Məhkəmə qərarları › İş №2(010)-2097/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2097/2021

07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2097/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı X4, cavabdeh “X14 Kompani S.A” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X4 cavabdeh “X14 Kompani S.A” Şirkətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh “X14 Kompani S.A” Şirkətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 Kompanin ona vurulmuş maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 10000 manat, dövlət rüsumunun ödənilməsi üçün 30 manat cəmi 15030 (on beş min otuz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edib, iddia tələbini onunla əsaslandırdı ki, o, 09 mart 2016-cı ildə məşğulluq xidmətinin göndərişi ilə xidməti müqavilə əsasında Suraxanı OYL Şirkətində yardımçı fəhlə vəzifəsində işə götürülmüş və təlimata görə əmək funksiyası nasos yığmaq, hazırlıq briqadasında işləmək və digər yüngül işləri görməkdən ibarət olubdur. Lakin cavadeh təşkilat ona təlimatdan kənar ağır işləri gördürmüşdür. Belə ki, 2020-ci ilin iyulunda mədən müdiri X2 göstərişi ilə 6 ədəd içi duzlu, üstü paslı, 4 düymlu, hər birinin çəkisi 350-400 kiloqram olan boruları maşından tək boşaltmışdır. Halbuki təlimata görə həmin işi bir neçə fəhlə birlikdə etməli idi. Həmin məqamda sex ustası Üzeyr Fərzəliyev ora gəlmiş və o sonuncudan kömək üçün işçi qüvvəsi göndərilməsini xahiş etsə də, sonuncu bu xahişini yerinə yetirməmiş, hətta “1000 manatı belə qazanırlar” sözlərini demişdir. Qeyd olunan işləri tək gördüyünə görə böyrək, sidik kisəsi və prostat vəzinin hiperplaziyasının ağırlaşması ilə nəticələnən xəstəliyə tutulmuşdur. “X15”da müalicə olunmuş və təxminən 5000 manat məbləğində müailəcəsinə pul xərcləmişdir. Keçən ilin sentyabrında müalicədən qayıtdıqdan sonra cavabdehdən müalicə xərclərinin ödənilməsini xahiş etsə də müraciəti təmin olunmamışdır. Cavabdehin müalicə xərclərini ödəməməsi nəticəsində ona mənəvi zərər dəymiçdir. Göründüyü kimi mədən müdiri X7 və sex ustası Üzeyr Fərzəliyev vəzifə səlahiyyətlərindən sui istifadə edərək ona ağır işlərin gördürülməsi nəticəsində ağır xəstəliyə düçar olmuşdur. Cavabdeh X14 Kompanin ona vurulmuş maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 10000 manat, dövlət rüsumunun ödənilməsi üçün 30 manat cəmi 15030 (on beş min otuz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X14 Kompani S.A” Şirkətinin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı X4 işlədiyi dövr ərzində X14 Kompani S.A” Şirkəti ilə heç bir problemi olmamış və iddiaçıya tapşırılan işlər təlimata və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmuşdur. İddiaçıya təlimatdan kənar əlavə işlər görmək barədə tapşırıq verilməmişdir. Bunlara əsasən iddia tələbinin əsassız olduğuna görə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında idiaçının vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, “X14 Kompani S.A” Şirkətində 4 saylı neft-qaz çıxarma sexinin rəis vəzifəsində işləyir. X8 09 mart 2016-cı ildə məşğulluq xidmətinin göndərişi ilə xidməti müqavilə əsasında Suraxanı OYL Şirkətində yardımçı fəhlə vəzifəsində işə götürülmüş və təlimata görə əmək funksiyası nasos yığmaq, hazırlıq briqadasında işləmək və digər yüngül işləri görməkdən ibarət olmuşdur. İddiaçı yalnız təlimata uyğun olaraq işlərini görmüş, əlavə, xüsusilə də ağır şəraitli işlərinə cəlb olunmamış və on un tərəfindən iddiaçıya belə bir əmr və ya tapşırıq verilməmişdir. İddiaçı özü də ona səhhətində olan problemləri ilə bağlı müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 eyni məzmunlu ifadə verərək göstərdi ki, iddiaçıya işlədiyi dövr ərzində təlimatdan kənar hər hansı iş tapşırılmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, tərəflərin izahatları və işin materiallarına əlavə olunmuş 30 dekabr 2019-cu il tarixli Xidməti Müqaviləsindən işin mübahiəsiz halları ondan ibarətdir ki, İddiaçı qeyd olunan müqavilə əsasında “X14 Kompani S.A. Şirkəti”ndə işləmişdir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan müəyyən edilir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan Xidmət müqaviləsində nəzərdə tutulan üzərinə düşən vəzifələrindən kənar işlər görülməsinə cəlb edilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında onun vəsatəti üzrə dindirilmiş şahidlərin ifadələri isə bu nəticəyə gəlməyə əsas verir ki, İddiaçı ağır işlər görülməsi nəticəsində sağlamlığına zərər vurulmasını sübuta yetirə bilməmişdir. Mənəvi ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində maddi ziyana məruz qaldığına görə mənəvi zərərin ödənilməsi tələbini irəli sürmüş, ancaq yuxarıda göstərilən halda cavabdehin iddiaçının sağlamlığına vurulmuş zərərə görə hər hansı bir təqsirli hərəkəti müəyyən edilməmişdir. Belə olan halda cavabdehin hərəkətinə görə iddiaçının mənəvi zərərə məruz qalması əsaslı hesab edilməməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Ona görə də, hazırki iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh "X14 Kompani S.A” -nın iddiaçı Qorçı̇ yev Şərı̇ f Kənı̇ ş oğluna maddi zərərə görə 5000 manat,mənəvi zərərə görə 10.000 manat, dövlət rüsumunun ödənilməsi üçün 30 manat cəmi 15030 (on beş otuz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçı Qorçı̇ yev Şərı̇ f Kənı̇ ş oğluna ödənilməsi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar