Məhkəmə qərarları › İş №2(010)-2153/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2153/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2153/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 ilə 2022-ci il tarixdə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 2022-ci ildə ona məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanında yerləşən evə köçüb yaşamışlar. Onlar bir müddət mehriban yaşasalar da, aralarında yaranmış ailə münaqişələri nəticəsində nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Keçmiş gəlini Cavabdeh artıq bir neçə aydır ki, onun evini tərk etmiş və daimi yaşamaq üçün başqa evə köçmüşdür. Hazırda cavabdehin harada yaşamasından məlumatı yoxdur. Cavabdehlə onun qohumluq münasibətləri kəsilmişdir. Cavabdehin onun mənzilindən qeydiyyatdan çıxmaması, qeydiyyatda qalmaqda davam etməsi onun üçün əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Həmçinin, cavabdehin onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyəti üzərində sərbəst sərəncam verməsinə maneə yaradır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh mübahisəli mənzil üzrə qeydiyyatdadır. Beləliklə, hesab edir ki, Cavabdeh onun ailə üzvü olmadığından və artıq bir neçə aydır ki, göstərilən mənzildə yaşamadığından, həmçinin onun mənzilə istifadə hüququ olmadığından, cavabdehin ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanında istifadə hüququna xitam verilməlidir. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirmişdir ki, o, əvvəlcə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanında yerləşən torpaq sahəsini alğı-satqı yolu ilə almış, daha sonra həmin torpaq sahəsi üzərində ev inşa etmişdir. Cavabdeh onun oğlu ilə birgə nikah münasibətlərinə daxil olduqdan sonra həmin evdə cəmi 2 ay müddətində yaşasa da, daha sonra aralarında münaqişələr baş vermiş, cavabdeh və oğlunun nikahı məhkəmə qaydasında pozulmuşdur. Hazırda cavabdeh həmin ünvanda yaşamır və daimi yaşamaq üçün başqa mənzilə köçüb getmişdir. Cavabdehin ona məxsus evdə qeydiyyada qalmaqda davam etməsi həm kommunal ödənişlərin məbləğinə təsir edir, həm də həmin evlə bağlı müəyyən sənədləşmə işlərinin aparılmasına maneə törədir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh Əjdər qızına məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, sonuncunun şəxsiyyəti müəyyən edilərək iddia tələbinə münasibəti öyrənilmişdir. Cavabdeh mobil telefon vasitəsilə əlaqə zamanı iddia tələbini qəbul etmədiyini bildirmiş, lakin əgər iddiaçı onun qeydiyyatdan çıxarılmasını istəyirsə, məcburən ona məxsus evdə yaşamayacağını qeyd etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3222/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X5 qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış 1240 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2023-cü il təvəllüdlü X2 anası – iddiaçı Cavabdeh yanında saxlanılması, cavabdeh X3 xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır (Qeydiyyatda olan digər şəxlər: ... xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh...). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubunun surətindən müəyyən olunur ki, vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının vəzifə səlahiyyətlərinə aid olmadığı, bu hərəkətlərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 479047 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 və Cavabdeh nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 91 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Cəlilov soyadı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanında yerləşən bağ evi İddiaçı mülkiyyətindədir və həmin bağ evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və iddia ərizəsini araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, cavabdehin həmin mənzilə istifadə hüququnun olun-olmaması müəyyən edilməlidir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımından öz qüvvəsini itirməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh 2022-ci ildə iddiaçının oğlu ilə nikah münasibətlərinə daxil olmuş və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüş, yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Belə olan halda mübahisəyə Mənzil Məcəlləsinin 30.1-ci maddə tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Qanunun normasından göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri malikdirlər. Bu şəxslərdən əlavə digər qohumlar da mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Bu şəxslər isə mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdir. Hazırda cavabdeh bu kateqoriya şəxslərdən hər hansı birinə aid olmadığı üçün onun iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququ da mövcud deyildir. Mövcud olmayan hüquqa isə xitam verilməsi mümkün deyildir. Odur ki, cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən olunduğundan, iddiaçının ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanından cavabdehin istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Belə ki, cavabdehin mənzildə pasport qeydiyyatda qalması iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyət yaradır. İddiaçı iddia irəli sürməklə mülkiyyət hüququnun həyata keçirilməsinə olan məhdudiyyətlərin aradan qaldırılmasına nail olmağa çalışmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız hesab edilsə belə, cavabdehin istifadə hüququ olmadığından və hazırda fərdi yaşayış evində yaşamadığı üçün hazırkı qətnamə cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1492K ünvanında yerləşən bağ evindən qeydiyyatdan çıxması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar