Məhkəmə qərarları › İş №2(010)-2089/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2089/2023

10.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2089/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “evin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “evin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 11 saylı evin altında və ətrafında yerləşən torpaq sahəsinin Natalya Yuryevnanın, B tikilisinin altında və ətrafındakı torpaq sahəsinin Cavabdeh mülkiyyəti hesab edilərək hal-hazırkı və texniki pasportdakı mövcud faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 3372/2021 saylı qətnaməsi əsasında tərtib olunmuş yeni bölgü sxemi əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə 2(010)-169/2023 saylı mülki iş hazırda məhkəmənin icraatındadır. Həmin mülki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı tələbinin əsasını ümumi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin naturada bölünməsi təşkil edir. Hazırkı iddia tələbində də İddiaçı Cavabdeh ilə ümumi mülkiyyətlərində olan eyni torpaq sahəsinin naturada bölünməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında mülki iş olduğundan həmin iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, İddiaçı iddia tələbində həm də həmin ünvanda yerləşən və cavabdehlə ümumi mülkiyyətlərində olan fərdi yaşayış evinin naturada bölünməsini tələb etmişdir. Həmin evin naturada bölgüsü ilə əlaqədar məhkəmənin icraatında iş olmasa da, iddia ərizəsinin icraata qəbulundan qismən imtina edilməsi və iddia ərizəsinin qismən icraata qəbul edilməsi mümkün olmadığından iddia ərizəsinin icraata qəbulundan bütövlükdə imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə edilmiş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “evin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar