Məhkəmə qərarları › İş №2(010)-2287/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2287/2023

10.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2287/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh övladları xx.xx.2011-ci ildə anadan olmuş X11 və xx.xx.2014-cü ildə anadan olmuş X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 23b, 10 saylı mənzil ona məxsusdur. X1 ilə Cavabdeh rəsmi qaydada nigaha girməklə ailə qurmuşlar. Onların birgə nigahdan xx.xx.2011-ci ildə anadan olmuş X11 və xx.xx.2014-cü ildə anadadan olmuş X12 anadan olmuşdur. Qardaşı və ailəsinin yaşamağa yerləri olmadığı üçün onlara özünə məxsus olan Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 23B, 10 saylı mənzildə sığınacaq vermişdir, hal-hazırda Cavabdeh və X16 arasında ailə münasibətləri rəsmi olaraq pozulmuşdur. Cavabdehin atasının Bakıda evi var. Boşanma ərəfəsində cavabdeh iki uşağı ilə birlikdə bir müddət atasına məxsus həmin evdə yaşamışdır. Sonra cavabdeh 2 övladı ilə birlikdə öz atasına məxsus olan Qazax Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən evə köçdü və bir müddət həmin evdə yaşadıqdan sonra Cavabdeh Bərdə rayonunda başqa şəxslə qeyrirəsmi ailə qurmuş, və uzun müddətdir ki, 2 övladı ilə birlikdə həmin şəxslə Bərdə rayonunda yaşayır. Hal-hazırda Cavabdeh ilə heç bir qohumluq əlaqələri və ünsiyyəti yoxdur və cavabdeh 2 övladı ilə birlikdə artıq üçüncü ilə keçib ki, ona məxsus olan Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 23B, 10 saylı mənzildə yaşamır. Göstərilənlər qonşuların iştirakı ilə tərtib edilmiş aktla da təsdiq edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh qardaşının keçmiş həyat yoldaşıdır. Qardaşı ilə cavbadeh arasında nikah pozulmuş və nikah pozulduqdan sonra birgə uşaqları ananın himayəsində qalmışdılar. Bu səbəbdən də iddiaçı təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin izahatları: Məhkəmə iclasında şahid qismində izahat vermiş X14 bildirmişdir ki, iddiaçının qonşusudur. İddiaçının qardaşı Emin Günel xanımla 1 ildir ki, rəsmi boşanıb, lakin 2 ildən çoxdur ki, Günel xanımı və uşaqlarını həmin mənzildə görmür, o atasının evində yaşayır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X19 bildirmişdir ki, iddiaçının qohumudur. Emin və Günel evli olmuş, təxminən 2010-cu ildə ailə qurmuşlar. Daha sonra boşanmışlar. Günel 2 ildən çoxdur ki, sözügedən mənzildə yaşamır. Günel həmin mənzildən könüllü olaraq uşaqları ilə birklikdə çıxıb Bərdəyə getmişdir. İş materialları. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli MA0088062 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 135 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən xx.xx.2023-cü il tarixli 14 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır, qonşuların aktına əsasən mənzildə yaşamır. ünvan 3 ünvanında yaşayan sakinlər A.Abbasov, M.Quliyeva, F.Əhmədov və P.Hüseynov tərəfindən 15 yanvar 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh boşanmış və 2 ildir ki, həmin ünvanda yaşamır. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cü il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 88.68 m2-dir və mənzil 5 otaqdan ibarətdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-494/2022 nömrəli qətnaməsinə əsasən idida təmin edilmiş, Cavabdeh və X13 arasında bağlanmış və Suraxanı Rayon Qeydiyyat şöbəsində 874 sayla qeydə alınmış xx.xx.2010-cu il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X5 nikah pozulduqdan sonra X9 yanında qalması müəyyən edilmiş, X2 xx.xx.2011-ci il təvəllüdlü X22 oglu və xx.xx.2014-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş, Xİ-JQ seriyalı, 371826 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Ələsgər oğlu (atası X6, anası X3) xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-cı il tarixdə 2468 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş, X-JQ seriyalı, 297672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası X6, anası X3) 17 aprel 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 1081 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 630090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası X7, anası X9)18 fevral 2011-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 761 nömrə ilə qeyd edilmişdir. Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 481971 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (atası X7, anası X9) 22 dekabr 2014-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 295 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 35. Qəyyumlar və himayəçilər ...35.6. Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar.... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.... 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. X1 10 avqust 2010-cu ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Onlar arasında rəsmi nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 2(010)-494/2022-saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alına bilən yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının qardaşı və cavabdeh arasında nikah 10 avqust 2010-cu il tarixində dövlət qeydiyyatına alındığına görə, yəni nikahları Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlandıqdan, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı və cavabdeh arasında yaşayış sahəsindən istifadəsinə dair razılaşma mövcud deyil. İddiaçının qardaşı ilə nikahı pozulduqdan, iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verilmişdir. Buna görə də, iddiaçı mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüquqlarına xitam verilməsində tam haqlı olmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilərdi. Lakin, məhkəməyə buna işarələyən hər hansı bir əsas təqdim edilməmişdir. Eyni zamanda, məhkəmənin qətnaməsi ilə cavabdehin uşaqları, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12, onun himayəsində qalmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatmayıblar. Əgər cavabdehin istifadə hüquqlarına xitam verilməsinə əsas varsa, uşaqlar isə onun himayəsindədir və onunla bir yerdə yaşamalıdırlar, bu halda onlar sözügedən yaşayış sahəsindən təyinat üzrə istifadə edə bilməzlər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh övladları xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 10 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh övladları xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 10 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar