün deyildi. İddiaçı da hər dəfə yer düz olmadığı üçün öz iradlarını bildirirdi, onlar da söküb yenidən işləyirdilər. O, Akbarla birlikdə işləyirdi və sonradan kiminsə işləyib-işləməməsini xatırlamır. Metlaqlar sökülüb yenidən düzəldəndə hər hansı ziyan dəyməmişdir, çünki söküntü olanda yenidən palçıq tutulub, metlaq sökülüb həmin metlaqlar yenidən işlənilirdi. Dəymiş ziyan ancaq sement ola bilərdi, çünki onlar yenidən palçıq düzəldirdilər. Bərpa işləri zamanı təxminən 20 kisə sement işlənmişdir. Bərpa işləri 2 dəfə təkrarlanmışdı, belə ki, 2 dəfə yarıya kimi işləyib sonra yenidən söküb işləmişlər. İş yekunlaşanda narazılıqlar oldu, iş yarımçıq qaldı. Sonra işləmədilər və dəymiş ziyana görə Razim polis çağırdı. Polis çağırılanda Akbar yoldaşı Fəridəni ora çağırdı. Həmin zaman deyəsən dəymiş ziyan məbləği danışılırdı. Cavabdehin Azərbaycan dilində yazma-oxuması yoxdur. Polis ondan izahat götürmədi. Sonradan isə kimdən izahat alıb-almadıqlarından xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş: Abşeron Rayon Polis İdarəsindən məhkəmə sorğusuna əsasən göndərilmiş 12.10.2021-ci il tarixli, 128-81183-1221 №-li məktuba əlavə olunmuş materiallardan görünür ki, İddiaçı 17.03.2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək, İran İslam Respublikasının vətəndaşı olan Əkbər Kazazinin ona məxsus evdə fəhlə kimi işləyərək metlaq vurduğunu, lakin gördüyü iş keyfiyyətsiz olduğundan ona 4000 manat dəyərində ziyan vurduğunu bildirmişdir. İddiaçı 20.03.2017-ci il tarixdə izahat verərək bildirmişdir ki, Saray qəsəbəsi, Z.Bünyadov küçəsində fərdi ev tikdirirmiş və həmin evin həyətinə metlağı İranlı Cavabdeh döşəyirdi. Ancaq o, bu işi yaxşı bacarmamış və metlağın düzülüşü əyri olduğundan 1 dəfə metlağı sökdürmüşdür. Kazazi ona bildirmişdir ki, əgər səhv düzsə ona dəyən ziyanı ödəyəcəkdir. Lakin bu dəfə də gəlib gördükdə yenə də metlağın əyri düzüldüyünün şahidi olmuşdur. Bundan sonra aralarında mübahisə olmuş və 102 xidmətinə müraciət etmişdir. Sonradan Əkbərin həyat yoldaşı da gəlmiş və ona söz vermişlər ki, metlağı söküb qaydasında və onun tələb etdiyi kimi döşəyəcəklər. Ona görə də hal-hazırda şikayətinin olmadığını bildirmişdir. Cavabdeh 20.03.2017-ci il tarixdə izahat verərək bildirmişdir ki, Saray qəsəbəsində yerləşən İddiaçı bağ evində həyətə metlaq döşəmişdir. Həyətin betonu qaydasında tökülmədiyindən döşədiyi metlağın səviyyəsi səhv olurdu. Ona görə birinci dəfə döşədiyi metlağı sökmüş və müəyyən işlər görmüşdür. Sonra yenə metlaq düzmüşdür. Razim isə metlağın düzülüşünün səhv olduğunu bildirmişdir. Bundan sonra aralarında mübahisə olmuşdur. Lakin sonradan razılaşdılar ki, yenə metlağı sökəcək və onun istədiyi kimi həyətini döşəyəcəkdir. Razimin narazılığına əsasən buraxdığı səhvi düzəldəcəkdir. Ona söz verdiyi işləri görüb qurtaran kimi özünə təhvil verəcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2022-ci il tarixli, 10/6399 №-li ekspert rəyində qeyd olunmuşdur ki, mübahisə predmeti olan ərazisinin 78.12 kv.m hissəsinin metlax örtüyü ilə üzləndiyi və həmin ərazinin metlax örtüyü ilə üzlənməsi işlərinə tələb olunan vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 2780.90 manat təşkil etdiyi müəyyən olunur. Tədqiq olunan mübahisəli ərazinin 1 kv.m hissəsinin metlax ilə üzlənməsi üçün tələb olunan vəsaitin dəyəri təqribən 35.60 manat (2780.90 / 78.12) məbləğində müəyyən olunur. Görülmüş işlərə dair layihə və smeta sənədləri olmadığından cavabdeh tərəfindən mübahisəli ərazidə hansı işlərin aparılmasını müəyyən etmək mümkün olmamışdır. Mübahisə predmeti olan ərazidə hər-hansı qüsur aşkar edilmədiyindən qərardadın 5-ci və 6-cı sualları üzrə tədqiqat aparılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsində deylir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1131-ci maddəsinə əsasən, malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 771-ci maddəsi yalnız podratçının sifarişçinin əmlakı barəsində diqqətsizliyi üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşımasını nəzərdə tutur. Hazırkı işdə cavabdehin diqqətliszlik və ya məsuliyyətsizlik göstərməsi halı təsdiq edilmir. Cavabdehə podrat sifarişini verən iddiaçı sonuncuya məxsus zəmin sahəsinə metlax vurulmasını sifariş verib. İş materialları və şahid ifadələri də təsdiq edir ki, zəminə metlax təbəqəsinin vurulması ilə bağlı arzu olunan nəticənin alınmaması daha aşağı zəmin qatının kəskin maili olması metlax qatının da bu mailliyə uyğun olaraq yekunda həyətyanı sahədə quraşdırılmış manqalın qapaq hissəsinin bağlaması ilə bağlı olub. Tərəflər sonradan razılaşıblar ki, aşağı zəmin qatı dağıdılaraq, həmin qatın qalınlığı azaldılsın. Dağıntı işləri zamanı həmin qatda yerləşən isitmə xətlərinin sıradan çıxması ehtimalı əvvəlcədən mövcud olub. İddiaçının özünün istinad etdiyi şahid ifadələri ilə təsdiq edilir ki, metlaq örtüyünün düzgün çəkilməsi üçün hər bir halda aşağı zəmin qatının dağıdılması zəruri olub. Qatın dağıdılması zamanı isti beton örtüyünün və ya istilik xəttinin zədələnməsi qaçılmaz və ya gözlənilən olub. Ən azı, bu hissədə cavabdehin daha ehtiyyatla davranacağı halda istilik xəttinin zədələnməyəcəyini təsdiq etmək üçün iddiaçı hər hansı sübut təqdim etməyib. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının rəyinə əsasən, iddiaçıya məxsus sahənin metlax örtüyü ilə üzlənməsi işlərinə tələb olunan vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2780.90 manat təşkil edir. Bu məbləğ özündə metlaxın dəyərini, onun döşənməsi üçün tələb olunan zəhmət haqqını və digər tikinti materiallarını ehtiva edir. Tərəflərin və şahidlərin verdiyi ifadələr sökülmüş metlaxın yenidən istifadə edildiyini, lakin, hər dəfə əlavə sement materialının tələb olunduğunu təsdiq edir. Bununla yanaşı, söküntü işlərinə iddiaçının müəyyən vəsait xərcləməsi də işin mübahisələndirilməyən hallarından biridir. Lakin, cavabdehin mülki öhdəliyinin yaranması üçün onun tərəfindən ziyan vurulması, daha doğrusu iddiaçıya dəymiş ziyanın vurulmasında cavabdehin təqsirinin olması sübuta yetirilməlidir. Ümumiyyətlə, sübutetmə yükünün iddiaçının üzərinə qoyulması həm ümumi norma kimi “iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir” tələbindən, həm də Mülki Məcəllənin 1132-ci maddəsində nəzərdə tutulan “malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükünün zərərçəkənə aid edilməlidir” tələbindən irəli gəlir. Beləliklə, ziyan vurulmasında cavabdehin təqsirinin olmasını sübut etmək yükü iddiaçıya aid olsa da, iddiaçı iddiasının bu əsasını təşkil edən hala dair sübut təqdim etməyib. Cavabdehin Abşeron Rayon Polis İdarəsində aparılan araşdırma ilə bağlı verdiyi izahatında iddiaçı qarşısında hansısa pul öhdəliyini etiraf etməsi ilə bağlı iddiaçının dəlilinə münasibət bildirən məhkəmə hesab edir ki, əvvəla, cavabdehin İran İslam Respublikasının vətəndaşı olması və özünün də bildirdiyinə görə latın qrafikası ilə yazıb-oxumağı bacarmaması, həmin dindirmə zamanı tərcüməçinin iştirakının təmin olunmaması, habelə, izahatında ziyanın vurulmasında cavabdeh tərəfindən özünün təqsirinin olmasının açıqaşkar etiraf olunmaması həmin sübutun iddianı təmin etmək üçün yetərsiz olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar