Məhkəmə qərarları › İş №2(010)-2138/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2138/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2138/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi, İddiaçı İbrahım qızının və vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı İbrahım qızının cavabdehlər Mehdıyeva Ərkınaz Nəsır qızı, Mehdıyev Əlıheydər İbrahım oğlu və Mehdıyev Elburus İbrahım oğluna qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 236553 №-li Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzil mülkiyyət hüququ əsasında Mehdıyeva Ərkınaz Nəsır qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 1397 saylı reyestr kitabında 209699 səhifə, qeydə alma № 30/209699, xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2006cı il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzil sahibi Mehdıyeva Ərkınaz Nəsır qızıdır və Mehdıyeva Ərkınaz Nəsır qızı, Mehdıyev Əlıheydər İbrahım oğlu, Mehdıyev Elburus İbrahım oğlu, Mehdiyeva Leyla İbrahım qızı mənzildə daimi qeydiyyatda olan şəxslərdir.

3. Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 278792 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü ildə ölmüşdür.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BA-06977-2022 №-li məktybdan görünür ki, vətəndaşlara mənzillərə dair verilən orderlər, icarə müqavilələri, ərizələr fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq İcra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, vətəndaşların ad və soyadlarına görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumatın əldə olunması mümkün deyildir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət notariat arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xx/xx-6252/14 №-li məktubdan görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair açılmış vərəsəlik işinin və ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilin alqı-satqı müqaviləsinə dair notariat işinin kserosurətinin istənilməsi ilə bağlı Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən 4, 16, 17, 39 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 1993-2011-ci illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X5 hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 073-47352-1222 №-li məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli HP-194/2022 saylı sorğu məktuba cavab olaraq bildirilir ki, məktubda sorğu olunan vətəndaş İddiaçı Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(008)-2180/14 saylı qərarına əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, bina 2/11, mənzil 41-dən qeydiyyatdan çıxarılmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının Aparatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1/2263 №-li məktubdan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 188/2022 saylı arxiv sənədlərinin alınması barədə ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçısı aparatlarında sənədlərlə iş barədə Təlimat”ın XİV bölməsinin 127-ci bəndinə əsasən rayon İcra Hakimiyyəti başçısı aparatlarında olan sənədlər 5 (beş) il müddəti başa çatdıqdan sonra daimi saxlamaq üçün Dövlət Arxivinə təhvil verilir.

8. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 78/3 №-li məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/11 saylı evin 41-ci mənzilinə dair hüquqmüəyyənedici sənədlərin surətinin təqdim edilməsi ilə bağlı Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli, HP-193/2022 saylı sorğunuz araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, (əraziyə xidmət göstərən MKİS-də saxlanılan sənədlərə əsasən) göstərilən ünvanda yerləşən mənzil xüsusi mülkiyyətdə olmaqla artıq bir neçə dəfə alqı-satqının predmeti olmuşdur. Odur ki, qeyd edilən ünvanda yerləşən mənzillə bağlı müvafiq məlumatların əldə edilməsi üçün aidiyyəti üzrə müraciət etmək məqsədəuyğun hesab ediliir.

9. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən cavabdeh X6 ünvanlanmış “mübahisənin məhkəməyə qədər nizama salınmasına dair təklif məktubu”ndan görünür ki, İddiaçı atası X7 09 mart 1993-cü il tarixdə dünyasını dəyişmiş və onun vəfatından sonra miras əmlak kimi ünvan 4 ünvanda yerləşən 3 otaqlı mənzil qalmışdır. Həmin mənzilin üzərində payların müəyyən edilməsi və ya onun dəyərinin bərabər şəkildə bölgüsü ilə bağlı ilkin danışıqların və razılaşmaların aparılmasına baxmayaraq, hal-hazırda bununla bağlı son nəticə əldə edilməmişdir. Müraciət edən İddiaçı ailəsi dağılmış, o, həmin nikahdan dünyaya gəlmiş uşaqlara tək baxır, hal-hazırda üç övladları ilə birlikdə kirayə tutmuş ünvan 5 ünvanda yerləşən yaşayış sahəsində qalır və onun maddi durumu çox pis vəziyyətdədir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, sözügedən daşınmaz əmlakla bağlı məsələni məhkəməyə qədər öz aranızda həll edilməsi üçün müraciət edən İddiaçı ilə razılığa gəlməyiniz xahiş olunur.

10. Satıcı Cavabdeh1 ilə alıcı X13 arasında bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 ona məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili X1.

11. Məhkəmə tərəfindən dinlənilmiş olan 1 ədəd “flashcard”dan görünür ki, səsyazmalarda bir nəfər kişi (adı açıqlanmır) üzərinə düşəni hissəni (məbləğ barədə söz getmir) hər ay ödəyəcəyini, lakin ancaq özünə cavabdeh olduğunu, boş yerə vəkilə müraciət etməyin mənasız olduğunu və bunun heç bir nəticəsi olmayacağını bildirmiş, anası ilə səs atdığı şəxsin özünün söhbət etməsini və ev almaq üçün ona kömək etməsini məsləhət görmüşdür.

12. “Whatsapp” yazışmalarından görünür ki, iddiaçı adı Əli olaraq qeyd edilmiş şəxsə “ya sənədə imza atmalısız, ya da məhkəməyə müraciət edəcəyini; 18 ay olmaqla, hər ay 600 manat verməli olduğunu və s.” bildirmiş, Əli adlı şəxs isə “nə sənədi?; aya nə qədər edir?, gəlim danışaq və s.” tipli cavablar vermişdir.

13. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiq olunması” barədə ərizədən görünür ki, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iddia müddəti tətbiq edilməklə İddiaçı cavabdehlər X9, Cavabdeh3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin alqı-satqısından əldə edilmiş 42000 (qırx iki min) manat pul vəsaitindən 10500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin və 122 (yüz iyirmi iki) manat ödənilmiş dövlət rüsumunun, cəmi 10622 (on min altı yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin cavabdehlər X9, Cavabdeh3 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

İşin faktiki halları

14. ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin mülkiyyət hüququ əsasında Mehdıyeva Ərkınaz Nəsır qızının adına qeydiyyatdan keçməsi və xx.xx.2016-cı il tarixdə X2 işin mübahisəsiz hallarıdır.

İddia tələbi

15. İddiaçı İbrahım qızı cavabdehlər Mehdıyeva Ərkınaz Nəsır qızı, Mehdıyev Əlıheydər İbrahım oğlu və Mehdıyev Elburus İbrahım oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin alqısatqısından əldə edilmiş 42.000 manat pul vəsaitindən 10.500 manat məbləğində pul vəsaitinin və 122 manat ödənilmiş dövlət rüsumunun, cəmi 10.622 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

16. Cavabdehlər Mehdıyev Əlıheydər İbrahım oğlu və Mehdıyev Elburus İbrahım oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

17. Məhkəmə iclasında İddiaçı İbrahım qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

18. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 iddiaçının anası, digər cavabdehlər isə qardaşlarıdır. İddiaçının atasının adına ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil olub. İddiaçının atası xx.xx.1993-cü ildə vəfat etmiş, lakin vərəsəlik işi açılmamışdır. Əvvəlki Mənzil Məcəlləsinin tələblərinə əsasən əgər icarədar vəfat edirsə, onun ailə üzvlərindən biri ilə yeni icarə müqaviləsi bağlanılır. Hazırki iş üzrə Cavabdeh1 ilə müqavilə bağlanılıb və mənzil onun adına rəsmiləşdirilib. Cavabdeh1 mənzili rəsmiləşdirdikdən sonra 2016-cı ilin noyabr ayında mənzili 42000 manata satıb. Bu məsələ ailə üzvləri arasında olduğundan o, məsələnin məhkəmədənkənar həll olması üçün pretenziya qaydasında qarşı tərəfə məktub göndərmiş, təklifi aldıqdan sonra Cavabdeh2 əlaqə saxlayaraq bu məsələni məhkəmədən kənar həll etmək istədiyini bildirmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayınadək danışıqlar olmuşdur. İddiaçı daha çox qardaşı Əliheydər ilə telefonla danışıb və o, hissə-hissə ödəyəcəyini bildirib. İddiaçı da onun payı olan 10500 manatın 3 il ərzində hissə-hissə ödəməsinə razı olduğunu bildirmişdir. Razılıq əldə olunsa da, heç bir nəticə verməmiş, qarşı tərəf heç bir hərəkət etməmişdir. Alınan ev paylı mülkiyyət deyil, yalnız Əliheydər mülkiyyətçidir, o pulu ödəmək üçün hərəkətlər edə bilərdi. İddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə bildirirdi ki, tərəflər razılaşıblar və pulu verəcəklərini bildiriblər. Mülki qanunvericiliyə görə vətəndaş hüquqlarının pozulduğunu bildiyi vaxtdan müddət hesablanır. İddiaçı öz hüquqlarının 2023-cü ilin mart ayında pozulduğunu bilmişdir, çünki bu vaxtadək ona pul veriləcəyi barədə vədlər verilmişdir. İş üzrə Cavabdeh2 danışıqlar əsasında hər ay 100 manat məbləğində pulun ödənilməsini təklif etmiş və hətta bu danışıqlar əsnasında təklif olunmuşdur ki, aralarında olan razılaşmanı əvvəl notarial qaydada, daha sonra öz aralarında təsdiq etsinlər və bununla bağlı 11 oktyabr 2022-ci il tarixdə saziş, 30 oktyabr 2022-ci il tarixdə isə ödəniş cədvəli hazırlanmışdır. Belə olan halda, müddətin keçməsindən söhbət gedə bilməz. Əgər bu danışıqlar onunla cavabdehlər arasında aparılmasaydı, bu halda 24 sentyabr 2022-ci il tarixdə verilmiş təklif məktubundan dərhal sonra o, məhkəməyə bu iddia tələbi ilə müraciət edərdi və təklif məktubunu göndərdiyi vaxtdan səbəbsiz olaraq altı ay gözləməzdi. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

19. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən ev daha əvvəl xüsusi mülkiyyət hüququ əsasında cavabdeh Ərkinaz Mehdiyevə məxsus olub və Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən 2005-ci il tarixdə çıxarış verilib. Cavabdeh də öz hüquqlarından istifadə edərək evi X4. Cavabdeh həmin mənzilin satılmasından əldə edilən məbləğdən iddiaçıya pay verilməsi barədə hər-hansı öhdəlik götürməyib. Alqı-satqı müqaviləsi 2006-cı ildə bağlanılıb və təxminən 17 il vaxt keçib. Bu vaxt ərzində iddiaçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etməyib. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti 10 ildir və tərəflər arasında razılıq olsa belə, iddia müddəti ötürülüb. Çünki cavabdehlər həmin vaxt pulu verəcəklərini öhdəliklərinə götürübsə, müddət də həmin vaxtdan hesablanmalıdır. 2022-ci ildə danışıqların olması iddia müddətinin axımını kəsmir. Buna görə də qeyd olunanların nəzərə alınması və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 324. Əqd anlayışı və onun növləri 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

21. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008ci il 8 may tarixli Qərarı

İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı

İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarı

Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən iş materiallarına tələb olunan pul məbləğinin yaranması əsasını təşkil edən müqavilə və ya cavabdehlərin pulun ödənilməsi ilə bağlı öhdəlik götürməsinə dair hər hansısa bir sənəd əlavə edilməmişdir.

27. Halbuki, qanunvericiliyə əsasən tərəflər arasında qarşılıqlı hüquqların və vəzifələrin əmələ gəlməsi üçün müqavilənin mövcud olması və iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir.

28. Həmçinin, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş olan “flashcard” və ya “whatsapp” yazışmalarından söhbətin nədən getdiyi, evin satışından əldə olunmuş pulun verilməsi ilə bağlı cavabdeh Əlıheydər Mehdıyevin və digər cavabdehlərin üzərinə öhdəlik götürməsi dəqiq olaraq müəyyən edilə bilmir.

29. Bundan əlavə, iş üzrə cavabdeh Mehdıyeva Ərkınaz Nəsır qızının vəkili və nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir.

30. Məhkəmə hesab edir ki, qeyd olunan ərizədə digər cavabdehlərin də adı qeyd olunsa da, həmin cavabdehlər ərizəyə imza etmədikləri üçün ərizə yalnız cavabdeh Mehdıyeva Ərkınaz Nəsır qızının adından verilmiş hesab olunur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Hazırki iş üzrə isə cavabdehlər Mehdıyev Əlıheydər İbrahım oğlu və Mehdıyev Elburus İbrahım oğlu tərəfindən Vəkil1 yalnız etibarnamə verilmişdir ki, orderi olmadan və tərəflə müqavilə bağlamadan vəkil yalnız nümayəndə kimi ərizə vermək səlahiyyətində deyil.

31. Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ona məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili xx.xx.2006-cı il tarixdə X1.

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir edir.

33. Hazırki iş üzrə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı gün, yəni xx.xx.2006-cı il tarixdən başlamışdır.

34. Hazırki iş üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından və ümumi iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdə bitmişdir.

35. Göründüyü kimi iddiaçı öz hüququnun pozulduğunu mənzilin satıldığı və ona heç bir pay verilmədiyi gündən 10 il keçdikdən sonra, yəni xx.xx.2016-cı ildən bildiyi halda, yalnız 10 aprel 2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 6 il 4 ay 12 gün sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.

36. İddiaçının vəkili və nümayəndəsi iddia müddəti ilə bağlı təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, İbrahim Mehdiyevə məxsus mənzilin satışından sonra əldə edilmiş pul vəsaitinin bölgüsü ilə bağlı o, iş üzrə cavabdehlərə müraciət etmiş və həmin müraciətin cavabı müsbət qarşılanmışdır. Lakin, əldə olunmuş razılaqlar əsasında nəticə olmamışdır. Bununla bağlı cavabdehlərə 24 sentyabr 2022-ci il tarixdə mübahisənin məhkəməyə qədər nizama salınmasına dair təklif məktubu göndərilmiş və həmin məktubla bağlı Cavabdeh2 fikir söyləyərək bu məsələni məhkəmədən kənar, yəni öz ailələri daxilində həll edilməsini istəyini bildirmişdir. İddiaçı bu təklifə etiraz etməmiş və rəsmi məktubu göndərilən tarixdən 2023-cü ilin mart ayının sonuna qədər onunla digər cavabdehlər arasında bu məsələnin məhkəmədən kənar həll edilməsi ilə bağlı çoxlu sayda danışıqlar aparılmış, razılığa gəlinsə də həmin pul vəsaiti cavabdehlər tərəfindən bu günə kimi ödənilməmişdir. İş üzrə Cavabdeh2 danışıqlar əsasında hər ay 100 manat məbləğində pulun ödənilməsini təklif etmiş və hətta bu danışıqlar əsnasında təklif olunmuşdur ki, aralarında olan razılaşmanı əvvəl notarial qaydada, daha sonra öz aralarında təsdiq etsinlər və bununla bağlı 11 oktyabr 2022-ci il tarixdə saziş, 30 oktyabr 2022-ci il tarixdə isə ödəniş cədvəli hazırlanmışdır. Belə olan halda, müddətin keçməsindən söhbət gedə bilməz. Əgər bu danışıqlar onunla cavabdehlər arasında aparılmasaydı, bu halda 24 sentyabr 2022-ci il tarixdə verilmiş təklif məktubundan dərhal sonra o, məhkəməyə bu iddia tələbi ilə müraciət edərdi və təklif məktubunu göndərdiyi vaxtdan səbəbsiz olaraq altı ay gözləməzdi.

37. Məhkəmə etiraz ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən təklif ərizəsinin göndərildiyi gündən dərhal sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət olunsaydı belə, iddia müddəti ötmüş olacaqdı. Çünki tərəfin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gün xx.xx.2022-ci il deyil, evin satışından sonra keçən 10 il ərzindəki müddətdir ki, həmin müddətlərdə də iddiaçı ilə cavabdehlər arasında pul ilə əlaqəli hər hansı mübahisə olmamış və iddiaçı məhkəməyə müraciət etməmişdir.

38. Əlavə olaraq, məhkəmə qeyd edir ki, əgər Cavabdeh2 ilə İddiaçı arasında cavabdehin iddiaçıya pul vermək istəməsi ilə əlaqəli hər hansı bir söhbət olsa belə (qardaşın bacısına maddi kömək etmək istəməsi), tərəflər arasında yazılı razılaşma və ya müqavilə olmadığından və öhdəlik hüquq münasibətləri yaranmadığından, bu hal yenə də cavabdehin iddianı qəbul etməsi kimi qiymətləndirilə bilməzdi və qiymətləndirilsə belə, iddia müddəti yenə də ötmüş olacaqdı. Həmçinin, bütün danışıqlar yalnız iddiaçı ilə qardaşı Cavabdeh2 arasında olduğundan, digər cavabdehlərin ümumiyyətlə danışıqlara aidiyyəti olmamış və onların da öz üzərinə hər hansı öhdəlik götürməsi faktı müəyyən olunmamışdır.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının cavabdehlərdən tələb etdiyi 10.500 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı tərəflər arasında hər hansı öhdəlik hüquq münasibətləri mövcud olmadığından və qeyd olunan hal iddiaçı tərəfindən sübut oluna bilmədiyindən, həmçinin mülki iş üzrə 10 illik ümumi iddia müddəti ötdüyündən tələb əsassızdır.

Məhkəmə xərcləri

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

42. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X10 cavabdeh X15 qarşı “pul” tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir.

43. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar