Məhkəmə qərarları › İş №2(010)-197/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-197/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-197/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 500000 manat və vurulmuş mənəvi zərərə görə 300000 manat, cəmi 800 000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, 2019-cu ilin yanvar ayında sinədə, kürəkdə, onurğanın bel nahiyəsində ağrılarla müayinədən keçmişdir. Müayinə nəticəsində onun öd kisəsində daşlar aşkarlanmışdır. O, bu ağrılarla bağlı iş üzrə cavabdeh həkim cərrah Cavabdeh müraciət etmiş, o isə onun təcili olaraq əməliyyat olunmasını təklif etmişdir. Onun üzərində xx.xx.2019-cu il tarixdə həkim cərrah Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mk/m, Mir Cəlal küç 51C ünvanda yerləşən “X10”ndə öd kisəsinin laparoskopik rezeksiyası, təcili qaydada öd kisəsinin götürülüməsi əməliyyatı icra edilmişdir. O, əməliyyatdan sonra qarın nahiyəsində olan güclü ağrılardan əziyyət çəkdiyindən bir neçə başqa həkimlərə və klinikalara müraciət etmişdir. Lakin onun əməliyyatını həyata keçirən həkimin cərrah Cavabdeh olduğunu bildirdikdə, digər həkimlər onunla əlaqə saxlayaraq əməliyyatının səbəbləri və nəticələri barədə cərrahdan məlumat almağa çalışmışlar. Cavabdeh həkim cərrah Cavabdeh isə onun digər həkimlər tərəfindən müayinə və müalicə edilməsinə maneçilik yaratmış və sonradan yenidən onun müalicəsini öhdəsinə götürmüşdür. Onu özəl klinikalardan birinə yerləşdirərək təcrid etmiş, 17 gün ərzində ağrıları kəsməsə də, ona heç bir müalicə təyin etməmişdir. Ona yalnız ağrıkəsicilər vurulmuş, lakin vəziyyəti daha da ağırlaşdığı üçün sonradan Bakı şəhərində yerləşən “BONA DEA” klinikasında həkim cərrah Rəfail Həsənov tərəfindən əməliyyat olunmuşdur. Bu da vəziyyətində yaxşılaşmaya gətirib çıxarmamış, əksinə onda vəziyyətin daha da pisləşməsi baş vermişdir. Ağrılarla bərabər iştahsızlıqdan, yuxusuzluqdan, halsızlıqdan və depressiv hallardan əziyyət çəkməyə başlamışdır. Halının daha da pisləşdiyini hiss etdiyi üçün valideynlərinin yaşadığı İsrail Dövlətinə getmək məcburiyyətində qalmışdır. İsraildə müayinələrdən keçərkən ona məlum olmuşdur ki, həkim cərrah Cavabdeh tərəfindən onun üzərində öd kisəsi əməliyyatı aparılarkən qara ciyəri zədələnmişdir. O, bunu bilsə də, qaraciyərlə bağlı müalicə tədbirləri aparmaq əvəzinə bunu ondan gizlətmişdir. O, digər həkimlərin də onu müalicə etməsinə maneçilik törətmiş, hətta bir müddət onu kənar aləmdən təcrid etmişdir. İsrail həkimlərinin verdiyi arayışlarda qeyd olunur ki, Cavabdeh bu cinayətkarcasına səhlənkarlığı nəticəsində onun vəziyyəti daha da ağırlaşmış, qaraciyərinin bir hissəsi tamamilə sıradan çıxmışdır. Rəfail Həsənov da onu əməliyyat edərkən ciddi səhlənkarlığa yol vermişdir. Bunların nəticəsində o, əmək qabiliyyətini tamamilə itirmiş, ömrü qısalmışdır. İş üzrə cavabdeh həkim cərrah Cavabdeh peşəsinə cinayətkarcasına diqqətsiz yanaşması nəticəsində ona xüsusilə külli miqdarda maddi və mənəvi zərər yetirilmişdir. Əmək qabiliyyətini tam itirmiş, müalicə və İsrail dövlətində yaşama xərcləri çox olmuşdur. Öz vəziyyəti, övladlarının vəziyyəti, ömrünün sonuna az qalması ilə bağlı fikirləri onu ciddi mənəvi sarsıntılara məruz qoymuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iş üzrə verilmiş ekspertiza rəyi natamamdır və ekspert tərəfindən qoyulan suallara tam olaraq cavab verilməmişdir. Belə ki, tibbi sənədlərdə də qeyd olunduğu kimi, iş üzrə cavabdeh həkim cərrah Cavabdeh iddiaçının öd kisəsinin yollarını bağlaması zamanı yol verdiyi səhvlər və səhlənkarlıq nəticəsində iddiaçı öz əmək qabiliyyətini tam itirmişdir. Öd kisəsinin çıxarılması əməliyyatına qədər iddiaçının qaraciyərində heç bir xəstəlik aşkar olunmamış və onun heç bir şikayəti olmamışdır. İddiaçı cavabdeh tərəfindən əməliyyat olunduqdan sonra onun qarciyərində problemlər yaranmış, lakin həkim səhlənkarlığa yol verərək ona tibbi yardım göstərməmiş və yalnız ağrı kəsicilər vurmuşdur. Bundan sonra onun vəziyyəti daha da pisləşmiş və Bakı şəhərində yerləşən “BONA DEA” klinikasında yenidən əməliyyat olunmuş, lakin vəziyyəti daha da ağırlaşmışdır. Sonradan iddiaçı məcbur qalaraq İzrail Dövlətinə valideynlərinin yanına getmiş və orada müailcə və müayinələrdən keçmişdir. Həmin dövlətin həkimləri tərəfindən verilmiş tibbi sənədlərə əsasən İddiaçı əməliyyat edən zaman qaraciyəri zədələnmiş və bunun nəticəsində o qaraciyər serrozu olmuşdur. Hal-hazırda İddiaçı əlildir və onun əmək qabiliyyəti yoxdur. Bu halın baş verməsinə səbəb isə cavabdeh həkim cərrah Cavabdeh tərəfindən aparılmış düzgün olmayan cərrahiyyə əməliyyatıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ultrasəs müayinədən keçmiş və xx.xx.2019-cu il tarixdə X8 əməliyyat olunmuşdur. Xəstəyə drenaj qoyulmuş və palataya köçürülmüşdür. Sonradan xəstənin vəziyyəti yaxşı olduğu üçün drenaj çıxarılmış və xəstə evə göndərilmişdir. Bir həftə sonra xəstə Rəşada zəng vuraraq ağrılarının başladığını bildirmişdir. Cavabdeh onu müayinə etmiş və ciddi bir problemin olmadığını demişdir. İddiaçıya stasionar müalicə yazmış, xəstə Premium klinikaya yerləşdirilmiş və sonradan X4 köçürülmüşdür. Kamera ilə qarın boşluğuna daxil olunmuş, təmiz su ilə yuyulub dörd ədəd drenaj qoyulmuşdur. Drenajın 3-ü çıxarılmış, lakin biri qalmışdır. Üç həftə gözlədikdən sonra xəstə Bonadea qospitalına getmiş və onun (cavabdehin) göstərişi ilə tomoqrafiya edilmişdir. Müayinədən sonra radioloq ona məlumat vermişdir ki, bütün nəticələr normaldır. xx.xx.2019-cu il tarixdə xəstə həkim Rafael Həsənov tərəfindən RCP olunmuş və öd yolunun bağırsağa açılan yeri, qaraciyəri yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, qaraciyərin bağırsağa bağlanan yeri açılmış və xəstəyə ürəkbulanma vermişdir. Bu barədə cavabdeh İddiaçı anası ilə danışmış və ona hər şeyi izah etmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Ultrasonoqrafiq müayinədən müəyyən olunur ki, İddiaçı Xolelitioz öd kisəsi boynuna yaxın hissədə 25 mm ölçüdə intensiv akustin gölgə verən konkrement öd kisəsinin forması normal olmaması diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş X10 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli epikrizlərdən müəyyən olunur ki, xroniki daşlı xolesistit diqnozu qoyulmuş və laparoskopik xolesistektomiya cərrahi əməliyyatı aparılmış və xx.xx.2019-cu il tarixdə qarın boşluğunun sanasiyası və drenaj olunması cərrahi əməliyyatı aparılmışdır. İş materiallarına əlavə olunmuş X11 X2 tərəfindən verilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı qaraciyərdən cərrahi biopsiya götürülmüş və fibroz olmadan fokal yumşaq portal monokunlear iltihabı göstərir, portal safra kanalları qorunur, nəticələr yüngül və qeyri-spesifikdir. İş materiallarına əlavə olunmuş X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli müayinə olunması barədə tərcümə olunmuş tibbi sənəddən müəyyən olunur ki, İddiaçı Azərbaycanda Respublikasında olan əməliyyatı zaman ona səhv hərəkət qaraciyər funksiyasının ciddi şəkildə pozulmasına və öd yolunun xeyli genişlənməsinə və qaraciyər srrozunun inkişafına səbəb olmuşdur. Nəticədə xəstə encephalopathy də daxil olmaqla çox ağır qaraciyər çatışmazlığı ilə müraciət etmişdir. Xəstə dərhal hepatojujenostomy-nin başlanılması diaqnozu ilə əməliyyat olunmuş, əməliyyatdan sonra depressiya, zəiflik və yaddaş pozğunluğu müşahidə olunur, əmək qabiliyyətsiz hesab olunur və evdə işləyə bilər, 100 faiz əlillik təyin edilir. Müxtəlif müalicələr və çox sayda dərmanların qəbulu xəstəyə 25.000 dollara başa gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-5292/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X3 tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X1 893/KEŞ nömrəli rəyindən görünür ki, “X9” X5 Şeydayevanın adına tərtib elmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2019-cu il tarixdə mərkəzə daxil olduqdan sonra aparılmış obyektiv, laborator və instrumental müayinələr əsasında ona xroniki daşlı xolesistit diaqnozu düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoz əsasında ümumi anesteziyanın tətbiqi ilə “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə 1 gün stasionarda müşahidə və müalicədə olmuş, növbəti gün drenaj borudan heç bir möhtəviyyat olmadığı üçün drenaj boru xaric edilmiş və xəstə kafi vəziyyətdə evə yazılmışdır. Əməliyyat vaxtı və əməliyyatdan sonra ağırlaşma qeyd edilməmişdir. Əməliyyatdan öncə ultrasəs müayinəsində qaraciyərdə hər hansı bir xəstəlik mövcud olmamışdır. Öd kisəsinin isə fəaliyyətsiz olduğu qeyd edilmişdir. Əməliyyatın videogörüntüləri iş materiallarında olmadığı üçün qoyulmuş klipslərin sayı haqqında dəqiq fikir söylənilməsi mümkün deyildir. Lakin ədəbiyyat məlumatlarına və tibbi təcrübəyə əsasən 1-2 klips öd kisəsi damarına, 2 klips isə öd kisəsi axarına qoyulması nəzərdə tutulur. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından bir həftə sonra qaraciyər altı nahiyədə öd sızması aşkar edilmişdir. “Laporoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatından sonra öd sızması gözlənilə bilər. Belə hal müəyyən olunduqda müvafiq tədbirlərin görülməsi zəruridir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, yaranmış patoloji vəziyyətlə bağlı diaqnostik laporoskopiya icra edilmişdir. Təkrari laporoskopik cərrahiyyə əməliyyatının gedişində, sonrakı instrumental müayinələrdə (USM, KT, MRT) və ERCP proseduru zamanı qaraciyər, həmçinin öd yollarının zədələnməsi aşkar edilməmişdir. Lakin əməliyyat bölgəsinin toxuma xüsusiyyətlərindən asılı olaraq fistul formalaşmışdır ki, bu da sonrakı ERCP proseduru ilə aradan qaldırılmışdır. İddiaçı təkrar “Diaqnostik laparoskopiya. Qarın boşluğunun sanasiyasi və drenaj edilməsi” cərrahiyyə əməliyyatı, daha sonra ERCP proseduru və xoledoxun stentlənməsi icra edilmişdir. Aparılmış tibbi müdaxilələr təyin edilmiş diaqnoza uyğun olmuş və nəticədə öd fistulu bağlanmışdır. İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı dövrdə onun hazırkı sağlamlıq durumuna səbəb olacaq hər-hansı bir orqan zədələnməsi müəyyən edilməmişdir. Lakin İddiaçı üzərində xx.xx.2020-ci il tarixdə “X11 Mərkəzi”ndə icra edilmiş təkrar rekonstruktiv operativ müdaxilə qaraciyərin sağ öd yollarında inkişaf etmiş xroniki çapıq striktura ilə əlaqədar olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-197/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X3 tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X1 255 nömrəli rəyindən görünür ki, “X9” Tibb Mərkəzində tərtib elmiş tibbi sənəddə göstərilənlərə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə mərkəzə daxil olduqdan sonra ona aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında xroniki daşlı xolesistit diaqnozu düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq ümumi anesteziyanın tətbiqi ilə “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə 1 gün stasionarda müşahidə və müalicədə olmuş və adekvat müalicələr təyinat üzrə aparılmışdır. Növbəti gün drenaj borudan heç bir möhtəviyyat olmadığı üçün drenaj boru xaric edilmiş və xəstə kafi vəziyyətdə evə yazılmışdır. Əməliyyat vaxtı və əməliyyatdan sonra ağırlaşma qeyd edilməmişdir. İddiaçı üzərində icra edilmiş əməliyyatdan öncə aparılmış ultrasəs müayinəsində qaraciyərdə hər hansı bir xəstəlik mövcud olmamışdır. Öd kisəsinin isə fəaliyyətsiz olduğu qeyd edilmişdir. Əməliyyatın videogörüntüləri iş materiallarında olmadığı üçün qoyulmuş klipslərin sayı haqqında dəqiq fikir söylənilməsi mümkün deyildir. Lakin tibbi ədəbiyyat məlumatlarına əsasən 1-2 klips öd kisəsi damarına, 2 klips isə öd kisəsi axarına qoyulması nəzərdə tutulur. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından bir həftə sonra qaraciyər altı nahiyədə öd sızması aşkar edilmişdir. “Laporoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatından sonra öd sızması gözlənilə bilər. Belə hal müəyyən olunduqda müvafiq tədbirlərin görülməsi zəruridir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, yaranmış patoloji vəziyyətlə bağlı diaqnostik laporoskopiya icra edilmişdir. Təkrar laporoskopik cərrahiyyə əməliyyatının gedişində, sonrakı instrumental müayinələrdə (USM, KT, MRT) və ERCP proseduru zamanı qaraciyər, həmçinin öd yollarının zədələnməsi aşkar edilməmişdir. Lakin əməliyyat bölgəsinin toxuma xüsusiyyətlərindən asılı olaraq fistul formalaşmışdır ki, bu da sonrakı ERCP proseduru ilə aradan qaldırılmışdır. Əməliyyatdan bir həftə sonra baş verən öd qaçağının səbəbi əməliyyatdan əvvəl keçirilmiş USM-ə əsasən öd kisəsinin divarının qalınlığı 7 mm olmuşdur ki, bu da öd kisəsi divarında kəskin iltihabı prosesin olduğunu sübut edir, cərrahi əməliyyatından sonra həmin iltihabi prosesi davam etmiş və iltihabi proses nəticəsində qaraciyərin sağ axarının öd kisəsi yatağı nahiyəsində yerləşdiyindən həmin axarın irinin təsiri nəticəsində perforasiya baş verə bilər. İddiaçı ERCP proseduru ilə xoledoxun stentlənməsi icra edilmişdir. Bunun nəticəsində öd fistulu bağlanmışdır. İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı dövrdə onun hazırkı sağlamlıq durumuna səbəb və xx.xx.2020-ci il tarixdə “X11 Mərkəzi”ndə icra edilmiş təkrar rekonstruktiv operativ müdaxilədən sonra xroniki çapıq striktura ilə əlaqədar olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh həkim cərrah Cavabdeh tərəfindən X7 öd kisəsinin laparoskopik rezeksiyası, öd kisəsinin götürülməsi əməliyyatı icra edilmişdir. O, əməliyyatdan sonra qarın nahiyəsində olan güclü ağrılardan əziyyət çəkdiyi üçün vəziyyəti pisləşmişdir. Yenidən həkimə müraciət etmiş və ona yalnız ağrıkəsicilər vurulmuşdur. Bundan sonra BONA DEA klinikasına müraciət etmiş və orada yenidən əməliyyat olunmuşdur. Halının daha da pisləşdiyini hiss etdiyi üçün valideynlərinin yaşadığı İsrail Dövlətinə getmək məcburiyyətində qalmışdır. İsraildə müayinələrdən keçərkən ona məlum olmuşdur ki, iş üzrə cavabdeh həkim cərrah Cavabdeh onun öd kisəsi üzərində əməliyyat apararkən qara ciyərini zədələmişdir. İsrail Dövlətində yenidən əməliyyat olunmuş və orada 25000 dollar vəsait xərclənmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1112-ci maddəsinin tələbinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə iddianın cavabdehdən maddi və mənəvi ziyanın tutulmasına münasibətdə hesab edir ki, hazırda iddiaçı cərrahiyyə əməliyyatı ilə bağlı cavabdeh qismində tibb müəssisəsini qoymalı olduğu halda, həmin məbləği yalnız həkim cərrahdan tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki hallarının həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün başa çatmalıdır. Hal-hazırkı iddia tələbi ilə bağlı olaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamasıdır. Belə ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası MM-nin 1112-ci maddəsi ilə bağlıdır, belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin hazırkı iş materiallarından müəyyən olunur ki, iddiaçı tibb müəssisəsinə qarşı deyil, onu həmin tibb müəssisəsində əməliyyat etmiş həkim cərraha qarşı qaldırmışdır. Mülki Məcəllənin tələbinə görə isə həkim cərrah birbaşa məsuliyyət daşımadığından ona qarşı iddia tələbi irəli sürülə bilməz. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar