Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-187/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş maddi ziyana görə 7000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat və ödənilmiş dövlət rüsumunun 30 manat olmaqla, cəmi 17,030 (on yeddi min otuz manat) manat məbləğində pul vəsaitinin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 9, giriş 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qonşusudur. Cavabdeh üst mərtəbədə yaşadığından ona məxsus olan mənzili yararsız vəziyyətə salmışdır. Ona məxsus mənzilə cavabdehin su axıtması nəticəsində mənzil tam yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o yenə də mənzilə su axıtmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı su sızması barəsində 102 xidmətinə məlumat vermiş və bununla bağlı mənzilə baxış kecirilmişdir. Müəyyən olunmuşdur ki, hansısa su xəttində sızma var. Belə ki, hal-hazırda mübahisəli mənzildə onun qohumları yaşayır, o, 2020-ci ilin yanvar ayından həmin mənzildə yaşamır. O ekspertlə birlikdə həmin evə baxış keçirmişdir, lakin ekspert rəyi ilə razı deyildir. Həmin mənzilin təmir olunmasına 500-700 manat məbləğində xərc tələb olunur. Belə ki, su sızma eyvandan baş verib. Mübahisəli mənzilin təmir olunmasına maddi köməklik etməyə etirazı olmadığını bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş üzrə şahid Alıev Nasradin ifadə verərək bildirmişdir ki, Cavabdeh onun qohumu olduğundan həmin mənzil onun adına rəsmiləşdirilmişdir, lakin mübahisəli mənzildə faktiki olaraq o yaşayır. İddiaçı ilə onun arasındakı qonşuluq münasibəti pisdir belə ki, iddiaçı ondan polisə şikayət etmişdir. Ona məxsus mənzildə quraşdırılmış Ariston eyvandadır və bir dəfə o partladığından iddiaçıya məxsus mənzilə su axıdılmışdır. O hətta bir neçə dəfə su sizması ilə bağlı evə ustalar dəvət etmiş və həmin ustalar suyun mərkəzi su sistemindən axdığını bildirmişlər. İş materiallarına əlavə edilmiş 021298 nömrəli orderin kserosurətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 17 Cavabdeh adınadır. İş materiallarına əlavə edilmiş Çənlibel MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 9 ünvanında yaşayır. Baxış zamanı məlum olmurşdur ki, Cavabdeh adına olan 17 nömrəli mənzildən 9 nömrəli mənzilə su axıdılmışdır və nəticədə nömrəli mənzilə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 9, giriş 1 mənzili İddiaçı adında qeydiyyatdan keçmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, mülki iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur və mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, 34 saylı evin 9 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, Çənlibel MTK-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 9 saylı mənzilinə yuxarı mərtəbədəki 17 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 17 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də 9 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 9 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2001,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, 34 saylı evin 9 saylı mənzilinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, 34 saylı evin 17 saylı mənzilindən su axıdılmışdır. Su axıntısı zamanı iddiaçıya məxsus mənzil yararsız vəziyyətə düşmüş və iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı, Cavabdeh iddiaçının mənzilinə dəymiş maddi zərərə görə 7000 manat, mənəvi zərərə görə 10 000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 17 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də 9 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 9 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2001,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İstinad edilən maddələrin məzmunundan görünür ki, zərərin əvəzi yalnız zərərvuran şəxs tərəfindən ödənilməlidir, zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin üzərinə yalnız qanunla nəzərdə tutulmuş hallarda qoyula bilər. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş rəydə göstərilənləri nəzərə alınaraq iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə ona vurulmuş maddi ziyana görə 2001 manat məbləğində pul tutulmalıdır. Lakin iddia qalan hissədə təmin edilməməlidir. İddiaçının mənəvi zərərin əvəzi kimi 10 000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində onun və ailə üzvlərinin sağlamlığının pozulması nəticəsində ona mənəvi zərər dəyməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyrihüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2001 (iki min bir) manat məbləğində maddi zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri -100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-187/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-187/2021
26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver