Məhkəmə qərarları › İş №2(105)-289/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-289/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-289/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin ölçüsü ilə bağlı mübahisə, çatışmayan sahəyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi) “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-2789/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 12.445 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ünvan 1 ünvanda yerləşən 3 otaqlı, yaşayış sahəsi 139.8 kv metr olan mənzili tikib təhvil verməyi, iddiaçı da mənzilin hər kv.metri üçün 420 manat olmaqla, ona ümumilikdə 58716 manat ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh həmin mənzili tikib iddiaçıya təhvil vermiş, iddiaçı da müqavilədə göstərilən məbləği tam ona ödəməklə bu barədə maliyyə arayışı almışdır. Həmin sənədlərə əsasən iddiaçı həmin mənzilə olan mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirmiş və iddiaçıya bu barədə çıxarış verilmişdir. İddiaçı hazırda maliyyə çətinliyi ilə əlaqədar həmin mənzili satmaq qərarına gələndə məlum olmuşdur ki, müqavilədə yaşayış sahəsi 139,8 kv metr olmasına baxmayaraq, cavabdehin tikib ona təhvil verdiyi mənzilin sahəsi 126,7 kv metrdir. Daşınmaz əşya bazarında köhnə bina evlərində mənzillərin qiyməti otaqla müəyyən edildiyi halda, MTK-lar tərəfindən inşa edilmiş yeni binalardakı mənzillərin dəyəri kv.metrlə hesablanır. Hazırda daşınmaz əşya bazarında yeni binalarda tikilmiş təmirsiz mənzillərin hər kv.metrinin qiyməti 850 manat təşkil edir. İddiaçı da mənzilinin sahəsinin 139.8 kv metr olmasını nəzərə alaraq satış qiymətini də həmin kv.metrə uyğun olaraq müəyyən edib ev bazarına çıxarmışdır. Real alıcı mənzili bəyənib almaq istəyərkən məlum olmuşdur ki, iddiaçının mənzilinin sahəsi 139.8 kv metr deyil, 126.7 kv metrdir. Bu halda alıcı ilə aralarında qiymətlə əlaqədar razılıq alınmamış və mənzili iddiaçı istədiyi qiymətə sata bilməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, iddiaçıdan hər kv.metrinə 420 manat olmaqla, 139.8 kv.metrin pulunu alsa da, faktiki olaraq iddiaçıya təhvil verdiyi mənzilin sahəsi 126,7 kv.metr olmuşdur. Belə olan təqdirdə cavabdehin iddiaçıdan 13.1 kv.metr sahəyə görə pulun artıq alınması aşkar edilir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

5. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2016-cı il tarixli, 01 saylı protokoluna əsasən iddiaçı kooperativin üzvü qəbul edilmiş, Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşən kooperativ binadan ümumi sahəsi 139 kvadrat metr olan 79 saylı mənzil iddiaçıya ayrılmışdır.

6. "xxxx" MTK-nın maliyyə arayışına əsaəsn Sumqayıt şəhər 44-cü məhəllə ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilib istifadəyə verilmiş 1 girişli, ev 4 MTK-ya məxsusdur. Bu binanın 14-cü mərtəbəsində yaşayış sahəsi 62,3 kvadrat metr, ümumi sahəsi isə 139 kvadrat metr olan 3 otaqlı, 79 saylı mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya həmin mənzilə görə borcu qalmamışdır.

7. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsi 126,7 kv.metr olan ünvan 1 üzərində xx.xx.2018-ci il tarixində iddiaçının tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “S-Əmlak” X1 xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında ünvan 1-un ümumi sahəsi 126,7 kvadrat metr, 2016-cı il üçün 1 kv.metrinin dəyəri 1250 manat olmaqla, ümumi dəyəri 158 125 manat, 2022-ci il üçün 1 kvadrat metrinin dəyəri 1300 manat olmaqla, ümumi dəyəri 164 710 manat müəyyən edilmişdir.

9. İş materialına ünvan 1 ünvanının texniki pasportu əlavə edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 10/4533 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 4, 79 saylı mənzilin (təmirsiz vəziyyət əsas götürülməklə) ümumi sahəsinin 126,7 m2 təşkil etdiyi müəyyən olunur. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 4, 79 saylı mənzilin (təmirsiz vəziyyət əsas götürülməklə) ümumi sahəsinin 126,7 m2, mənzilin faktiki sahəsinin isə (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 139,0 m2 təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin ümumi sahəsi ilə faktiki sahəsi arasında 12,3 m2 fərq olduğu və həmin fərqin alqı-satqı müqaviləsində qeyd olunan sahə hesablanarkən balkonların sahəsinin əmlasa (0,3) vurulmaması səbəbindən yarandığı müəyyən olunur. Qərardadın üçüncü və dördüncü suallalı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsində nəzərdə tutulan Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 4, 79 saylı mənzilə dair layihə sənədləri təqdim olunmadığına görə, mənzilin faktiki vəziyyətinin layihəyə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Lakin mülki iş sözügedən mənzilin faktiki vəziyyətinin, tikililərin planlı yerləşməsinin mənzilə dair tərtib olunmuş Texniki Pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)- 2789/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı 12445 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə iddiasının təmin edilməməsi, iş üzrə müstəqil qiymətləndiricinin xərci olaraq 500 (beş yüz) manat pulun cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 752.1, 752.2, 753.1, 1091.1, 1091.2, 1092.1, 372.1, 373.1, 373.2, 377.1, 1095, 776.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 119, 216-220 və 360cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-2789/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh “TERM” Kompaniyası ilə bağlanmış müqaviləyə əsasən cavabdeh ona ünvan 1 ünvanda yerləşən 3 otaqlı, sahəsi 139.8 kv metr olan mənzili tikib təhvil verməyi, o da hər kv.metri 420 manat olmaqla ona ümumilikdə 58716 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin mənzili tikib ona təhvil vermiş, o da müqavilədə göstərilən məbləği tam ona ödəməklə bu barədə maliyyə arayışı almışdır. Həmin sənədlərə əsasən o, həmin mənzilə olan mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirmiş və ona bu barədə çıxarış verilmişdir. O, hazırda maliyyə çətinliyi ilə əlaqədar həmin mənzili satmaq qərarına gələndə məlum olmuşdur ki, müqavilədə yaşayış sahəsi 139.8 kv metr olmasına baxmayaraq, cavabdehin tikib ona təhvil verdiyi mənzilin sahəsi 126.7 kv metrdir. Cavabdeh podrat müqaviləsində üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmədiyi üçün cavabdehin ondan artıq aldığı pulun geri qaytarılması iddiası ilə məhkəməyə müraciət etmiş və məhkəmə iddianı rədd etmişdir. Bu zaman məhkəmə iddia müddətini səhv tətbiq edərək belə nəticəyə gəlmişdir ki, o, podrat müqaviləsindən irəli gələn öhdəliklər üzrə 6 illik, əsassız varlanma üzrə isə 2 illik iddia müddətini ötürmüşdür. Məhkəmə podrat müqaviləsinə görə iddia müddətinin axımını 2016-cı ildə mənzilin ona təhvil verildiyi tarixlə, əsassız varlanmaya görə isə mənzilə dair çıxarış aldığı tarixlə hesablamaqda səhvə yol vermişdir. Çünki o, hüquqlarının pozulmasını məhkəmə göstərən tarixlərdə deyil, 2022-ci ildə mənzili satmaq qərarına gəlib, alıcı ilə qiymətdə hesablaşarkən bilmişir. Yəni, müqavilədə mənzilin sahəsi 139,8 kv. metr olduğu halda, çıxarışda 126,7 kv.metr olmasını o, yalnız alıcının sənədlərə baxıb ona deyəndən sonra bilmişdir. O, çıxarışı alıb evə qoymuş və oradakı rəqəmlərə baxıb hansısa fərqin olmasına diqqət də yetirməmişdir. Ona görə də məhkəmə iddia müddətinin axımını düzgün müəyyən etməmişdir. Hətta məhkəmə deyən kimi olsaydı da belə, o, podrat müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia müddətini bitirməmişdir. Çünki mənzil ona təhvil verilərkən onun mənzilin sahəsini ölçmək kimi imkan və biliyi olmamışdır. Hətta çıxarış alarkən mənzilin sahəsinin az olmasını bildiyini qəbul etsə də belə, çıxarışı 2018-ci il tarixdə almış, bu mübahisələr üzrə iddia müddəti isə 6 ildir. Belə olduğu təqdirdə o, iddia müddətini ötürməmiş və məhkəmə iddia müddətini tətbiq edib iddianı rədd etməkdə haqlı olmamışdır. O, belə hesab edir ki, onun iddiasına ümumiyyətlə hər hansı bir iddia müddəti tətbiq edilməməlidir. Çünki ona pul ziyanı dəymişdir, bu ziyan hansısa hərəkəti etmək və ya etməmək barədə deyildir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi müqavilədə göstərilmiş həcmdə yerinə yetirmədiyi üçün aldığı artıq pulu qaytarmalıdır və bu zaman həmin pul tələbinə iddia müddəti tətbiq edilə bilməz. Onların münasibətlərinin əsasını podrat müqaviləsi üzrə öhdəliklər təşkil edir. Həmin podrat müqaviləsinə əsasən cavabdeh müqavilədə göstərilən məbləği alıb, amma əvəzində verməli olduğu həcmdə mənzili təhvil verməyib. Qanunverici məhz bu halı (şəxsin öz hüquqlarının pozulduğunu bildiyi günü) qeyd etməklə iddia müddətinin tətbiqi zamanı bu halın müəyyən edilməsini və sübut edilməsini tələb etmişdir.Yəni, hər hansı mübahisə zamanı iddia müddətinin tətbiq edilməsi üçün ilk əvvəl şəxsin öz hüquqlarının pozulduğu günün müəyyən edilməsi vacibdir, zəruridir və işin həllinə birbaşa təsir edən əsasdır. Bu işin araşdırılması zamanı o, bildirmişdir ki, cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etməməsini və ondan artıq pul almasını 2022-ci ildə mənzili satmaq qərarına gəlib mənzili alıcıya göstərərkən bilmiş və dərhal da iddia qaldırmışdır. Bunun əksi cavabdeh tərəfindən məhkəmədə sübut edilməmişdir. Amma məhkəmə səhvən bu müddəti mənzilin ona təhvil verilməsi (2016) və mənzilə çıxarış alma anı (2018) ilə müəyyən etmişdir. Belə hesab edir ki, məhkəmənin bu cür yanaşması qanunsuz olmuş və işin əsl mahiyyətinə və işin hallarına zidd olmuşdur. Çünki 2016-cı ildə mənzil ona təhvil veriləndə kimsə ölçmə işləri aparmamış və onun da bu mənzilin sahəsini ölçməyə nə texniki savadı, nə də texniki vasitələri olmuşdur. Çıxarış aldıqda isə sadəcə olaraq sənədi alıb evdəki sənədlərin içinə qoymuş və bu zaman orada göstərilən rəqəmlərə diqqət yetirməmişdir. Bunu yalnız alıcı mənzili alanda mənzilin sahəsini öyrənmək üçün rəqəmə baxıb ona deyəndə bilmişdir. Bunun əksini sübut edən hər hansı bir dəlil və əsas olmadan isə məhkəmə müddətin axımını öz fərziyyəsi ilə irəli sürmüşdür ki, bu zaman məhkəmənin gəldiyi nəticə qanunsuz və əsasızdır olmuşdur. Heç bir şəxs bu həcmdə pulun artıq alındığını bildiyi halda 6 il və ya 4 il gözləməzdi. Bu da təsdiq edir ki, o, hüquqlarının pozulmasını 2022-ci ildə bilmiş və bu halda məhkəmənin iddia müddətini tətbiq etməsi qanunsuz olmuşdur. Belə ki, işin hallarından tam aydın görünür ki, o, cavabdehə pul vermiş, cavabdeh bunun əvəzində ona mənzil vermişdir. Hazırda görünür ki, cavabdeh ondan aldığı pulun müqabilində nəzərdə tutulan həcmdə mənzil verməyərək pulunu mənimsəmiş, o da hazırda həmin pulu tələb edir. Yəni, o, cavabdehdən hər hansı başqa əmlak tələb etmir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddəti tətbiq edilmir. Pul da əşyadır və bu zaman onun cavabdehdən olan pul tələbinə məhkəmənin iddia müddəti tətbiq etməsi qanunsuz olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında bağlanılmış müqavilə mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Dövlət Reyestr xidmətinə təqdim edilmişdir, iddiaçıda müqavilənin surəti qalmamışdır. Dövlət Reyestr Xidmətinə sorğu verilsə də müqavilənin surətini əldə etmək mümkün olmamışdır. Tərəflər arasında müqavilə 2016-cı ildə bağlanılmış, həmin ildə mənzil iddiaçıya təhvil verilmişdir. Müqavilə şərtinə əsasən 139 kv.m sahəsi olan mənzil cavabdeh tərəfindən təhvil verilməli idi, iddiaçı isə mənzilin hər kv.m görə 420 manat ödəməli idi. İddiaçı tərəfindən həmin məbləğ ödənilmişdir. İddiaçının mənzil üzərində mülkiyyət hüquqları 2018-ci ildə qeydə alınmışdır və çıxarış verilmişdir. Lakin həmin vaxt iddiaçı mənzilin sahəsinin müqavilədə nəzərdə tutulan həcmdə deyil, 126,7kv.m olmasına diqqət yetirməmişdir. 2019-cu ilin iyun ayında fasilələrlə mənzildə təmir işləri görülmüşdür. Təmirdən bir müddət sonra isə mənzilə köçmüşlər, artıq bir il yarımdır ki, orada yaşayırlar. Təmir işləri aparılarkən də iddiaçı mənzilin sahəsindəki fərqi bilməmişdir. Yalnız 2022-ci ildə mənzili satmaq istəyərkən mənzilin sahəsinin müqavilədə nəzərdə tutulan ölçüdən az olduğunu bilmişdir. Qeyd olunanları nəzərə alaraq iddanın təmin edilməsini xahiş edir.

17. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh “TERM” Kompaniyasının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, o, apellyasiya şikayətinə etiraz edir. Birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razıdır. Həmçinin bildirdi ki, tərəflər arasında müqavilə bağlanması, müqavilə öhdəliklərinin yaranmasını qəbul edir. Tərəflər arasında bağlanılmış müqavilənin surətini məhkəməyə təqdim edə bilmir. Belə ki, müqavilə müvafiq cinayət işinin istintaqı ilə əlaqədar cinayət təqibini aparan orqana təqdim edilmişdir. Cavabdeh müqavilə şərtlərinə əməl etmiş və razılaşdırılmış ölçüdə mənzil sahəsini iddiaçıya 2016-cı ildə təhvil vermişdir. Mənzilin sahəsində yaranmış uyğunsuzluq sahələrin hesablanması qaydasında tətbiq edilən əmsalarla bağlıdır. Reyest Xidməti öz daxili təlimatlarına uyğun olaraq əmsalları hesablayıb. Lakin cavabdeh müqavilə şərtlərinə uyğun olaraq əmsaları bütün sahələrə münasibətdə hər kvadratı 1 kv.m olmaqla hesablayıb. Mənzilin Texniki pasportundan görünür ki, ölçülər düzdür.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Sumqayıt 2 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-2789/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam rədd etmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bir sıra mülki qanunvericilik normalarını sadaladıqdan sonra iddianın rədd olunması barədə gəldiyi qənaəti istinad etdiyi maddi hüquq normaları və işin müəyyən edilmiş halları ilə əlaqəli şəkildə əsaslandırmamış, mübahisə üzrə həm əsassasız varlanma, həm də podrat müqavilələrindən irəli gələn münasibətlərlə bağlı ziddiyətli qiymətləndirmə aparmışdır.

26. Qeyd edilənlər qətnamənin tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalalət edir.

27. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıya ünvan 1 ünvanda yerləşən 3 otaqlı, yaşayış sahəsi 139 kv. metr olan mənzili tikib təhvil verməyi, iddiaçı da mənzilin hər kv.metri üçün 420 manat ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh həmin mənzili tikib iddiaçıya təhvil vermiş, iddiaçı da müqavilədə göstərilən məbləği tam ona ödəməklə bu barədə maliyyə arayışı almışdır. İddiaçının mənzilə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Müqavilə şərtlərinə əsasən alıcı yaşayış sahəsi 139 kv.metr olan mənzilin tikintisini satıcıya həvalə etmiş, bunun müqabilində hər kv.m üçün 420 manat ödəmişdir. Lakin cavabdehin tikib iddiaçıya təhvil verdiyi mənzilin sahəsi Çıxarışa əsasən 126,7 kv metr təşikl edir. İddiaçı daşınmaz əşya bazarında MTK-lar tərəfindən inşa edilmiş binalardakı mənzillərin dəyərinin kv.metrlə hesablandığını, alıcı olaraq üzərinə düşən öhdəliyini tam yerinə yetirdiyini, lakin satıcı (cavabdeh) tərəfindən müqavilə şərtlərinin pozuluduğunu, ona qüsurlu (sahəsi az olan) mənzil verildiyini, yaşayış sahəsinin ölçüləri hesablanarkən qanunla nəzərdə tutulmuş qaydalara əməl edilmədiyini, mənzil sahələrinin ölçülməsi ilə bağlı əmsalların nəzərə alınmadığını iddia edir və mənzil sahəsinin ölçüləri uyğun olmadığı üçün ona ayrılmamış sahəyə görə ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb edir. İddiaçı həmçinin iddia edir ki, mənzil sahəsinin ölçülərinin az olması ona həmin mənzili satmaq istəyərkən, yəni 2022-ci il tarixdə məlum olmuşdur. O, mənzilə dair Çıxarışı 2018-ci il tarixdə əldə etməsinə baxmayaraq, həmin vaxt mənzilin ölçüsünə fikir verməmişdir. Mənzil 2016-cı ildə iddiaçıya təhvil verilmiş, mənzilə dair əmlak hüquqları 2018-ci ilin 11 yanvar tarixdə dövlət qeydiyyatına alınmış, mənzildə 2019-cu ilin iyun ayında təmir işləri başlanmış, təmir tamamlandıqdan bir müddət sonra həmin mənzilə köçərək iddiaçı bir ildən artıqdır ki, orda yaşayır.

29. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını qiymətləndirərək hesab edir ki, tərəflər arasında müqavilə bağlanması, öhdəlik hüquq münasibətlərinin yaranması, mənzilin hər kv.m görə 420 manat ödənilməsi işin mübahisəssiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Odur ki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» və «Podrat» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə qüsurlu məhsul (mənzilin sahəsinin həcmi) verib-verməməsinin müəyyənləşdirilməsi, podrat müqaviləsi üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirili-yetirilməməst ilə bağlıdır.

31. Tərəflər arasında bağlanılmış müqavilə şərtləri öyrənilərkən müəyyən edilir ki, podratçı sifarişçiyə 139 kv.m həcmdə mənzil təhvil verməyi öhdəsinə götürmüşdür.

32. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir.

33. Qaydaların 3.8-ci bəndinə əsasən Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır.

34. Aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 4, 79 saylı mənzilin (təmirsiz vəziyyət əsas götürülməklə) ümumi sahəsinin 126,7 m2, mənzilin faktiki sahəsinin isə (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 139,0 m2 təşkil etdiyi, mənzilin ümumi sahəsi liə faktiki sahəsi arasında 12,3 m2 fərq olduğu və həmin fərqin alqı-satqı müqaviləsində qeyd olunan sahə hesablanarkən balkonların sahəsinin əmsala (0,3) vurulmaması səbəbindən yarandığı müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, məhkəmə araşıdması zamanı sifarişçi tərəfindən mənzil qəbul edildikdən sonra onun tərəfindən mənzildə yenidən qurma, əlavə təmir-tikinti işlərinin aparıldığı müəyyən edilsə də, mənzilin həcmindəki fərqin (12,3) yenidən qurma, əlavə təmir-tikinti işlərinin aparılması nəticəsində yarandığı yox, məhz balkonların sahəsinin əmsala (0,3) vurulmaması səbəbindən yarandığı ekspert tərəfindən müəyyən olunmuşdur.

36. Göründüyü kimi mənzildə sifarişçi tərəfindən mənzil sahəsinin həcminin azalmasına dəlalət edən heç bir yenidən qurma işləri aparılmamış, mənzilin sahəsi hesablanarkən podratçı tərəfindən balkonların sahəsinin əmsala (0,3) vurulmaması və bu səbəbdən mənzilin həcmində 12,3 kv.m fərq yaranmışdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş mübahisəsiz halları bu nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu podrat müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş, sifarişçiyə qüsurlu (mənzil sahəsinin həcminin az olması baxımından) məhsul vermiş, razılaşdırılmış məbləğdə pul vəsaitini alaraq əvəzində verməli olduğu həcmdə mənzili təhvil vermədiyindən, iddiaçı cavabdehdən həmin 12,3 kv.m sahəyə görə ödənilmiş pulun geri qaytarlıması tələbini irəli sürməkdə haqlı olmuşdur.

38. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin əldə edilməsi mümkün olmasa da, müqavilənin bağlanması və müqavilə şərtinə görə mənzilin hər kv.metrinin 420 manata razılaşdırılması, iddiaçının cavabdehə 139 kv.m mənzil sahəsinə görə pul ödəməsi məhkəmə araşdırması zamanı müəyyən edilməklə cavabdehin nümayəndəsi bu xüsasatlarla razılaşmış və qeyd olunan halları mübahisələndirməmişdir.

39. Məhkəmə araşdırması zamanı təsdiqini tapdı ki, cavabdeh müqavilə öhdəliyini qüsurlu icra etmiş, iddiaçıya 139 kv.m sahə əvəzinə 126,7 kv.m sahəsi olan mənzil təhvil verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mənzilin sahəsi 12,3 kv.m az olduğundan, həmin sahəyə görə ödənilmiş pul məbləği (12,3 kv.m x 420 manat) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Mənzilin ölçüsünə görə verilmiş pul məbləğinin miqdarının müqavilə şərtlərinə görə hesablanaraq geri qaytarılması işin faktiki hallarına uyğun olmaqla əsaslıdır. Məhkəmə iddiaçının mənzilin hər kv.m görə bu günkü bazar qiymətinə uyğun olaraq hesablama apararaq iddia edilən həcmdə pul məbləğinin cavabdehdən tutulmasını qanuni və əsaslı hesab etmir.

40. İşin hallarından göründüyü kimi cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsi iddia müddətinin tətbiqində səhvə yol vermiş, ziddiyətli nəticələrə gələrək həm podrat müqaviləsindən irəli gələn öhdəliklər üzrə 5 illik, həm də əsassız varlanma üzrə isə 2 illik iddia müddəti ötürülməsini göstərmiş, podrat müqaviləsinə görə iddia müddətinin axımını 2016-cı ildə mənzilin iddiaçıya təhvil veridiyi tarixlə, əsassız varlanmaya görə isə mənzilə dair çıxarış aldığı tarixlə hesablamaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

42. Əvvəla məhkəmə kollegiyası onu vurğulayır ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin qanuni əsasını podrat müqaviləsi təşkil edir. Odur ki, iddia müddəti ilə bağlı məsələnin həllində də məhz podrat müqavilə münasibətlərindən irəli gələn müddətlərlə bağlı müddəalar üzrə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qiymət verilməlidir.

43. Mülki qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunverici məhz bu halı (şəxsin öz hüquqlarının pozulduğunu bildiyi günü) qeyd etməklə iddia müddətinin tətbiqi zamanı bu halın müəyyən edilməsini və sübut edilməsini tətləb etmişdir. Yəni, hər hansı mübahisə zamanı iddia müddətinin tətbiq edilməsi üçün ilk əvvəl şəxsin öz hüquqlarının pozulduğu günün müəyyən edilməsi vacibdir, zəruridir və işin həllinə birbaşa təsir edən əsasdır.

44. İddiaçı hüquqlarının pozulduğunu, yəni mənzilin ölçüsünün az olmasının 2022-ci ildə, mənzili satmaq istəyərkən ona məlum olduğunu göstərir.

45. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verərkən iddiaçının hüquqlarının pozulduğu anı, mənzilə Çıxarışın verildiyi 2018-ci illə əlaqələndirmiş, iddia müddətinin keçdiyini göstərmiş, iddia müddətinin tətbiqi ilə bağlı digər halları mübahisələndirməmişdir.

46. Məhkəmə kollegiyasının qənatincə podratçı tərəfindən mənzil təhvil verilərkən sifarişçinin mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olmaması barədə bilməməsi mümkündür. Çünki sifarişçi həmin an mənzilin sahəsini hesablama əmsaları nəzərə alınmaqla ölçmək kimi imkanına sahib ola bilməzdi. Qeyd olunan xüsusat xüsusi bilik tələb edən hal olmaqla vətəndaşın bu halı bilməməsi mümkündür və mütəxəssis tərəfindən həyata keçirilməli olan bir haldır.

47. Bununla yanaşı, qeyd olunmalıdır ki, mənzilə çıxarış verilərkən mənzilin sahəsinin ölçüsünə dair məlumatlara fikir verməməsi, eləcə də mənzil təmir olunarkən bu barədə bilməməsinə dair iddiaçının göstərdikləri inandırıcı hesab oluna bilməz.

48. Mülki iş materiallarınan görünür ki, iddiaçı araşdırılan mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə 30 mart 2022-ci il tarixdə müraciət etmişdir.

49. Göründüyü kimi mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər.

50. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatında verdiyi məlumatlarla müəyyən edildi ki, mənzildə 2019-cu ilin iyun ayında təmir işləri aparılmışdır. Bunun əksinə dair məlumatlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Göründüyü kimi mənzilə dair çıxarış isə daha əvvəl, 2018-ci ildə əldə edilmişdir.

51. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının hüquqlarının pozulduğu an, mənzilə dair çıxarışın verildiyi xx.xx.2018-ci il tarix qəbul edilməsi qanuni və əsaslı, işin faktiki hallarına uyğundur.

52. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməməklə məhkəməyə araşdırılan iddia ilə (xx.xx.2022-ci il) müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır, araşdırılan mübahisə üzrə iddia müddəti tətbiq oluna bilməz.

53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, maddi hüquq normalarını düzgün tətbiq etməməsi barədə iddiaçının dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(060)-2789/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

54. MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

55. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 50 manat məbləğində pul cavabdehdən alınaraq X2 hesabına ödənilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-2789/2022 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi) “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «TERM» Kompaniyasından 5.166 (beş min bir yüz altmış altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 (yetmiş yeddi) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh «TERM» Kompaniyasından alınaraq X4 (kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar