Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2104/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə bаxаrаq, M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, yataqxana 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmaları və qeydiyyatdan çıxarılmaları müvafiq inzibati orqanın (hazırkı işdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsi) səlahiyyətindədir və ümumi məhkəmənin inzibati orqanının üzərinə vətəndaşın mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi qoymaq kimi bir səlahiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa iddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı cavabdehin mənzildə heç vaxt yaşamadığını, onu heç vaxt tanımadığını iddia edir. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Odur ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı ilk növbədə, müvafiq inzibati orqana müraciət etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə, inzibati icraat qaydasında məhkəməyə müraciət etməli, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb etməlidir. Beləliklə, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş vəsiqənin surətindən görünür ki, iddiaçı əmək veteranıdır. Belə görünür ki, iddiaçı əmək veteranı olduğuna görə dövlət rüsumu ödəməkdən azad olduğunu hesab etmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi qanunla bütün veteranların yox, yalnız müharibə veteranlarının dövlət rüsumu ödəməkdən azad olması nəzərdə tutulmuşdur. Odur ki, hazırkı iddia ərizəsi həm də dövlət rüsumu ödənilmədən verilmiş hesab edilir ki, bu da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, cavabdehin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana (Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsi) müraciət etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə, inzibati icraat qaydasında məhkəməyə müraciət etməli, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb etməlidir. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2104/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2104/2023
10.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver