Məhkəmə qərarları › İş №2(010)-2077/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2077/2022

01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2077/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4800 manat əsas məbləğ, 4000 manat mənəvi zərərə görə, 300 manat hüquqi xidmətlərə və 40 manat dövlət rüsumuna görə, cəmi 9140 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin aprel ayında yaşadığı Hövsan qəsəbəsində torpaq sahəsi almaq üçün orada fəaliyyət göstərən daşınmaz əmlak alqı-satqısı ofisinə getmişdir. Ofisdə özünü Qulu kimi təqdim edən “makler”lə tanış olmuşdur. Sonradan bu adamın adının Cavabdeh1 olduğunu bilmişdir. Ağaqulu torpaq sahəsini ona göstərmiş və torpağın Cavabdeh2 məxsus olduğunu demişdir. Sonradan Cavabdeh2lə görüşmüş və razılaşmışlar. Cəmi 4800 manat pulu cavabdehlərə vermişdir. Onlar adına etibarnamə veriləcəyini və bundan sonra torpağın onun olacağını bildirmişlər. 09 aprel 2014-cü il tarixdə Bakı şəhəri 35 saylı dövlət notariat kontorunda Cavabdeh2 onun adına etibarnamə vermişdir. Bundan sonra torpaq sahəsinin onun olduğunu düşünüb torpağa ondan başqa heç kimin hüququ olmadığını güman etmişdir. Bir müddətdən sonra bilmişdir ki, torpaq başqaları tərəfindən hasara alınmışdır. Sonra məlum olmuşdur ki, Tərlanın torpağa aid heç bir sənədi yoxdur. Cavabdehlər məlumatsızlığından istifadə edib onu aldatmış və pulunu talamışlar. Bundan sonra pulu onlardan tələb etməyə başlamışdır. Cavabdehlər söz versələr də sözlərinə əməl etməmiş və pulunu qaytarmamışlar. Bir müddətdən sonra isə bilmişdir ki, Cavabdeh2 dələduzluq əməlinə görə həbs olunmuşdur. Bu şəxslər barəsində cinayət işi başlanması, qanuni tədbir görülməsi və ona vurduqları zərəri ödəmələri üçün polisə, prokurorluğa və digər dövlət orqanlarına müraciət etmişdir. Lakin, polis və prokurorluqda müraciətinə çox səhlənkar yanaşmışlar. Bir neçə dəfə polisdə şikayəti üzrə yar-yarımçıq araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Çoxsaylı şikayətlərindən sonra polisin qərarları ləğv olunmuş və guya yenidən araşdırma aparılmışdır. Amma, polis qanuni tədbir görməmiş və cavabdehlərin açıq-aydın dələduzluq cinayət əməlini mülki əməl kimi qiymətləndirib onları cinayət məsuliyyətinə cəlb etməmişdir. Son dəfə şikayəti üzrə Suraxanı rayon Polis idarəsində 4 aydan çox guya araşdırma aparılmışdır. Polis müstəntiqi təqsirkar şəxsləri ümumiyyətlə polisə çağırmamış, onu get-gələ salıb kobudcasına səhlənkarlıq və süründürməçilik etmişdir. Dələduzlardan daha çox polis tərəfindən ələ salınmışdır. Çox böyük çətinliklə polis müstəntiqi Çərkəz Pənahovdan 05 fevral 2022-ci il tarixli son dəfə yazdığı “cinayət işi başlanmasının rədd olunması haqqında” qərarı almışdır. Bundan sonra məhkəməyə müraciət etməkdən başqa əlacının olmadığını görüb iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ona vurduqları ziyan tam şəkildə onlardan alınıb ödənilməlidir. Onlar maddi ziyandan başqa ona mənəvi zərər də vurmuşlar. Onu ələ salmış, əsəbləşdirmiş, əsəbi sarsıntı keçirməyinə səbəb olmuşlar. Cavabdehlərin onu ələ salmaları səbəbindən xəstələnmiş və səhhətinə ciddi ziyan vurulmuşdur. O, üç dəfə xəstəxanada müalicə olunmuşdur. Hal-hazırda da müalicə olunur və səhhətində problemlər vardır. Cavabdehlərin ona vurduqları mənəvi ziyanı cəmi 4000 manat məbləğində qiymətləndirir. Hüquqlarını qorumaq üçün Bakı şəhəri, Q.Qarayev prospekti 52 ünvanında yerləşən “X5” MMC-yə müraciət etmiş və hüquqi xidmətlərə görə 300 manat pul ödəmişdir. Bundan başqa, iddia ərizəsini məhkəməyə vermək üçün 40 manat dövlət rüsumu ödəmişdir. Bu məbləğlər də cavabdehlərdən tutulub ona ödənilməlidir. İddia tələbinin həcminin artırılması. Daha sonra iddiaç İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4800 manat əsas məbləğ, 4000 manat mənəvi zərərə görə, 450 manat hüquqi xidmətlərə və 130 manat dövlət rüsumuna görə, cəmi 9380 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə verərək, iddianı qəbul etdiyini, iddiaçı tərəfindən tələb edilən pulu, yaxud razılaşarsa uyğun olan torpaq sahəsini verməyə etiraz etmədiyini, həmçinin Cavabdeh1 tanıdığını və mübahisəli torpağın alqı-satqısında Ağaqulunun da iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçıya yalnız torpaq sahəsi verə bilər. Pulu qaytarmağa isə razı deyil. Bu səbəbdən iddianı qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, 2014-cü ildə Suraxanı rayon ərazisində torpaq alqı-satqısı ilə məşğul olan Qulu adlı şəxsdən Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi ərazisində 1.5 sot torpaq sahəsini 4700 manata almış, bir müddət sonra sözügedən həmin torpaq sahəsinin başqa şəxs tərəfindən hasara alındığını və Qulu adlı şəxsin onu aldadaraq özünə məxsus olmayan torpaq sahəsini ona satdığını müəyyən etmiş, pulunu geri istədikdə isə Qulu adlı şəxs müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmadığını bildirmişdir. Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi aşkar edilmədiyindən 12 dekabr 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Rədd materialından göründüyü kimi, təhqiqat zamanı Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. Cavabdeh1 izahatında qeyd olunur: “Hövsan qəsəbəsi ərazisində anadan olduğu üçün yaşadığı qəsəbəni yaxşı tanımış, təxminən 2013-cü ildən ev və torpaq alqı satqısı ilə məşğul olmağa başlamış, 2014-cü ildə yaşadığı evin yaxınlığında torpaq alqısatqısı ofisi olmuş, boş vaxtlarını da həmin ofisdə keçirmiş, İddiaçı isə təxminən 2014-cü ildən tanımışdır. Belə ki, həmin il (vaxtını, ayı, günü və saatı dəqiq olaraq xatırlamır) Namik onun işlədiyi ofisə gələrək bildirmişdir ki, Hövsan qəsəbəsi ərazisində asfalt yola yaxın yerlərdən torpaq sahəsi almaq istəyir. O da Namikə Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsi ərazisində olan bir torpaq sahəsini göstərib, oranın satıldığını bildirmiş, lakin həmin zaman Namik ona göstərdiyi torpaq sahəsini bəyənməmiş, bundan sonra o, Tərlan adlı şəxsin onun işlədiyi ofisində yazdırdığı və ona aid olduğu torpaq sahəsini göstərmiş, həmin zaman Namik ona göstərdiyi Tərlan adlı şəxsin torpaq sahəsini bəyənmiş və həmin torpaq sahəsinin ümumilikdə təxminən 1.5 sot və 5000 manata satıldığını Namikə bildirmiş, Namik də həmin torpaq sahəsini 4600 manata ala biləcəyini demiş, o da bu barədə Tərlanla mobil telefonla danışıb, həmin torpaq sahəsini 4600 manata satıbsatmadığını soruşmuş, həmin zaman Tərlan torpaq sahəsini 4600 manata sata biləcəyini bildirdikdən sonra, onunla razılaşdıqdan sonra Tərlandan torpağının satılacağı təqdirdə 500 manat pul alacağını bildirmiş, bu zaman Tərlan da onunla razılaşmış, daha sonra Namikdən 500 manat pulu beh almış və həmin günün səhəri Namik ilə Hövsan qəsəbəsi ərazisində yenidən görüşmüş, bu zaman onun yanında Tərlan da olmuş, Tərlan torpağının satılması ilə bağlı Namikə Hövsan qəsəbəsi 35 saylı notariat konturunda etibarnamə vermiş, daha sonra Namik ilə işlədiyi daşınmaz əmlak ofisinə qayıtmış, orada Namik ona aldığı torpaq sahəsinə görə 4100 manat pul vermiş, daha sonra o, da həmin pulu həmin günü Tərlanla görüşüb ona vermiş, bundan sonra əvvəlcədən razılaşdığı kimi Tərlandan 500 manatı almış, bir müddət keçdikdən sonra Namik onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, ona satılmış olan və Tərlan adlı şəxsin torpağı kimi göstərilən torpaq sahəsi başqa bir şəxsin torpaq sahəsi olmuş, bunun üçün də onun tərəfindən aldadıldığını bildirmişdir. Bundan sonra o, Tərlan ilə əlaqə saxlamaq istəsə də artıq Tərlanın başqa bir cinayət əməlinə görə həbs olunduğunu öyrənmişdir”. Cavabdeh2 izahatında qeyd olunur: “Hövsan qəsəbəsi ərazisində anadan olduğu üçün yaşadığı qəsəbəni yaxşı tanıyır və təxminən 2003-cü ildən ev və torpaq alqı-satqısı ilə məşğul olmağa başlamış, Cavabdeh1 təxminən 2010-cu ildən tanımışdır. Belə ki, Ağaqulu onun yaşadığı qəsəbədə, yəni Hövsan qəsəbəsində torpaq alq-satqısı ilə məşğul olduğundan onunla yaxşı münasibətləri olmuş, torpaq alqı-satqısı ilə məşğul olduğundan Hövsan qəsəbəsi ərazisində özünə məxsus olan torpaq sahələri olmuş, 2014-cü ilin aprel ayında Ağaqulunun işlədiyi torpaq alqı-satqısı ofsinin qarşısında Ağaqulu ilə görüşmüş, həmin zaman Ağaqulu ondan xahiş etmişdir ki, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün ona, yəni Ağaquluya məxsus olan torpaq sahəsinə Ağaqulunun adından İddiaçı 35 saylı dövlət Notarus konturunda etibarnamə versin. O, da Ağaqulunu tanıdığı üçün onunla razılaşmış və xx.xx.2014-cü ildə Hövsan qəsəbəsi ərazisində yerləşən 35 saylı Notariat kontoruna gedib, orada İddiaçı etibarnamə vermiş, bu hadisədən sonra, yəni xx.xx.2014-cü il tarixdə o, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və başqa bir cinayət işi üzrə məsuliyyətə cəlb olunaraq həbs olunmuş, daha sonra Ağaqulu ilə Namikin arasında olan məsələlərdən xəbərinin olmadığını bildirmişdir”. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, 2014-cü ildə Suraxanı rayonu ərazisində torpaq alqı-satqısı ilə məşğul olan Qulu adlı şəxsdən Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi ərazisində 1.5 sot torpaq sahəsini 4700 manata almış, bir müddət sonra sözügedən həmin torpaq sahəsinin başqa şəxs tərəfindən hasara alındığını və Qulu adlı şəxsin onu aldadaraq özünə məxsus olmayan torpaq sahəsini ona satdığını müəyyən etmiş, pulunu geri istədikdə isə Qulu adlı şəxs müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmadığını bildirmişdir. Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi aşkar edilmədiyindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı, Cavabdeh1 və Cavabdeh2 alınmış izahatlar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardakı izahatlarla eynilik təşkil etmişdir. İşin faktiki halları. İddiaçı Cavabdeh1 vasitəçiliyi ilə Cavabdeh2 tərəfindən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 4800 manata torpaq “satıldığını”, lakin sonradan Cavabdeh2 bu torpaq üzərində heç bir hüququ olmadığını öyrəndiyini, cavabdehlərə pulunu verdiyi torpaq sahəsinin əslində başqasının sahibliyində olduğunu, cavabdehlərin isə onu aldadaraq aldıqları pulu ona qaytarmadığını bildirərək, onlardan həmin pulu, həmçinin özünə dəydiyini iddia etdiyi mənəvi ziyana görə, eləcə də məhkəmə xərclərinə görə pul tutulmasını tələb etmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl bu hadisə ilə bağlı bir neçə dəfə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmiş, həmin vaxt cavabdehlərin onu aldadaraq torpaq satmaq adı ilə ondan 4700 manat məbləğində pul aldığını, lakin həmin torpağın başqa şəxsə məxsus olduğunu, cavabdehlərin isə aldıqları pulu qaytarmadığını bildirmişdir. Bu müraciətlər üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. Hazırkı iş üzrə Cavabdeh1 verdiyi izahatda Hövsan qəsəbəsində torpaq almaq üçün İddiaçı vasitəçilik etdiyini, onu torpaq sahəsi satıcısı kimi Cavabdeh2 ilə tanış etdiyini qəbul etmiş, Cavabdeh2 torpaq sahəsini İddiaçı 4600 manata satdığını, bu pulun 500 manatını vasitəçi kimi özünün götürdüyünü, qalanının – 4100 manatın isə Cavabdeh2 qaldığını bildirmişdir. İzahatı alınan Cavabdeh2 isə Cavabdeh1 vasitəçiliyi ilə İddiaçılə tanış olduğunu, ona Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı etibarnamə verdiyini, lakin bu torpağın əslində Cavabdeh1 məxsus olduğunu, sadəcə onun şəxsiyyət vəsiqəsi olmadığı üçün İddiaçı torpaqla bağlı etibarnaməni Cavabdeh1 yox, özünün verdiyini, başqa məsələlərdən xəbəri olmadığını bildirmişdir. Hazırkı məhkəmə araşdırması gedişində Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddiaçının ondan tələb etdiyi pulu və ya razılaşarsa uyğun torpaq sahəsini iddiaçıya verməyə etirazı olmadığını, digər Cavabdeh1 isə torpaq alqı-satqısında vasitəçilik etdiyini bildirmişdir. Lakin o, məhkəmə iclasında verdiyi izahatda iddiaçıya pul verməyə razı olmadığını, torpaq sahəsi verməyə isə etiraz etmədiyini bildirmişdir. Digər Cavabdeh1 isə məhkəmə iclaslarında iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ...14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi. Göründüyü kimi iddia tələbi iki cavabdehə yönəlmiş bir neçə tələbdən ibarətdir: 1) iddiaçının torpaq satışı adı ilə aldadılaraq cavabdehlərə verdiyini iddia etdiyi 4800 manat məbləğində pul; 2) bu aldadılma nəticəsində məruz qaldığını iddia etdiyi mənəvi ziyana görə 4000 manat məbləğində pul; 3) məhkəmə xərci kimi tələb etdiyi cəmi 580 manat məbləğində pul. Məhkəmə ilk növbədə, torpaq satışı adı ilə verilmiş pula münasibət bildirərək qeyd edir ki, iddia ərizəsindən, eləcə də iş üzrə tərəflərin istintaq araşdırması və hazırkı iş üzrə məhkəmə icraatı gedişində verdiyi izahatlardan məlum olur ki, həqiqətən tərəflər arasında Hövsan qəsəbəsində yerləşən torpaq alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Belə ki, İddiaçı torpaq sahəsi almaq üçün əvvəlcə vasitəçi kimi Cavabdeh1 müraciət etmiş, onun vasitəsilə Cavabdeh2 torpaq sahəsi “almışdır”. Bu hissədə məhkəmə qeyd edir ki, Cavabdeh2 hər nə qədər istintaqda verdiyi izahatda torpaq sahəsini İddiaçı “satanın” əslində özü yox, Cavabdeh1 olduğunu, lakin Cavabdeh1 şəxsiyyət vəsiqəsi olmadığına görə (hansı ki var və xx.xx.2012-ci il tarixdə verilmişdir) torpağı İddiaçı Cavabdeh1 yox, özünün “satdığını” iddia etsə də hazırkı məhkəmə icraatı gedişində məhkəməyə verdiyi ərizədə iddiaçının torpağa görə verdiyi pulu, ya da razılaşarsa torpağı qaytarmağa heç bir etirazı olmadığını bildirmiş, Cavabdeh1 bu “alqı-satqı”da sadəcə “vasitəçi” olduğunu qəbul etmişdir. Sonradan verdiyi izahatda pulu qaytarmaqdan imtina etsə də torpaq sahəsini verməyə etirazı olmadığını məhkəmə iclasında da təkrar etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı həqiqətən Cavabdeh1 vasitəçiliyi ilə digər Cavabdeh2 torpaq sahəsi “almışdır”. Halbuki, nə Cavabdeh1, nə də Cavabdeh2 həmin torpaq üzərində heç bir hüququ olmamışdır. Bunun davamı olaraq, məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş ərizədə torpağa görə verilmiş pulun, yaxud iddiaçı razılaşarsa torpaq sahəsinin qaytarılmasına etiraz edilməməsi iddianın birinci hissədə (torpağa görə verilmiş pulun qaytarılması hissəsində) Cavabdeh2 tərəfindən etirafı kimi qəbul edilməlidir. Belə ki, o, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edərək iddiaçının torpağa görə tələb etdiyi pulu qaytarmağa etiraz etmədiyini bildirmişdir. Onun sonradan məhkəmə iclasında verdiyi izahatda pulu yox, torpağı qaytarmağa razılıq verməsini isə məhkəmə əsassız hesab edir və qeyd edir ki, cavabdeh iddiaçıdan aldığını yazılı ərizə ilə etiraf etdiyi pulu iddiaçıya qaytarmalıdır. Belə ki, o, heç bir hüququ olmadan iddiaçının hesabına əsassız varlanmışdır və bu varlanma nəticəsində əldə etdiklərini cavabdehə geri qaytarmalıdır. Lakin bu pulun məbləği ilə bağlı qeyd edilməlidir ki, hər nə qədər iddiaçı torpağı “almaq” üçün cavabdehlərə 4800 manat məbləğində pul verdiyini iddia edərək bu pulu cavabdehlərdən tələb etsə də onun istintaqa verdiyi məlumatdan görünür ki, həmin vaxt torpağa görə cavabdehlərə 4700 manat məbləğində pul verdiyini bildirmişdir. Üstəlik, bu pulun 600 manatını (500 manat beh kimi, 100 manat vasitəçi xidməti haqqı kimi) Cavabdeh1 verdiyini qeyd etmişdir. Öz növbəsində Cavabdeh1 verdiyi izahatda Cavabdeh2 İddiaçı torpağı 4600 manata satdığını, bu pulun 500 manatını özü götürdüyünü, 4100 manatını isə Cavabdeh2 verdiyini bildirmişdir. Cavabdeh2 isə yuxarıda qeyd edildiyi kimi məhkəmədəki etirafının əksinə, istintaqa verdiyi izahatda pul məsələsindən ümumiyyətlə xəbəri olmadığını qeyd etmişdir. Göründüyü kimi torpağın satış qiyməti ilə bağlı iddiaçının istintaqa verdiyi məlumatla hazırkı iddia ərizəsindəki tələbi arasında 100 manat fərq mövcuddur. Lakin hər bir halda nəzərə alınmalıdır ki, əgər iddiaçı torpaq almaq üçün cavabdehlərə məhz 4800 manat məbləğində pul verdiyini iddia edirsə bunu sübut etmək hər bir halda onun üzərinə düşür. Lakin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yeganə sübut cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlardır ki, bu qərarlardan da onun cavabdehlərə 4800 manat məbləğində pul verdiyi sübut olunmur. Əksinə, özünün cavabdehlərdən torpaq almaq üçün 4700 manat pul verdiyini bildirdiyi müəyyən olunur ki, izahatı alınan Cavabdeh1 bu pulun yalnız 4600 manatını qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə Cavabdeh1 izahatı əsasında sübut olunan hissədə - 4600 manat təmin edilməlidir. Eyni zamanda, məhkəmə yuxarıda qeyd edilənlər əsasında belə nəticəyə gəlir ki, iddiaçı bu pulun 500 manatını Cavabdeh1, 4100 manatını isə Cavabdeh2 vermişdir. Məhkəmə bu cür nəticəyə gələrkən onu da qeyd edir ki, hər nə qədər Cavabdeh2 torpağa görə verilmiş pulla bağlı hissədə iddianı etiraf etmiş kimi görünsə də nəzərə alınmalıdır ki, iddiaçı torpağa görə verdiyi pulu cavabdehlərdən məhz “müştərək qaydada” tələb etmişdir. Bu baxımdan Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsinin digər Cavabdeh1 hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnməməsi, eləcə də işin həqiqi hallarının müəyyən edilməsi üçün məhkəmə yuxarıda qeyd edilmiş araşdırmanın aparılmasını zəruri hesab etmişdir. Bununla belə məhkəmə bu etirafı məhz Cavabdeh2 münasibətdə iddianın qismən etirafı kimi qiymətləndirmişdir. Bütün bu qeyd edilənlərə, eləcə də Cavabdeh2 etirafına əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 500 manat, Cavabdeh2 isə 4100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehlərin iddiaçının hesabına əsassız varlanmasının müəyyən edilməsi onların üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Odur ki, iddiaçının cavabdehlərə verdiyi pulun geri qaytarılmasına dair tələbi əsaslı olmuşdur. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti nəzərə alınaraq, cavabdehlərin torpaq satışı adı ilə iddiaçıdan aldıqları pulun iddiaçıya qaytarılmasının qət edilməsi ona dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Son olaraq, məhkəmə iddiaçının məhkəmə xərci kimi cavabdehlərdən tələb etdiyi pula münasibət bildirir. Belə ki, iddiaçı əvvəlcə hüquqi xidmətlərə görə 300 manat, dövlət rüsumuna görə 40 manat məbləğində pul ödədiyini bildirərək bu pulu cavabdehlərdən tələb etmişdir. O, daha sonra iddia tələbinin həcmini bu hissədə artıraraq, vəkilinə xidmət haqqı kimi ödədiyi 150 manat məbləğində pulu, eləcə də 18 manat vəkilə etibarnamə vermək üçün ödədiyi pulu, ödədiyi əlavə 72 manat dövlət rüsumunu, ümumilikdə 450 manat hüquqi xidmət haqqı, 130 manat məbləğində dövlət rüsumunu cavabdehlərdən tələb etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinə İddiaçı tərəfindən “X5” MMC-nin hesabına 300 manat məbləğində pul ödənildiyini təsdiq edən mədaxil qəbzi əlavə edilmişdir. Həmin qəbzdən görünür ki, İddiaçı bu ödənişi xx.xx.2021-ci il tarixdə “hüquqi xidmət, məsləhət, sənədlər və iddia ərizəsinin hazırlanması, polisdə nümayəndəlik” xidmətlərinin qarşılığında ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Deməli, iddiaçı tərəfindən “X5” MMC-nin hesabına ödənilmiş 300 manat məbləğində pulun cavabdehlərdən tutula bilməsi üçün ilk növbədə bu pulun işə baxılması ilə əlaqədar olan məsrəf olub-olmadığı müəyyən edilməlidir. İşə baxılması ilə əlaqədar məsrəflərin siyahısı isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində müəyyən edilmişdir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Göründüyü kimi iddiaçı tərəfindən “X5” MMC-nin hesabına ödənilmiş 300 manat məbləğində pul bu kateqoriyalardan heç birinə daxil deyil. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “X5” MMC-yə ödədiyi pul nümayəndəyə çəkdiyi xərc kimi də qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Digər tərəfdən, qəbzdən görünür ki, iddiaçı tərəfindən “X5” MMC-nin hesabına ödənilmiş bu pul hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən bir il əvvəl ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl bir neçə dəfə müstəntiqin cinayət işinin başlanmasının rədd edilməsi qərarından şikayət vermiş, eləcə də hadisə ilə bağlı müxtəlif instansiylara yazılı şikayətlər ünvanlamışdır. Belə görünür ki, İddiaçı bir il əvvəl “X5” MMC-yə ödədiyi pul elə bu şikayətlərin hazırlanması ilə bağlı xidmət haqqı olmuşdur və hazırkı iddia ərizəsinin verilməsinə aidiyyəti yoxdur. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının “X5” MMCnin hesabına ödədiyi 300 manat məbləğində pul məhkəmə xərci olmadığından cavabdehlərdən tutula bilməz. İddiaçının vəkildən hüquqi yardım almaq üçün ödədiyi və cavabdehlərdən tələb etdiyi 150 manat məbləğində pul isə məhkəmə xərcidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsindən də görünür ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin, iddiaçı tərəfindən “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil hesabına 150 manat məbləğində pul ödənildiyi göstərən qəbz iş materiallarında mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı bu pulu məhkəmə xərci kimi cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. İddiaçının nümayəndəyə (vəkilinə) etibarnamə vermək üçün ödədiyi 18 manat məbləğində pula gəldikdə isə məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, müvafiq etibarnamədən görünür ki, etibarnamənin notraius tərəfindən təsdiq edilərək verilməsi xidməti üçün 17.25 manat məbləğində xidmət haqqı ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu etibarnamənin verilməsi üçün çəkdiyi xərc onun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.5-ci maddəsində nəzərdə tutulmuş nümayəndələrə etdikləri kömək üçün ödədiyi xərcdir və iddiaçı bu xərci məhkəmə xərci kimi cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Dövlət rüsumuna münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən cəmi 112 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ iddianın qiymətinə uyğun olmuşdur. Lakin nəzərə alınmalıdır ki, iddia qismən təmin edilmişdir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə tərəfindən iddianın yalnız 4767.25 (4600+150+17.25) manat məbləğində hissəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 67.67 manat hissəsi cavabdehlərdən tutulmalı, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. O da nəzərə alınmalıdır ki, iddiaçının vəkildən aldığı hüquqi yardıma görə çəkdiyi məhkəmə xərci ilə iddianın qiyməti arasında hər hansı mütənasiblik olmadığından məhkəmə yalnız dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə, vəkil üçün xərcin isə bütövlükdə tutulması nəticəsinə gəlmişdir. Yekunda, məhkəmə onu da qeyd edir ki, cavabdehlərdən ümumilikdə 4600 manat məbləğində pul tutulması nəticəsinə gəlinsə də cavabdehlərdən ayrı-ayrılıqda tutulacaq pulun məbləği bir-birinə nisbətdə əhəmiyyətli dərəcədə fərqlidir. Belə ki, məhkəmə Cavabdeh1 500 manat, digər Cavabdeh2 isə 4100 manat məbləğində pul tutulması nəticəsinə gəlmişdir. Beləliklə, Cavabdeh1 tutulacaq 500 manat məbləğində pulun iddianın təmin edilmiş hissəsinin təxminən 11%-ni təşkil edir. Buna uyğun olaraq Cavabdeh2 tutulması qət edilən 4100 manat məbləğində pul isə iddianın təmin edilmiş 4600 manatlıq hissəsinin 89%-idir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri - iddiaçının vəkilə hüquqi yardım üçün ödədiyi 167.25 manat, eləcə də 67.67 manat dövlət rüsumu tutularkən də bu nisbət nəzərə alınmalı, Cavabdeh1 ümumi məhkəmə xərclərinin 11%-i olan 26 manat məbləğində dövlət rüsumu tutulmalı, cavabdehlərdən tutulması qət edilən məhkəmə xərclərinin qalan hissəsi isə Cavabdeh2 aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 500 manat məbləğində pul və 26 manat dövlət rüsumu, Cavabdeh2 4100 manat məbləğində pul, 167.25 manat hüquqi yardım üçün çəkilmiş xərc və 41.67 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 500 (beş yüz) manat məbləğində pul və 26 (iyirmi altı) manat dövlət rüsumu, Cavabdeh2 4100 (dörd min yüz) manat məbləğində pul, 167.25 manat (yüz altmış yeddi manat iyirmi beş qəpik) hüquqi yardım üçün çəkilmiş xərc və 41.67 manat (qırx bir manat altmış yeddi qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar