Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2344/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ünvan 1-dən istifadə hüquqları itirilmiş hesab edilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-234/23 saylı məhkəmə qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Cavabdeh halhazırda mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Bu hal mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, mənzili ona valideynləri 2017-ci ildə almışdır. 2022-ci ilin sentyabrında boşanmaq üçün məhkəməyə müraciət etmiş, ondan bir müddət əvvəldən artıq keçmiş əri ilə birlikdə yaşamamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-234/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin myəyyən olunması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Naxçıvan MR-sı Şərur rayon Qeydiyyat şöbəsində 46 sayla qeydə alınmış xx.xx.2011-cı il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il tarixində X4, xx.xx.2013-cü il tarixində X2 və xx.xx.2017-ci il tarixində X5 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 22 saylı evin 132 nömrəli xüsusi mənzilindən qeydiyyatdan çıxarılmasına heç bir etirazı yoxdur. İşin faktiki halları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 22-də yerləşən 132 saylı mənzil tam pay hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. İddiaçı ilə Cavabdeh arasında nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-234/2023 saylı qətnaməsi ilə ləğv edilmişdir. Hazırda iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 22-də yerləşən 132 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, lakin notariat qaydada təsdiq edilmiş ərizəsi ilə, o, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 22 saylı evin 132 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. İddiaçı ilə cavabdeh 2011-ci ildə nikaha daxil olmuşlar. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 22-də yerləşən 132 saylı mənzil 2017-ci ildə İddiaçı mülkiyyətinə keçmiş, tərəflər arasında faktiki nikah münasibətləri pozulana kimi cavabdeh iddiaçı ilə həmin mənzildə yaşamışdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri mənzilin əldə edildiyi 2017-ci ildən yarandığından mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Yuxarıda sadalanan qanunvericilik normaları baxımından məhkəmə qəbul edir ki, cavabdeh mübahisəli mənzilə istifadə hüququ əldə etmişdir. İddiaçı hazırki iddia tələbi ilə Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, lakin iddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh notariat qaydada təsdiq edilmiş ərizəsi ilə müəyyən olunur ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 22 saylı evin 132 nömrəli xüsusi mənzilindən qeydiyyatdan çıxarılmasına etiraz etmir. Qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdeh iddiaçı tərəfindən mübahisəli mənzilə köçürülməklə istifadə hüququ əldə etsə də, hazırda iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən və tərəflər arasında başqa razılaşma olmadığından məhkəmə hesab edir ki, cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 22 saylı evdə yerləşən 132 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsinə istifadə hüquququn itirilmiş hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 22 saylı evdə yerləşən 132 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi onun həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2344/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2344/2023
30.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver