Məhkəmə qərarları › İş №2(010)-2345/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2345/2024

10.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2345/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1, 151 saylı mənzildən istifadə hüquqlarının itirilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1, 151 saylı mənzil İddiaçı 16 iyul 1986-cı il tarixdə Bakı şəhəri X3 İcrayyə Komitəsi tərəfindən 239455 saylı Order əsasında verilmişdir. Hal-hazırda da həmin mənzildə yaşayır. Lakin cavabdehlərdən olan qızları Cavabdeh3 və Cavabdeh1 ailə həyatı quraraq ərə getmişlər. Köçdükdən sonra 20 ildən artıqdır ki, özlərinə məxsus olan evlərdə yaşayırlar. Yaşadıqları mənzillərdə uşaqları anadan olmuş və həddi buluğa ərə getdikləri evlərdə çatmışlar. Lakin özləri iddiaçıya məxsus olan mənzildən çıxmamış və anadan olan uşaqlarını da iddiaçının mənzilinə qeydiyyata salmışlar. Uzun illərdir ki, o, cavabdehlərin də əvəzində kommunal xərclərini ödəmişdir. İddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının bir sıra hüquqları pozulur. Hazırda cavabdehlərin ucbatından iddiaçıya məxsus olan mənzilə Çıxarış ala bilmir. Hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları 239455 saylı xx.xx.1986-cı il tarixli orderdən görünür ki, bu order ona görə verilir ki, İddiaçı və onunla yaşayan 5 nəfər şəxsin Bakı şəhəri, Serebrovski qəsəbəsi, 4048-49 məhəllə, ev 1-in 8-ci bloku, 8-ci mərtəbəsində yerləşən 151 saylı mənzildə yerləşən yaşayış sahəsini əldə etmək hüququ var. Order əsasında köçürülən şəxslərin siyahısı: İddiaçı, Orucov Oruc, Cavabdeh3, Orucov Zöhrab, Orucova Sevinc, Orucova Fatma. 63 saylı MKİS-nin təsdiq etdiyi aktdan görünür ki, Orucova X1 qəsəbəsi, 4048/49, ev 1 mənzil 151-də yaşayır və mənzil ona məxsusdur. Aşağıda adları çəkilən şəxslər göstərilən ünvanda qeydiyyatda olanlar da uzun illərdir həmin ünvanda yaşamırlar: X4; Cavabdeh4; Cavabdeh5; Cavabdeh1, Cavabdeh2 və X7. Forma 2 arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1, mənzil 151-də qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər - X5 – xx.xx.2009, Cavabdeh1 – xx.xx.1979, Cavabdeh4 – xx.xx.1990, Cavabdeh5 – xx.xx.2000, Cavabdeh2 – xx.xx.2005, X6 – xx.xx.1971, Cavabdeh3 – xx.xx.1970. İşin faktiki halları İddiaçı 1986-cı ildə order əsasında ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1-də yerləşən 151 saylı mənzilə köçürülmüşdür. Hazırda cavadehlərdən qızı Cavabdeh3 1989-cu ildə, Cavabdeh1 isə 2004-cü ildə ailə həyatı quraraq başqa yerə köçdüklərini və bir daha mübahisəli mənzildə yaşamadıqlarını iddia edən iddiaçı qızları olan cavabdehləri və onların övladlarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməmişdir. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İddiaçı 1986-cı ildə order əsasında ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1-də yerləşən 151 saylı mənzilə köçürülmüşdür. Hazırda cavadehlərdən qızı Cavabdeh3 1989-cu ildə, Cavabdeh1 isə 2004-cü ildə ailə həyatı quraraq başqa yerə köçdüklərini və bir daha mübahisəli mənzildə yaşamadıqlarını iddia edən iddiaçı qızları olan cavabdehləri və onların övladlarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri (cavabdehlər Cavabdeh3, Cavabdeh1 evdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin müvafiq normalarından (§ 14), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından (§ 15) görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir. Hazırkı iş üzrə iddia tələbinin əsaslandırıcı hissəsindən, eləcə də iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlardan belə görünür ki, iddiaçı cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsinə dair tələbini qızı Cavabdeh3 1989-cu ildə, Cavabdeh1 isə 2004-cü ildə ailə həyatı quraraq başqa yerə köçmələri ilə əsaslandırmışdır. İş materiallarında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş aktla da cavabdehlər Cavabdeh3 və Cavabdeh1 uzun illər mübahisəli mənzildə yaşamadıqları təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazırki işdə müəyyən edildiyindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mənzilə olan istifadə hüquqlarını itirmişlər. Odur ki, iddiaçı cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşdur. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və cavabdehlərdən Cavabdeh1 oğlu Mərdili Əliyə gəldikdə isə məhkəmə hesab edir ki, həmin şəxslərin ümumiyyətlə həmin mənzil üzərində istifadə hüquqları yaranmamışdır. Belə ki, hazırki tələbin şərtlərinə uyğun olaraq tətbiq edilən Azərbaycan SSR Mənzil Məcəlləsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Belə olan halda, sözügedən şəxslərin valideynləri olan cavabdehlər Cavabdeh3 və Cavabdeh1 bu qətnamə ilə mübahisəli mənzil üzərində istifadə hüquqlarının itirilmiş olması və bunun onların həmin mənzili daimi əsaslarla tərk etdikləri gündən hesablanması nəzərə alınaraq məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və cavabdehlərdən Cavabdeh1 oğlu Mərdili Əlinin sözügedən mənzil üzərində istifadə hüquqları yaranmamışdır. Deməli, yaşayış sahəsi üzərində istifadə hüququ yaranmadığı halda həmin hüququnun itirilmiş hesab edilməsi tələbi əsaslı sayıla bilməz. Son olaraq o da qeyd edilməlidir ki, yaşayış sahəsindən çıxarıldıqda, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə və ya şəxsin yaşayış sahəsi üzərində istifadə hüququnun yaranmaması müəyyən edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 9). Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1-də yerləşən 151 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bu qətnamə cavabdehlər Cavabdeh1 (X5 ilə birlikdə), Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1-də yerləşən 151 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1-də yerləşən 151 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 (X5 ilə birlikdə), Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49, ev 1-də yerləşən 151 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar