Məhkəmə qərarları › İş №2(010)-2348/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2348/2025

12.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2348/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmamasına dair” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmamasına dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavadeh Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun olmaması və həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə “cavabdehin ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması” hissəsində xitam verilmişdir.

İddia tələbinin dəlilləri

3. ünvan 3 ünvanında yerləşən mənzil ona məxsusdur. xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsini ərizəsinə əlavə etmişdir. Cavabdeh qızının keçmiş əridir. Cavadehin qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Tərəflərin izahatları.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı idarəsinin 019470 nömrəli, xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki, 2 otaq, 430 kv.m yaşayış sahəsi, 101.6 kv.m ümumi sahəsi olan 56 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 05 saylı reyestr kitabında 710 səhifə qeydə alma 30/5254 nömrə ilə, xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışından görünür ki, İddiaçı 01 sentyabr 2003-cü il tarixdən Bakı şəh., Suraxanı ray, Qara-Çuxur qəs, E.Bəkirli Küç., ev.56 ünvanında qeydiyyatdadır. X15, xx.xx.2011; X17, xx.xx.2019; İddiaçı Əlfəddin qızı, xx.xx.2020; X10, xx.xx.1988; X5, xx.xx.2008; X6, xx.xx.2011; X16, xx.xx.1989; X11, xx.xx.2020; X7, xx.xx.2021; X12, xx.xx.1986; Cavabdeh, xx.xx.1982; X13, xx.xx.1992 həmin ünvanda qeydiyyatda olan digər şəxslərdir.

8. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1420/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın ppozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X16 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1480 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2019-cu il təvəllüdlü X17 anası X2 yanında qalmış, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutularaq X8 verilmiş, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutularaq X8 verilmişdir.

İşin faktiki halları.

9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəs, E.Bəkirli Küç., ev.56 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının qızı ilə cavabdeh xx.xx.2012-ci ildə nikaha daxil olmuşlar, onların nikahları xx.xx.2025-ci ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı tələbində ona əsaslanır ki, ev onun mülkiyyətindədir, qızının keçmiş əri qeyd edilən mənzildən istifadə hüququna malik deyildir və həmin ünvanda qeydiyyatda qalmaqda davam edir. Tələbin hüquqi əsasını mülkiyyət hüququ təşkil edir. Cavabdeh tərəfindən iddiaya etiraz və ya mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ – Əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə , onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ: 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı.

Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

13. İnsan Hüquqlarının və X9 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

14. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

17. Məhkəmə ilk öncə cavabdehin iddianın obyekti olan mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Cavabdeh mübahisəli mənzilə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi. Cavabdeh iddiaçının qızının həyat yoldaşı olub, onlar 2012-ci ildə nikaha daxil olmuşlar. Deməli, tərəflərin münasibətləri 2012-ci ildən yaranıb, 2025-ci ildə nikahın pozulması ilə tərəflərin münasibətləri də pozulub. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçının qızı ilə 2012-ci ildə nikaha girib, onun həmin mənzilə münasibətdə istifadə hüququ da həmin ildən sonra yarana bilərdi. Məhkəmə hesab edir ki, cavabdehin mübahisə obyekti olan mənzilə istifadə hüququnun yaranıb-yaranmamasına Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından aydınlıq gətirilməlidir. Mənzil Məcəlləsinin 30-cu maddəsi maddəsi baxımından Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yoxdur. Çünki, həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (Maddə 30.2) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyildir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə notarial qaydada mübahisəli evə istifadə hüququ verilməsi halı müəyyən edilmir. Deməli, cavabdehin qeyd edilən ünvanda yerləşəşən mənzildən istifadə hüququnun olmasını şərtləndirən hüquqi əsaslar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq hazırkı iddia tələbini qaldırmışdır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ünvan 7 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması müəyyən edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Cavabdeh ünvan 7 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakjı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar