Məhkəmə qərarları › İş №2(010)-226/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-226/2022

08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-226/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvin zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 4000(dörd min ) manat, dəymiş mənəvi zərərə görə əvəzi olaraq 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun 30 manat olmaqla, cəmi 6030 (altı min otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, bir müddətdir iddiaçının evinin üst mərtəbəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 28, mənzil 79-də yaşayan Cavabdeh tərəfindən bu günki günə qədər suyun axıdılması nəticəsində, onun yaşadığı Baxı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi,”V” yaşayış sahəsi,ev 28, 77 saylı mənzilini olduqca bərbad hala salınmışdır. Belə ki, Suraxanı MKTBnin 62 saylı MKİS tərəfindən tərtib edilmiş akta əsasən onun yaşadığı mənziliə su axıdılması faktı təsdiq edilmişdir. Bunun nəticəsində su axımından onun yaşadığı mənzilin divarları, tavanı çox pis vəziyyətə düşmüşdür. Dəfələrlə cavabdehə belə hərəkətlərinə son qoymasını tələb etsə də heç bir müsbət dəyişiklik olmamışdır. Mənzilinin təmir edilməsinə və həmin məişət avadanlıqlarının təmir edilməsinə hal-hazırda ən azı 4000(dörd min) manat məbləğində pul lazımdır. Maddi zərərdən başqa cavabdehin qanunsuz hərəkəti ucbatından o və ailə üzvləri mənəvi zərər çəkmişlər. O, cavabdehin ona və ailə üzvlərinə hədə qorxu gəlməsi nəticəsində onun və həyat yoldaşının sağlamlığında problemlər yaranmış və tez-tez baş verən mübahisələrin nəticəsində əsəbləşib stres keçirmişlər. Həmin mənəvi sıxıntılarımız və stres vəziyyəti bu günki gündə də davam edir. Bununla bağlı Suraxanı rayonu 33-cü Polis Bölməsinə şikayət etsədə yenə də heç bir müsbət nəticə əldə edilməmişdir və cavabdeh öz yaramaz əməlinə israrlı olaraq davam edir. Suraxanı rayon 33-cü PB-dən isə cavab olaraq ona məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə etmiş və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 62 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli AKTdan görünür ki, İddiaçı şikayəti əsasında onun yaşadığı mənzilə baxış keçirilmiş və üstdəki 79 saylı mənzildən onun yaşadığı mənzilə su axması aşkar olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 17 yanvar 2022-ci il tarixli 10/6929 saylı rəyindən görünür ki, iddiaçıya məxsus 77 saylı mənzilin binanın 7-ci mərtəbəsində, cavabdehə məxsus 79 saylı mənzilin isə binanın 8-ci mərtəbəsində yerləşdiyini, 77 saylı mənzilin dəhliz və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşəndə 28 saylı evin 77 mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 79 saylı mənzildən su axıdılığı və nəticədə 77 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşəndə 28 saylı evin 77 mənzildə su sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərnə uyğun olaraq 2888,0 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh sahibliyində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 28, mənzil 79-dan həmin evdə yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus 77 saylı mənzilə su axması halı baş vermişdir. Bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh məxsus mənzildən İddiaçı mənzilinə su axması nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə də cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və son nəticədə Cavabdeh 2888 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 17 yanvar 2022-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142595, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 2888,0(iki min səkkiz yüz səksən səkkiz) manat məbləğində maddi zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2918 manat tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 50 (əlli) manat Cavabdeh alınaraq dövlət büdcəsinə, göstərilən hesaba keçirilsin: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar