Məhkəmə qərarları › İş №2(010)-2141/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2141/2022

08.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2141/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “qəyyum təyin edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “qəyyum təyin edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qardaşı Cavabdeh onun qəyyumluğuna keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı qardaşı Cavabdeh bir sıra xəstəliklərdən əziyyət çəkdiyini, ona özünün baxdığını bildirərək qardaşı üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “şəxsin üzərində qəyyum təyin edilmə” barədə iddiaya məhkəmədə baxılmır. Belə ki, məhkəmə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəyə baxır və ərizənin təmin edilməsi barədə qərar qəbul edilərsə, müvafiq icra hakimiyyəti orqanı (İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində qəyyum təyin edir. İddiaçı nəzərə almalıdır ki, əgər qardaşının psixi qüsurlarına fəaliyyət qabiliyyətinin olmadığını hesab edirsə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xüsusi icraat qaydasında (ərizəçi və maraqlı şəxs) məhkəməyə müraciət etməlidir. Məhkəmə tərəfindən qardaşı fəaliyyət qabiliyyəti olmaya şəxs hesab edilərsə, müvafiq icra hakimiyyəti orqanına həmin qətnaməni təqdim edərək qardaşı üzərində qəyyum təyin edilməsi üçün müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə təkrar qeyd edir ki, hazırkı ərizə üzrə İddiaçı yuxarıda qeyd edilən halları nəzərə alaraq, yenidən məhkəməyə müraciət edəcəyi halda məhkəməyə iddia ərizəsi ilə yox, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında ərizə ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” adlanan 33-cü fəslində müəyyən edilmiş tələblərə riayət etməklə məhkəməyə müraciət etməlidir. Odur ki, hazırkı iddiaya məhkəmədə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-i 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “qəyyum təyin edilmə” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, “şəxsin üzərində qəyyum təyin edilmə” barədə iddiaya məhkəmədə baxılmır. Məhkəmə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəyə baxır və ərizənin təmin edilməsi barədə qərar qəbul edilərsə, müvafiq icra hakimiyyəti orqanı (İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində qəyyum təyin edir. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar