Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2010/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın təhsil haqqı ilə bağlı ödənilmiş pul vəsaitinin ½ hissəsinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahdan doğulmuş 31.07.2004-cü il təvəllüdlü X2 Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil almağı ilə bağlı ödədiyi ümumilkidə 2700 manat pul vəsaitinin ½ hissəsinin, yəni 1350 manat məbləğində pulun, mediatorun və məhkəmənin hesabına ödədiyi ümumilikdə 100 manat pul məbləğindən 50 manat pul vəsaitinin Cavabdeh tutularaq ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, onun Cavabdeh ilə aralarında bağlanmış nikahları 2012-ci ildə məhkəmə tərəfindən pozulmuşdur. Nikahları pozulduqdan sonra birgə nikahından doğulmuş 31.07.2004-cü il təvəllüdlü X4 və 31.07.2007-ci il təvəllüdlü X6 onun himayəsinə verilmişdir. Hazırda birgə nikahdan doğulmuş 31.07.2004-cü il təvəllüdlü X4 Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alır. Onun illik ödəniş haqqı 2700 manat təşkil edir. Həmin məbləği ödəmək onun üçün çox çətin olsa da o, buna məcbur olmuşdur. 31.07.2004-cü il təvəllüdlü X2 təhsil haqqının yarısının Cavabdeh oğlu tərəfindən ödənilməsi barədə razılığa gəlmək istəsə də, lakin cavabdehin həmin məbləği ödəməyə imkanı olmasına baxmayaraq bunu etməkdən imtina etmişdir. Buna baxmayaraq o, problemlərin həlli ilə bağlı Mediasiya şurasına müraciət etmiş, cavabdeh isə bu barədə məlumatı olsa da, mediasiya sessiyasına gəlməmiş və iştirak etməmişdir. Bu əsasla da ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə rəsmi nikahda olmuş və onların həmin nikahdan iki övladı 31.07.2004-cü il təvəllüdlü X4 və 31.07.2007-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Müəyyən səbəblərə görə nikahları 2012-ci il tarixdə rəsmi olaraq pozulmuşdur. Nikah pozulduqdan sonra o, hər iki övladına aliment ödəmişdir. Hazırda onun himayəsində onkoloji xəstə olan atası var və o ikinci dəfə ailə qurmuşdur. Onun ikinci nikahından da iki uşağı vardır. O, hazırda bit bazarında satıcı işləyir, aylıq 500-600 manat əmək haqqı alır və öz ailəsinin təlabatını ödəməkdə çətinlik çəkir. Bundan əlavə iddiaçı özü imkanlıdır və özü aztəminatlı ailələrə yardım göstərir. Hazırda iddiaçının tələb etdiyi 2700 manat pul vəsaitinin ½ hissəsini ödəmək iqtidarında omadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 21.09.2021-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilə mediasiya şurasında 21.09.2021-ci il tarixdə 20:30-20:45 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 31.07.2004-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Dövlət Universitetinin 21.02.2022-ci il tarixli arayışından görünür ki, X4 həqiqətən Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsi iqtisadiyyat ixtisasının əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə İ (birinci) kurs tələbəsidir. İş materiallarına əlavə olunmuş Kapital Bank tərəfindən verilmiş tələbələrin təhsil haqqı üçün ödənilmiş çekdən müəyyən olunur ki, X4 tərəfindən 2700 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 28.06.2012-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2 və 81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1.-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2.-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bu Məcəllənin 28.4.-ci maddəsinə əsasən On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 31.07.2004-cü il təvəllüdlü X4 və 31.07.2007-ci il təvəllüdlü X6 anadan olmuş və 2012-ci ildə rəsmi olaraq nikahları pozulmuş, azyaşlı uşaqlar anasının himayəsində saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 ümumi orta təhsil məktəbini bitirdikdən sonra ali məktəbə daxil olmuş və ali təhsilin pullu olmasını öz seçiminə uyğun etmişdir. Belə ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malik olsalar da, orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Tələbə təhsil formasını və təhsil müəssisəni seçməkdə sərbəstdir və buna görə müdaxilə nəzərdə tutulmamışdır. X1 ali təhsilin pullu olmasını öz seçiminə uyğun etdiyindən valideyndən bu əsasla əlavə xərcin tələb edilməsi əsassızdır. Buna görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “uşağın təhsil haqqı ilə bağlı ödənilmiş pul vəsaitinin ½ hissəsinin tutulması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2010/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2010/2022
18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver