Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-219/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli, RPF-00381- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 24.08.2021-ci il tarixinə olan 9391.18 manat əsas borc, 93.34 manat faiz borcu, ümumilikdə 9484.52 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "BTB” ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 27.06.2019-cu il tarixli, RPFG-00381-16/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “D” yaşayış sahəsi, ev 9, 67 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, Cavabdeh2 həmin mənzildən istifadə hüququna xitam verilməsinə və həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cı il tarixli RPF-003 81-16/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə, 10 faiz ödəmək şərti ilə 9522.23 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu 27 iyun 2024 il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov'' filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cı ii tarixli RPF-00381- 16/19A saylı kredit müqaviləsinə 2 saylı əlavə saziş imzalanmışdır. Kreditin təminatı qismində Cavabdeh1 27.06.2019-cu il tarixdə iddiaçı ilə RPFG-00381-16/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, 67 saylı mənzil 27.06.2019-cu il tarixli RPF-00381 -16/19/\ saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayana ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 24.08.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 9391.18 manat, faizlərin məbləği 93.24 manat təşkil edir. Beləliklə, cavabdehin 24.08.2021-ci il tarixinə ümumi borcu 9484.52 manat təşkil edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, onun iddiaçı banka 7300 manat məbləğində borcu vardır. O, iddiaçı banka ödənişlərini etməkdə davam edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 27.06.2019-cı il tarixli RPF-003 81-16/19A saylı kredit müqaviləsindən müəyyən olunur ki, Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialından 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə, 10 faiz ödəmək şərti ilə 9522.23 manat məbləğində borcunun qaytarılmasını Cavabdeh1 öz üzərinə götürmüşdür. 27.06.2019-cı il tarixli RPFG-003 81-16/19A saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, 67 saylı mənzili Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. RX seriyalı ******* saylı 01.06.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, mənzil 67 Cavabdeh1 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1901 nömrəli reyesr kitabının 175297 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, mənzil 67 Cavabdeh1 tərəfindən Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialının qarşısında ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 08.05.2021-ci li tarixdə verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi 9 saylı evin 67 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Asan 4 xidmətinin 17.06.2019-cu il tarixdə verilmiş «yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, mənzil 67-də Cavabdeh2 qeydiyyatdadır. Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, əri Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilin ipoteka (girov) qoyulmasına etiraz etmir. İpoteka (girov) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd - şərtsiz tərk edəcəkdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 9391.18 manat əsas borc, 93.34 manat faiz borcu, ümumilikdə 9484.52 manat məbləğində borcu vardr. Suraxanı rayon məhkəməsinin 26.10.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 01.03.2022-ci il tarixli rəyindən müəyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, mənzil 67-nin bazar dəyəri 65.000,00 manat, likvid dəyəri 60,000,00 manat təşkil etmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı Bank "BTB” ASC ilə Cavabdeh1 arasında 27.06.2019-cı il tarixli RPF-003 81-16/19A saylı kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə, 10 faiz ödəmək şərti ilə 9522.23 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 27.06.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, mənzil 67 ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Suraxanı Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq (Qiymətləndirmə) ekspertizanın keçirilməsi qərara alınmış və ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Patron-L” MMC-nin 01.03.2022-ci il tarixli rəyindən müəyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 9, mənzil 67-nin bazar dəyəri 65.000 manat, likvid dəyəri 60,000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 banka borcunun 7300 manat məbləğində olmasını bildirsə də, buna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsas borcun tutulması hissəsində iddiaçının nümayəndəsinin təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğdə, yəni 9484.52 manat məbləğində əsaslıdır. İddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli, RPF-00381- 16/19A saylı kredit müqaviləsi hazırda qüvvədə olduğundan ləğv edilməlidir. Məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun evin satışından əldə olunan vəsait hesabına iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi ilə bağlı da iddianı əsaslı sayıb qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin yalnız qətnamə ilə təmin olunan hissəsi iddiaçının xeyrinə ödənilə bilər, qalan məbləğ isə digər xərclər çıxıldıqdan sonra ipoteka qoyanlara qaytarılmalıdır. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi ilə bağlı iddiaçının tələbinə dair məhkəmə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmçinin həmin Məcəllənin 319.6-cı maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məkhəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və ipoteka predmeti olan mənzilin likvid dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 60.000 manat məbləğində müəyyən edilməlidir. İddianın “ipotekaya qoyulmuş yaşayış evinə olan istifadə hüququna xitam verilməsi” hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, burada söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdehlər ipoteka ilə təmin edilən icrası gecikdirilmiş öhdəliyi və ya öhdəliyin hissəsini icra edərək ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verilməsini tələb etmək hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evi boşaltmalıdır. «Mənzilin boşaldılması» dedikdə isə cavabdehlərin həmin yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması başa düşüldüyündən, məhkəmə hesab edir ki, onların istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin evdən çıxarılaraq, ev boşaldılmadır. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə cavabdehlərin həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna və bank xidmət haqqına görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq ""xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 27.06.2019-cu il tarixli, RPF-00381- 16/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 9391.18 (doqquz min üç yüz doxsan bir manat on səkkiz qəpik) manat, faiz borcuna görə 93.34 (doxsan üç manat otuz dörd qəpik) manat olmaqla ümumilikdə 9484.52 (doqquz min dörd yüz səksən dörd manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli, RPF-00381- 16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Tutma tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “D” yaşayış sahəsi, ev 9, 67 saylı mənzilə yönəldilsin. Həmin mənzil ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və borc Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “D” yaşayış sahəsi, ev 9, 67 saylı mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə Cavabdeh1 hesabına ümumi qaydada icra edilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “D” yaşayış sahəsi, ev 9, 67 saylı mənzilə hərrac keçirildikdən və satıldıqdan sonra bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüququna xitam verilsin və həmin mənzil boşaldılsın. Ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı Bank "BTB” ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-219/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-219/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzilə istifadə hüququn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver